96
8. Müharibə vaxtı (1941-45-ci illərdə) ilk zabit rütbəsini nə vaxt alıb? - İnqilab illərində.
9. Səhhəti: - Sağlamdır.
10. Müharibədən əvvəl xidmət etdiyi hissə və vəzifəsi: - Şimali Qafqaz hava Dairəsində 55-ci
atıcı diviziyasının, 641-ci atıcı polkunun komandiri.
11. Təltifləri: - İki Qırmızı Bayraq ordeni,
ikinci dərəcəli Suvorov ordeni, ikinci dərəcəli
Kutuzov ordeni, ikinci dərəcəli Boqdan Xmelnitski ordeni, birinci dərəcəli Böyük Vətən
müharibəsi ordeni və “Qafqazın müdafiəsinə görə” medalı ilə
17
.
12. Müharibə vaxtı yaralanıb, kontuziya olubmu? - Üç dəfə yüngül yaralanıb və üç dəfə də
yüngül kontuziya olub.
13. Nə vaxtdan diviziya komandirinin müavini olub? - 1943-cü il noyabrın iyirmi birindən.
1941-ci ildə Vətən ağır günlər keçirəndə xalqımızın sayseçmə oğullarından milli
diviziyalar təşkil olundu. Həmin il oktyabrın on səkkizində qırx altıncı ordunun yüz altmış
səkkizinci ehtiyat polku nəzdində 223-cü atıcı diviziyasının təşkilinə başlandı. Əsasən
azərbaycanlılardan ibarət olan bu birləşmə 1942-ci ilin iyulunadək hazırlıq keçdi. Diviziyanın
siyasi rəhbəri, komissar və komandirləri xalqımızın qabaqcıl ziyalıları idi.
İki yüz iyirmi üçüncü diviziyanın ilk komandiri polkovnik Heybət Heybətov təyin
olundu.
Baxış Mehdiyev: - 1942-ci ilin sentyabrında döyüşə tam hazır olan diviziya Buynakskda
dayanmışdı. Mir Cəfər Bağırov diviziyanın əsgərləri ilə görüşə gəldi. Elə sıraların qarşısında
kinayə ilə Zuvanova
- Heybətova dedi ki, bu milli birləşmədir, komandiri də Azərbaycan
millətinin nümayəndəsi olmalıdır. Familini gərək dəyişəsən...
Polkovnikin qəzəbdən gözləri böyüdü. Sərkərdələrə məxsus sərt sifəti qayış kimi
dartılıb qaraldı. Zabitlər, əsgərlər ürək ağrısı ilə sevimli komandirlərinə heyfsiləndilər ki, cəllad
əlinə keçdi. Həmin günü Bağırov qonşu diviziyada bir neçə” fərarilərin özlərinə qəbir qazdırıb
içində güllələtmişdi... Ona görə də o, çox hirsliydi.
Polkovnikin heç kəsin gözləmədiyi cavabı Bağırovu sarsıtdı:
- Mən, - dedi, - Azərbaycan xalqının əsgəriyəm. Xalqıma sidq ürəklə xidmət edirəm,
son nəfəsiməcən də edəcəyəm. O ki qaldı familiya
məsələsinə, bu mənim şəxsi işimdir. Bunun
mətləbə dəxli yoxdur. Ən başlıcası bütün varlığımla, ürəyimlə azərbaycanlıyam. Vaxtilə
mənə ata əvəzi olmuş insana nankor çıxmaq istəmirəm. Müqəddəs Quranda da deyilir ki, səni
xoşbəxt edən adama sadiq qalmaq borcundur.
Ta Xarkova qədər Heybətov bizim diviziyanın komandiri oldu.. 1943-cü ilin iyun ayı idi.
Dyaçkino stansiyası uğrunda vuruşurduq. Əmr gəldi ki, general-mayor Heybətov 416-cı
diviziyaya komandir müavini göndərilir. Əlbəttə, belə gözəl, mahir komandir üçün müavinlik
aşağı vəzifə idi. Ən dözülməzi də o idi ki, general Heybətovu polkovnik Sızranova müavin təyin
etmişdilər. Bağırov ondan heyfini belə çıxdı.
1943-cü ilin iyunundan 416-cı atıcı diviziyanın komandir müavini təyin olunan general
Heybətovu döyüşçülər ürəkdən sevir və ona dərin hörmət bəsləyirdilər.
General-mayor Heybətov - Zuvanovla Qafqazdan Berlinədək döyüş yolu keçən yazıçı
Məmməd Aranlının “Cəbhə gündəliyi”ndən:
“9 mart 1944-cü il... Bizimkilər hücuma keçmişdilər. Çox-qanlı vuruşmalar getdi.
Nəhayət, faşistlər qaçmağa məcbur oldu.. Bəxtiyar Əfəndiyevlə uzun-uzadı dərdləşdik.
Diviziyanın tarixi haqqında düşünürdük.
General-mayor Zuvanov bizə gəldi. O, keçirdiyi günlər haqqında danışırdı.
Xüsusilə
Səfər Məmmədovun adını tez-tez çəkirdi. Səfər öz məsləhətləri ilə bir çox hərbi əməliyyatlarda
generala kömək etmişdi. General Zuvanov çox sadə, təvazökar və baməzə adamdır. Familinin
rus olmasına baxmayaraq, tipik bir azərbaycanlıdır. Söhbəti çox sevir. Yaşayışı da çox qəribədir..
Yağ, ət yeməz...”
17 General Heybət Heybətov döyüş xidmətlərinə görə Lenin ordeni ilə də təltif olunmuşdur
97
Döyüşçü yazıçı Məmməd Aranlının gündəliyində adı çəkilən
Bəxtiyar Əfəndiyevi
axtardım. Öyrəndim ki, istefada olan kapitan 416-cı diviziyanın veteranı, hazırda Nərimanov
rayonundakı otuz doqquz nömrəli beynəlmiləl orta məktəbin direktorudur.. General Heybətovla
qələbəni Berlində qarşılayan Bəxtiyar müəllim döyüş dostu haqqında xoş xatirələr söylədi:
- Polkovnik Sızranov general Heybətovun ona müavin göndərilməsini ədalətsizlik kimi
qəbul edirdi. Ona görə də generala hədsiz dərəcədə hörmət və məhəbbət göstərirdi. Bir dəfə
diviziyanın siyasi şöbə rəisi polkovnik Rəşid Məcidova dedi:
- Hiss edirəm ki, general sıxıntı keçirir. Çox nahaq. Mən yaxşı bilirəm ki, onun vəzifəsini
niyə aşağı salıblar. Heybətov gözəl sərkərdədir. Onu Bağırovun tapşırığı ilə gözüm - çıxdıya
salıblar. Şəxsən mən general Heybətova mərd bir azərbaycanlı kimi baxıram. O, mənə burada
çox lazımdır. Çünki əsgərlərin dilini və xasiyyətini ondan yaxşı bilən yoxdur.
Doğrudan da, general Heybətov diviziyaya gələn gündən sadəliyi və qayğıkeşliyi ilə
əsgərlərin, zabitlərin hörmət və məhəbbətini qazandı. O, hər bir döyüşçüyə atalıq qayğısı
göstərərdi. Azərbaycan dilində o qədər şirin söhbətlər edər və atalar məsəllərini elə yerli-yerində
işlədərdi ki, əsgərlər təəccüblənərdilər: görəsən, generalın özü azərbaycanlı ola-ola bəs, ad-famili
niyə başqadır? Mən də zarafata salıb deyərdim,
tale belə gətirib, deyirlər, cavanlığında sevgi
oduna yanıb.
Beşinci zərbə ordusu hərbi şurasının keçmiş üzvü, ehtiyatda olan general-leytenant
Fyodor Yefimoviç Bakovun xatirələrindən:
“1945-ci ilin iyirmi bir aprel günü Beşinci zərbə ordusu, o cümlədən dörd yüz on altıncı
diviziya üçün unudulmaz gün idi. Dörd yüz on altıncı diviziya Berlinin xarici və daxili müdafiə
xətlərini yararaq aprelin iyirmi birində şəhər uğrunda döyüşə girişdi. Diviziya komandirinin
müavini, Azərbaycan xalqının mərd oğlu general-mayor Heybətovun rəhbərliyi altında
min üç
yüz yetmiş üçüncü polk hamıdan əvvəl şəhərə daxil oldu. General Heybətov döyüşdə həlak
olmuş polk komandiri podpolkovnik Z.Səidbatalovu müvəqqəti əvəz edirdi. General Heybətov
diviziyanın və qoşunların əməliyyat zolağındakı vəziyyəti haqqında ətraflı məlumat verdi.
Min üç yüz yetmiş üçüncü polkun qarşısında saraya, sonra isə Berlinin əsas küçəsi olan
Unter-den Linden küçəsi ilə Brandenburq darvazası istiqamətində hücum etmək vəzifəsi
qoyulmuşdu. Diviziya Şpreye çayı üzərindəki körpüdə döyüşə başladı.
Mən döyüşü müşahidə edirdim. General Heybətov və onun döyüşçülərinə demək
istəyirdim: “Siz xoşbəxt adamlarsınız! Sizə Almaniyanın ürəyi olan Berlinin özündə çox mühüm
dövlət və hərbi obyektlərə hücum etmək şərəfi nəsib olmuşdur”.
Böyük Vətən müharibəsinin ağır günlərində vəfalı dostum general
Heybətovla yüzlərlə
hadisənin şahidi olmuşam. Onlardan sizə yalnız birini qısaca nəql etdim. Hələ siz görəydiniz ki,
Brandenburq darvazası önündə tankın üstünə qalxan general Heybətov necə alovlu bir nitq
söylədi. İnanıram ki, general Heybətovun həmin çıxışı azərbaycanlı dostlarımın hələ də yadından
çıxmayıb. Döyüşçü həmyerlilərinin misilsiz qələbəsinə sevinən general deyirdi:
- Mən xoşbəxtəm ki, bu tarixi qələbə günündə Azərbaycanın mərd oğulları ilə çiyin-
çiyinə vuruşaraq, oddan-alovdan keçib gəlmiş azərbaycanlı qızlarını da Berlin torpağında
salamlayıram. Böyükxanım Mircavadova, Rəşidə Qasımzadə, Zəhra Səlimova, Tahirə Dadaşova
ulu Azərbaycanımızın qarşısında müqəddəs borclarını kişi qeyrəti ilə yerinə yetirdilər. Bu sinəsi
orden-medallı qızlar
ulu nənələri Məhsətinin, Natəvanın, Həcər xanımın, Nigar xanım
Şıxlinskayanın döyüş xidmətlərini qeyrətlə davam etdirdilər. Bu gün Berlin uğrunda tarixi
vuruşmalar gedərkən son atəşi Brandenburq darvazası önündə məhz dörd yüz on altıncı
Azərbaycan atıcı diviziyasının igidləri açdılar. Yer üzünü fəlakətə düçar etmək istəyən faşist
Almaniyasının məğlub olmasında mərd Azərbaycan oğullarının da misilsiz döyüş xidmətləri
olduğuna biz hədsiz dərəcədə sevinirik. Biz o tarixi hücumun iştirakçıları və müharibənin necə
qurtarmasının şahidləriyik. Qafqazdan Berlinədək döyüş yollarında canlarından keçmiş
igidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.
1985-ci il sazaqlı fevral ayının yarıdan çoxunu “hünər” verilişinin çəkiliş qrupu Kuban
torpağında ezamiyyətdə keçirdi. Məqsədimiz general Heybət Heybətovun komandir olduğu iki
yüz iyirmi üçüncü Azərbaycan atıcı diviziyasının döyüş yolundan silsilə verilişlər hazırlamaq idi.