Ii fəSİl tarix tariX


PEÇENEQLƏR, UZLAR VƏ KUMANLAR (QIPÇAQLAR)



Yüklə 1,63 Mb.
səhifə10/17
tarix02.06.2018
ölçüsü1,63 Mb.
#46965
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

12. PEÇENEQLƏR, UZLAR VƏ KUMANLAR (QIPÇAQLAR)
Orta Asiyadan qərbə türk köçlərinin son böyük dalğasını (IX-XI əsr­lər) meydana gətirən türk boylarından ilki olan peçeneqlər göytürk xaqan­lığına da­xil kütlələrdən biri idi. Ehtimal ki, on-oxların (türgişlərin) bir qis­mi­ni təşkil et­mək üzrə727İssık göl-Balxaş dolaylarında yaşamışlar, Qərbi Göytürk xaqanlı­ğının süqutundan (VII əsrin ortaları) sonra isə bəlkə qarluq dövlətinin qüvvət­lənməsi nəticəsində Seyhun çayına doğru gə­lişən oğuz hə­rə­kəti728 qarşısında Qər­bi Sibirə çəkilməyə məcbur qalmışlar (VIII əsrin ikinci yarısı). Mahmud Kaşğaridə peçeneqlərin bir oğuz boyu olaraq təqdim edilməsi729 bu oğuz-peçe­neq itişməsini və qonşu­lu­­ğunu göstərir. Bizans im­peratoru K. Porphyrogen­ne­tosa görə730 arxadan gələn oğuz təzyiqi ilə qərbə çəkilən peçeneqlərdən bir bö­lüyü oğuzların yanında qalmışdır ("oğuz peçe­neq")731. Kaşğaridəki oğuz boyları siyahısında yer alan "peçeneq" bunlar olmalıdır.

Müx­təlif qaynaqlarda "patzinak" (Bizans), pecenati, pacinacae, pe­zengi, "bissenus" (latın), "peçeneq" (rus), "badzinaq" (erməni), "beşenyö" (macar) ad­ları ilə zikr edilən peçeneqlər Cim və Yayık (Emba və Ural) çay­ları həvalisin­də olduqları IX əsrin ilk yarısında hər halda basqınlarla Xəzərin şərqindəki ti­carət yollarının əmniyyətini təhlükəyə düşürmələri səbəbilə do­ğan xəzər-oğuz ittifa­qının təzyiqinə tab gətirə bilməyərək izdihamlı kütlələr halında Volqanı ke­çib yurdlarından çıxardıqları macarların yerinə Don-Ku­ban həvalisinə gəl­miş­dilər (860-880-cı illərdə). Bu, böyük köçün ilk hərə­kəti oldu. Macarları önlərindən sürən peçeneqlərin (türk peçeneq)732 gerisin­də oğuz­lar, onların da gerisində ku­manlar (qıpçaq) Qara dənizin şimalından qərbə yönəlirdilər. Sibirə doğru daha geridə isə kiməklər vardı. Peçeneqlər 889-893-cü ildə Etel-küzüdəki ma­car­ları Karpatlar-Tisaya uzaqlaşdırmaq surətilə Don çayından Dneprin qərbinə qədər uzanan bozqırlara yayıldılar. İmperator K. Porphyrogennetos tərəfindən yazılan “De Administrando İm­perio”da (948-952-ci illərdə) qeyd edildiyinə görə, pe­çe­­neqlər 8 boy halında idilər: ertim (ərdəm, başbuğ; bayça, sonra yav­dı), çor (başbuğ: kügəl, sonra küərçi), yula (başbuğ: korkut+an, sonra kabuk­şın), kül­bəy (başbuğ: ipa, sonra suru), karabay (başbuğ: kaydu+m), tolmaç (baş­buğ; kor­tan, sonra bo­ru), kapan (başbuğ; yazı), çoban (başbuğ; bata+n, son­ra bu­la)733. Ara­la­rın­dan üçü (ertim, çor və yula) türkcə "cəsur" məna­sın­dakı "kanqar" adı ilə zikr edilən bu boylar734 X əsr ortalarında Qara dənizə tökülən çayların sahil­lə­rində olmaq üzrə belə sıralanmışdılar: çoban (Don), tolmaç (Do­nun dənizə töküldüyü bölgə), külbəy (Donets), çor (Dneprin şərqi), ka­rabay (Dnepr-Buq arası), ertim (Dnestr), yula (Prut), kapan (aşağı Dunay). İlk üçü uzlar, xə­zərlər, alanlar və Krım bölgəsi ilə təmas halında, yula Türkiyə (Ma­carıs­tan) ilə, kapan isə Dunay bulğarları ilə həmsərhəd idi735. Boy adla­rın­dan bir qismi əski türk ünvanları (yula, çor, kapan-kapğan, kül, bəy) olub, baş­buğ isimləri isə da­ha ziyadə rəng ifadə edir: küərçi = göy, mavi; ka­bukşın = ağaç qa­bığı rəngi = sol­ğun, sarımtıl; suru = kül rəngi; boru = boz; yazı = əsmər (boz­qır rəngi); bula = alaca; yavdı = parlaq. Qaynağımızda736 hər bo­yun öz adı ilə bi­tişik şəkildə qeyd edildiyi bu rənglərin, hər boyun ayrı rəng­lərdə (yəni boy adının yanında söylənən rəngdə) atlara sahib olduğunu göstər­məsi mümkün olduğu kimi737 boy­ların ayrı-ayrı bayraq rənglərini ifadə etməsi da­ha doğru görünməkdə­dir738. XIII əsrdə boy sayı 13-ə yüksələn peçeneqlərdə şəxs adları arasında bunlar var­dır: Aba, Balçar, Bator, Bıçkılı, Yekə, İl-bəg, Kü­rə, Qaraca, Təmir, Təbər, Sol. Ayrıca, bu kəlmələr peçeneqlərə aid qala ad­larıdır: Salma, Sağa, Kerbalıq. Peçeneq qalalarındən digər dördünün adı hələ çözülə bilmə­mişdir. Bu kəl­mə­lərdən peçeneq dilinin daha ziyadə qıp­çaq türk­cəsi tipində olduğu nəticəsinə va­rılmışdır739.

Peçeneqlər tarixləri boyu hər biri öz başbuğunun idarəsində olaraq yalnız boy təşkilatı çərçivəsində qalmışlar, bir dövlət (il) bütövlüyü siste­minə gir­mə­mişlər, fəqət, savaş və müdafiə zamanlarında bir arada və ortaq hərəkət etməy bacarmışlar (kumanlar və uzlar da belədir).

Peçeneqlərin ən geniş hüdud qon­şu­su Kiyev Rus knyazlığı idi. 915-ci il­də knyaz İqor zamanında bu əraziyə ilk peçeneq axını düzənləndi740 və pe­­­çe­neqlərin ruslarla yan-yana yaşadıqları 1036-cı ilinə qədər, 121 il ərzində 11-i bö­yük çapda olmaq üzrə axınlar təkrar­landı. Rus xronikalarına görə pe­çeneqlər rus qəsəbələrini yağmalayır, xalqı əsir alıb götürürdülər. Salnamə­lər buna bən­zər şikayətlərlə dolu olmaqla bəra­bər düşmənçilık daha çox rusların təca­vüz­lə­rindən və ya peçeneqlərin düşmənlərini qoru­mağa qalxış­maların­dan irəli gə­lir­di. Bəzən də peçeneqlər rus torpaqlarına bir-birləri üə döyüşən knyazlar tə­rə­findən çağrılırdılar. İqor 944-cü ildəki Krım səfərində də peçeneqlərə mü­ra­ci­ət etmişdi. Peçeneq-rus mücadilələri İtil və Dunay bulğarlarına qarşı səfər açan, 965-ci ildə Xəzər xaqanlığını yıxan, rus­ların Böyük İskəndərə bənzətdikləri, fə­qət peçeneq örnəyinə görə yetişdiyi üçün "bir peçeneq başbuğu vəsfində olan" knyaz Svyatoslav zamanında (946-972) qızışdı. Peçeneqlər 968-ci ildə Kiyevi mühasirəyə aldılar və nəhayət, Bi­zansla savaşdan qayıdan Syatoslavı aşağı Dnepr­dəki qayalıqlarda sıxışdı­raraq məğlub və həlak etdilər. Knyaz Vladimir za­manında da (972-1015) rus­ların peçeneq ərazisinə nüfuz edərək istehkamlar qurmağa çalışmaları üzündən mü­cadilə şiddətləndi. Peçeneqlər bu təşəbbüslərə qarşılıq verdilər (992, 996, 1015-ci illərdə). O zaman ruslarla mücadilə edən Polşa kralı I Bo­leslav (992-1025) ilə də münasibət quran pe­çe­neq­lər741 bu su­rətlə, xəzər­lər və sonrakı kumanlar kimi, rusların Qara dənizə enmələrinə ma­ne oldu­lar742 . Bu da dolayısıyla Bizans mənafeyinə uyğun düşürdü. İmperator K. Porphyrogennetos əsərində "Peçeneqlərlə mütləq yaxşı keçinmək gərək­di­yini" qeyd etmişdi743.

Peçeneq-Bizans dostluğu ruslara və Dunay bulğarlarına qarşı hərbi kö­mə­­yə ehtiyac duyan imperator Konstantinos Porphyrogennetosun cənubi Krım­­da Xersondakı komandanı vasitəsilə peçeneqlərlə təmas qurmaq istə­məsi nəti­cəsində 915-ci ildə başlamışdı. İstanbuldan peçeneq başbuğ­larına tez-tez elçi­lər, hədiyyələr göndərilirdi. İki tərəf arasında ticari fəaliyyət də canlı idi. Bi­zansdan gələn qumaş, ədviyyat, boya və peçeneq qadınlarının çox düşkün ol­duq­ları süs əşyası və mücəvhərata qarşılıq balmumu, tutğal, qiy­mətli dəri və s. satılırdı.



Fəqət peçeneqlər şərqdə çox da rahat deyildilər. Onları Volqa arxasın­dakı yurdlarından çıxaran uzlar (oğuzlar) qərbə doğru irəliləyir və gəldikləri Oka-Sura çevrəsində peçeneqlərin şərq cəbhəsinə basqılarını artırırdılar. Nə­ticədə pe­çeneqlərdən bir qisim 942-970-ci illər arasında Macarıstana gedib yerlə­şər­kən əsil kütlə yavaş-yavaş qərbə axmağa başlamışdı. XI əsrin ilk rü­bündə pe­çe­neqlərin Turla (Dnestr) boyuna və bugünkü Bessarabiyaya en­dik­ləri müşa­hidə olunur ki, Qara dəniz düzənliklərindəki peçeneq hakimiy­yətini xeyli zəif­lədən bu durumdan yenə ruslar istifadə etdilər. Knyaz Yaro­slav normanlar, slovenlər və novqorodlular hesabına qüvvətlənən ordusu ilə Kiyev civarındakı savaşda peçeneqlərə ağır zərbə endirdi (1036). Peçeneqlər sanki gözdən silindi, aradakı siyasi münasibət kəsildi. Digər tərəfdən, impe­rator II Basileosun ("Bulğarokton") bulğar işini həll etdiyi 1018-ci ildən bəri Bizansın artıq dış yar­dım istəyi qalmadığı üçün imperatorluqla peçeneqlər arasında dövlət səviy­yə­sindəki təmaslar da sona çatmış olurdu. Bu durum peçeneq axınlarını Bal­kanlar üzərinə çəkdi (1026, 1035, 1036). Bulğarıstan, Makedoniya, Trakiya da­ğıdıldı. Fəqət bizanslı tarixçi Kedrenosa (XI əsr) görə "Dnepr çayından Pan­noniyaya (Qərbi Macarıstan) qədər Dunayın şimal sahəsini işğal etmiş olan" peçeneqlərin 11 boyunu bir ara öz idarəsində top­lamağı bacardığı anlaşılan baş­­­­buğ Tutak ilə hakimiyyət davasına qalxan di­gər başbuğ Kegen arasındakı mücadilə (1048) və ikincinin Bizansa sığın­masının səbəb olduğu Trakiya axını fəlakətlə nəticələndi. Kegen xristianlığı qəbul etmiş, Turak da savaşda əsir dü­şərək xristian olmuşdu. Bundan sonra bir yandan peçeneq-Bizans mücadiləsi davam etməklə bərabər, digər tərəf­dən peçeneq kütlələrinin Bizans sınırları içi­nə (Bulğarıstana) keşikçi olaraq yerləşdirildiyi, bir çox peçeneqin Bizans ordu­sunda xidmətə alındığı və xü­susilə 1048-ci ildən sonra sayları artan bu muzdlu əsgərlərin səlcuqlulara qarşı Anadoluya göndərildiyi bilinməkdədir. Ancaq bun­lardan imperator Kons­tantinos Monomaxosun əmri ilə Üsküdar yaxasına keçirilən 15.000 pe­­çe­neq atlısı Bizans qaynaqlarına (Kedrenos, Zonaras) görə, belə bir vəzi­fəni qəbul etməyərək (Boğaz içindəki gəmilər qəsdən qaldırıldığı üçün) baş­buğ Katalının idarəsində atları üstündə Boğazı üzərək Rumeli sahili­nə çıx­mış və Dunaya dönmüşlər (1050)744, daha sonra da 1071-ci il Malazgirt müharibəsində Bizans ordusundakı bir qisim peçeneq qüvvələri soydaşları tə­­rəfinə keçmişdilər745.

Peçeneqləri yuxarıdakı daxili mücadiləyə sürükləyən səbəb arxala­rın­dan gələn, fəqət özləri də kumanların (qıpçaqların) qabağından çəkilərək bir qismi 1048-ci ildə Dunayı keçmək məcburiyətində qalan uzlara müqavi­mət göstərə bilməmələri idi. Rus salnamələrində doğrudan-doğruya "Tork (=türk. Digər şəkilləri: torki, toruki və s.; nadirən torkmen = türkmən. Rus­çada "ü" səsi yoxdur), Bizans qaynaqlarında isə qısaca "uz" deyə anılan bu qövm oğuzlardan bir qol olub, yuxarıda söyləndiyi kimi, peçeneqləri Volqa arxasındakı yurdla­rın­dan ataraq oranı işğal etmiş (860-870-ci illər) və sonra da qərbə keçmişdilər. 985-ci ildə knyaz Vladimirin İtil bulğarlarına qarşı səfərə (ehtimal ki, Kiyev knyazlığı-oğuz yabğu dövləti ittifaqı nəticəsi) bəzi "tork" ünsürlərinin qatıldığı rus xronikalarında qeyd edilsə də, ruslarla ger­çək təmas qurmaq üzrə onların kütlə halında Kiyev knyazlığı hüdudla­rına köçləri hər halda 1036-cı ildə peçe­neqlərin məğlub olaraq Rusiyada səhnə­dən çəkilmələrindən sonra olmalıdır. Çünkü rus xronikasında torklarla ilgili bu vəsfdə ilk qeydin 1054-cü ilə aid ol­duğu bildirilməkdədir746. 1048-ci il hərəkatı əsl uz kütləsinin Dnepr bölgəsinə, Kiyev Rusiyasının cənubuna qə­dər yayıldığını göstərməkdədir. Fəqət rus knyaz­ları toplanaraq öz bölgə­lə­rin­dən uzları uzaqlaşdırmayı bacardılar. 1060-cı ildəki ani hücum qarşı­sında yenilərək qərbə çəkilən qələbəlik uzlar (Bizans tarixçisi Attaleiatesə görə 600 min adam) 1065-ci ildə Bizans və bulğar mü­qavimətini qıraraq Du­nayı keçdilər və peçeneqlərin arxasından Trakiya və Ma­kedoniyanı yağ­ma­la­dı­lar, Səlanikə, hətta Peloponezosa qədər irəlilədilər. Bu gözlənilməz hadisə Qərbi dünyasını maraq və qorxuya düşürdü747. Ancaq bu sürətli istila bir işğal mahiyyətini ala bilmədi. Şiddətli soyuq üzündən uzlar arasında çı­xan epidemiyalara onlardan öç almaq istəyən peçeneqlərin hücumla­rı əlavə edil­di. Uzlar qırıldı. Geri qalan uzlar Macarıstana axın təşəbbüsündə (1068) uğur əldə edə bilmədi. Artıq bir qüvvə olmaqdan çıxan uz qalıntıları Bi­zans ordusuna alındılar, qısmən müxtəlif bölgələrə dağıdıldılar; Cənubi Ru­siyaya dönənlər də Kiyev ətrafına yerləşdirildilər748. Uz basqısı üzündən Bal­kan­lara intiqal edərək, 1050-1051-ci illərdə Bizansa qarşı şiddətli və uğurlu sa­vaşlar verən peçeneqlərin749 özlərini topladıqları görünməkdədir. Onların Bi­zans ilə şiddətli toqquşmaları imperator I Aleksios Kommenos zamanında da (1081-1091-ci illərdə) davam etmiş və hər halda bu savaşlar bəzi araşdı­rı­cı­ların diqqətini çəkdiyi kimi, Anadolunun səlcuqlular tərəfindən fəthini asan­laşdır­mış­dır750. Peçeneq başbuğu Çəlgünün yanında macar kralı St. La­s­zlö və qüv­və­ləri olduğu halda Lüləburqaza qədər irəlilədikdən sonra savaş­da yara­la­naraq ölməsi (1086) nəticəsində peçeneqlər Tatuşun başbuğlu­ğunda və ku­man­­ların dəstəklədiyi orduları ilə Dersterdə (Silistirə) 1087-ci ildə impe­rator Aleksiosun komandanlığı altındakı Bizans ordusunu tar-mar etdilər751. 1088-1090-cı illərdə davam edən savaşlarda yenə imperator idarə­sindəki Bizans qüv­vələrini məğlub edərək, Filibə və civarından sonra Ədir­nəyə və Kəşana qədər Trakiyaya hakim oldular, 1090-cı illərin sonlarında Çəkmə­cəyə yaxınlaşdılar. Bizans impera­tor­luğu tarixinin ən böhranlı anla­rından birini daha yaşıyırdı. Çünki peçeneqlər Anadoludakı soydaşları ilə işbirli­yinə girişmişdilər: 10 ilə ya­xın bir zamandan bəri qüvvətli donanması ilə adalardan bəzilərini zəbt edə­rək Ege dənizinə ha­kim olan oğuzların ça­vul­­dur boyundan İzmir bəyi Çakan752 İstanbulu zəbt et­mək üzrə peçeneq başbuğları ilə təmas qurmağa müvəffəq ol­muşdu. Ədirnədə peçeneqlər, Egedə Çakanın donanması, Mərmərə sahillərin­də səlcuqlular tərə­findən üç ağızlı türk qısqacı arasına alınmış olan Bizansın 1091-ci ilin baha­rın­dakı durumu Fatehin İstanbulu fəthindən öncəki günləri xatırladırdı. Durumun ağırlığı dolayısıyla imperator Avropa xristian dünyasına müraciətə başlamış idi ki, bu rica xaçlıların bir an əvvəl hərəkətə keçmələrini təmin etmişdir753. Alek­sios Qərbdən zamanında yardım görə bilməsə də impe­ra­torluğunu bu təh­lükə­dən yenə türklərin əliylə qurtarmayı bacardı: uzların ar­xasından Bal­kanlara qədər gəlmiş olan kumanların Tuğorkan (və ya Tuğor xan) və Bö­nək (Bonyak) adlı başbuğları ilə anlaşaraq onları Çakanın sahillərə ya­naş­masını gözləmək üzrə Məriç çayı kənarında Lebuniumda (Omurbəy adlı yerdə) qərargah qurmuş olan peçeneq qüvvələrinin üzərinə göndərdi. 40 min kuman süvarisinin basqı­nına uğrayan peçeneqlər tamamilə əzildilər (29 aprel 1091)754. Siyasi tarixləri bu şəkildə sona çatan peçeneqlərdən geridə qalanlar dağıldılar. Macarıstana ge­­dənlər Peşt çevrəsində və Fertö vilayə­tin­də yerləş­dirildilər. Bir qismi də uz­la­ra və kumanlarla qarışdı. Balkanlarda qalanlar daha ziyadə Vardar çayı boyu­nda məskun edilmişdilər. Makedo­ni­yadakı megleno-ulaxları ilə Sofiya ətrafın­dakı şop-bulğarların peçeneq nəslindən olduqları söylənir. Anadoluda755, Serbistan, Rusiya, Macarıstan və Qafqaz dağlarıda bəzi yer adları və xalq əfsanələrində peçeneqlərin xatirə­ləri yaşamaqdadır756.

Orta Macarıstanda ələ keçən məşhur Nagy Szent Miklos xəzinəsinin altın qabları üzərindəki göytürk yazılı türkcə kitabələrin peçeneqlərə aid ol­duğu ki­tabələri oxuyan Gy. Némethin təsbiti ilə ortaya çıxmışdır757. Ayrıca cənubi Rusiyada Poltavada tapılan Perescepine xəzinəsi də peçeneqlərə758 aid sayıl­maqdadır.

Adlarının məna və mənşəyi ilə qövmi tərkibləri 60 ildən bəri mü­ba­hisə mövzusu olan kumanlar qaynaqlarda başqa-başqa isimlər altında zikr edilmiş­dilər. Bu baxımdan bozqırlı türk toplumları arasında istisna təşkil edirlər. On­lara bizanslılar və latınlar "kumanos, kumanoi, cumanus, koma­ni", ruslar "po­lovets", almanlar və digər qərbli millətlər "falben, falones, va­lani, valwen, pallidi", ermənilər "xartes", macarlar kun, müsəlmanlar “qıp­çaq" (qıfşaq, xıf­şax) demişlər759. Ruslar, almanlar, digər qərblilər və er­mə­nilər tərəfindən veri­lən isimlər əslində rəng (sarı, sarımtıl, açıq sarı, sa­man sarısı) ifadə edir. Adlarının ilk dəfə keçdiyi rus xronikasında (1055-1056-cı illərdən xatirə) türk­mən, peçeneq və torklarla (uz) eyni cinsdən ol­duqları bildirilən kumanlar760 an­laşıldığına görə buralarda, daha ziyadə dış görü­nüşləri ilə tanıdılmaq istən­miş­dir. Gerçəkdən şərqli, qərbli bütün qay­naq­lar kumanların qumral saçlı sarışın olduqlarında fikir birliyi halındadır761.

İbn Xordadbehdən (885-ci illərdən) etibarən müsəlman və sonra gürcü qaynaqlarında keçən qıpçaq adı türkcə olaraq öfkəli, birdən qızan şəklində açıq­lanmaqda762, kuman və kun adlarının türk ləhcələrində də "sarımtraq", "sol­­ğun”763 mənasına gəldiyi bildiril­məkdədir764 .



Kuman-qıpçaqların mənşəyinə dair ilk geniş araşdırmanın müəllifi J. Marquart765 kumanların Uzaq Şərqdə Amur çayı dolaylarında yaşadığını irə­li sürdüyü "murqa" adlı bir monqol qövmünü "kun" qəbiləsinə bağlama id­diası, onun qaynaqdakı bəzi kəlmələri yanlış oxuması (ərəbcə "firqə" sözünü qövm adı sanaraq "murqa") dolayısıyla qəbul edilməmişdir. "Kun" isminin yenə bir monqol-tibet qarışığı olan tu-yü-hun qövm adından qısaltma ola bi­lə­cəyinə dair G. Halounun düşüncəsi766 də inandırıcı görünməmişdir. Çünki bəyaz irqın seç­kin vəsflərini daşıyan kumanların vücud və çöhrələrində heç bir monqol ciz­gisi yoxdur, üstəlik, kuman qıpçaq dilində də monqolca ün­sürlərə rast gə­lin­mir767. Fəqət kumanların irqi özəllikləri bəzi araşdırıcıları onlarla arilər (hind-av­ro­palılar) arasında ilgi qurmağa sövq etmişdir. Həm soy, həm də kültür baxı­mın­dan türkü monqoldan çox da ayıra bilmədikləri bilinən, aralarında J. Mar­­quart, P. Pelliot, W. Barthold, D. Rassovsky və baş­­qaları da olan qərbli bilgin­lər türk­lərə aid saymadıqları kuman tipinin, nəhayət, monqol bölgəsində türk­ləşmiş bir hind-avropalı qövmdən irəli gələ biləcəyi üzərində durmuşlar768. Hət­ta rus Qrim-Qrjimaylo Çinin şimalında belə bir toplumun yaşadığını kəşf et­mək iddi­asında bulunmuşdur769. Buna qarşılıq, m.ö. II əsrdə Tanrı dağlarının şi­mal ya­macları ilə Issık göl dolay­la­rında oturan və başbuğları "Kun-mo" və ya "Kun-mi" (Kun-bəg, Kun-bi?) deyə anılan hun soyuna və kültürünə mənsub və türk­lərə məxsus bir qurd əf­sanəsinə sahib və miladdan sonralar da varlıqlarını sür­dürən wu-sun (və ya u-sun) qövmünün770 Çin mənbələrində (han dövrü) "qır­mızı saçlı (qumral), mavi-yaşıl gözlü" olduğu göstəril­mişdir771. Digər tərəfdən, islam qaynaq­la­rından (əl-Biruni, 1050-ci illər, Mərvəzi, XII əsrin ilk rübü) an­laşıldığına görə, Orta Asiyada kun adlı bir türk qövmü X əsrin başında Şimali Çində qurulan monqol ki-tan dövlətinin xüsusilə 936-cı ildə Çində Liao sü­laləsi olaraq bütün qitəni ələ keçirmə təşəbbüsü qarşısında yerlərini tərk edib "Sa­rılar ölkəsi"nə (Şariya) doğru çəkilmişdir772. Bu "sarı"larla adları eyni mə­naya gələn kunların mənşə baxımından ilgisi üzərində durulmuşdur: Mərvə­ziyə görə, -heç olmazsa bir qismi- Aral gölünə qədər çəkilmiş olan bu "sa­rı”­ların ya "sarı uyğur"lardan (yux. bax: Kan-çou Uyğur dövləti) ola bilə­cəyi773 və ya bəl­kə də "Sarı-su" çay adında və türgiş xaqanının paytaxtı ci­va­rındakı (Çunun qər­bi?) ibn Xordadbehin bəhs etdiyi "Sarigh" qəsəbəsində xatirəsi mövcud "sarı türgiş"lərlə birləşdirilə biləcəyi düşünülmüşdür774. Üs­təlik, kimək ölkəsinə uzan­­dığı sanılan yol üzərində Gərdizinin (Ulu ku­man?) deyə qeyd etdiyi bir bozqır sahəsi vardır775.

Kun-kuman-sarı-qıpçaq məsələsinə dair son araşdırmalara görə776 du­rum belə görünməkdədir: (kumanların qərbə köçündən öncə) Orta Asiyada İtil-Seyhun-İrtiş arasında oğuzlar, Tobol, İşim çevrəsində qıpçaqlar, buradan Al­taylara doğru kiməklər, Issık göl ətrafında qarluqlar bulunur, daha şərqdə Nan-şan bölgəsində (Mərvəzidəki Şariya) sarı uyğurlar yer alırdılar. Huang-ho dirsəyi dolaylarında nəsturi (xristian) öngütlər vardı. Bax bu zaman kun­lar da bu civarda bir yerdə yaşamaqda idilər (zira Mərvəzi, ehtimal ki, onları ön­gütlərlə qarışdıraraq, kunların xristian olduqlarını söyləyir). "Sarı"ya gə­lən kunlar (kumanlar) özləri ilə bərabər sarı uyğurlardan bir kütləni də sü­rük­ləyə­rək, Cunqariya qapısından türkmən (qarluq) bölgəsinə, oradan da şi­malda qıp­çaqların sahəsinə gəldilər. Əğər "300 min çadır xalqının Çindən çıxaraq" qaraxani ölkəsinə saldırmaq istədiklərinə, fəqət Balasağuna 8 gün­lük məsafədə qaraxani Toğan xan tərəfindən geri atıldıqlarına dair ibn ül-Əsirdəki xəbəri777 bu hadisə ilə ilgiləndirmək mümkünsə778 böyük kun-sarı köçünü qıpçaq tor­paq­larına çevirən səbəbin qaraxani müqaviməti və əks-hü­cumu olduğunu qəbul etmək lazımdır. Əslində qərbi göytürk toplum­la­rından olan qıpçaq kütləsi əski çiklərin779 X əsrdəki davamı olduğu anlaşı­lan, İrtiş boylarındakı kimək­lərdən780 İşim-Tobol vadilərində oturan bir qol idi. Kaş­ğari yimək (imək) qöv­mündən və bu qövm qıpçaqların böyüyü sa­yıldığı halda qıpçaqların özlərini ay­­rı tutduq­la­rın­dan bəhs edir781. Bundan, Marqu­arta görə, o sırada (XI əsrin son yarısı) ikili federasiya (kimək=iki yimək, 2 imək) halında yaşayan kiməklərdə idarəçiliyin qıpçaq qolunda olduğu anla­şılmaqdadır. Bu iqtidar dəyişıkliyi hər halda əsrin başlarında mey­dana gəl­miş və qıpçaqlar Balxaşdan İrtışa qədər hakim bulun­duqları sı­rada cənubdan kun (kuman) sarıların gəlməsi ilə daha da qüvvət qazanaraq, bu səfər birlik­də (ehtimal ki, şərqdən ki-tan basqısı və ya da­ha zi­yadə yer və otlaq darlığı səbəbi ilə) Volqa üzərindən qərbə yönəlmişlər və son­ra önlə­rin­dəki uz kütləsi 1048-ci ildə Balkanlara çəkildiyi üçün Cənubi Rusiya sahə­sinə in­tiqal etmişdilər. Bu surətlə rus xronikasında kumanlar (po­lovtsı) ilk dəfə 1054-ci ildə görünür­lər782. Hakimiyyətləri Dneprə qədər yayılan bu dövrdə şərqdə "qıpçaq" adı mühafizə edilərkən, qərbdə baş tərəfdə zikr et­di­yimiz adlarla anılmağa başlamışlar. Kumanların (qıpçaqların) monqol isti­la­sına qə­dər 1,5 əsrdən çox bir müddət Qara dənizin şimal bozqırlarını öz hökmləri altında tutmaları rus və Balkanlar tarixində dərin izlər buraxmışdır. 1055-ci ildə Pereyaslavl knyazı ilə bir müqavilə bağlayan başbuğ Boluşdan sonra ku­manlar 1061-ci ildə rusları yendilər və 1068-ci ildə özlərindən qa­çan bəzi uz və peçeneq qruplarım xidmətə aldığı gərəkçəsi ilə yenə Pereyas­lavla gi­rərək rus knyazlarının birləşmiş ordusunu pərişan etdilər (Alta çayı savaşı. Ki­yev civarı), Çerniqov knyazlığına qədər soxuldular. Kiyev knyazı Polşaya qaç­dı. 1071-ci ildə Rostovtsev Neyatin bölgəsinə, 1079-cu ildə Vo­in qəsə­bə­si­nə, ertəsi il Novqorod sahəsinə axınlar edən kumanlar (qıpçaqlar) 1080-ci il­lərdə Don-Dnestr ağırlıq mərkəzi olmaq üzrə hakimiyyətlərini Balxaş gölü-Talas həvalisindən Dunay ağzına qədər yaymışdılar. Qafqaz dağlarında Kuban bölgə­sini də içinə alan bu ərazi şimalda Oka-Sura nəhrləri boyuna, yə­ni İtil bulğar­ları sınırına uzanırdı. Şərqi Avropa-Qərbi Sibir boz­qır bölgə­lərinin tama­mını təşkil edən kuman-qıpçaq sahəsi o vaxtdan eti­barən islam qaynaq­ların­da "Dəş­ti-qıpçaq ("Qıpçaq bozqırı") adını almış, Qərb qaynaq­larında (İdrisi, Rub­ruquis, Plano Carpini və s.) "Comania" (Ko­maniya) deyə anılmışdır. D. Ras­sov­skiyə görə783 rus, bulğar, alan, burtas (mordva), xəzər və ulaxların ku­man tabeliyində yaşadıqları bu dövrdə ku­man-qıpçaq ölkəsi beş qisim halında idi: Orta Asiya, Yayık-Volqa, Don-Donetsk, aşağı Dnepr, Dunay784. Buralarda ku­man-qıpçaqlar hər biri öz baş­buğlarının ("xan") idarəsində olmaq üzrə ayrı bö­lüklər olaraq yaşayırdılar və 1091-ci ildə də Ədirnə yaxınlığındakı Lebu­ni­um savaşında Bizansın müt­təfiqləri, şübhəsiz, ancaq "Dunay" bölüyü mənsub­ları idi. Bu tarixlərdə Al­tu­napa, Saruxan adlı başbuğlar Qıpçaq bozqırında rol oy­nayan başlıca si­malardı. Kumanlar 1091-ci ildə Macarıstana, 1092-ci ildə Pol­şaya girdilər, 1093-cü ildə təkrar Bizans torpaqlarında göründülər. 1093-1094-cü ildə rus bölgəsinə axınları davam etdi. Anlaşılır ki, məqsədləri torpaq işğalı deyildi. Peçeneqlərdə də gördü­yümüz kimi, bölgədə xəzərlər daxil hər bir boz­qır-türk siyasi toplumu üçün keçərli olmaq üzrə, bozqır iqlimin­dən xaricə çı­xıl­mır, öz həyat tərzlərinə ən uyğun ərazinin mühafi­zəsini, dış təhlükədən uzaq qalmasını təmin etmək qayəsi ilə bozqırlar ötəsindəki siyasi toplumların dai­ma basqı altında tutul­masına çalışılırdı. Türk torpaqlarının güvənliyi şərtləri için­də gerçəkləş­di­rilən barışlar çox vaxt qarşı tərəf sözündən dönmədiyi müd­­dət ərzində sürüb getməkdə idi. Bu durum bəzən evlənmələrlə də sağ­lam­lıq qa­zanırdı. Bir an­laşmaya görə, Tuğorkanın (və ya Toğur xan) qızı Kiyev knya­zı Svyatopolk ilə (1094), sonra Çerniqov knyazı Oleq başbuğ Osuluğun (Uz­luk) qızı ilə evləndi. Beləcə bir ara knyazların və əyanlarının xatunlarından ço­xunu ku­man şahzadə və qızları təşkil etdi. Bununla bəra­bər, kuman-rus müna­sibət­ləri çox da hüzurlu deyildi. Çünki knyazlar öz ara­larındakı mücadilələrdə bir-birlərinə qarşı kumanlardan dəstək almağa ça­lışır (məsələn, Oleq 1095-ci ildə) və ya yanlarındakı kuman başbuğlarının adamlarını fürsət tapdıqca orta­dan qal­dırırdılar. 1096-cı ilin əvvəlində Kiye­və göndərilən iki elçi (İtlər və Kı­tan) mə­iyyətləri ilə birlikdə öldürülmüş­dülər785. Bu hadisə savaşa sə­bəb oldu. Tuğor­kan ilə başbuğ Kürə bəzi qəsə­bələri yandırdılar, Kiyevi və civarını yağma­la­dı­lar (may 1096). Fəqət knyaz­ların ittifaqı qarşısında savaşı uduzdular. Mü­hari­bədə Tuğorkan ilə oğlu öl­müşdülər. İki oğlu kuman baş­buğlarının qızları ilə ev­li olan Kiyev şahzadəsi Vladimir Monomax daha cid­di davrandı, 1097-ci il­də Liyubeç qəsəbəsində tərtiblədiyi böyük toplantı ilə knyazları uzlaşdırmağa, rus müqavimətini təş­ki­latlandırmağa girişdi və 1103-cü ildə bütün knyazların ba­­şında kumanlara qarşı böyük bir uğur qa­zan­dı. Kumanlar buna qısa fasilə­lər­lə şiddətli axın­lar halında cavab verdilər (1105-1111-ci illər arasında 4 dəfə) ki, rus xro­nikalarını dolduran bu mü­cadilələr ilk rus xalq ədəbiyyatını zəngin­ləş­dir­miş­dir. V. Monomaxın ölü­mün­dən sonra knyazlar arasında mübarizələr tək­rar alovlandığı zaman ku­manlar bundan faydalana bilmədilər. Davamlı çar­pışmalarla gənclərini və dirayətli başbuğlarını bir-bir itirən Kiyev civarı kuman birliyində zəiflık əla­mətləri yaranmışdı. Dunay kumanlarından bir qismi Macarıstana gedərək əsgərlik etməkdə idi786. XII əsrin ikinci yarısında Dnepr ku­manlarının bir az toparlandıq­ları görüldü. Bunlar Könçək ilə Kob­yakın (Kö­pək) başbuğ­luğu altında Pereyaslavl knyazlığına qarşı hücuma keçdilər (1177, 1179). Aksu (Buq) civarındakılar Kiyevə doğru axınlar etdilər, fəqət 1184-cü ildə knyaz Svyatoslav idarəsindəki şiddətli basqında birləşmiş rus qüvvələrinə məğlub oldular. Rəvayətə görə, verdikləri 7000 əsir arasında 417 bəy və ya bəy­ oğlu var idi787. Ancaq kumanların cavabı da şid­dətli oldu: 1185-ci ilin baha­rın­da Novqorod-Seversk knyazı İqorun ko­man­danlığındakı birləşmiş rus ordusu­nu aşağı Don boyunda Kayalı (bugün­kü Kagalnik?) çayı qıyısında mühasirəyə alaraq məhv etdilər. Başbuğ Kön­çəkin idarə etdiyi bu savaşda şahzadə İqor daxil rus ordusundakı knyazların hamısı yaxalanmışdı; əsirlərə yaxşı baxılmış, sonradan qaçmağa müvəffəq olan İqorun yaraları tədavi edilmişdi.

Rus ədəbiyyatının şahəsəri olduğu söylənən rus milli dastanının (Slo­vo o polku İqoreve) başlıca mövzusu bu 1185-ci il qarşılaşmasıdır. Bu das­tanda sə­fərin ayrıntıları, təbiət, qəhrəmanlıq, üzüntü, İqorun arvadının fər­yadları usta­lıq­la anladılmışdır. 1800-ci ildəkı ilk nəşrindən zamanımıza qə­dər Rusiyada də­fələrcə yayınlanmış və incələnmiş olan mətnin sonradan uy­durulduğuna dair iddialar irəli sürülsə də, tarixi hadisəni əks etdirdiyindən şübhə edilməməkdədir və ayrıca dil, savaş texnikası, silahlar, mədənçilik və s. baxımından ruslar üzə­rində türk təsirlərini göstərməsi etibarilə sənəd də­yəri böyükdür788 .



Don və Kuban dolaylarındakı kumanların (qıpçaqların) da gürcülərlə ya­xın münasibətləri olmuş, bu vəsilə ilə kumanlar Qafqaz dağlarının cənu­bu­na keçmişdilər. Gürcü kiralı Baqratlı II David (1088-1125) Böyük Səl­cuqlu impe­ratorluğunun ən qüdrətli çağına təsadüf edən hökmdarlığının baş­larında islam-türk basqısına qarşı dura bilmək və mümkün olduğu təqdirdə Abxaziya ölkəsini və başqa gürcü bölgələrini səlcuqlulardan geri almaq üçün aralarında yavaş-yavaş xristianlığın yayılmaqda olduğu qıpçaqlardan özünə ən yaxın birlik ilə təmas quraraq hərbi dəstək təmin etməyə çalışmış, onlardan aldığı yardımlarla cənub yönündə bəzi hərəkətdə bulunmuş (1109-1110-cu ildə) və gözəlliyi ilə məşhur bir qıpçaq şahzadəsi ilə evlənmişdi. Bu qız yuxarıda adı keçən başbuğ Saruxanın (Charaghan) nəvəsi və onun yaş­lılığı dolayısıyla yerinə başbuğ seçi­lən oğlu Atrakın (Atraka) qızı idi. Atrak da kralın dəvəti ilə özünə bağlı izdi­hamlı kütlələrlə (40 min ailə) Gürcüstana getdi (1118. İlk böyük köç)789. Bu kuman-qıpçaq kütlələri Çoruh, Kür do­lay­larını "görünməmiş bir qüdrət və ge­nişliklə canlandırdılar; səlcuqlulara bağlı müsəlman əmirlikləri idarələrinə aldı­lar və sayı 40 min təxmin edilən bir süvari ordusu ilə Şirvana, Azərbaycana sə­fərlər etdilər. 1121-ci ildə Bor­çalı çayı həvalisini ələ keçirdilər. 1123-cü ildə al­dıqları Tiflisi gürcü kral­lı­ğının paytaxtı etdilər. 1124-cü ildə İspir və Oltuya qə­dər irəlilədilər. Şir­van­şahları vergiyə bağlamış, saltuklu, sökmənli, məngü­cüklü və artuklu bəy­ləri ilə və daha sonralar Azərbaycan atabəyliyi ilə davamlı mü­cadilə et­mişdi­lər790. Kral III Giorgi (1156-1184) zamanında gürcü hərbi gü­cünü mey­dana gətirən qıpçaqlar 1177-ci ildə asi ordu koman­danı İvane Orbeli­an­dan kralı himayə etmək surətilə baş komandanlığı təhvil alan ünlü başbuğ Kubasar ilə büsbütün hakim duruma gəldilər. Dövlət ada­mı Qutlu Arslan ki­mi qıpçaq bəylərinin idarəsində başlayan -anası tərəfin­dən qıpçaq- gözəl kra­liçə Ta­mara (1184-1213) dövründə gürcü dövləti şimaldan qıpçaqlar baş­buğunun qardaşı Sevinc idarəsində yeni kütlələrin ölkəyə gəlməsi və (ikinci böyük köç: "Yeni qıpçaqlar") hərbi, siyasi sahədə tarixinin ən parlaq çağını ya­şadı791. Bu­gün Kür, Çoruh və Çıldır gölü həvali­sində qıpçaq türkcəsinə yaxın bir dil danı­şan əhalinin buraya o tarixlərdə gələn kuman-qıpçaq kütlə­ləriylə yaxın ilgisi ol­duğu, bölgə xalq ədəbiyya­tında bəzi motiflərin o döv­rün xatirələrini daşıdığı bil­dirilməkdədir792. Səlcuqlu çağının tanınmış şəx­siy­yətlərindən, Azərbaycan atabəyliyinin (1146-1225) qurucusu İl-Dəniz793 də Qafqaz dağlarından gəlmiş bir qıpçaq türkü idi. Gürcistana gəlmələri do­layısıyla Don boylarını bəlkə tama­mən, Kuban bölgəsini qismən boşaltmış olan kumanlardan Krım yarımada­sın­da qalanlar şəhərlərə yerləşərək ticarət həyatına atılmış, hətta bəzi kiçik qəsə­bə­lər da qurmuşdular. Fəqət 1203-ci il­də Kiyevi işğal etmələrinə və 1219-cu ildə ruslarla birlikdə qısa bir müddət üçün Galiçiyanı macarlardan almış olma­larına rəğmən, XIII əsrin başlarında artıq "Dəşti-qıpçaq" bütünlüyündə siyasi qüdrətə sahib bir kuman toplumu qalmamış kimidir. Şərqdəkilər qıpçaq, yi­mək, qanq­lı, uran və başqa adlar altında bozqırlarda əski qəbilə yaşayışı için­də ikən xarəzmşahlar dövləti ilə, xüsusilə Sultan Əlaüddin Təkişə (1172-1200) xatun olaraq bir şahzadə ver­dik­dən sonra təmaslarmı artıraraq bu türk-islam döv­lətində hərbi vəzifələr almış, sərhədlərin genişləməsində böyük xidmətlər göstərmiş və sonra mon­qolların Orta Şərqi istilasının ərəfəsində xarəzmşahlar imperatorluğu hərbi gücünün tamamını meydana gətirmişdilər794. Fəqət bu ordu monqollar tərə­findən yox edildi (1220). Monqollar qarşısında uğursuzluq Dəş­ti-qıpçaqda da göründü. XIII əsr başlarından etibarən rusların sanki yar­dımçısı vəziyyə­tinə girən kumanların Krım çevrəsindəki zümrələri Qara dənizin böyük ticarət limanı Suğdak ilə dolaylarını Anadolu səlcuqlularına tərk et­məyə məc­­bur qalmaqla (1226)795 iqtisadi yöndən uğradıqları sarsıntını aradan qaldıra bil­mədilər. Hələ 1223-cü ildə Cəbə ilə Subatay komandanlığındakı iki monqol tü­məninə ruslarla birlikdə məğlub olan kuman-qıpçaqlar (Kalka sava­şı)796 Çin­gi­zin nəvəsi Batu idarəsində Dəşti-qıpçaq iç bölgələrinə irəli­ləyərək İtil Bul­ğa­riyasını tapdayıb keçdikdən sonra bir anda rus knyazlarının hərbi güclərini pəri­şan edən monqol ordusu qarşısında duruş gətirə bilmə­di­lər. Don-Donets hövzə­sində başbuğ Kötən komandanlığındakı qüvvələr da­ğıldı (1239) və baş­buğ qurtula bilənlərlə Macarıstana iltica etdi. Kuman-qıpçaqların izdi­hamlı bir qis­mi də İtil Bulğariyasına getdi və orada əhali üs­tünlüyü qaza­naraq qıpçaq türk­cə­sinin bulğar ləhcəsi yerinə ümumiləşməsinə səbəb oldu. Bütün qıpçaq bozqırı monqol istilasına uğrayıb Altun-ordu döv­ləti qurul­duqdan (1256) sonra, "Dəşti-qıpçaq" təbiri daha uzun müddət iş­lənməklə bərabər ku­man-qıpçaqların artıq heç bir rolu qalmamışdı797. Ku­man-qıpçaqlar o dövrdə Misirdə varlıqları­nı da­ha yaxşı ortaya qoymuşlar. XIII əsr başlarından etibarən dağınıqlıqları və get­dik­cə daralan imkanları üzündən həyat şərtlərinin zorlaş­dığını gördüyümüz ku­­man qıpçaqlar, xüsu­silə qıtlıq və heyvan xəstəlik­lərinin tüğyan etdiyi illərdə Qıpçaq bozqırında slavyanlar dolayısıyla əski tarix­lərdən bəri davam edən bir ənənəyə uyaraq sağlam, gürbüz uşaqlarını pul qarşı­lığında başqa və daha fira­van ölkələrə gön­dərməyə başlamışdılar798 . Misirdə əyyubi dövləti hərbi gü­cü­nü yabançı­lardan təmin etməyə məcbur olduğundan Dəşti-qıpçaqdan və Qaf­qaz dağla­rın­dan gətirilən qıpçaq, oğuz, çərkəz gənclərini se­vinc­lə qəbul edir və onla­ra xüsusi kazarmalarda təlim keçirdi. Tam bu sırada Misirə xeyli kuman-qıp­çaq dəliqanlısı gələrək orduda xidmətə başladı. Nəha­yət, İzzəddin Ay-bəgin 1250-ci ildə əyyubilər yerinə sultan elan edilməsi ilə qurulan Misir türk döv­ləti qısa zamanda kuman-qıpçaq ünsürünün əlinə keçdi. Bunlardan ehtimal ki, qıp­çaq olan Sultan Kotuzdan799 sonra, Sultan Bəy­bars800 özünü həm qüd­rətli bir əs­gər, həm də yüksək dövlət adamı olaraq göstərdi (1260-1277). İs­lam xila­fə­tini ehya etmək, monqolları Suriyadan uzaqlaşdırmaq kimi icraatı ilə zama­nın seç­kin bir hökmdarı oldu. Yerinə keçən Sultan Ka­lavun (1279-1290)801 da bir qıp­çaq idi. O da birləşmiş monqol-erməni-frank ordu­larını yenigilərə uğ­ra­dan "Ən böyük islam hökmdarı" olaraq anayurdu ilə bağ­lantını davam etdir­miş, Altun-ordu ilə dostanə münasibətlərdə bulun­muş802 və Misir-türk dövlətin­də ilk hökm­dar sülaləsinin qurucusu olmuşdur. İqtidar çərkəz köləmənlərinə keçin­cəyə qədər övladları dövləti idarə etmiş­lər (1290-1332). Bu dövr içində döv­lət “Türk dövləti" (əd-dövlət üt-türkiyyə və ya dövlət ül-ətrak) deyə anıl­mış803, Misir və Suriya "Türkiyə" adını almış­dır804. Əksəriy­yəti ərəbcə danışan yerli xalqın dışında qa­lanlar üçün ümumi dil türkcə və kül­tür türk kültürü idi805 ki, çərkəz idarəsi döv­ründə də vəziy­yət belə davam edər­kən ölkə osmanlı türk­lə­ri­nə intiqal et­miş­dir (1517). Hin­distanda Dehli türk sul­tanlığında ikinci hökmdar ailəsinin qurucusu olub, daha ziyadə Uluğ xan deyə anılan Sultan Ba­laban (1266-1286) da gəncli­yin­də Dehliyə gedərək dövlət xid­mə­tində olmuş qıpçaq böyüklərindən idi806.

IX-XIII əsrlər boyunca Şərqi Avropa-Qərbi Sibir bozqırlarına hakim olan peçeneq-uz-kumanların (qıpçaqların) tarixi rolları indiyə qədər saydıq­ları­mız­dan ibarət deyildir. Bunların zamanımıza qədər sürüb gələn başqa mü­hüm xati­rələri vardır. Öncə bu türk boyları rusların Qara dənizə enmə­lərinə və Balkan­lara dolmalarına izin verməmişlər. Sonra Dağıstan həvalisi, Terek bo­yu və sair bölgələrin türkləşməsində təsirli olmuşlar. Rus xronika­larında knyazlıq­lara yer­ləşdirilən və xatirələri o bölgələrdə hələ də mühafizə edilən berendilərin peçe­neq­lərdən bir bölük olduğu807, Kiyev knyazlığında hüdud keşikçisi olduq­ları irə­li sürülən qaraqalpaqların808 da peçeneq-uz-berendi qarışığından mey­da­na gəl­­diyi bilinməkdədir809. Bunlar­dan bir qis­minin sonralar Ceyhun ağzına ge­də­rək bugünkü qara-qalpaqları təşkil etmiş olduqları anlaşılmaqdadır810. Bugün Rumıniyada açıq sarı saçları və mavi gözləri ilə ətrafdaki toplumlardan ayrı­lan çanqoların da kumanlar­dan olduq­ları qüvvətlə irəli sürülməkdədir811.

1223-cü il Kalka savaşından sonra Moldaviyadakı kumanların başbu­ğu Borç xana bağlı kütlələr o zaman "Cumania" deyilən bu bölgədə (şimal-şərqi Rumıniya) xristianlığı qəbul etmiş, onlar üçün yepiskopluq qurulmuş (1233), 1239-cu il yenilgisindən sonra Kötən idarəsində Maca­rıstana köçən­lər Dunay-Tisa arasına yerləşdirilmişdilər. Buradakı yer adları onların xati­rə­ləridır (Kis-Kunsaq, Nagy-Kunsaq=Kiçik və Böyük kumanlar; Debret­sen-Şərqi Macarıs­tanda böyük universitet şəhəri Kartsaq və s.). Macar dilin­də mövcud türk­cə sözlərin "orta təbəqəsi" kuman-qıpçaqcaya aiddir. Vaxtilə avarların slav­yanları təşkilatlandırması kimi peçeneq və kuman idarəçilə­ri­nin də Balkan­­lar­da buna bənzər böyük xidmətləri görülmüşdür, 1185-1237-ci illər arasında Duna­yın cənub bölgəsində izdi­hamlı halda yaşayan kuman­ların Bizansa qarşı bulğar istiqlal mücadilə­lərində (1185-1195) başlıca rol oynadıqları anlaşılmaq­dadır. Mücadiləni qazanaraq ikinci bulğar dövlətinin başına keçən və ulaxların (son­rakı rumınların) təşkilatlanması tarixində yeri olan çar Asenin (1187-1196) ku­man mənşəli olduğu, daha sonrakı bulğar hökmdarlarından bir qisminin ku­man olduğu göstərilmişdir812. Bizans-İznik imperatoru J.Vatatzes (1222-1254) mon­qolların önündən çəkilən kuman­lar­dan çoxunu torpaq əvəzində hərbi xid­mətə alaraqTrakiyada, Makedoniyada və qərbi Anadoluda yer­ləşdirmişdir813.

Peçeneqlərin, uzların və kuman-qıpçaqların şərqi Dunay çevrəsindəki et­nik və siyasi durumun təşəkkülündəki təsirləri də ziyadəsilə diqqət çəkici­dir. Ha­zırda Rumıniyada yaşayan və ana dilləri türkcə olan qaqauz­ların XIII əsrdə oraya gedən səlcuqlularla ilgili olduqları iddia edilsə də814, bunların daha ziya­də xris­tianlaşmış bir uz kütləsi olması ehtimalı üzərində durulmaq­dadır815. Ru­mıniya­da bəzi türkcə yer adları (Teleorman, Derehlui (vadi), Turlui (turlu = duzlu), Arges, Baraqan, Cumana, Peçineaqa, Carais­nan və s.) ilə rumın dilində mövcud türkcə kəlmələrdən çoxu o dövrün xatirələridir. Eyni bölgədə 1330-cu illərdə təşəkkül etdiyi bilinən ilk rumın dövlətinin də kuman-qıpçaq ünsürünə dayanan bir başbuğ ailəsi tərəfindən qurulduğu bi­linməkdədir. Qurucusu Tok-təmir oğlu Basar-aba idi (basmaq felindən ba­sar+aba). Aba (=apa, türkcə ün­van) şəkilçisi ilə düzələn adlar oğuzlarda (Ay-aba, Boz-aba), Şərqi və Orta Av­ropa və Misirin qıpçaq-kuman çevrə­lə­rində (Altın-aba, Tonuz-aba, It-aba, Ars­lan-aba və s.) yayğındır816. Ru­mı­niyanın şimalındakı Bessarabiya bölgəsi də ey­­ni adı daşıyır817. Basar, Ba­sar­oğul tərzində isimləndirmələr Dəşti-qıpçaqdakı monqollarda görünsə də, kəl­mə əslən türkcədir, üstəlik, monqol hakimiyyəti dövründə türkcə danışıl­dığı və xalqın böyük əksəriyyətini türklərin təşkil etdiyi diqqətə alınsa, türk­ləşmiş monqollardan olduğuna ehtimal verilən Basaraba­nın818 türk kültü­rünü təmsil etdiyi anlaşılar. XV-XVI əsrlərdəki rumın dövlət böyüklərinin xalis türkcə olan adları Akbaş, Akkuş, Bozdoğan, Bilik, Beren­dey, Barak, Bars, Beybars, Buğa, Belçir, Qara, Qızıl, Kazan, Şişman, Təmirtaş, Tok, Ötəmiş və s.819 də bu görüşü dəstəkləməkdədir.

XIV əsrin ikinci yarısında Dobrucada qurulan dövləti də kuman türk­lə­ri­nə bağlamaq mümkün görünür. Bir yandan bulğar, bir yandan Bizans iqti­dar­la­rının zəif düşdüyü bu dövrdə Bi­zans imperatoriçəsi Anna tərəfindən yardı­mına müraciət edilən (1346-cı ildə) aşağı Dunay bölgəsi məhəlli baş­buğla­rın­dan Ba­likanın (türkcə balıqdan) oğlu Dobrotiç (Dobruca bundan gə­lir) 1354-ci illər­dən etibarən (sonra öz adıyla anı­lacaq olan) bölgənin hakimi olaraq, 1385-ci ilə qədər Balkanlar və Qara də­nizdə mühüm siyasi rol oyna­mışdır. Mis pul­ları ta­pı­lan oğlu İvanko zamanında (XIV əsrin sonlarına doğru) bir ara rumın ta­be­liyinə girdiyi sanılan bu kiçik türk "Dobruca döv­ləti"nin torpaqları 1417-ci ildə osmanlılara intiqal etmiş­dir820.

O tarixlərdə Asiya içlərindən Macarıstana qədər yayılan bütün türk­lərin danışdığı və elm dünyasında "qıpçaq ləhcəsi" (qərbdə "lingua co­ma­nesca") de­yə anılan kuman dilinin bəlkə ən mühüm xatirəsi 1303-cü ildə Krımda ital­yan, alman missioner-tacirləri tərəfindən hazırlanan və "Codex Cumani­cus" adı ilə tanınan kumanca-latıncə-farsça və kumanca-almanca lü­ğət (və qram­ma­tika) ki­tabıdır821 ki, kumanların xristianlıq dövrü ilə ilgili ol­maqla bərabər türk dilinin seçkin yadigarlarından biri qəbul edilməkdədir822.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə