Sona Vəliyeva İŞIĞa gedən yol roman Bakı – 2016



Yüklə 3,5 Mb.
Pdf görüntüsü
səhifə39/245
tarix12.10.2018
ölçüsü3,5 Mb.
#73134
1   ...   35   36   37   38   39   40   41   42   ...   245

120

  Ay Həsən, bu nədir belə bişir, ətri hər tərəfi bürüyüb. 

–  Adı  şüyüd  plovdur,  mən  hər  yeməyə  bir  az  yaradıcı 

yanaşmağı xoşlayıram. İndi də belə etdim. Bu plova bir az əlavə 

ədviyyatlar qatdım. Bu saat bir yerdə yeyərik.

Fərəc bəy yemək təklifindən imtina etmədi. O, daim Həsən 

kimi  bir  oğlunun  olmasını  arzu  edirdi.  İstəyirdi,  onun  da  ağıllı, 

müstəqil,  azad  düşüncəli,  fikirlərini  qarşısındakı  müsahibinə 

dəlillərlə,  məntiqlə  çatdıran,  oxumaqdan,  elmdən  doymayan  bir 

oğlu olsun. Fərəc bəy Həsəni öz oğlu kimi sevirdi. 

Şüyüd plovu yumşaq, isti təndir çörəyilə şirin-şirin yedilər.

Fərəc bəy:

–  Sən  heç  soruşmursan,  mən  axşamın  bu  çağı  sizə  niyə 

gəlmişəm? 

– Gələndə nə olar, ay dayı, gəlişinlə məni elə şad etdin ki, bir 

anlığa düşündüm, doğmaca atam gəldi. Siz elə hərdən gəlin, mənə 

bu xoşbəxtliyi yenə yaşadın.

– Həsən, oğlum, sən bilirsən, mən səni nə qədər çox istəyirəm. 

Məni soyuqqanlı bir insan kimi tanıyırlar. Amma əsla belə deyil, 

mən  hərbçi  olduğum  üçün  belə  görünməyə  məcburam.  Söhbət 

qanın, canın olan doğmalardan gedəndə işin də, söhbətin də səmti, 

yönü dəyişir, artıq soyuqqanlılığı bir tərəfə qoyursan.

– Bilirəm dayı, səni çağırıblar, məni başa salmağı tapşırıblar, 

elədirmi?

– Haradan bildin?

–  Bunu  bilməyə  nə  var,  sənin  durub-durub  mənim  kirayə 

qaldığım mənzilə gəlməyindən hər şey aydındır. Yoxsa qocaman 

general Fərəc Ağayevin bizim məhəlləyə, bizim evə gəlişini necə 

izah etmək olar?!

– Həsən, dövlətlə dövlətçilik etməyəcəksən ki… Sənin inki şa-

fın hələ qarşıdadır. Əslində, bu dəfə səni mənim qohumum olduğun 

üçün bağışlayıblar, tənbeh deyil – xəbərdarlıq ediblər. O nədir elə, 

Moskvaya-filana borçalıların əvəzindən məktub yazırsan? Sən Çar 

Rusiyasının əyalət məmurusan, sənə yaraşarmı belə şeylər?

– Bu yolu mən məcburiyyət qarşısında seçdim, onlar məni bu 



121

ərizəni  yazmağa  təhrik  etdilər.  “Mejevaya  palata”nın  rəisi  məni 

məcburiyyət  qarşısında  qoydu.  Belə  vicdansızlıq  olar?! Yerlərdə 

zülm ərşə dirənib, kəndlini məcbur edirlər ki, toyuq hininə bənzər 

daxmasında toyuqları, iti, yeganə dolanışıq mənbəyi olan keçisi ilə 

birlikdə yaşasın. On iki baş külfətlə insanları gecə yarısı evindən 

bayıra atırlar. Bu vəziyyəti görəndən sonra mən dəhşətə gəldim, 

çətinliyi yerindəcə həll etməyə cəhd etdim. Amma bunların “qu-

durtduğu”, “kürəyinə əl çəkdiyi” Yadigarov tipli nadürüstlər imkan 

vermədi. Mənim yalnız bir yolum qaldı, yuxarılara müraciət etmək!

– Bax, oğul, hərəkətlərinə, danışığına bir qədər fikir ver, məni 

də, özünü də pis vəziyyətdə qoyursan. 

Həsən  acı-acı  gülümsündü,  bir  qədər  zarafatla  dayısını 

sakitləşdirməyə çalışdı:

–  Dayı,  bir  dəfə  Molla  Nəsrəddin  Teymur  Lənglə  söhbət 

edirmiş.  Birdən  Əmir  Teymur  molladan  soruşur:  “Molla,  keç-

miş  ərəb  xəlifələrindən  çoxunun  adının  müvvəffəqbillah,  möh-

tə şimbillah,  mütəvvəkküllbillah,  müəyyidbillah  və  s.  olmasının 

sirrini bilirsənmi?”

Molla cavab verir, bəli, Əmir həzrətləri, onlara adı gördükləri 

işə uyğun şəkildə xalq ləqəb kimi qoyurmuş. 

Teymur yenə soruşur: 

– Molla, o zaman, səncə, mənə gələcəkdə hansı adı verəcəklər?

Molla:


 Əmir həzrətləri, sizə camaat artıq ad verib.

Teymur sevinir və maraqlanır:

–  Nədir o elə?

– Əmir sağ olsun, Nəüzənbillah…

Bu baməzə əhvalata güləndən sonra Həsən bəy sözünə davam 

etdi:


–  Fərəc  bəy,  indi  mən  neyləyim,  kəndliləri  bu  günə  salan 

insanlar əməlləri ilə adlarını özləri qazanıblar. 

– Mən səndən qat-qat yaxşı bilirəm bu insanların əməllərini. 

Amma ehtiyatlı olmaq lazımdır. Mən rus imperiyasındakı idarə-

çiliyin cikinə-bikinə bələdəm. Bunların nifrəti ilə sevgisi, xidmətiylə 



122

qiyməti bəlli olmaz. Bax, sənə deyirəm, bir şey bilməsəydim, heç 

bura gəlməzdim. Get başını aşağı sal, öz işini gör, bu idarəçilik 

rejimini sən yaratmamısan, sən də dəyişəsən.

– Yox, əziz dayı, bağışla məni, mən belə miyanə həyat tərzi 

keçirə bilmərəm. Yəni nə ət, nə balıq. Mən Rəhim bəyin nəvəsiyəm, 

sona qədər də belə hallarla barışmayacam! 

Fərəc bəy eşitdiyi qəti cavaba çox təəssüf etdi. 

“Allahım, iyirmi üç yaşlı od-alov püskürən bu oğlanı sən özün 

hifz elə…” – Fərəc bəy düşündü. 

– Nə isə, Həsən, oğlum, bir də söyləyirəm, ehtiyatlı ol, sənə 

bir şey olsa, mən ömrüm boyu od tutub yanaram. Elədiklərini elə, 

amma sakit, səssiz-küysüz. Belə inqilabçı ruhunla özünü də, ətrafını 

da  məhv  edərsən.  Bax,  gimnaziyaya  dəyişilməyin  üçün  Qafqaz 

qubernatoru ilə danışdım. Söylədi ki, ondan yazılan məktubları çap 

etsək, bir dastan yaranar. O qorxur ki, sən gimnaziyada gəncləri 

yoldan çıxara bilərsən. Beləcə, imtina etdi. Mən sənin işini başqa 

yerə dəyişmək üçün yenə fikirləşəcəm. 

Fərəc bəy evdən çıxanda bir anlığa geriyə döndü:

–  Onu düz dedin, Rəhim bəyin nəvəsi elə sənin kimi olmalıdı. 

O,  fikirli-fikirli  həyətdən  çıxaraq  hara  getdiyinin  fərqində 

deyildi: “Mən nəinki qohum-əqrəbadan, hətta millətimdən, dilim-

dən,  dinimdən  uzaq  düşmüşəm.  Oğlum  yaşda  Həsən  mənə  bu 

gün həyat dərsi verdi, öz tariximi, milli kimliyimi yenidən mənə 

xatırlatdı.  Belə  gənclərə  baxaraq  biz  yaşlı  ziyalı  nəsli  keçmişdə 

gördüyümüz çox işlərdən xəcalət çəkməli, görə biləcəyimiz, lakin 

görmədiyimiz  işlərimizdən  peşmanlıq  keçirməliyik.  Bu  cavan 

oğlandan  cəsarət,  millət,  soydaş  sevgisi  öyrənmək  hələ  də  gec 

deyil. Mübarizədə iradə nümayiş etdirməyi belələrindən öyrənmək 

lazımdır”. 

Həsən bəy qısa müddətdə Tiflisdə tanınmağa başladı. Onu yer-

li  kəndliləri  çar  üsul-idarəsinə  qarşı  itaətsizliyə  çağırmaqda,  in san-

ları  dövlətin  qanunlarına  qarşı  qaldırmaqda,  “Mejevaya  pa la  ta”nın 

rəhbərliyi  ilə  üz-üzə  gəlməkdə,  yerlərdə  geniş  inqilabi  təb li ğat 

aparmaqda günahlandırırdılar. İş o yerə çatdı ki, Fərəc bəyi Za  qafqaziya 

Qubernatorluğuna – Baş idarəyə çağırıb xəbərdarlıq etdilər: 




Yüklə 3,5 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə