76
-
Mən etiraz etmirəm, - deyə general qocalara məxsus xoş təbəssümlə gülümsündü. -
Onsuz da evdə tək-tənha darıxıram. Həkimlər mütaliəni də mənə çox gördülər. Amma bir şeyi də
demək istəyirəm. Sizin o alim yoldaşın günahı nədi, sapsağlam ola-ola xəstə...
- Siz onun üçün narahat olmayın. O, özü buna ürəkdən razıdır. Başa düşür ki, bu
xatirələrin hər bir epizodu xalqının azadlığı yolunda əzab-əziyyətlərə dözən, odlu səngərlərdə
“Vətən uğrunda!” deyib hücuma keçən əsgər və zabitlərə hava, su qədər gərəklidir.
- Mən hazıram, - deyə general ürəkdən razılıq verdi. Gur səslə, - bir şərtlə ki, lap
uşaqlıqdan başlayacağam. Çünki uşaqlırım mənim üçün çox əzizdir, - dedi.
Sizə onu da
xatırladım ki, kiçik bir mülkədar olan atam İsmayıl ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci
ildən başlayan igid bir nəslə mənsub olub. Bizim ulu babamız Ağdolaq Məmmədağa Qazax
qəzasında igidliyi ilə ad-san qazanıbmış. Onun iki oğlu olub, Böyük oğlu Şıxı çox ağıllı və sakit,
kiçiyi Əli Qazax isə çox igid, amma dəlisov bir adam imiş. Mən Əli Qazaxın nəslindənəm.
Əvvəllər ikisi də Qazaxlı kəndində yaşayıblar. Şıxının övladları artıb, böyüyəndə görünür, torpaq
sahəsi azlıq edib. Ona görə də onlar bir qədər qərbə köçüb, biri Sınıq körpünün yanında, o biri də
Kürün sahilində kənd salıblar. İndiki Şıxlı kəndləri mənim ulu babamın adını daşıyır.
- Eşitdiyimə görə sizin böyük şair Molla Vəli Vidadiyə də qohumluğunuz çatır?
Çatır yox, oğul, - general fəxrlə izah etdi. - Mənim anam Şah Yəmən xanım Vidadinin
dost-doğma nəvəsidir. O dövrün bir məşhur şairi də bizim nəslin yetişdirməsidir. Kazım ağa
Salik, eşitmisənmi?
- Bəli, ədəbiyyat tarixində belə bir şair var.
Amma heyf ki, çox az şerləri bizə gəlib
çatıb. O da Firudin bəy Köçərlinin xidməti sayəsində.
Alim hiss edirdi ki, danışmaq, o illəri xatırlamaq general üçün çətin də olsa xoşdur.
Həyəcanlanmış general durub rəfdən qalın bir kitab gətirdi. Vərəqləyib istədiyi səhifəni tapdı.
Kresloda əyləşib dərindən nəfəs aldı.
- Rəhmətlik Firudin bəy gör nə qədər künclərdə, bucaqlarda itib-batmaqda olan
Azərbaycan şairlərinin şerlərini üzə çıxartdı. Yəqin ki, bu kitabı oxumusunuz. Görürsünüzmü,
Kazım ağa Salikin, Mustafa ağa Arifin neçə şeri verilib. Ömrünü
Rusiyada sürgündə keçirən
mayor Mustafa ağa da bizim nəslə mənsubdur. Mustafa ağa ilə Kazım ağa deyilənə görə
qardaş, ya da əmioğlu olublar. Diqtət elə, gör qürbətdə Qazaxı xatırlayan Mustafa ağa Arif
Salikə nə yazır:
Bilməm noldu bizim Qazax, Şəmsəddin,
Gəlmədi onlardan bir xəbər yəqin.
Qəzayi-ilahi bu imiş həmin,
Getdi əldən o dövranlar, ağlaram!
... Söhbətləri elə tutmuşdu ki,
qonaq getməyi, general isə xəstəliyini unutmuşdu. Sanki
onlar bir-birini neçə illər idi tanıyıb sevirdilər. Alim ürəyində fikirləşirdi: “Hər bir xalq şübhəsiz
ki, öz sərkərdəsi ilə fəxr edir. Biz isə belə sərkərdəni itirib-axtarmırıq. Vaxtilə rus artilleriyasının
“allahı” sayılan, xalqımızın hərb tarixinə şanlı səhifə yaza biləcək insan Cəfər Cabbarlı adına
küçənin on dörd nömrəli evində tək-tənha ölümünü gözləyir”.
- Nəslinizdə sizdən əvvəl hərbçi olubmu?
- Bizim nəsil cəngavərliyi, tündməcazlığı ilə tanınıb. Ona görə də bizi qəzada
“dəliqazaxlı” adlandırıblar.
Əli Qazaxoğlu nəslində birinci savadlı adam mənim atam olub. O, 1804-cü ildə Rusiya-
İran müharibəsində Qazax-Dilican yolu üstündə şahzadə Abbas Mirzə qoşunlarını məğlubiyyətə
uğradan süvari dəstəsinin tərkibində vuruşmuşdur. Atam İsmayıl ağa döyüşdə xüsusilə
fərqlənənlər, təltif olunanlar sırasında olub.
Şıxlinskilər nəslində Avropa təhsili alan birinci adam mən olmuşam.
Atam rus dilini bilməsə də, görünür ona böyük hüsn-rəğbəti olub. Məndən iyirmi beş yaş
böyük qardaşımı çar konvoyuna göndərib. Qardaşım atamdan aldığı maddi yardımla özünə
müəllim tutub rus dilini öyrənir. Üç ildən
sonra zabitliyə imtahan verib, süvari zabiti adını alır.
77
Mənə isə hərbi təhsil vermək atamın ən böyük arzusu idi. Ona görə də məni götürüb özü
ilə Tiflisə apardı. Anamın əmisi oğluna - o vaxtlar çox məşhur olan, bir çox azərbaycanlının
təhsil almasına yaxından kömək edən Mirzə Hüseyn Əfəndi Qayıbzadəyə tapşırdı. Həyatda
tutduğun mövqeyə görə həm müəllimim həm də qayınatam Mirzə Hüseynə borcluyam.
General susdu. Gödək saqqalını fikirli-fikirli sığalladı. Qonağın sorğu-sualı onu həyatının
ilk gənclik çağına qaytardığından ürəyindəki nisgili də tərpətmişdi. Saysız-hesabsız dostlarını,
tanışlarını elə bil qonaq özü ilə gətirmişdi. “Qayınatam” deyəndə istər-istəməz Nigarını xatırladı.
Başını söykənəcəyə dirədi. Dünyanın ağrısı-acısı onun köksünü didirdi.
- Hə, oğul, - deyəsən kitabın bir fəslini yazıb bitirdik. Alim onun bərk yorulduğunu görüb
ayağa durdu. Sağollaşıb ayrıldı.
Söhbətdən sonra xeyli vaxt özünə gələ bilməyən general nahar etməyi də unutmuşdu. O,
fikrə getdi. Ötən günlər onu yaman kövrəltmişdi. Diqqəti məchul bir nöqtədə ilişib qalan ev
sahibi fikrən hadisələri ilbəil bir-birinin yanına düzürdü.
... 1908-ci il, iyirmi beş noyabr. Çarskoye Seloda müqəddəs Georki Pobedonosev günü
bayram edilirdi. Podpolkovnik Şıxlinskiyə əla xidmətinə görə polkovnik rütbəsi verilirdi. O,
onillik xidməti borcunu üç ildə yerinə yetirmişdi. Bu barədə yuxarı dairələrdə də, orduda da çox
nadir bir hadisə kimi danışılırdı. Sülh vaxtı bu ağlasığmaz təltifat idi.
Əliağanı məşhur Şipka qəhrəmanı, piyada generalı Nikolay
Qriqoryeviç Stoletova burda
təqdim etdilər. Hərbi sovetin üzvü N.Q.Stoletov çatılmış qaşları altındakı iri mavi gözlərini
Əliağaya dikib təmiz Azərbaycan dilində dedi:
- Tanışlığımıza çox məmnunam, cənab polkovnik.
Əliağa donub qaldı. Ona elə gəldi ki, qulağı səsə düşüb. Generalın qarşısında hərbi qaydada
farağat dayanıb təəccüblə:
- Mən də həmçinin ... - səsi qırıldı.
Qulluğunuz necə keçir, füsunkar Qafqaz üçün darıxmırsınız?
- İşin çoxluğu bəzən buna imkan vermir. Lakin Vətən, həmişə Vətən olaraq qalır. Məgər
onun üçün darıxmamaq olarmı?
- Çoxdanmı ayrılmısınız Qafqazdan?
- Artıq səkkiz ili keçir. Cənab general,
icazənizlə soruşmaq istərdim, əgər sirr deyilsə,
bizim dili belə təmiz kimdən öyrənmisiniz?
General gülümsünüb ərklə əlini Əliağanın çiyninə qoydu: - Bu dili mən sizinkilərdən
öyrənəndə yəqin ki, sən onda uşaq idin. 1860-cı ildə Tiflisdə hərbi xidmətdə olmuşam.
Sevastopol kampaniyasından sonra mənə ştabs-kapitan rütbəsi verib Qafqaz ordusunun baş
qərargahına təyin etdilər. Onda cavan bir azərbaycanlı ilə tanış oldum. Bu adam ərəb, fars dilində
yaxşı təhsilə malik olsa da, rus dilini çox zəif bilirdi. Bu dilə isə güclü marağı vardı. Biz onunla
dostlaşdıq. Belə qərara gəldik ki,
mən ona rusca, o da mənə azərbaycanca dərs keçək.
Azərbaycan dilini bilməyən adam Qafqazda çətin hərəkət edə bilər. Bunu Martınov gülləsinin
günahsız qurbanı, böyük şair Lermontov da etiraf etmişdir.
Onu da deyim ki, sənin Azərbaycan dilin bir neçə dəfə Şipka döyüşlərində də köməyimə
çatıb. Son həmlələrin birində əsir aldığımız məşhur türk sərkərdəsi Hacı Osman Paşanı mən
Azərbaycanca danışdıranda onun cözü kəlləsinə çıxdı. Dodaqaltı mızıldanıb hirslə gözlərini
üzümə bərəltdi:
- Gavura satılan qafqazlı, - deyə məni təhqir etdi.
- Lütfən deyin, cənab general, o dərs aldığınız adamın adını xatırlamırsınız ki...
- Əlbəttə, xatırlayıram, Mirzə Hüseyn Əfəndi. - General ani olaraq fikrə getdi.
Əliağa Şıxlinski dərhal sevinclə soruşdu:
- Qayıbzadə, eləmi?
- Bəli, məgər siz də onu tanıyırsınız?
- Necə tanımayım. Hüseyn Əfəndi mənim anamın doğmaca əmisi oğludur. Həm də
mənim qayınatamdır. Mən də ondan dərs alıb bu rütbəyə çatmışam.