80
Səməd bəy susurdu.
Dinmək istəyirdi, ancaq atasından ehtiyat edirdi. Axşamdan
özlüyündə belə fikirləşmişdi ki, arzumu əmimə təklikdə deyərəm, o da bəlkə atamı yola gətirdi.
Bir ilə yaxın idi ki, qəti qərara gəlmişdi: oxumağa hərbiyyə məktəbinə gedəcək.
- Hə, dillən, oğul, qonaqları, əmini intizarda qoyma. Hara
istəyirsən? Tiflis
gimnaziyasına, Xarkova, yoxsa Peterburqa?.. Maşallah, özün daha böyük oğlansan. Bəlkə
mühəndis olmaq istəyirsən, bəlkə təbabət elmi fikrindən keçir?
- Ata, demək olar, bütün sənətləri saydı, bircə Səməd bəyin bir ilə yaxın havası ilə
uçduğu hərbi kəlməsini dilinə gətirmədi. Bu qədər ağsaqqalın yanında susmağı nəzakətsizlik
sayan Səməd bəy özünü toplayıb bəy oğluna məxsus təmkinlə:
- Ata, Peterburqa, amma hərbiyyə məktəbinə getmək istəyirəm. Sadıq bəy hərbiyyə
sözünü eşidib yerində qurcalandı. Təəçcüb və heyrətlə:
- Hara dedin, oğul?
- Hərbiyyə məktəbinə getmək çoxdankı arzumdur. Mən ora hazırlaşmışam, ata!
Səsinin tonu dəyişmiş Xanı bəy:
- Baho, qardaş oğlu, bu nə çətin oldu. - Deyilişindən hiss olunurdu ki, əmi də narazıdır,
onun hərbçi olmasına. Bu dəfə lap ciddi - Gələcəyin
yolu yaman enişli-yoxuşlu oldu, qardaş
oğlu. Bəri başdan yaxşı fikirləş ha...
- Bu mənim qəti qərarımdır, əmi! - deyib Səməd bəy utancaq baxışlarını yerə dikdi. Ani
olaraq gözaltı atasına baxdı. Kişinin sərt sifəti qara qayış kimi tarıma çəkilmişdi. Sinəsi körük
kimi qalxıb enirdi. Otaqda tam sakitlik hökm surürdü. Xanı bəy bikef halda stəkanı götürüb
bir qurtum içdi. Özü də hiss etmədən stəkan əlindən sürüşüb nəlbəkidə şaqqıldadı. Əyilib
diqqətlə stəkana yandan baxdı:
- Bay sənin - dedi, - çatladı ki... - Üzünü Səməd bəyə tutub: -qardaş oğlu, gəl bunu
mətbəxə apar.
- Səməd bəy otaqdan çıxanda Xanı bəy üzrxahlıq edib Sadıq bəyə təsəlli verdi:
- Əmi oğlu, - dedi - gördün, şüşə qab sındı, fikir eləmə, bəlkə xeyir elə bundadır. Uşağın
arzusuna qarşı çıxma, hiss olunur ki, hərbiyyə işinə çox həvəsi var. Səməd bəy qanacaqsız uşaq
deyil. Özün məndən yaxşı tanıyırsan. O sənəti sevməsə, bu qədər
ağsaqqal hüzurunda deməzdi
ki, bu mənim qəti qərarımdır. Allah xeyir versin...
Sadıq bəy hirslə:
-Yava-yava danışma, mənim on beş oğlum yoxdur ki, birinin də başından keçib rusa
verəm.
- Rusa niyə verirsən, oxuyub qayıdacaq. Bakı, Gəncə, Tiflis qarnizonlarından birində
xidmət edəcək. Xalqımızın bir silah tutan oğlu da artacaq.
- Bəs o, gecə-gündüz Nizami, Füzuli oxuyurdu. Vidadi, Vaqif şerlərini əzbərləyirdi. Fars,
türk dillərinin qrammatikasını öyrənirdi. Mən də sevindim ki, oğlum müəllim olacaq, xalqına
gərək olan maarif işində çalışacaq. - Sadıq bəy hirslə Rüxsarəyə:
- Get, onu çağır, bura gəlsin! - dedi.
Səməd bəy pörtmüş halda içəri girdi. Bilmirdi baxışlarını hara diksin. Yenə bayaqkı
yerdə böyüklərin hüzurunda müntəzir dayandı.
- Sadıq bəy sərt və ötkəm səslə:
- Oğul, bu sənin qəti qərarındır?
- Bəli, ata...
- Axı sən onu bilirsənmi ki, sənin atan Sadıq bəyin indiyədək nə hökumət qulluğunda, nə
dostlar arasında, nə də ki, evdə bir sözü iki olmayıb. Heç kəs onun sözünün qabağında söz
deməyib.Bizim nəsildə indiyədək bir nəfər belə hərbçi olmayıb. Bu mənasız
fikir hardan sənin
ağlına gəlib? Get, fikirləş, qərarını dəyiş, - kinayə ilə, - hərbçi olacaq,... yox bir yaranal olacaq...
Elə bilirsən asandı gecə-gündüz çöllərdə qalmaq? Bu nə sənətdi? Qızmar günəşdə, sərt ayazda,
dizə çıxan palçıqda günlərlə, aylarla çöllərdə qalaçaqsan. Səni kimsə yoldan çıxardıb, yəqin ki,
yaranal olmaq iştahan var... Dəyiş qərarını... On altı yaşın var, özünə sənət seçib, gün ağlaya
bilmirsən.
81
- Əziz ata, ilk dəfə sözünüzdən çıxdığım üçün üzr istəyirəm. O ki qaldı yaranal olmağa...
yaranal qızlardan olmur. Yaranal
elə mənim kimi oğullardan olur...
Anası Böyüknənə dözə bilməyib oğluna qahmar çıxdı:
- A kişi, uşağı bu qədər danlama, özün də boş yerə hirslənib əsib-coşma. Uşaqdı, indi
deyib,
bəlkə səhərə, o biri günə fikrini dəyişdi.
Sadıq bəy hirslə stulunu qabağa çəkib:
- Görmürsən, deyir ki, bu mənim qəti qərarımdır. Mənimdə qəti qərarım, oğul, eşit və bil,
ondan ibarətdir ki, səni heç yerə göndərməyə, nə də hərbiyyə məktəbində oxutmağa bir qəpik
belə-pulum yoxdur. Xoş gəldin, get, otur evdə, un çuvalına tay ol...
- Ata, mən kor qız deyiləm ki, un çuvalına tay olam. Sizin yardımınızdan
imtina edib,
Peterburqa hərbiyyə məktəbinə oxumağa gedəcəm... - deyib çıxdı.
1871-ci ildə ata sözündən “çıxan”, bir daha onun üzünü görməyən general Səməd bəy
Mehmandarov ilk hərbi təhsil almağa belə getdi. Kaş bütün gənclər ata sözündən belə “çıxaydı”.
Səməd bəy Mehmandarov haqqında yazmağı düşünəndə qeyri-ixtiyari Əliağa Şıxlinskini
xatırladım. Tez-tez Şıxlinskinin “Xatirələrim”indəki ayrı-ayrı epizodlar yadıma düşürdü. Mənə
elə gəlir ki, Səməd bəy Mehmandarovun ömür yolunu Əliağa Şıxlinskidən yaxşı bilən ikinci bir
şəxs olmayıb. Ona görə də Şıxlinskinin əvəzsiz xatirələrinə müraciət edəcəyəm. Onlar ilk dəfə
1888-ci ildə tanış oldular. Bu dostluq 1931-ci ilin fevralına kimi - Mehmandarov dünyadan
köçən günə qədər davam etdi, həmyerlilərin bu dostluğu bir neçə müharibə alovundan, inqilab
tufanından keçib nəsillərə nümunə oldu.
Çox təəssüf ki, Səməd bəy Mehmandarov da Əliağa Şıxlinski kimi hərbi memuar
yazmayıb. Buna otuzuncu illərin sərt abı-havası günahkardır.
Onda Heydər Hüseynov kimi
məşhur, xeyir-xah alim ədəbi ictimaiyyətə təzə gəlmişdi. Bizə əziz miras kimi qalan
“Xatirələrim”in bəxti onda kəsdi ki, müharibə başlananda milli Azərbaycan diviziyasının
yaradılması ilə bağlı məsləhətə gələn Heydər Hüseynov generalın xatirələrinin dəyərini
qiymətləndirərək onu qələmə aldı. Ömrunün son günlərini yaşayan Şıxlinski də qürbətdə,
səngərlərdə, palçıq və qanqarışıq cəbhə meydanlarında Səməd bəy Mehmandarovla keçirdiyi
günlərini unutmayıb ona diktə etdi.
Bir hərbi xadim kimi, Səməd bəyin xidmətləri əvvəzsizdir. Hərbi sərkərdə kimi, rus hərb
tarixçiləri və yazıçıları onun artilleriya sahəsindəki böyük nüfuzundan, istedadından iftixarla
yazırlar.
Özümüzdə isə, inqilabdan əvvəlki generallarımızdan söz düşəndə, ən az məlumata
malik adam belə Şıxlinskinin və Mehmandarovun adını çəkə bilir. Etiraf etməliyik ki, son illərə
qədər hər bir azərbaycanlının tanıdığı yalnız bu iki əfsanəvi general olub. Təəssüf ki, onların da
adını çox vaxt qorxa-qorxa çəkmişik. Rəsmi dairələrdə isə onların - adının yanında həmişə bir
neçə ağ ləkə olub: “çar generalıdı”, “müsavatın hərbiyyə naziri olub”, “bəy nəslinin
nümayəndələri”-dir və s. Bu minvalla, yersiz damğalarla görkəmli sərkərdələrimizi unutmuşuq,
lap az tədqiq etmişik. Amma qonşularımız praporşik rütbəsində olan oğlunu
elə tərifləyir,
haqqında o qədər yazır ki, az qala gözündə generaldan da uca olur. Halbuki, - yadların fəxrlə
söhbət açdığı bu iki generalımız Port-Arturda yaponlara, Birinci dünya müharibəsində almanlara
qarşı vuruşaraq ulu babalarımızdan gələn döyüş ənənələrini bütün dünyaya yaymışlar. Birinə
“artilleriyanın allahı” fəxri adı, o birinə isə müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi
verilib. Böyük imperiyanın minlərlə generalları arasında onların da öz yeri olub.
Əliağa Şıxlinskinin aydan arı, sudan duru xatirələrindən məlum olur ki, podpolkovnik
Mehmandarov ilk dəfə 1900-cü il avqustun üçündə çinlilərə qarşı vuruşmada ad-san
qazanmışdır. Uzaq Şərqə hərbi xidmətə gələn gənc zabit Şıxlinski həmin ili Nerçinsk şəhərində
düşərgə salmış Zabaykal topçu divizionunda həmyerlisi ilə görüşünü sevinclə qeyd edir:
“Divizion iki batareyadan ibarət idi: birincisinə podpolkovnik Enqelman,
ikinci batareyaya isə
mənim həmyerlim və köhnə tanışım podpolkovnik Səməd bəy Mehmandarov komandanlıq
edirdi”.
Şıxlinskinin xatirələrindən aydın olur ki, o, həmyerlisi ilə fəxr edirmiş. Bu da təsadüfi
deyildi. Axı, hərbin sərt qanunlarına, ciddi nizam-intizama baxmayaraq, kinayə ilə “aziat”
deyilən bir millətin cavan zabit oğlu az müddətdə Rusiyanın ikinci və üçüncü dərəcəli