250
İnsani dünyanın kosmosun tərkib hissəsi olmasına analoji
olaraq, insani zəka da dünya zəkasına aiddir. Deməli, insani qanunlar
bütün kosmosda hökmran olan əbədi qanunun zərrələridir. Elə buna
görə də, biz, mövcud olan konkret qanunların əbədi qanuna uyğun
gələnlərini əbədi qanuna uyğun gəlməyənlərindən, prinsipcə,
fərqləndirmək iqtidarındayıq. Başqa sözlə, bu, cəmiyyətdə qəbul
olunmuş və əbədi qanuna yaxınlığı sayəsində ümumi əhəmiyyət
daşıyan qanunlarla əbədi təbii qanuna əsaslanmayan, yalnız mövcud
olduqları üçün tətbiq olunan qanunlar arasındakı fərqdir.
İnsani zəka özünün müxtəlif formalarda vahid dünya zəkasına
əsaslanır. Bu, təbii hüquq konsepsiyasının vacib hissəsidir. Hüquqi və
siyasi qanunlar təbiətin (kosmosun) ümumi qanununa əsaslanırlar.
Qanun üçün əsas fərd və ya qrup tərəfindən, məsələn, nəyin qanun və
hüquq olduğunu müəyyənləşdirən qüdrətli şəxslər ("güc - hüquqdur")
tərəfindən yaranmır. Ümumi əhəmiyyətə malik olan qanunlar
mövcuddur. Onlar məhz mövcud olduqlarına görə ki, biz onları kəşf
edə və onların bəyan etdiklərini başa düşə bilərik. Biz qanunları kəşf
edə bilərik və kəşf etdiyimizi də bəyan edə bilərik, amma qanunları
ixtira edə bilmərik. Beləliklə, qanunların əsasında yatan şey insanların
kortəbii arzularından yüksəkdədir. O, həmçinin cəmiyyətdə qəbul
olunan və qismən də ziddiyyətli olan hüquqi kodekslərdən də
yüksəkdədir. Qanunların əsası nisbi deyildir. Hər bir fərdin vahid
zəkaya və vahid qanuna aid olmasının təsiri ilə də bütün insanların
fundamental bənzəyişi mövcuddur. Təbii qanun hər yerdə və bütün
insanlara tətbiq oluna bilər.
Hüquqların stoik konsepsiyasının əsas cizgiləri Romanın dövlət
xadimləri və hüquqşünasları, o cümlədən eklektik Siseron tərəfindən
geniş istifadə olunurdu. Onun əsərləri sonrakı yüzillikdə geniş kütlələr
üçün məşhur oldu.
Stoiklər özlərini ümumi əhəmiyyətə malik olan hüquqların və
ümumi əhəmiyyətə malik olan əxlaqın mövcudluğunu inkar edən və
qanunların nisbi xarakter daşıdığını təsdiq edən bəzi sofistlərdən
ayırırdılar. Onlar həmçinin epikürçülərin də əleyhinə çıxış edirdilər,
çünki epikürçülər öyrədirdilər ki, qanunlar yalnız fərdi insan
arzularına yardımçı olduqları zaman ümumi əhəmiyyətə malik ola
bilər. O zaman ki, söhbət relyativizmin təkzib olunmasından və
ümumi əhəmiyyətə malik olan hüququn mövcudluğunun qəbul
edilməsindən gedirdi, stoiklər Platonla və Aristotellə razılaşırdırlar.
Amma, hüququn mənbəyi haqqında və hüquqi prinsiplərin
əsaslandırılması barədə söhbət getdiyi zaman, stoiklərlə Aristotel
arasında fikir ayrılığı yaranır. Aristotelə görə, hüququn fundamental
prinsipləri insan cəmiyyəti, ilk növbədə isə polislə bağlıdır. Bu
251
prinsiplər burada mümkün və müəyyən dərəcədə aktuallaşdırılmış
şəkildə mövcuddur. Müxtəlif şəhər-dövlətlərin hüquqi sistemləri
barədə
informasiyanı
toplayaraq
və
sistemləşdirərək,
biz
müəyyənləşdirə bilərik ki, cəmiyyətin fəaliyyəti üçün hansı qanunlar
daha yaxşıdır. Bu qayda ilə biz yaxşı cəmiyyətdə hansı hüquqi
normaların mövcud olduğunu (mövcud
olmalı olduğunu)
müəyyənləşdiririk. Bu normalara istinad edərək mövcud qanunlardan
pis olanlarını çıxarmaq və həmçinin yeni qanunları işləyib hazırlamaq
mümkündür. Məsələn, Aristotelə görə, nemətlər cəmiyyətdə nisbətən
bərabər olaraq bölüşdürülməlidir - həddindən artıq böyük fərqlər
sosial gərginliyə aparıb çıxarır. Cəmiyyətin yaxşı olması üçün onun
vətəndaşlarının müəyyən bərabərliyi zəruridir. Deməli, hüquq nizamın
vacib məsələsinə – nemətlərin zəkayla balanslaşdırılmış bölgüsünə
nail olmaqdır. Bu, o deməkdir ki, Aristotel sosial fərqlərin müəyyən
dərəcədə aradan qaldırılmasını təklif edir, baxmayaraq ki, o, heç bir
halda tam bərabərliyi dəstəkləmir. Hər şeydən əvvəl, o, köləliyi və
sinfi fərqləri mümkün hesab edir və bərabərliyin həddindən artıq
sadələşdirilmiş anlamına görə demokratiyanın tərəfdarlarını tənqid
edir.
Aristotel anlamından fərqli olaraq, hüququn stoik anlamının
çıxış nöqtəsini şəhər-dövlət və icma-daxilində-insan təşkil etmirdi, hər
bir fərddə eyni zamanda mövcud olan universal zəka təşkil edirdi.
İlahi odun, yəni zəkanın qığılcımı hər bir insanda parlayır. Stoiklər
burada həqiqi və hamı üçün ümumi olan insan təbiətini görürdülər.
Onlar təbii hüququ bu universal zəkadan çıxarırdılar. Məhz vahid
universal zəka, Siseronun təbirincə, hüququn mənbəyidir.
İnsan, Aristoteldə olduğu kimi, sosial varlıq deyildir, universal
loqosun parıltısına malik olan fərddir. Bu, adamlara cəmiyyəti
formalaşdırmaq, nizam yaratmaq və qanunları hazırlamaq imkanını
verir. Müdriklər, hər şeydən öncə, o insanlardırlar ki, onlar ədalətli
qanunları hazırlamaq iqtidarındadırlar. Onlarda zəka özünün xalis
formasında mövcuddur. "Mükəmməl qanun müdriklərin ruhundadır, "
- Siseron belə deyirdi. (De legibus, II, 5).
Təbii
hüququn stoik anlamından mövcud qanunların
əsaslandırılması üçün hansı qaydada istifadə etmənin mümkünlüyü
Siseronun əsərlərindən görünür. Bu anlam dəyişməz ümumi nizamın
mövcud olduğunu təsdiq edir, bu nizam bütün mövcud və dəyişkən
konkret hüquqi sistemlərdən yüksəkdir. Siseron təsdiq edir ki, qədim
Romada "ataların qanunları" bu ümumi hüquqi nizamı bu və ya digər
dərəcədə əks etdirirdi. Bu təbii qanunun sayəsində mövcud hüquq və
mövcud bərabərsizlik Siseronun şərhində legitim xarakter kəsb edir.
Bununla belə, bu tip fikirlərin oxşar tərzi təbii hüquq konsepsiyasının