Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə89/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   85   86   87   88   89   90   91   92   ...   120

 
266 
Napoleon 
 
 
Bəşəriyyətin taleyinə ən müdhiş hadisələr gətirən, insan təbiətinə isə yad bir 
şey  olan  müharibələr  özünün  eybəcərlik,  dağıdıcılıq,  qaniçicilik  mahiyyətinə 
baxmayaraq,  dünya  tarixinin  ən  cəzbedici  və  maraqlı  anlarını  təşkil  edir. 
Müharibələr sonralar yer üzündən silinmiş xalqları belə ümumdünya salnaməsində 
qoruyub saxlamışdır, onların qələbələrini, hərbi qüdrətini min illər keçdikdən sonra 
başqa  nəsillərə  çatdırmışdır.  Şəxsiyyətlərə  gəldikdə,  tarix  hərbi  istedadı  olanları 
digər  daha  böyük  istedad  sahiblərindən  də  artıq  böyük  məhəbbətlə  əzizləyib, 
saxlayır. Böyük zəka qüdrətinə malik olan adamlardan fərqli olaraq hansısa döyüş 
səhnəsində  öz  hərbi  qüdrətini  və  bacarığını  göstərmiş  şəxslər  tarixin  sıradan 
çıxmayan  “yol  yoldaşlarına”  çevrilmiş,  böyük  zaman  məsafəsi  keçdikdən  sonra 
belə,  onlara  maraq  və  heyranlıq  azalmamışdır.  Sərkərdələrin  fərasəti  daha  geniş 
ərazi  zəbt  etmək,  şəhərlər  tutmaq,  ölkələr  fəth  etmək,  nəhayət  daha  çox  qan 
tökməklə  qiymətlənsə  də,  insanlar  bu  bəlaları  öz  mahiyyətində  ayırıb,  onu 
törədənləri  bir  sehrlilik  haləsinə  bürüyür,  belə  fəaliyyəti  tarixin  görünməmiş 
nailiyyəti və bütünlükdə ümumbəşəri zəfər kimi qəbul edir. Onlara aludə nəzərlər 
dikildikdə,  elə  təsəvvür  yaranır  ki,  guya  bəşəriyyət  nəsə  qazanmışdır,  yer  üzünün 
sahəsi  bu  qələbələr  hesabına  genişlənmişdir  və  itkilərin  miqdarında  aşkara  çıxan 
qələbə  insan  varlığını  şərəfləndirmişdir.  Müasir  insan  müharibəyə,  qan 
tökülməsinə  nifrət  bəslədiyi  halda,  keçmiş  müharibələri,  böyük  tarixi  döyüşləri 
həvəslə öyrənir, onların hər bir detalına nüfuz edir, çalınmış qələbəyə, əslində isə 
elə bil ki, axıdılan qan çayına sevinir. Zəfərlərin müəllifi az qala müqəddəslik, ən 
azı isə pərəstiş və məhəbbət obyektinə çevrilir. İnsanlar bu qalibiyyətli sərkərdələr 
qarşısında çətin müharibələrdə təslim olmuş ordular  və döyüşçülər kimi baş əyir, 
diz çökür, elə bil ki, həmin bədbəxtlərin qul aqibətini, itaət etmək xislətini yenidən 
yaşayırlar. 
Müharibənin  yaratdığı  qeyri-adi,  bəlkə  də  fantastik  təsir  gücü,  cazibə 
qüvvəsi də bu paradoksallıqdadır, ümumən ona olan nifrətin unudulub, onun ayrı-


 
267 
ayrı  nümunələrinə  hansısa,  bəzən  hətta  saxta  meyarları  əsas  götürməklə  heyran 
nəzərləri  dikməkdədir,  anlaşılmayan  məftunluqdadır.  Lakin  müharibənin, 
döyüşlərin  cazibə  qüvvəsini  təkcə  aldadıcı  rəydə,  qiymətdə  axtarmaq  da  düzgün 
olmazdı.  Bu  insan  əməlləri  və  vəziyyətləri  içərisində  elə  nadiri  və  heç  nə  ilə 
müqayisə  edilməyənidir  ki,  qanlı  döyüşdə  bəşər  övladının  bütün  ruhi  və  fiziki 
qüvvələri  sınağa  çəkilir,  insan  ağlının  qüdrəti,  onun  ruhi  və  mənəvi  qüvvələri  ilə 
birlikdə  səfərbər  edilir,  bu  anda  həm  yüksək  ağıl,  həm  də  hiyləgərlik,  cəsarət, 
igidlik,  hansısa  gözlənilməz  bir  hərəkət  və  ya  fəndlə  vəziyyəti  iti  sürətlə 
dəyişdirmək  bacarığı  işə  düşür.  İnsan  təbiətin  ona  bəxş  etdiyi  bütün  imkanlarını, 
resurslarını işə salır, bu anda onun qüvvəsi, iti ağlı, biliyi, düşünmə və qərar vermə 
qabiliyyəti  görünməmiş  qaydada  ona  və  hadisələrin  inkişafına  xidmət  göstərir, 
döyüşçünün, xüsusən döyüşə başçılıq edən sərkərdənin təbii potensialının dəyərini 
dəfələrlə  artırır,  böyüdür  və  sınaq  anında  onun  görünməmiş  qəflətiliklə  üzə 
çıxmasına  şərait  yaradır.  Sərkərdə  təkcə  böyük  qələbə  çalmır,  həm  də  insan 
ağlının,  insan  cəsarətinin,  bütünlükdə  ruhunun  ağlasığmaz  miqyasını  nümayiş 
etdirir,  insanın  malik  olduğu  böyük  əqli,  mənəvi,  psixiki  qüvvənin  zəfərinə  çatır. 
Ağır  döyüşlərdə  qələbə  hərbi  bacarıq,  taktika  məharəti  hədlərini  aşıb  keçməkdən 
xəbər verir, çətin vəziyyətdə, böhran anında insanın görünməmiş zəkaya və heç bir 
risqlə  müqayisə  olunmayan,  qeyri-bəşəri  cəsarətə  malik  olduğunu  göstərir.  Bəlkə 
də  buna  görədir  ki,  insanlar  böyük  sərkərdələrə  məhəbbət,  ən  azı  pərəstişlə 
yanaşırlar, dövrlər və zövqlər dəyişsə də onlara sitayiş azalmır. Ona görə də tarix 
onları  əziz  övladları  kimi  qoruyub  saxlayır,  qədim  insanın  iftixarla  baxdığı 
şəxsiyyətlər bu gün də öz qiymətlərini itirmir.  
İri  qələbələri  hesabına  hərb  tarixindən  bəşər  tarixinin  səhifələrinə  keçənlər 
bir  an  da  olsun  unudulmurlar,  cəsədlərindən  bir  atom  qalmasa  belə,  onların  adını 
və ruhunu insanlar əzizləyir, bəşəriyyətin ağuşunun hərarəti zaman zülmətində itib 
batmamaq  üçün,  onların  üzərinə  düşən  işıq  selinin  azalmasına  imkan  vermir. 
Heyranlıq,  aludəçilik  nöqteyi-nəzərindən  biz  heç  də  Böyük  Aleksandra  əfsanələr 
yaradan  müasirlərindən  və  onun  ardınca  gələnlərdən,  Qay  Yuli  Sezarı  ölümə 
gedərkən  də  fərəhlə  salamlayan  köhnə  legionerlərindən  o  qədər  fərqlənmirik. 


 
268 
Hannibal bir neçə il ərzində qədim romalıları qorxu və təşviş içərisində saxladığı, 
Böyük  və  Kiçik  Stsipionlar  müvafiq  olaraq  əvvəlcə  Karfageni  alçaldığı  sülhə 
məcbur edib, sonra onu yer üzündən sildikləri halda, biz onların hər üçünə heç də 
nifrətdən  xəbər  verməyən  canlı  maraq  göstərir,  qəhrəmanlıqlarını  öyrənməklə 
onların  şəxsiyyətlərini  vəsf  edirik.  Monteskyenin  səmimi  tərifindən  sonra  biz 
Böyük Karlın insani xüsusiyyətlərinə də həsəd aparırıq. Qərbin ifşaedici təbliğatına 
baxmayaraq heç kəs Çingiz xanın və ya Tamerlanın hərb qüdrətini, böyük əraziləri 
öz  hakimiyyətinə  tabe  etməsini  inkar  edə  bilmir.  Əgər  XVIII  əsrin  əvvəllərində 
sərkərdə  Con  Çörçill  Malboro  Avropada  bir  sıra  qələbələri  ilə  ingilis  silahının 
şöhrətini  artırdısa,  onun  nəslindən  olan  Uinston  Çörçill  XX  əsrdə  faşizmə  qarşı 
mübarizənin  təşkilatçılarından  biri  olmaqla,  İkinci  dünya  müharibəsinin 
qəhrəmanları  sırasında  özünə  yer  tapdı.  Bu  sərkərdələrin  hamısı  hərbi  uduş 
uğrunda  vuruşsa  da,  onların  zəfərləri  və  ya  məğlubiyyəti  müxtəlif  dövrlərdə 
dünyanın sifətinin dəyişilməsində az rol oynamamışdır. Onların qələbələrindən bu 
sifətdə  müəyyən  eybəcərlik  nişanələri  yaransa  da,  bir  çox  hallarda  onlar  ümumi 
proqressə yol açmışlar. İkinci dünya müharibəsi dövründə anti-Hitler koalisiyası və 
onun aparıcı qüvvələri olan SSRİ, ABŞ və İngiltərə Hitler Almaniyası və militarist 
Yaponiyası  üzərində  qələbə  çalmaqla  dünyanı  faşizm  taunundan  xilas  etmiş,  bir 
çox xalqları fiziki məhv olmaqdan və köləlikdən qoruyub saxlaya bilmişdilər. Ona 
görə  də  İkinci  dünya  müharibəsindəki  qələbə  bəşəriyyətin  zülm  və  istismardan 
azad olan gələcəyi üçün əldə edilən zəfər idi. 
Tarixin  ən  böyük  sərkərdələri  içərisində  Napoleon  ayrıca  yer  tutur.  Onun 
həyatını möhtəşəm qələbələr və acı məğlubiyyət bəzəyir. O, Sezara daim qibtə ilə 
baxırdı,  onun  pərəstiş  etdiyi  bir  sərkərdə  kimi  Makedoniyalı  Aleksandrın  çox 
cavan  vaxtı  dünyanı  fəth  etməsinə  açıq  qısqanclıq  göstərirdi.  Napoleon  da  öz 
sərkərdə qabiliyyətini öz sələfi Böyük Aleksandr kimi, onunla müqayisə bir qədər 
bütünlüklə  ədalətli  olmasa  da,  gənc  yaşlarından  göstərməyə  başlamış,  31  yaşında 
Marenqodakı,  bundan  dörd  il  sonra  isə  Austerlitsdəki  daha  parlaq  qələbəsini 
qazanmışdı.  Napoleon  elə  bir  şəxsiyyətdir  ki,  hətta  məğlubiyyəti  da  ona  əlavə 
şöhrət  bəxş  etmişdir.  Çünki  o,  faciə  anında  da  özünü  faciə  qəhrəmanı  kimi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə