Ii fəSİl tarix tariX



Yüklə 1,63 Mb.
səhifə7/17
tarix02.06.2018
ölçüsü1,63 Mb.
#46965
1   2   3   4   5   6   7   8   9   10   ...   17

4. UYĞURLAR

Orxon kitabələrində ilk dəfə 717-ci ildəki üsyanlar münasibətilə zikr edilən uyğurlar Çin qaynaqlarında adlarının dürlü şəkilləri ilə anılmışlar: hoei-ho, vei-ho, hui-ho, huei-hu, wei-wu və s. Uyğur453 adının mənası 974-cü ildə ta­mamlanan çincə Kiu Wu Tat adlı əsərdə "şahin sürəti ilə dolaşan və hücum edən" deyə açıqlanmaqdadır454. Digər tərəfdən, kəlmənin eti­molojik olaraq "uy (təqib etmək)+ğur" tərzində (sal-ğur kimi) meydana gəl­diyi irəli sürülsə də455, o tarixlərdə türkcədə "təqib etmək" mənasındaki fel kökünün "ud+" olduğu gös­tərilərək, uyğur adının "oy (oymaq, təzyiq gös­tərmək)+ğur" şəklində açıq­lana biləcəyi və ya daha qüvvətli bir ehtimal ilə bu adın türkcə "uy (əqrəba, müttəfiq)+ğur" ola biləcəyi və dolayısıyla "on-uyğur" deyiminin də "10 müt­təfiq" mənasında olması gərəkdiyi bildiril­mək­dədir456. Çin qaynaqlarında Asiya hunlarına qohum olduqları bildirilən uyğurların457 bir mənşə əfsanəsinə görə ataları hun hökmdarının qızı ilə bir qurddan törəmişdir458. Tabğaçlar dövründə (386-534) kao-kü (kaoche) adı ilə görünmüşlər. V əsrin ikinci yarısında bir bəy­­lik quran uyğur toplumu459 o tarixlərdə bütün Yuxarı-Orta Asiyaya ya­yıl­dığı anlaşılan töleslərin bir qis­mini meydana gətirmişdir ki, I Göytürk xa­qan­lığı çağında bu durumu mü­hafizə edir və o zaman Selenqa çayı ətrafında oturur­du­lar. VII əsrin ilk rüb­ündə 6 qəbilədən ibarət sir yen to birliyinə qatıl­mışlar460, sonra pu-ku tonq­ra, bayırku, ediz və po-si adlarındakı 5 qəbilə uyğur­lar ilə itti­faq edərək ha­mısı uyğur adını almışlar461. Bəyləri "ərkin" ünvanını daşıyırdı.

Bu dövrdə 50 min savaşçı çıxardıqları bildirilir. I Göytürk xaqan­lı­ğı­nın çökün­tüyə doğru getdiyi illərdə belə görünən uyğur bəyliyi ərkin T’e-kien tə­rəfindən idarə edildi. O, öldükdən sonra yerinə oğlu P’u-sa keçdi. Tarduş baş­buğu (İ-nan?) ilə işbirliyi edərək kağan Kei-linin oğlunun ko­mandanlığı altın­dakı Şərqi Göytürk ordusunu məğlub edən (630-a doğru) P’u-sa zamanında uyğurlar qüvvətlənmiş, xüsusilə P’u-sanın anası Vu-lo-hu­nun ciddiliyi və törə hökmlə­ri­ni tətbiq etməkdəki titizliyi sayəsində bəylik tamamən nizama girmiş­di. O za­man "ərkin" yerinə "il-təbər" (el-təbər, çin­cə­də chi-li-fa ~ ki-li-fa ~ sse-li-fa ~ hsie-li-fa ~ hie-li-fa) ünvanı462 işlədil­mə­yə başlandı. Mərkəzi Tola çayı həva­li­sində olan il-təbər Tu-mi-tu tarduş­ların ərazisini alaraq və doqquz-oğuz boyla­rını özünə bağlayaraq (on-uyğur) ölkəsini genişləndirdi, sonra cənuba Huanq-hoya qədər varan bir axın dü­zənlədi və nəticədə "uluğ il-təbər" olaraq Çin im­pe­ratoru tərəfindən tanındı (646-cı il); sonra ölkəsini göytürk tərzində təşkilat­landırdı463.

Çin tərəfindən basqı altına alınmaq istənən və 648-ci ildə Çi­­nin təh­riki ilə öldürülən Tu-mitunun oğlu Po-yun on-oxlar kağanı Ho-lu qar­şısında üs­tünlük qazanaraq Daşkənt yaxınlarına qədər irəlilədi (656-cı il )464. Ondan son­ra ye­rinə keçən bacısı zamanında getdikcə zəifləyən uyğur bəyliyi, nəha­yət, İl­təriş kağan tərəfindən göytürklərə bağlandı. Anlaşılır ki, Kapğan və İnəl zama­nın­da­kı üsyanlarda dağılan oğuz birliyini toplayaraq yenə bir iltə­bərlik duru­muna girən uyğur boyu 740-cı illərdə xaqanlığın yabğuluğu ha­lına gəlmişdi.



a.U y ğ u r x a q a n l ı ğ ı
745-ci ildə göytürk iqtidarını yıxaraq Ötükəndə dövlət quran uyğurlar aşa­ğıdakı 9 uruğdan meydana gələn bir birlik idi: yağlaqar/yağlaqır - xaqan uru­ğu (eh­ti­mal ki, yağıla+qır=düşmən ilə savaşmaq); hu-tu-ko/uturqar (ehtimal ki, ut (qazanmaq+r+qar); hu (kiu-lo-vu (po)= kürəmür; kürəmür (ehtimal ki, kü­­rə (qorunmaq+bir); mo-ko-si-ki (bağasığır?); a-vu-çö (əbirçəg və ya abır­çak?); hu-vu-su; yo-vu-ku (yağmur-qar); hi-ye-vu (ayavirə/ aya­birə=ayamur, ay­mur (yağmur, küramür kimi), müq. et: oğuz əymür boyu= şərəfli, etibarlı)465. Bu uruğlardan ibarət uyğur qəbiləsinin (boyunun) idarəsi altındakı doqquz-oğuz birliyinin (bodununun) qəbilələri isə bunlardı: pu-ku (buku, türkcə ün­van), hun (qun), pa-ye-ku (bayırku), tunq-lo (tonqra), ssə-kie (sıqar), ki~pi, a-pu-sse (po-si = si?), ku-lun-vu-ku, a-tie (ediz)466 . Gö­ründüyü kimi, on-uyğur adlanan bir­lik467 9 oğuz boyuna 9 uruğdan ibarət uyğur boyunun əlavəsi ilə mey­­­­da­na gəlmişdi. Orxonda uyğur ordusunu (pay­taxtını) ziyarət edən mü­səl­man Tə­mim də468 hökmdardan başqa hər bi­rinin 13 min savaşçısı olan 17 baş­buğ­dan (bəy?) bəhs etmişdir469. Demək ki, bunun 9-u oğuz boyu başbuğu, 8-i də (hökm­­darın uruğu xaric) uyğur uruğu başbuğu idi470. Uyğur boyu ida­rə­sin­dəki 9 qəbiləyə basmıl və qarluq boy­larının qatılması ilə birlik sayısı 11 ol­du471. Bir Çin qaynağına (kiu tanq-shu) görə də uyğur xaqanlığı 11 vali tərə­fin­dən idarə edilməkdə idi472 .

Orxon qıyısında paytaxtı Ordu-balıq şəhərini (sonrakı Qara-balğasun ya­xınlığında) quran ilk uyğur xaqanı Qutluğ Bilgə Kül 747-ci ildə öldü. Yerinə oğlu Moyen-çor (Bayan-çor?) kağan oldu (Tanrıda bolmış İl-Etmiş Bilgə kağan". 747-759). Orxon-Selenqa çayları arasında Şine-usu gölü ya­xınlığında yer­ləşən və uyğur xaqanlığının ilk dövrü üçün mühüm olan kita­bədən473 anla­şıldığına görə, xaqan Moyen-çor doqquz-oğuzları toplamış, şi­malda qırğızlarla, qərbdə qarluqlar və onlara yardım edən türgişlər və bas­mıl­larla, səkkiz-oğuz, doqquz-tatar və çiklərlə savaşmış, bunların hamı­sını özünə bağlamış, hakimiy­yətini Yenisey qaynaqları, Çu-Talas həvalisi, İç Asiya və Kərulənə qədər yay­mış, oğullarını yabğu, şad təyin etmişdi. Fəqət xaqan əsil Çin üzərində təsirli oldu. Qarluqlar tərəfindən dəstəklənən islam qüvvələri ilə çinlilər arasında cə­rəyan edən böyük Talas­ müharibə­sində (751) çinlilər ağır məğlubiyyətə uğ­ra­mış, Tarım hövzəsinin uyğurlara keç­məsini təmin edən və Çinin Orta Asiya­dan çəkilməsinə səbəb olan bu sa­vaşla bağlı Çində böyük hadisələr olmuşdu ki, bun­ların ən mühümü türk qa­dından doğulan An-lu-şan adlı bir komandanın 200 minlik bir qüvvə ilə Çin paytaxtları Lo-yanq (756) və Çanq-anı (757) zəbt edə­rək özünü impe­rator elan etməsi idi474. Moyen-çor uyğurları yardıma çağıran tanq impera­toru Su-tsunqu dəstəklədi, Lo-yanqı və digər paytaxtı geri aldı (757). Çin ildə 20 min top ipək verməyi təəhhüd etdi. Xaqan imperatorun qızı ilə evləndi.

759-cu ildə yerinə keçən oğlu Bögü (=ağıl və fərasət sahibi; adın çincə şəkli: İ-ti-chien = İdi-ken?) kağan (759-779. Tanrıda qut bulmuş İl-Tutmuş Alp Külüg Bilgə kağan) da diqqətini xaosun davam etdiyi Çinə çevirmişdi. Əsil niyyəti Su-tsunqun ölümündən (762) sonra tanq sülaləsinin artıq sö­zünün keç­mədiyi Çinə hakim olmaqdı. Uyğur ordusu Çində görünən kimi xaqanla qo­hum­luq qurmuş töləs mənşəli Çin komandanı Pu-ku (=Buku, türk ünvanı) Huai-en tərəfindən üsyançılar zərərsiz hala gətirildi və uyğurların hərəkatı ön­ləndi. Fəqət türk nüfuzu Çində çox artmışdı. Paytaxtda və şəhər­lər­də çoxlu uy­ğur sərbəstcə ticarət edir, istədikləri qədər ipək qumaş alıb istədik­ləri qiymətə satırdılar. Tibetlilərin hücumuna uğrayan Çini qorumaq üzrə Pu-ku Huai-enin dəvəti ilə Bögü hökumət mərkəzini ələ keçirərək Çini tibetlilərdən qurtardı. Onun Lo-yanq səfəri (762) türk kültür tarixi baxı­mından da böyük nəticələr do­ğurdu. Xaqan Ötükənə dönərkən uyğurların həyat və düşüncələrinin dəyiş­məsi baxımından çox təsiri sayılan mani­xeiz­mi türklər arasında yaymaq üçün özü ilə birlikdə dörd rahib də gətirmişdi475. Beləliklə, heyvan mənşəli qidaları yeməyi yasaq­layan, savaş­çılıq duyğusunu zəiflədən, xristianlıq-məzdəizm-buddizm qa­r­ışığı bir din olan manixeizm xaqan tərəfindən qəbul edilərək türk ölkəsində rəsmi bir mahiyyət aldı476 .

Qırğızlar üzərində də bir zəfər qazanan Bögü kağan bir Çin səfərini önlə­mək istəyən nazir Tun Bağa Tarkan tərəfindən ortadan qaldırıldı477 və bu zat xa­qan oldu (779-789. Alp Qutluğ Bilgə kağan). Cəsarəti və yaxşı idarəsi alqış­lanan, "dünya nizamı üçün qanunlar hazırladığı" bildirilən478 bu xaqan qırğız­ları təkrar məğlub etdi və bir çinli şahzadə ilə evlənməsi nəti­cəsində uyğur tüc­carlarının Çində qarşılaşdıqları bəzi anlaşmazlıqları həll ediildi. Yerinə oğlu "Ay Tanrıda qut bulmış Külüg Bilgə kağan" (789-790) və sonra onun oğlu Qut­luğ Bilgə (790-795) xaqan oldular. Əskidən bəri Çinə qarşı ilgi duyan tibetlilər o sırada Beş-balıq həvalisindəki şa-to türkləri ilə anlaşaraq, basqınlara başlamışdılar479. Çini qorumağı iqtisadi və kültürəl səbəblərlə gələnək halına gə­tirmiş olan uyğurlar qüvvə göndərərək təcavüz­ləri önləmək istəsələr də, uğur qazana bilmədilər.

Etibarı sarsılan xaqan öldürüldü. Ötükəndə qarışıqlıq çıxdı. Fəqət 795-ci ildə xaqan olan, ediz boyundan, sevilən komandan və idarə adamı Qutluğ (795-805. Ay Tanrıda ülüg bulmış Alp Qutlug Bilgə kağan) ilə sonraki "Ay Tanrıda qut bulmış Külüg Bilgə" (805-808) zamanlarında bir hüzur dövrü açıldı. İqtisadi fəaliyyət inkişaf etdi. İç Asiyamn mühüm ticarət şəhərlərinə nü­fuz edildi. Xarici siyasət yönündən zamanı olduqca sakit keçən xaqan "Ay Tan­rıda qut bulmuş Alp Bilgə"dən (808-821) sonra "Ay Tanrıda ülüg bulmış Küçlüg Bilgə" (821-833) (ehtimal ki, o, Qara-balğasun kitabəsini dikdirən xa­qandır) hökmdarlığı uğurlu keçmişdir. O, Türküstan üzərinə atılmaq istəyən ti­betliləri dayandırmış, xaqanlığa bağlı qarluqların başına yeni bir yabğu təyin et­miş və ta soğd bölgəsinə qədər ticari münasibətlərini gəlişdirmişdir.

Fəqət son­­ra məmləkətdə hüzursuzluq baş verdi. Xaqan öldürüldü, bacısı oğlu "Ay Tanrıda qut bulmış Alp Külüg Bilgə kağan" (833-839) da nazirinin təhrik et­diyi bir üsyanda tələf oldu. Getdikcə tündləşən manixeizm təsirləri dolayısıyla uyğurlardakı boşalma əvəzində480 Yenisey bölgəsində yeni bir qüdrət halına gə­lən və 20 ildən bəri Orxon bölgəsini basqı altında tutan qırğızlar 840-cı ildə qələbəlik qüvvələrlə uyğur torpaqlarına girdilər, paytaxt Ordu-balığı zəbt edə­rək son xaqan Ho-sanı (839-840) öldürdülər, əhalini qılıncdan keçirdilər. Ötü­kəndə dövlətləri yıxılan uyğurlar kütlələr halında yurtlarını tərk edərək qarluq ölkəsinə, Çin sınırlarına və daha kəsif olmaq üzrə zəngin ticarət mərkəzlərinin ol­duğu İç Asiyaya köçdülər481.

Xaqan ailəsinə mənsub iki qardaş tərəfindən idarə edilən bu köçdən sonra uyğur tarixinin ikinci səfhəsi başlandı. Köç zamanı başlarında özləri tərəfindən xaqan seçilən Vu-hi Təginin (841-846) olduğu uyğurlara bir müd­­dət bəzən qır­ğızlar, bəzən çinlilər tərəfindən divan tutulduqdan sonra on­ların bir qismi (Kan-suda) Çin təbəəliyinə girərkən, digərləri Panq Tə­ginin idarəsində qərbə, yəni qarluqların və digər türk boylarının yurdl­a­rı­na482 doğru yollandılar və hər iki tə­rəfdə də dövlətlər qurdular483. Fəqət bunlar artıq bozqır türk dövlətindən fərq­li idilər; hakimiyyəti genişləndirmə düşüncəsində olmamış, böyük siyasi toq­­quşmalara girməmiş, başda Çin höku olmaq üzrə qonşuları ilə dost­luq və ticarət ilişkilərini sürdürməyi tər­cih etmişlər.

b.K a n – ç o u u y ğ u r d ö v l ə t i
Bir qisim soydaşlarının aşağı-yuxarı 150 ildən bəri sakit durduğu Kan-su bölgəsinə gələrək, buranın mərkəzi Kan-çouda (əski Gu-tsanq) yerləşən uy­ğurlar (847) Çin ilə daha ziyadə ticari fəaliyyətlər üzərində qurulmuş yax­şı münasibətlərini imperatorların qızları ilə uyğur şahzadələrinin evləndiril­mələri kimi əqrəbalıq bağları ilə də sağlamlaşdırmışlar484. Ancaq tanq süla­lə­sinə qarşı üsyanların artdığı X əsrin əvvəllərində Kan-su uyğurları bağlı olduqları və mərkəzi Tun-huang485 olan Çin hərbi bölgəsi ilə əlaqələrini kəsdilər: burada 905-ci ildə muxtar bir dövlət quran bir asi general "Qərb hanlarının Altın-dağ krallığı" adını verdiyi bu dövlətə uyğurları tabe etmək istəmiş, fəqət Kan-çou uyğurları tərəfindən göndərilən Təgin adlı koman­danın idarəsindəki ordu Tun-huanqı mühasirəyə alaraq xalqı "kralı təhvil verməyə məcbur etmişdi (911). Bu hadisə nəticəsində uyğurların qərb qolu da istiqlal qazanmışdır. 906-cı ildə yı­xılan tanq xanədanının yerinə keçən çoxu şa-to (türk) əsilli "5 sülalə" za­ma­nında (906-960) müəxxər (sonrakı) Leanq (907-923) ilə uyğurlar çox da ma­raq­lanmamışlar.

911-ci ildə Tibet elçisi ilə birlikdə Çinə gedən uyğur münasi­bə­tilə "Böyük uyğur dövlətinin rəisindən” söz açılması486 Tun-huang zəfərin­dən sonra uyğurların siyasi qüdrətinin artdığını göstərməkdədir. "5 sülalə"nin ikincisi olan müəxxər tan ailəsinin (923-936) qurucusu şa-to hökmdarı o zaman başlarında Jen-mei ("cəsur və doğru") kağanın olduğu uyğurlar tərə­findən sə­mimiyyətlə qarşı­landı. Jen-meidən sonra 924-cü ildə Təgin (924-926), sonra A-tu-yu (="Ad­ruğ, seçkin") və Jen-yu xaqan oldular. Müxtəlif tarixlərdə Apa, Kün Bars adlı elçilər Çinə göndərildilər. Çində III sülaləni (müəxxər tsin və ya chin) quran şa-to hökmdarı (937-946) zamanında, Jen-mei (I-nin qardaşı) Çinə Altun adındakı elçisini göndərdi. Müəxxər Han (947-951) və müəxxər Chou (951-960) ailələri zamanında isə həm Kan-çou uyğur dövlətindən, həm də qərb uyğurlarından Çinə heyətlər getmişdir. Bu ziyarətlərin ticarət əlaqələ­rini inki­şaf etdirmək üçün gerçəkləşdirildiyi təxmin edilir487.



Kan-çou-Tun-huang uyğurları, görüldüyü kimi, böyük bir hərbi qüdrət gös­tərə bilməmişlər, buna görə də haqlarında çox bilgi mövcud deyildir488. X əs­rin başından etibarən Mancurya və Koreya qəbilələrini toplayaraq şimalda bir basqı ünsürü halında ortaya çıxan və xüsusilə "5 sülalə" dövrün­də Çinin bəzi qisimlərini ələ keçirən ki-tanlar, nəhayət, bir xanədan (liao sülaləsi. 907-1211) quraraq Şimali Çində hökmran olduqları zaman uyğur dövləti də onların (940-cı ildən sonra) və daha sonra 1028-ci ildə tanqutların nüfuzu altına girdi, 1226-cı ildə də Çingiz xan monqollarının hakimiyyəti altına düşdü. Kan-çou uyğurları hələ o zamanlardan bəri "sarı uyğurlar" kimi tanınan türk toplumu­dur ki, indi də Qərbi Çində yaşamaqdadır489.

c. Ş ə r q i T ü r k ü s t a n (Turfan) u y ğ u r d ö v l ə t i
İç Asiyaya doğru köçən uyğurların başında Vu-hi Təginin qardaşı, Ngo-nie Təgin vardı. O, 13 uyğur qəbilə birliyinin son kağanı (846-848) qə­bul edi­lir. Qərbə gələn bu uyğur qolu Tanrı dağları, Beş-balıq, Turfan tə­rəf­lərinə yerləşərək, 840-cı ildə Ordu-balıqda istilaçılar əli ilə öldü­rülən uy­ğur xaqanının bacısı oğlu Mənqlini "kağan" (Uluğ Tanrıda qut bul­mış Alp Kü­lüg Bilgə) seçdi (856). Tibetlilərin hücumuna qarşı, nüfuzu altında tut­maq istədiyi bu bölgədə özünə bir dost arayan Çin bu uyğur döv­lətini dərhal ta­nıdı. 873-cü ilə doğru ehtimal ki, kağan Buku Cin idi. Tanqlar formal da ol­sa özlərinə ta­be və siyasətlərinə uyğun bir hava içində olan bu uyğur döv­lətinin məşru Çin idarəsinə üsyan edən Turfan, Beş-balıq hərbi valilərini ortadan qaldıraraq Ha­mi­yə qədər hakimiyyət qurmalarına müda­xilə etmirdi­lər. Bu surətlə siyasi nü­fuzu getdikcə artan və İç Asiyanm ticarət yolları üzə­rində olması ilə iqtisa­di yöndən gəlişən uyğur dövləti eyni za­man­­da ma­nixeizmin bölgədə yayılmasına vasitə olurdu. Tanqların yıxılışı sırasında Tun-hu­ang hərbi bölgəsini işğal edən çinli komandan yuxarıda bəhs etdiyi­miz muxtar dövlətini qurarkən "Ağ paltar geyən Göy oğlu" ləqəbini almışdı (manixeistlər ağ geyinirdilər). Fəqət, bilin­diyi kimi, Kan-çou uyğurları bu muxtar dövlətə son vermişlər (911), bu tarix­dən etibarən Şərqi Türküstan Uyğur Dövləti də müstəqil olmuşdur490 . Bundan sonra cənubda Tibet, Qər­bi Türküstanda qarluq bölgəsi ilə sı­nırlı və başlıca şəhərləri Turfan, Kaşğar, Beş-balıq, Kuça, Hami olan ölkə­lə­rini mü­dafiə ilə kifayətlənərək sənət, ədəbiyyat və ticarət sahəsinda yüksə­lən bu uyğur dövləti ilə ilgili siyasi ha­di­sələr haqqında çox bilgi yox­dur. Ancaq 947-ci ildə paytaxtın Koço (Şərqi Türküstanda Turfanın ya­xınında Qara-khoço=Kao-çanq) şəhəri, yay iqamət­ga­hının isə Beş-balıq (Pei-tinq) olduğu və "Kün Ay Tanrı­da qut bulmış Uluğ qut ornanmış, alpın, ərdəmin el tutmuş Alp Arslan Qutluğ Kül Bilgə-Tanrı xan"ın dövləti idarə etdiyi bilinir491. 948-ci ildə hakimiyyətdə "Kün Ay Tanrı təg küsönçig körtlə ya­ruq-Tanrı Bö­gü Tənqrikən"in bulunduğu Khoçodakı bir kitabədən anla­şıl­maqdadır. Bu uyğur hökmdarları "Iduk-qut" ünvanı ilə də anılır492, pay­taxta da "Iduk-qut (İdikut) şəhəri" deyilirdi493.

Uyğurlar haqqında ən maraqlı məlumatlara Çindəki şimal sunq impe­ra­toru tərəfindən 981-ci ildə Qara-khoçoya elçi olaraq göndərilən Wanq Yen-tö-nün səyahət qeydlərində494 təsadüf edilməkdədir. Bunlar kültür tari­xi baxımın­dan böyük dəyər daşıyır. Şərqi Türküstan uyğur döv­lətində digər uyğur qolun­da olduğu kimi, buddizm çox yayılmış, hətta mani­xeizmdən üstün bir mahiyyət almış495, bunun yanında nəsturi xristianlıq, başlanğıcda çox az olmaq üzrə isla­miyyət öz təsirlərini göstərmişdir. Müsəl­man-türk qaraxanilər Mahmud Kaşğa­rinin əsə­rində (1074) "kafir" deyə bəhs edilən uyğurlarla mücadilə edir və uy­ğur məm­ləkətində islamiy­yəti yayma­ğa çalı­şırdılar496. Sonra islamiyyət Çinə uyğurlar vasitəsilə girdiyi üçün orada ilk müsəlman çinlilərə huei-ho (uyğur) deyilmişdir.

Şərqi Türküstan uyğur dövləti 1209-cu ildə Çingiz xana bağlandığı za­man başında o tarixə qədər qara-xıtaylara tabe olan İduk-qut Barçuk Art-Təgin ver idi497. İslam qaynaqlarında (Qudamə / ölümü: 948/, əl-Məsudi, Gərdizi, Tə­mim b. Bəhr, Mərvəzi, əl-İdrisi /ölümü: 1166/) daima "doqquz-oğuz" (toquz-ğuz) deyə bəhs edilən uyğurların498 hakimiyyəti felən sona çat­maqla bərabər, monqollar tabeliyində qalaraq uyğur hökmdar ailəsi Çində minq dövrünün başlarına, yəni son uyğur İdi-qutu Ho-şanq, minq sülaləsi qurucusuna təslim oluncaya qədər (1368) davam etmişdir. Ayrıca, qara-xı­tay dövlətində olduğu kimi, məşhur dövlət adamı Tata-Tonqa və oğulları ilə digər bir çox uyğur Çingiz monqolları dövlətində də yüksək idari vəzifələr almış499, başda heyvan­darlıq, meyvəçilik, dil, yazı olmaq üzrə uy­ğur mədəni təsirləri Asiyanın şərqin­də və qərbində (xüsusilə qarluqlar, qaraxanilər yolu ilə) əsrlərcə hiss edilmiş­dir.


5. QIRĞIZLAR
Adlarının mənşəyi və mənası haqqında müxtəlif görüşlər irəli sürül­müş olan qırğızlar500 Çin qaynaqlarında ki-ku, kie-ku, kie-ka-sse və s. adları ilə zikr edilməkdə və xanlardan (m.ö. 206-m.s. 220) bəri mövcudiy­yətləri bil­diril­mək­dədir501. Asiya hunları zamanında Baykalın qərbində İrtiş çayı hə­­va­lisində, bir türk qövmü olan tinq-lingiər502 ilə bir arada oturmuşlar. Fə­qət qırğızlar qaynaq­larda türk əsilli göstərilməməkdə503 və buna görə təx­minən V-VI əsrlərdə türk­ləşmiş qövmlərdən sayılmaqdadır504. VI əsr sonla­rında Çin qaynaqlarında hia-kia-sseu deyə zikr edilən qırğızların göytürk xaqanı Mu-kan zamanında 560-cı ilə doğru, xaqanlığa bağlandıqdan sonra 630-680-ci illər ara­sındakı fətrət döv­ründə müstqil bir hüviyyət qazandıq­dan, tanqlarla siyasi münasibət qurmala­rından və bir "kağan"a sahib olma­larından anlaşılır505. II Göytürk xaqanlığı dövründə təkrar göytürk idarəsinə alınan qırğızlar Moyen-çor kağan tərəfindən uyğur xaqanlığına bağlanmış (758), fəqət 840-cı ildə şiddətli bir hücumla uy­ğur dövlətini yıxaraq Ötü­kəndə öz dövlətlərini qurmuşlar506. Ancaq orada çox qala bilmədilər. 920-ci ildə bütün Monqolustanı ələ keçirən ki-tanlar (Çində liao sülaləsi) qırğızları Ötükən bölgəsindən çıxarıb, əski yurdlarına sürdülər. Bu, ki-tanlar və on­ların davamı olan qara-xitayların Yenisey həvalisinə qədər soxula bil­mədik­ləri anlaşılır. Çingiz xan öncə Monqolustanı idarəsi altında birləş­dir­mək is­tə­diyi üçün merkit və naymanlarla olan savaşları sırasında qırğızları da ita­ətə almışdır (1207). Bu surətlə qırğızlar Çingiz xan monqollarına itaət edən "ilk türk qövmü" olmaqdadır507.

1217-ci ildə monqollarla qarşı dirənmək istədikləri üçün ertəsi qış or­du­sunu Yenisey buzu üzərindən keçirən Çingizin oğlu Çoçi tərəfindən əzi­lən qırğızların artıq xaqanları olmamış, Toluy ulusuna (Çingiz xanın oğlu Toluyun hissəsinə düşən ərazi və xalq) daxil edilən ölkə­lərində sadəcə birər rəis tərəfindən idarə edilən iki qisim halında yaşamağa da­vam etmişlər508. Qırğız qövmü uyğur xaqanlığını yıxaraq işğal etdiyi Ötü­kəndə tutuna bilmə­di, buranın monqol ki-tanlara keçməsinə səbəb oldu. Onun Or­xon kültürünü də tam dərk edə bilmədiyi anlaşılır. Qırğızların əski türk xa­qanları yur­dunu bir daha geri gəlməmək üzrə monqollara qapdırmaq surətilə türk tari­xində oynadığı mənfi rol diqqətdən qaçmamışdır509. Bu vəziyyətin hə­min dövr­də türk çevrəsində də dəyərləndirildiyi, qarluqların Ötükəndə qırğız hakimiyyə­tini rədd etmələrindən bəllidir (aş. bax).




6. TÜRGİŞLƏR
Adlarının "türk+ş" şəklində yaranmış olduğu bildirilən türgişlər510 on- oxların to-lu qolunun bir qismini təşkil edirdilər511. Çin qaynaqlarında göytürk xa­qanlığının qərbdəki qələbəlik boylarından biri olaraq ilk dəfə 651-ci il hadi­sələri dolayısı ilə zikr edilen türgişlər (t’u-k’i-şi) İli çayı dolaylarında yaşayır­dı­lar. VII əsrin sonlarına doğru türgiş rəisi olaraq görünen Bağa Tarkan ünvanlı U-çe-le tabeliyində olduğu kukla qərbi göytürk kağanının pis davranışlarından faydalana­raq çorları və erkinləri ətrafına topladı, qısa zamanda hər birinin 7 min savaşçısı olan 20 başbuğlu bir ordu qurmağa müvəffəq oldu. Çu vadisinin şimal-qərb ucun­da yerləşən mərkəzini şimal-şərqə nəql etdi. Turfan və Kuça əyalətlərinə qədər hakimiyyətini genişləndirdi, bu olaylar qarşısında ölkəsini buraxıb Çin paytaxtına gedən kukla kağanın ayrılmasından sonra dərhal bü­tün on-ox sahəsini öz idarə­si­nə aldı512. Fəqət iqtidarının bu sağlam dövründə kağan Kapğan idarəsində özü­nün ən həşmətli çağını yaşayan şərqi göytürklərin irəliləyişini durdurmaq məqsədi ilə qırğızlar və Çin ilə əməkdaşlıq etməsi yaxşı nəticə vermədi. Göytürk əleyhdarı üç­lü ittifaqın üzvü olduğu üçün üzərinə yürüyən Tonyukuk tərəfındən məğlub edil­di (698-ci il Bolçu savaşı), on-ox sahəsi U-çe-lenin nəzarətində olaraq göy­türk xaqanlığına birləşdirildi. Onun yerinə keçərək 706-cı ildən bəri tabe kağan olan So-ko (U-çe-lenin oğlu) Çin ilə münasibət qurduğu üçün bu dəfə Kül Təgin və Bil­gə tərəfındən 711-ci ildə yenə Bolçu yaxınlığında məğlub edildi və həlak oldu513.

So-ko ilə qardaşı Çe-nu arasında ölkədə hakimiyyət uğrunda mübarizə və Çe-nunun Kapğan kağana sığınmasına dair Çin qaynaqlarındakı xəbər ilə kita­bə­lərdə “qara türgiş” xalqının itaətə alındığını göstərən qeyd514 So-ko zama­nında türgiş­lərə­ qarşı aparılan uğurlu səfərin gərəkcəsini göstərməkdədir. Ölkə­nin Bars Bəg idarəsinə verildiyi bu tarixdə türgişlərin bir hissəsinin Kən­gərəsə (Seyhun ça­yı­­­nın sahilləri) doğru çəkildiyi anlaşılır (bax: yux. II Göytürk xaqan­lığı). Göytürk mücadilələri zamanı türgişlər Su-lu adlı bir qara-türgiş çorunu "kağan" seçdilər (717) ki, Çin xəbərlərinə görə, göytürk uruğlarından mühüm bir hissə də Bilgədən ayrılaraq bu yeni türgiş xaqanının xidmətinə girmişdir515. Su-lu paytaxtı Talasın şi­mal-qərbində, Balasağun (=Quz-uluş)516 şəhəri olmaq üzrə, uzun sürən hakimiyyə­ti zamanmda Mavəraün­nəhrdən şərqə ərəb irəlilə­mə­sini durdurmaq surətilə Orta Asiya xalqının "ərəb təbəəsi" olması­nı əngəl­ləyən və üzərində türklərin tarixi haqq sahibi olduğu Mavəraünnəhri yenə türk əlinə almağa çalışan bir hökmdar olaraq görünür.

Hələ 714-cü ildə Quteybənin ümumi qərargahını Mərvdən Şaşa (Daş­kənd bölgəsi) nəql edərək oradan şimala və digər tərəfdən Kaşğara doğru İç Asiya ana­yolu istiqamətində axınlara girişməsi əməvi xilafətinin hədəflərini göstərirdi. Quteybənin ölümü (715 sonbaharı) ilə bu hərəkatda diqqəti çəkən du­­raqlamanı islam xəlifələri xoş qarşılamırdılar, hədəfə qərarlılıq içində yönələ­cək komandan tapmaq məqsədi ilə Xorasan valilərini tez-tez dəyişdirmələri bu­nunla bağ­lı idi. An­caq valilərin uğursuzluğa düçar olmalarının başlıca səbəbi is­tiq­lal istəmə­ləri təbii olan yerli şahzadələrin ərəblərlə işbirliyinə könülsüz yanaş­masından zi­ya­də başında kağan Su-lunun olduğu türgiş toplumunun şiddətli müqaviməti və hətta islamın dini əqidələrini deyil, fəqət ərəb hökmranlığını Ma­vəraünnəhrdən söküb atmaq əz­mi idi. Bu dövrdə ərəb ordularına qarşı çıxan­ların hamısı islam qaynaqla­rında türk olaraq göstərilir. Böyük mücadilədə, təbii olaraq, bölgənin və Seyhun arxası türk öl­kələrinin məşhur İç Asiya karvan yolu üzərində yerləşməsi dolayısıyla iqtisadi əhəmiyyəti də böyük rol oynayırdı. Xəlifə Ömər b. Əbdüləziz (717-720) tərəfindən təyin edilən vali əl-Cərrah b. Abdullahın Seyhun arxasında gi­rişdiyi irəliləmə təşəb­büsü bu komandan tərə­fin­dən durduruldu, ərəb qüvvələri mü­hasirə edildi, əmə­vilər türk mü­qavimətinin qarşısında sarsıldılar517 və aradakı türk əngəlini qaldırmaq üçün Çin ilə təmaslar qurmağa çalışdılar. Bu məqsədlə həm Mavəraünnəhr hökmdarlarından, həm də doğrudan-doğruya ərəblərdən Çinə heyətlər göndərilsə də, heç bir nəticə əldə edilməmişdir.

Türgiş dövlətinin ana siyasəti anlaşıldıqdan sonra bundan cəsarətə gələn Buxa­ra hakimi Tuğşad, Kumez hakimi Marayana və Çağanyan hökmdarının ərəb­lərə qar­şı yardım üçün Çinə müraciətləri518 sadəcə bir nəzakət müamiləsi ilə sovuş­du­rul­muşdu. Çünki ərəb ordularının Seyhun arxasına keçməsi ilə eyni za­man­da (719) Çi­nin qərbə doğru genişlənmə siyasəti göytürk xaqanlığı tərəfindən boşa çıxarılmış, bu dəfə isə türgiş divarına çarpma təhlükəsi ilə qarşılaşmışdı. Çinin indilik "durumu bir təhər idarə" etməyə çalışması dolayısıyla özünü sərbəst hiss edən türgişlər qərbdə fə­a­liyyətə keçmişdilər. Buna görə Mavəraünnəhrdə ortaya çıxan ərəb əleyhdarı hə­rə­kətlər türgiş təzyiqinə əməlli-başlı kömək edirdi. Seyhunu aşaraq Mavəraünnəhrə girən türk ordusu komandanı Kül-çor519 Səmər­qənd yaxınlığında ilk böyük uğuru qazandı: başında Səid Əbdül­əzizin durduğu ərəb qüvvələrini məğlub etdi və koman­­danını bir müddət çəmbər içində tutdu (721). Bu vali dəyişdirildi. Yerinə gələn əl-Haraşi (721 sonbaharı) şiddət əl atdı, yerlərini tərk edən xalqı Xocənd bölgəsində təslim olmağa zorlayaraq hamısını öldürtdüyü üçün canlarını qurtara bilənlər kütlələr halında türgişlərə sığınırdı. Mavəraünnəhr tam bir xaos içinə düşmüşdü. Xəlifə Hi­şam (724-743) valini işdən çıxararaq, yerinə Müslim bin Səidi təyin etdi (724). Ərəb hərbi qüvvələri arasında da anlaşmazlıq baş vermiş və yəmənli qüvvələr cəzalandı­rıl­mışdı.



Fərqanəyə yürümək üzrə Müslim idarəsində Seyhunu keçən ərəb ordusuna qarşı xaqan Su-lu şəxsən özü çıxdı. Ordusuna təcili geri çəkilmək əmri verən Mü­s­lim susuz yollardan məcburi yürüş ilə 11 gün çəkildi və daşıya bilmədiyi üçün bütün sursatını yandırmağa məcbur qaldıqdan sonra da "suya çatmadan" Seyhun yaxınında türgişlərlə işbirliyi halında olan yerli qüvvələr tərəfindən durduruldu. Arxadan da xaqan sürətlə gəlməkdə olduğu üçün, nəhayət, min bir müşkilat ilə önl­ərindəki ma­neəni aşa bilən ərəb qüvvələri ancaq ağır tələfat və itkilər baha­sına Səmərqəndə doğru çəkilə bildilər520. 724-cü ildə Seyhun arxasındakı bütün ərəb qüvvələrinin geri oturdulması ilə nəticələnən və hər tərəfdə ərəb nüfuzunun qırıl­ma­sına səbəb olan bu səfərdəki məğlubiyyət ərəbləri uzun müddət müdafiə­də qal­mağa məcbur etmiş və yalnız Mavəraünnəhrdə deyil, Toxaristanda və di­gər cə­nub bölgələrində idarəçilər və xalq türgişlərə xilaskar gözü ilə baxmağa başla­mışdı521. Türk qüvvə­lərinin bütün ölkəyə yayıldıqları və ərəb hərbi hissələrinin mərkəzi Səmərqənd önündə belə göründükləri bu sırada Xorasan valisi tək­rar dəyişdirildi. Yeni vali Əsəd b. Ab­dul­lah əl-Qəsri 726-cı ildə Xuttalda Su-lu kağan qarşısında uğur­suzluğa düçar olduğu üçün bütün Mavəraün­nəhr­də ərəb iqtidarının təhlükəyə düşdüyü bir za­manda işdən azad edildi. Ölkədə əməvilərə qarşı şiə və abbasi təbliğatı da sürət­lənirdi. Xaqan Su-lu vəziyyət­dən faydalandı, yerli müxaliflərlə ahəngli bir şə­kildə çalışa­raq, Buxaranı zəbt etdi (728). Ərəb idarəsi Səmərqənd, Dabusiya şə­hərləri ilə iki kiçik qalada sıxışıb qalmışdı. Yerli xalqa bir çox azadlıqlar ver­mə­si­nə rəğmən ümid etdiyi diqqəti görməyən yeni vali Əşras bin Abdullah əl-Sulami Bəykənd yaxınlığın­da xaqan tərəfindən sıxışdırılaraq ikinci bir "susuz­luq hadi­səsinə" (yövm ül-ətş) düçar edildi, nəhayət, Səmərqəndə doğru çəkilə­r­kən ye­ti­şən xaqan və Kül-çor idarəsindəki türgiş qüvvələri tərəfin­dən Kə­mər­cə qa­­la­sında 58 gün mühasirədə saxlandı522 (729). Artıq ta Xarəzmdə belə ərəblərə qar­şı qı­mıl­dan­malar müşahidə edilirdi. Su-lunun məqsədi Sə­mərqənd­dəki ərəb mər­kəzi ordugahını ələ keçirib istila­çıları Mavəraünnəhr­dən tamamən atmaqdı. Bu səbəblə Səmərqəndi mühasi­rəyə almağa hazırlaş­dığı za­man çarpış­maya cəsa­rət edə bilməyən qərargah komandanı Səvrə bin Hürr yeni təyin edi­lən vali Cü­neyd bin Əbdürrəhman il-Murrini Mərvdən imdada çağırdı. Fəqət keçiş yolu türgiş­lər tərəfindən kəsilmişdi. Məcbur qalaraq dağ yollarına düşən Cüneyd dar ke­çid­lərin birin­də xaqan tərəfindən sıxışdırıldı ("keçid savaşı =vaqət üş-şib"), yor­­ğun olan, həm də susuz qalan ordusu tez-tez basqına uğra­­yırdı. Nəhayət, 12 min nəfər­lik qüvvəsindən 10 mi­nini itirdikdən sonra Sə­mər­qəndə çata bildi523. Du­rumdan xəbərdar edilən xəlifə Hişamın əmri ilə Küfə və Bəsrədən 20 min nə­fər­lik bir köməkçi qüvvə Səmərqəndə gələrkən, qış da ya­xın­laşmaqda olduğun­dan da­ha çox qalmaq istəməyən xaqan Buxaranı da bo­şaldaraq oradan çəkildi (732). 734-cü ilin əvvəlində Cüney­din ölməsi ilə zatən ərəb nüfuzu və qüd­rəti sarsılmış olan Xorasan vilayətin­də "qara bayraq qaldıran" abbasi tə­rəf­darı Xaris bin Süreycin Bəlxi, sonra valilik mərkəzi Mərv şəhərini zəbt et­məsi Ma­və­ra­ün­nəhrdə vəziyyəti büsbü­tün qarışdırdı. Yeni valilərlə üç il (734-737) uğ­raş­­maq məcburiy­yətində qa­lan Xaris axırda türgişlərə sığındı. Xaqan Su-lu Mavəraün­nəhrə qarşı son səfərində xeyli müttəfiq tapmışdı: Xaris tərəf­dar­larından başqa soğd hökm­darı (yəni Gurək və ya oğlu), Usruşana hakimi, Şaş (Daşkənd bölgə­si) hökm­darı, Xuttal hökmdarı. İslam tarixçisi ət-Təbəridə zikr edilən bu siyahı "Mavə­raünnəhrdəki ərəb nüfuzunun türklərə keçmiş ol­du­ğu­nu" açıqca göstərə­rir524. Xaqan Bəlxə doğru irəlilədi. Cuzcana girdi. Ön­cə Toxaristanı ərəblərə qar­şı üsyana qaldıraraq məhəlli bir dəstək qazan­mağı fay­dalı görürdü. Fəqət vali Əsəd bin Abdullah il-Qəsri xaqanın ordusunu ar­xad­an vurmağa müvəffəq oldu (738-ci il. San və ya Xaristan savaşı)525. Əslində Su-lu ərəblərlə birləşən Cüzcan hökm­darının xəyanətinə uğramışdı526.

Məmləkətinə dönən və şərqdə də çinlilərə qarşı bəzi uğurlar qazanmış olan (717, 726) Su-lu kağan hər halda ömrünü xərclədiyi bu mübarizəyə davam edə­cəkdi, fəqət o zamanlara qədər böyük xidmətlərini gördüyü Kül-çor (Bağa Tarkan) tərəfindən öldürüldü (738)527. Çinin türk başbuğlarını bir-birinə düşür­mə planına dayanan təhrikçi siyasəti bir daha hədəfinə çatmış və əsasən So-ko ilə Çe-nu ara­sındaki anlaşmazlıqdan bəri (710-cu illərdə) qara və sarı olmaq üz­rə ikili təşkilat halında yaşayan türgiş boylarını bir-birinə qatı düşmən etmiş­di. Sarı türgişlər üs­tün­lük qazandılar528. Başbuğları Bağa Tarkan (Kül-çor) rə­qibi qara türgiş başbuğu Tu-mo-çeni yenərək və kağan seçilməsini istədiyi Su-lu­nun oğlunu orta­dan qaldı­ra­raq özünü kağan elan etdi. Bu arada Çinin on-ox­lar kağanı təyin etdiyi, Aşina ailəsindən Hini məğlub edib öldürməsi (739) 529 Çini bu dəfə qara-türgişləri dəstəkləməyə sövq etdi. 742-ci ildə türgiş kağanı İl-etmiş Qutluğ Bilgə bir qara-türgiş başbuğu idi. 753-cü ildə xaqan olan və uy­ğur xaqanı Moyen-çorun hi­ma­yə­sinə girən Tanrıda Bolmış da bir qara-tür­giş idi. İki tərəf arasında uzun sürən mü­cadiləyə qarluqlar da qarışmış, beləliklə, eh­timal ki, peçeneqlərə (aş. bax:) mənşə təşkil edən və özəlliklə mü­hüm bir ta­rixi hadisə olaraq qələbəlik oğuz küt­lə­lərinin (aş. bax) Sır-dərya­ya doğru qərbə intiqalını asanlaşdırmış olan türgiş iq­tidarı büsbütün zəifləmişdi. Nə­hayət, 20 il ərzində getdikcə qüvvətlənən qarluqlar To-lu və Nu-şi-pilərə qa­lib gəlib ağırlıq mərkəzi Çu vadisi olmaqla öz hakimiyətlərini qurdular (766-cı il)530.




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə