50
-Xımrad deyilən yerdən bir fəvvarə fışqırır, saatını onunla qura bilərsən, düz hər
saatdan bir, əqrəb əqrəb üstünə gələndə yerdən göyə qaynar su fışqırır. Bu sizin
Soyuq bulaq deyil e, Zeynal, elə bil yerin dibində birisi oturub saatla suyun yer üzünə
çıxmasını idarə edir. Bu möcüzə deyil, nədi?
Möhsün söhbətləriylə məni elə ovsunlamışdı ki, ilk fürsətdə heç vaxt olmadığım
bu əfsanəvi diyara baş çəkmək istəyirdim. Amma, doğrusu, məni Xımrıd
çağlayanından və Gəmiqayadan daha artıq, Möhsünün dilindən düşməyən Diri Baba
cəlb edirdi. Mərəzədə Diri Baba türbəsini görmüşdüm.
Bu barədə el arasında gəzən əfsanəni də eşitmişdim; guya ki, Diri Baba mömin
bir övliya imiş, vəfat edir, basdırırlar, səhərisi gün gəlib görürlər ki, həmin bu
türbəsində dip-diri namaz qılır. Adı da o vaxtdan Diri Baba qalır. Belə bir söhbəti
Dərbənddə də eşitmişdim. Dərbənddə məşhur Qırxlar qəbiristanlığı var, qırxlar qırx
islam şəhididir ki, başlarını kəsiblər. Sonra cəsədlərini arabalara yığıb məzarlığa
aparanda bir də görüblər ki, qırxı da sap-sağlam, at belində, arabaların qabağında
çapır. Bir vaxtlar ölümdən sonra həyat, ölüb dirilmək məsələləriylə çox
maraqlanırdım, bu əfsanələri də özümçün nağıl kimi yox, gerçəklik kimi izah etməyə
çalışırdım. Naxçıvandakı Diri Baba haqqında söhbətlər də məni ilk öncə elə adına
görə cəlb etdi. Kim idi bu adam, niyə ona DİRİ deyirdilər? Məsələ ondaydı ki, heç
Möhsünün özü də onu görməmişdi, ancaq haqqında söylənənləri eşitmişdi.
Deyilənə görə, o da övliya, pir imiş və 150 yaşı varmış. Necə deyərlər, Nadiri
taxtda gorüb, Qacarı qundaqda...
Möhsün etiraf edirdi ki, Diri Baba haqqında söhbətləri əsasən atasından və
babasından eşidib, amma onların heç özləri də görməyiblər onu. Deyilənə görə,
Xaraba Gilan deyilən qədim şəhərin viranələrində bir hücrədə tək-tənha yaşayırmış.
Nə yeyirmiş, nə içirmiş, - heç kəsin xəbəri yoxmuş. Yalnız bir nəfər, bircə nəfər, -
onun da yaşı doxsanı çoxdan ötmüşdü, - ayda bir dəfə Diri babanın ziyarətinə
gedərmiş. Onun məsləhətlərini, tövsiyyələrini camaata çatdırarmış. Bəziləri elə
güman edirmiş ki, ümumiyyətlə, belə bir adam yoxdu, əfsanədi, nağıldı, kimsə bunu
hansı səbəbdənsə uydurub camaat arasında yayıb.
Möhsünə dedim ki, Naxçıvana yolum düşsə mütləq onunla görüşməliyəm.
51
Zeynal dərhal:
- Ay hay - dedi - Diri Baba elə yüz əlli il oturub səni gözləyirmiş.
Amma qəribə də olsa, Möhsün bu istəyimə daha ciddi yanaşdı. İş elə gətirdi ki,
Universitetlərlə mübadilə sazişinə görə, məruzə etməkçün Naxçıvana getməli oldum.
Əvvəlcə Möhsünün mənə qoşulmaq fikri yoxdu.
-Bax, - dedim, - Mirzə Cəlil rəhmətliyin Qurbanəli bəyi kimi elə hey məni
qonaq çağırırdın, indi mənimlə getməsən, adını Qurbanəli bəy qoyacam.
Bir az nəm-num edəndən sonra Möhsün, demə, elə bir himə bəndmiş kimi,
razılaşdı və Zeynal da, təbii ki, can-başla bizə qoşuldu.
Uzun sözün qısası, ilıq bir sentyabr günündə Naxçıvana uçduq. Möhsün,
doğrudan da, çox qonaqpərəst imiş. Özü də, maşallah, xeyli qohum-qardaşı varmış,
bu gün bu evdə ziyafət, sabah başqa yerdə... Xalxal meşəsi, Batabat, Ordubadın
bağları, nehrəmlilərin xüsusi mehribançılığı... Ömrümdə ilk dəfə daddığım təamlar -
Ərzuman küftəsi, soğan dolması, ballı qayğanaq... Amma mənim fikrim-zikrim Diri
Babanı görmək idi. Bunun bir yolunu tapmalıydım. Möhsün yazığın zəhləsini o
qədər tökürdüm ki, deyəsən, ümumiyyətlə, bu Diri Baba söhbətini mənə
danışmağından peşman olmuşdu. Amma mən də əl çəkən deyildim. Oxu atmısan,
yayı gizlətmə. Belə mistik əhvalatlar həmişə məni qeyri-adi cazibə qüvvəsiylə özünə
çəkirdi, qəribə, özümün də tam dərk edə bilmədiyim hallara düşürdüm. Xəstəlik
kimiydi bu, mütləq istədiyimi bulub şəfa tapmayınca sakit olmayacaqdım... O qədər
inad elədim ki, axırda bir vasitəçi vasitəsiylə o biri vasitəçiyə, onun vasitəsiylə başqa
birisiylə əlaqə yaradıb, belə ötürə-ötürə gəlib o doxsan yaşlı adama çıxdıq.
Nə görkəmində, nə hərəkətlərində, nə danışıqlarında heç bir qeyri-adilik,
qəribəlik yoxdu. Haçansa gəncliyində sürücü işləyib. İyirmi ildi təqaüdə çıxıb, yaşı
da doxsan yox, cəmisi 82 idi.
Yalnız tək bir qəribəlik oldu. Məni görəndə diqqətlə üzümə baxıb:
- Deyəsən, səni hardasa görmüşəm, - dedi.
Məlum oldu ki, ömrü boyu Naxçıvandan çıxmayıb, mən də ilk dəfə gəlmişəm
bura, məni harda görə bilərdi?
Bir qəribə sual da verdi:
52
-Yanında şəklin var?
-Pasportumdakı şəklimdən başqası yoxdu yanımda.
-O tində fotoqraf Mürsəl var, ver böyütsün.
Bunun nəyə gərək olduğunu bilmədən, hər halda, dediyinə əməl etdim, şəkli
böyütdürdüm.
Şəkli aldı, uzun zaman baxıb cibinə qoydu. Heç nə demədi və heç nə boyun
olmadı.
Bakıya qayıtmağıma iki gün qalırdı. Daha Diri Babanı görəcəyimə heç bir
ümidim qalmamışdı.
Axırıncı gün Möhsüngilin güllü-çiçəkli həyətlərində kömürlü samovardan
süzdükləri pürrəngi çayı içərkən - axır ki, Möhsün çaya çay deməyə öyrənmişdi -
darvaza döyüldü.
Şəklimi cibinə qoyan qoca gəlmişdi. Məni qırağa çəkdi, pıçıltıyla qulağıma:
-Sabah Diri Babanın ziyarətinə aparacam səni, - dedi, - amma heç kəs bilməsin.
- Axı, sabah tezdən Bakıya uçuram.
-Biletini dəyiş. Belə fürsət yüz ildə bir düşər. Amma məbadə kiməsə bir şey
deyəsən.
-Bəs mən Möhsüngilə nə deyim, niyə bileti qaytardım, səninlə hara gedirəm.
-Narahat olma. Onlar heç nə hiss etməyəcək.
SƏKKİZİNCİ FƏSİL
DİRİ BABA VARMIYDI, YOXMUYDU?
“Bəziləri elə zənn edirlər ki, sufilərin gizli bir qüdrəti var,
bəzən hətta danışırlar ki, sufilər bir baxışla kimləri isə ağır
mərəzdən sağalda ya həyatını dəyişə bilir”.
İDRİS ŞAH. «Sufizm» kitabından
“Dzen - mistikdir - ayrı cür ola da bilməzdi, ona görə ki,
dzen Şərq mədəniyyətinin təməlidir. Məhz bu mistisizm Qərbin