Ii fəSİl tarix tariX


C. O r t a Ş ə r q h u n l a r ı



Yüklə 1,63 Mb.
səhifə4/17
tarix02.06.2018
ölçüsü1,63 Mb.
#46965
1   2   3   4   5   6   7   8   9   ...   17

C. O r t a Ş ə r q h u n l a r ı
Ağ hun-eftalit dövləti böyük qismi Volqadan qərbə keçən hun­lardan Cə­nubi İrana və Qərbi Əfqanıstana enən bir bölük olduğu təxmin edilən Orta Şərq hunlarının180, heç olmazsa, ağ hun-eftalit dövləti xa­nə­dan ailəsi ilə hakim züm­rəsini təşkil etdikləri irəli sürülmüş və ya bu dövlət töleslərdən chao-chalara (kao-kü)=uyğurların ataları) bağlı hua qo­lu mənsublarının Cun­­qariya bozqırla­rın­dan Xorasan bölgəsinə keçərək V əsrin ortalarına doğ­ru bir siyasi tə­şəkkül halına gəlməsi ilə ilgili görül­müşdür181. Hun tarixinin bu nöqtəsi olduq­ca qa­ranlıq bir mənzərə ərz edir. Hakimiyyətini Xəzər sa­hillərindən Şi­mali Hindis­tana, Əfqanıstana, İç Asiyaya qədər genişlən­dirən bu qövmün və ya qövmlər toplumunun müxtəlif sənədlərdə bir-birin­dən fərq­li adlarla anıl­ması182 duru­mu daha da qarışdırmış kimidir. Vaxtilə Ed. Chavannes183 ye-ta­ların nəşət etdiyi hua (hoa) toplum adı ilə "hun" kəl­məsinin yaxın ilgisi ol­duğunu düşün­müş və J. Marquart184 dürlü adlarla zikr edilən bu qövmün Priskosdakı kida­ritalardan (sasani imperatorluğu hü­du­dunda Qafqaz dağlarında oturan hunlar) ibarət oldu­ğunu irəli sürmüşdü. Bizanslı tarixçi Theophanesə (VIII əsrin ikinci yarısı) gö­rə, "ephtalit" adı sa­sani imperatoru Pe-rozu (Firuz, 459-484) məğlub edən hun hökmdarı Ep­h­talanosdan alınmış­dır185. Bu adın əslində eftalit pulları üzərində görülən Hephthal-khion olduğu və birinci kəl­mə­nin sülalə adını, ikin­cisinin də qövm ismini göstərə biləcəyi bildirilmişdir186. Digər tərəfdən İskən­dəriyyəli Kos­mas İndikop­leustes (545-549-ci illər arası) ilə Bizans tarixçisi Prokopiosun (545-550-ci illər arası) əsərlərində və əski hind sənədlərində həmin qövm­dən ağ hunlar (Bizans: devkhoi ounni; hind: şveta-huna) deyə bəhs edilmiş­dir187. 520-ci ildə ağ hun-eftalit hökmdarını ziyarət edən çinli səyyah Song Yünün qeyd­lərindən bu qövmün hunlarla qohum oldu­ğu anlaşılırdı188. V əs­rin ilk ya­rı­sında sasanilərlə çarpışan ağ hun hökmdarı "kxaqan" ünvanını da­şıyırdı və Əf­qanıstan bölgəsindəki ağ hun şahzadəsinin ünvanı da "tə­gin" idi189. Bölgənin yerli xalqının İran mənşəli olduğu şübhə­siz­dir190.

Ağ hun-eftalit məsələsi son zamanlarda xüsusilə K. Czegledinin geniş araş­dır­ması ilə191 olduqca açıqlıq qazanmış görünür. Buna görə, tarixi pro­ses 350-ci illərdə Altay dağları həvalisindən qərbə doğru cərə­yan edən bö­yük köç hərəkəti ilə ilgilidir. İç Asiyada hun idarəsindən son­ra iqtidara gələn sien-pilərin yerində qurulan böyük juan-juan dövlətin­də (bax: aş.) uar və hun adla­rında iki qəbilə qrupu 350-ci illərdə bilinməyən bir səbəblə o döv­lətdən ayrı­laraq bugünkü Cənubi Qazaxıstan bozqırına gəlmiş, buranın əski hun xalqını Volqaya doğru sürdükdən (Avropa hun­ları) az sonra cənuba yö­nələrək Əfqa­nıstanın Toxaristan bölgəsinə en­miş­di. 367-ci ilə doğru bura­da­kı əski Kuşan (Böyük Yüe-çi) ölkəsinə hökm edən "kidarita" xanədanını (ehtimal ki İran mənşəli) da Baktriyaya (Bəlx həvalisi) sürən bu İç Asiyalı kütlə, söylən­diyi kimi, uar (= avar; bax: aş. Avar xaqanlığı) və hun qəbilələr birliyi idi. Bu birlik daha sonra Kang-kü (Çu-Mavəraünnəhr) və soğdun (Səmərqənd və həva­lisi) hakim­ləri olaraq (çincədəki hiung-nu və Avropa dil­lərindəki hun şəkilləri ara­sında məhəlli söylənişlərə görə bəzi xırda dəyi­şikliklər göstərən) yu­xa­rıda sadaladığımız adlar altında anılmışdır192. Ha­kimiyyətini qərbdə Hir­­ka­niyaya (Gürgan, Xəzər dənizinin cənubu) qədər ge­nişləndirən bu döv­lət V əsr ortala­rından etibarən Heftal adında yeni bir hökm­dar ailə­sinə sahib olmuş (bu ad ilk dəfə 457-ci ildə görünür) və yıxıl­dığı 557-ci ilə qədər həm sülalə, həm qövm olaraq (digər adlar və ağ xun adı ilə bir­lik­­də) bu adı da daşımışdır. Aparılan təsbitlərə görə, dövlətdə rol oy­na­yan qəbilə­lərdən bəziləri bunlardı: kadis-hun (Herat civarında. Pers qay­naq­la­rında hvon, Prokopiosda eftalit deyə zikr edilən bu qəbilə sonra İranın qərbinə köçmüşdür; "Kadisiya" yer adının mənşəyi, Zavul (Zabul; bun­dan Zabu­listan), Çol (Çöl? Gürgan=Curcaniyə həvalisində), Kərmik­hion (Kar­mir-hyon= Qızıl? hun), Askil-Eskil193. Bunlardan heç olmazsa bir qis­minin yerli olduğu aşkardır.



Soğd bölgəsini ələ keçirdikdən sonra İran üzərinə basqı edən uar hun­ların 9 il qədər sürən (358-ci ilə doğru) şiddətli hücumları qarşısında yı­xılma təhlü­kəsi keçirən sasani imperatorluğu II Şa­purun qeyrətləri ilə qur­tuldu. Hətta iki tərəf arasında ittifaqa varan bir andlaşma oldu və bu du­rum üç nəsildən artıq bir müddət davam etdi (bu arada, Şapurun 359-cu ildə Ami­danın (Diyarbakır) mühasirəsində yardımçı olaraq hun qüv­vələri də iş­tirak etmişdi). Fəqət Bəhram Gur zamanında (420-438) baş­layan yeni hü­cum­lar (427-ci ildən etibarən) sa­saniləri sarsıtdı. Soğd böl­gəsindən Cey­hu­nun cənu­buna doğru gəlişən istila hə­rəkətinin Bəhram Gur tərəfindən uğur­la dayan­dırılması onun ən şöhrətli ("xi­laskar") İran imperatorlarından sayılma­sına vəsilə oldu. Xələfi II Yəzdgird za­manının (438-457) sonlarına doğru uar-hunların (ağ hun) başında böyük hökm­dar, eftal (abdet) xanədanından Kün-han (Kun-kan194, Priskosda Kougk­has, is­lam qaynaq­larında Akh.ş.n. vardı) İranın daxili işlərinə qarışaraq, hima­yəsinə aldığı vəliəhd Pe-rozu (Firuz) sa­sani taxtına çıxarmış (459-484), ha­kimiyyətini Şimali Hindistana doğru ge­nişləndirərək orada başında Skanda­quptanın durdu­ğu Qupta dövlə­tini dağıt­mışdı (470-ə doğru). 484-cü ildə Cey­hun sahillərində ağ hun-ef­talitlər tərə­findən məğlub edilərək Herat bölgəsini itirən və illik ver­giyə bağ­lanan sa­sani­lərin195 bu sırada ke­­­çirdiyi dini-ictimai bir sarsıntı ölkə­ləri­ni ix­tilala sürüklədi. Bu, Məzdək üsyanı idi. Məzdək manixeizm inancın­dakı du­alizm-"ikili" düşüncə (işıq-qa­ran­­lıq, yaxşılıq-pislik mübarizəsi) üzərinə so­sial hüzursuzluq amil­lərini də əlavə edərək o tarixlərdə yorulan və iqtisadi dar­lıq içinə düşən toplumu qurtarmaq iddiası ilə fikirlərini yaymağa başla­mış­dı. Buna gö­rə, insanların səadətini pozan iki ünsür vardı: biri sərvət, di­gəri qa­dın. Bun­lardan hər ikisi də hamının ortaq malı olduğu təqdirdə yer üzün­dən şər qal­xacaqdı. Bu tipik kommunist təbliğatı nəticəsində ərazi və sərvət sa­­­hibləri ilə ailə müəssəsəsinə qarşı provokə edilən xalq Məzdək və mü­rid­ləri tərəfindən üsyana qaldırıldı. Din adamları və zadəganlar öldürül­dü, qadınlar tə­ca­vüzə uğ­radı, evlər və imarətlər yağmalandı, təxrib edildi. Dövlətin möh­kəm­lənəcəyi xü­­susunda Məzdəkə inanmaq qəflətinə düşən Şah Qavad (və ya Qu­bad, 488-496 və 498-531) da həbs edilmişdi; fəqət o qurtulmaq imka­nı tapa­raq qonşu ağ-hunlara sığındı (496). İranda baş ve­rənləri yaxından təqib edən ağ hun hökmdarı insanlıq yararına heç bir şey görmədiyi Məzdək hərəkatını yox etmək üçün Qubadı 30 min­lik hun süvari birliyi başında İrana göndərdi. Bu surətlə şah qiyamı yatırt­dı (498-499) və hadisələrin inkişafın­dan fəlakətin də­rə­cəsini qavrayan xal­qın da yardımı ilə Məzdək və tərəfdar­ları yaxalanaraq edam edildi. Tə­miz­lik və ölkənin süku­nətə qovuş­du­rulması üçün uzun bir za­ma­na eh­tiyac duyulduğundan sasani imperatorluğunda haqq, ədalət və mülkiy­yət əsasında normal nizam daha ziyadə Qubadın oğlu I Xosrov Ənuşirvan (531-579) döv­rün­də qurulmuşdur ki, bu şahənşah ta­rixdə "Adil" ləqəbi ilə anılır196.

Çin qaynaqlarına görə, İç Asiyada Xotən, Kuça, Aksu, Kaşğar və ət­rafını hakimiyyətlərinə alan ağ hun-eftalitlər197 bu arada Şimali Hin­dis­ta­nı da zəbt etmişdilər198. Bu hərəkat "Təgin" ünvanını daşıyan və Ka­bil­də otu­ran Tora­ma­na adındakı başbuğ tərəfindən idarə edilmişdi199. VI əs­rin ilk ya­rı­sın­da isə To­ramananın oğlu Mihiraqula (Qollas, 515-545) im­pe­riyanın cə­nub qanadının ən əzəmətli hökmdarı kimi diqqəti cəlb edirdi. Onun ordu­sunda daima 700 savaş filinin olduğu rəvayət edilir. Fəqət buddist rahib­lər (Sonq Yün və ondan bir əsr sonra buraya gələn Hiuen-tsanq) bu hun kralın­dan xoşlanmamışdılar. Çünki Mihiraqula bud­dizmi ölkəsi, xalqı üçün təh­lükəli sayır və buddistləri nəzarət altında tu­turdu200. Buna qarşılıq, İskəndə­riy­yədən Hindistana gedən tacir (sonra keşiş) Kos­mas tərəfindən və 530-ci il tarixli Gwalior kitabəsi və sanskrit­cə yazılı "Kəşmir vəqayena­mə­si"ndə Mi­hiraqula Hindistanın ən böyük hökmdarı olaraq təsvir edilməkdədir201.

İranda Ənuşirvan böyük bir döv­lət adamı olaraq yüksəldikcə ağ hun-eftalitlər sönükləşdi. 552-ci ildə Orta Asiyada Göytürk xaqanlığı qu­rulub İs­tə­mi yabğu Mavəraünnəhr bölgəsində fəaliyyətə keçdiyi zaman iki böyük im­pe­ratorluq arasında sıxısan ağ hun-eftalit dövlətinin göy­türklərin müca­diləyə gi­riş­dikləri ju­an-juanlarla olan siyasi və qohum­luq rabitələri də fayda vermədi. Ənu­şirvan və İstəminin müştərək hərə­kət­ləri nəticəsində ağ hun iq­tidarı yixıl­dı və ölkə göytürklərlə ira­n­lılar ara­smda paylaşıldı (557-ci il)202.

Üç qol halında gəlişmiş olan hun siyasi hakimiyyəti Qafqazdakı (Dər­bəndin şima­lı-Xəzər dənizi arasında) hunların xəzər xaqanlığının ida­rəsinə girincəyə qədər sürən qısa hakimiyyətləri tarixə qarışdı, bunun­la bərabər hun­lara mənsub türk soyundan müxtəlif kütlələr böyük hun çağında zəngin kültür­ləri ilə Asiya, Avropa və Afrika qitələrində tabğaç, göytürk, türgiş, qar­luq, uy­ğur, oğuz, bulğar, sabar, xəzər, kuman, peçe­neq və bu kimi dürlü ad­lar altında yeni, güçlü dövlətlər, imperiya­lar qu­ra­raq yaşamağa davam etmişlər. Türk mil­ləti deyilən böyük ailənin uşaq­ları olan bu küt­lələr eyni za­manda rus, macar, slavyan-bulğar, ru­mın, gür­cü dövlət­lərinin qurulma­sında və inkişafında başlıca rol oyna­mış və daha son­ra­kı bütün islam-türk si­yasi təşəkküllərinə hərbi, hü­quqi və so­sial yön­lər­dən ana qaynaq vəzifəsini görmüşlər.



2. TABĞAÇ DÖVLƏTİ

IV əsrin sonlarına doğru Şimali Çində (Şan-sinin şimalı) qüdrətli bir siyasi təşəkkül meydana gətirən, çinlilərin to-ba (və ya to-pa) dedik­lə­ri top­lu­mu türklər "tabğaç" adlandırmışlar203. Orxon kitabələrində tez-tez rast gə­li­nən və göytürklər vasitəsi ilə Bizans qaynaqlarına da "Taugast" şəklində204 keçən “tab­ğaç” kəlməsi "Çin" mənasında da işlənmişdir. Çünki göytürklərin ilk za­man­la­rında türklərin "böyük" deyə tanıdığı bu sülalə Şərqin qüdrətli xanə­danı olaraq Çində hökm sürməkdə idi. Əslində türkcə "ulu, möhtərəm, sayğı­dəyər" məna­larını ifadə edən tabğaç təbiri205, bilindiyi kimi, sonra bəzi qara­xa­ni xa­qan­ları tərəfindən ünvan ola­raq (tafğaç, tamğaç) işlənmişdir. Mah­­mud Kaş­­ğari­nin türklərdən bir bö­­lük ol­duğunu qeyd etdiyi tabğaçlar206 Çin sal­na­mələrinə gö­rə, Asiya hun­la­rının bir qismidir və sülalənin rəsmi ta­rixində (Wei-shu) Mo-tun əski to-pa (tabğaç) hökmdarı olaraq göstəril­miş­dir207.

Tab­ğaç­ların örf, adət və gə­lənəklərindən çoxu: qurd əfsanəsi, mağara, dağ, meşə kult­la­rı208, qoç əf­sa­nəsi və s. (bax: aş. Kültür: Dastanlar) türklərlə il­gili oldu­ğu ki­mi dil­lərinin də türkcə olduğunu ortaya qoyan dəlillər vardır: bi­teg­çin (bitik­çi, katib; xarici işlər naziri?), kapukçın (qapıcı; hacib?), atla­çın (at­lı, süvari birliyi), tabağçın (yaya, piyada birliyi), korakçın (qoruyucu, mühafizə alayları), yamçın (poçt sürü­cü­sü), hiençin (poçt mənzilləri ida­rəçisi; xan­çı?), aşçın (aşçı; mətbəxçi başı?), törü (qanun, törə), il (dövlət) və s.209.

Tabğaç hökmdarının ağzından türkcə belə bir ibarə nəql edil­miş­dir: “Atığ bəlgütəg" (yəni "bir (başbuğa verilən) ad (onun gördüyü) işi göstər­məli, bəl­gələməli”)210. Weishu, Nan chi-shu, Liu-Sung-shu kimi Çin qay­naq­larına ke­çən bu kəlmə və təbirlər eyni zamanda tab­ğaçların döv­lət idarəsi və hərbi quru­luşları haqqında da bilgi verir. Bununla bə­ra­bər, bu türk döv­lətində olduqca bö­yük ölçüdə monqolların da yer aldığı anla­şılır. Araşdır­malarda bir ara sien-pilər arasında görünən tab­ğaçlara ta­be qəbi­lələrdən kimlikləri təsbit edilə bilənlərin yarısın­dan çoxunun monqol mənşəli olduğu nəticəsinə varılmışdır211. Ancaq monqol­lar digər tun­quzlar və çinli xalq ilə birlikdə, şübhəsiz, təbəə durumunda idilər.



Öncə Şimali Şan-sidə Tai paytaxt olmaq üzrə kiçik "Tai və ya I To-pa" dövlətini (315-376) quran tabğaçlar daha ilk başbuğları olaraq bilinən Şa-mo-handan (ölümü: 377) etibarən digər kiçik hun dövlətləri və sien-pi kütlələri ilə mücadiləyə girişdilər və nəhayət Chin dövləti başın­dakı Tibet mənşəli Fu-Chien iqtidarının çökməsi (384) nəticəsində ətraf­daki mə­həlli hö­kumətcikləri (16-dək) idarələri altına alaraq böyük dövlət halına gəldi­lər212.

Tabğaç dövləti (386-556) çinlilərin Wei (Pei-Wei = Şimali Wei) adını verdikləri hökmdar ailəsindən Kuei zamanında (386-409) ve­rimli torpaq­ların Şərqi Çindəki dağınıq siyen-pi qruplarından zəbt edil­məsi ilə inkişaf etdi. Kiçik Tsin (394-cu ildə) və Liang (403-cü ildə) dövlətləri tabe edildi. Paytaxtı Pinq-çenq (Tai) şəhəri idi. Az sonra döv­lətin nüfuzu bir yandan Pekin yaxınlarına, bir yandan Huang-ho çayı dir­səyinə qədər uzanmışdı. Şi­mal istiqamətində si­yen-pilərin varisi ola­raq IV əsr sonla­rından etibarən qüd­rətli bir siyasi təşək­kül durumuna girən monqol mən­şəli juan-juanlar üzündən213 ciddi bir geniş­lənmə meydana gəlmirdi. İki döv­lət arasında bə­zən çox şiddətlə cərəyan edən müba­rizə 150 ilə qədər sür­­müş­dür. Hökmdar Sseudan (409-423) sonra Çinin pay­taxtları Lo-yanqı, (Ho-nan’da) və Ç’anq-anı (bugün Si-nqan-fu, Şan-si-də) ələ keçırərək hakimiyyətini Sarı-çay bölgələrinə yayan və bütün Şimali Çini tək idarə altında birləşdirən böyük imperator T’ai-wu dövründə (424-452) tab­ğaç dövləti ən parlaq çağını ya­şadı. Öncə II Ts’in dövlətini özünə tabe edən, 427-ci ildə Hun Hsia döv­lətinin paytaxtını alaraq bütün torpaqlarını ələ keçirən (431) və 425-ci ildən etibarən juan-juanları məğlub edərək bugünkü Daxili Monqo­lustanı istila edən (436) və 435-439-cu illərdə hakimiyyətini qərbə doğ­ru ge­nişləndirə­rək, Daxili Asiyadakı Wu-sun, Yue-pan ölkələrini və Kuça, Kaş­ğar, Karaşar, Turfan başda olmaq üzrə 30-a qədər şəhər-dövlətciyi öz idarə­sinə bağ­layan Pai-wu 439-cu ildə Kan­sudakı (Gu-tsanq=Kan-çou) hun dövlə­tini (Şimali Lianq) ortadan qal­­dırdı214. Beləliklə, ünlü İpək yolu güzərgahı təkrar türk ha­ki­miyyətinə keçmiş oldu. 450-ci ildə cənubda Yanq-tse çayına da çatan Tai-wu215 Çin əsgərinin "daydan və dəvədən fərqsiz" olduğunu söyləyir, özü "Bö­rü"216 ləqəbini daşıyırdı217. İmperatorluq mərkəzini türk həyat şərtlə­ri­nə olduq­ca uyğun gələn bozqır bölgəsində (Şimali Şan-si) tutan Taiwu o sıra­larda Çində yayılmaqda olan buddizmin türklər arasında nüfuzunu önləməyə çalışır, idarəsi altındakı Çin torpaqlarında belə buddistlərin fəaliyyətlərınə nəzarət edirdi. Məbədlərdə ayinlər dışında dini təbliğatı yasaqlayan bir fər­man vermiş (438) və 446-cı ildə əmrə riayət etməyənlərin şiddətlə təqib edilməsinə göstəriş ver­mişdi218. Tai-wunun türk bünyəsini və səciy­yə­sini buddizmin pozucu təsirin­dən qorumaq məqsədini güdən bu tutu­munun mə­na və dəyəri çox sonra anla­şıl­mışdır. Tədbirlərin əhəmiyyətini fərq edə bil­məyən xələfləri zamanında ya­saq əmri yumşalan buddizm hət­­ta himayə edil­mişdi. İmperator Wen-çenq (Siun və ya Sün, 452-465) və I Honq (Hien-wen, 465-471) zamanlarında Daxili Asiyada tabeliyə alınan şəhər-dövlət sa­yının 50-yə çıxarılması (456), juan-juan­la­rın ağır məğlubiyyətə uğradılması (458-459)219, Cənubi Çin dövlətindən (Liu Sunq) bəzi bölgələrin alınması (466-469-cu illər arasında) kimi böyük hər­bi uğurlara baxmayaraq getdikcə inkişaf edən buddizmin yayılması sonra büs­bü­tün sürət­lə­nərək tabğaç toplu­munun çinliləşməsinə zəmin ha­zırladı. 480-ci il­dən etibarən Kuça və ətrafını juan-juanlara qapdıran və 494-cü ildə paytaxtı dövlət məcli­si­nin müxali­fə­tinə rəğmən bozqır bölgə­sindən cənubdaki əski Çin mərkəzi Lo-Yanqa nəql edən imperator II Honq (Hio-wen, 471-499) türk tö­rəsinə qarşı ağırlıq qaza­nan bu soysuz­laşmanı (479-cu ildə yalnız pay­taxtda 100 tapınaq və 2000-dən artıq ra­hib var idi) 495-ci ildə türk örfünü, gə­lə­nək­lərini, geyimini, tab­ğaç dilini və hətta yazışmalarda türkcə təbirlərin işlə­dil­məsini yasaqlamaqla ta­mam­­ladı220. Buna qarşı dörddə bir əsr qədər davam edən re­ak­­siyalar bas­dırıl­dı. Süan-wudan (499-515) sonra idarəni təhvil alan im­pera­toriçə Hu (515-528) buddizmə o qədər düşkün idi ki, xarici ölkələrdəki din­daşları ilə də maraq­lanırdı. 520-ci ilə doğru Hindistanda ağ hun-eftalit hökm­­darı Mi­hiraqulanı ziyarət edn çinli buddist rahib bu kraliçənin arzusu ilə sə­yahət edirdi. Beləliklə, türk atalarının hərbi vəsfini itirən tabğaç dövlə­ti221 ye­ni bölgənin və yerli Çin xalqının səbəb olduğu iqtisadi222 və so­sial223 səbəb­lər­dən də gücünü getdikcə itirirdi. Bütün Şimali Çinə hökm et­miş olan bu döv­lət 534-ci ilə doğru şərq (Ho-nan’da) weiləri və şimal və ya qərb (Ç’ang-an’da) weiləri olaraq ikiyə ayrıldı və qısa zaman sonra bütün əraziləri çinli xanə­dan­ların əlinə keçdi (Şərq weiləri yerinə Tsi (Chi) sülaləsi: 550-577, qərb weiləri yerinə Chou sülaləsi: 557-581)224.

3. GÖYTÜRKLƏR
Asiya Böyük Hun imperiyasından sonra təmsil etdiyi türk kültürü eti­barilə hər baxımdan II super türk imperatorluğu keyfiyyətində olan Göy­türk xaqanlığı «türk» sözünü ilk dəfə rəsmi dövlət adı olaraq mənim­səməklə bü­tün bir millətə ad vermək şərəfini qazanmış, Şərqi Sibirdəki yakut türkləri ilə qərbdə oğur (bulğar) türklərinin bir qismi dışındakı türk əsilli bütün küt­lələri öz idarəsində birləşdirmişdir. Xaqanlığın yıxıl­ma­sından sonra bir yel­pazə kimi açılaraq dörd tərəfə yayılan müxtəlif türk zümrələri getdikləri yerlərdə “türk” adını və Göytürk idari, siyasi və iq­tısadi gələnəklərini yaşat­mışlar. Yenə bütün bu türklərin tarixində Göy­türk təşkilatının, ədəbiyya­tı­nın, törə və həyat düşün­cəsinin izləri görül­müşdür. Göytürklərdən sonrakı çağlarda r türkcəsi (oğur ləhcəsi) istis­na olmaq­la, bütün türk ləhcə və ağız­ları Göytürk türkcəsinin dam­ğasını daşıyır. Şərq­dən qərbə: Orta Asiya, Tür­küstan, Mavəraünnəhr, Şimali Hindistan, İran, Anadolu, İraq, Suriya və Bal­kan türkləri göytürklər yolu ilə türk­dür. Bizim bugün digər türk dövlət və zümrələrindən ayırd etmək üzrə göytürk (kök-türk) dediyimiz bu toplum və dövlətin225 adı «türk» və ya "tü­rük" idi. Ancaq kitabələrin bir yerində özünü göytürk226 olaraq tanıtmışdır227 ki, "göyə mənsub, ilahi türk" mənasına gələn bu təbir V. Thomsenə gö­rə228 xa­qanlığın parlaq dövrünə işarət edir (hər hal­da Mu-kan kağan za­manı)229. Göy­türk xaqanlığı çağında, daha doğrusu VI-IX əsrlərdə Orta Asiyada tarixi rol oy­na­yan toplumların müxtəlif adlar al­tında qruplaşan töleslər olduğu anlaşıl­maqdadır. Türkcə töles kəlməsi eh­timal ki, "əsl, kök, təməl" mənalarına gəl­mək­dədir. Bax: L. Bazin, Les Ca­lendriers..., s. 661, 667.

Töleslər (tölös, tolis, çincə t’ie-lo, t’ieh-le) Çin qaynaqlarında əski hun boylarından olduğu zikr edilən və bütün Orta Asiyaya yayılmış izdıhamlı türk kütlələrinin məcmusudur. Sui-shuda (Çin Sui xanədanının 581-618-cı illər salnaməsi) 50-yə qədər qəbiləsi sayılmaqda və belə sıra­lanmaqdadır: biri Bay­kal gölünün şimalında, beşi Tola çayının şimalın­da, beşi Tanrı dağ­la­rının şimal ətəyində, doqquzu Altay dağlarının cə­nub­­-qərbində, dördü K’ang (Sə­mər­qənd həvalisi) krallığının şimalında, onu Seyhun boyunda, dördü Xəzərin şərqində və qərbində, altısı Fu-linin (Bizans) şərqində230. An­caq Baykal gö­lün­dən Qara dənizə qədər yayılan bu toplumların hamısını türk mənşəli saymaq doğru ol­mazdı. Ən qərbdə göstərilən bəzilərinin (mə­sələn, alanlar) iranlı olduq­ları bi­linir. Wu-hun­lar (=uqor) isə urallı bir qövm qrupudur231. Ayrıca, oğur boy­la­rının da ti’eh-lelər olaraq zikr edildiyi anla­şıl­maqdadır232. Töles boyla­rı­nın da­şıdıqları adlar hələ tamamən çözülməmiş olmaqla bərabər, hunlardan gəl­dikləri və ümumiyyətlə dil və örflərinin göy­türklərinkinin eyni olduğu gös­­təril­miş­dir233. Bəzi Çin mənbələrinə görə, tabğaçlar dövründə (386-534) yük­sək təkərli arabadan istifadə etdiklərindən dolayı kao-kü (chao-che = yüksək təkər) deyə adlandırılan bir qisim töles qəbilələri234 digər türklər kimi özlərini qurd əcdad­dan törəmiş sayırdılar235. Ayrıca, T’ang-shu­da (Çinın Tanq sülaləsi, 618-906-cı illər salnaməsi) on beş töles qə­bilə­­sinin adı verilmişdir236. Göytürk xa­qanlığı dövründə Orta və Şər­qi Asiyada qruplaşan töleslərlə digər ilgili bölgə­lərdəki toplumlar bunlar­dır:

1. Tarduş (çincədə sie yen-t’o, hsieh yen-t’o. Hsie=sir / yen-t’o=Tar­duş­­lar?)237. Töles qəbilələrindən bir qrup (hər halda tarduş, xaqan Tar­du­nun ünvanı ilə anılanlar: qərb göytürkləri=on-oxlar) Altayların qər­­bində yaşayır və töleslərin ən zəngin və qüvvətliləri olaraq göstərilirlər238.

2. Uyğurlar. Töleslərdən bir kütlə. Tola çayının şimal sahəsində məs­kun ol­muş­lar (aş. bax).

3. On-oxlar (ehtimal ki, tarduş deyə də adlandırılan töles qrupu), Al­tay­lardan Seyhun (Sır-dərya) yaxınlarına qədər uzanan geniş bölgədə görü­nürlər. Çu çayı-Issık gölə nəzərən beşi şərqdə to-lu (sol qanad), beşi qərbdə nu-şi-pi (sağ qanad) adı ilə on qəbilədən ibarət olub, “qərb göy­türk­ləri” ad­lanmışlar239. Türgişlər (aş. bax) to-lulardan idilər. Ayrıca, bun­­­lardan bir qis­mi çu-yüe (çi­gil?) və çu-mi (çumul) adları ilə anılan türk qəbilələri ilə bir­likdə 630-cu ildən sonra göytürk xaqanlığının fətrət dövründə Beş-balıq ci­varındakı quraq boz­qırlara çəkilmişlər və şa-to (çin­­­­cə çöl və ya türkcə sadak (?) və ya çigillər?) adı­nı almışlar240.

4. Qarluqlar: Altayların qərbində idilər (aş. bax).

5. Oğuzlar (630-cu ildən sonra bu adla ortaya çıxan töles boyları). Se­len­qa çayı - Ötükən bölgəsində məskun idilər (aş. bax).

6. Şərqi Avropada türk toplumları: avarlar (aş. bax), xəzərlər (aş. bax), oğurlar (aş. bax), peçeneqlər (aş. bax), ehtimal qıpçaq-ku­man­lar (aş. bax) və b.

7. Qırğızlar. Baykalın qərbində, Yenisey çayının qaynaqları böl­gə­­sində idilər (aş. bax).

8. Basmıllar (çincədə pa-si-mi). İdi-kutunun, yəni hökmdarının türk ol­duğu bildirilən241 bu qövmün mənşəcə yabançı olub, türklərlə qa­rışdığı irəli sü­rülmüşdür242. Daha ziyadə Daxili Asiyada Beş-balıq həva­lısində gö­rünmək­dədirlər.

9. Ki-tan, tatabı, dokuz-tatar, otuz-tatar kimi mon­qol soyundan qə­bilələr şərq bölgəsində Kərulən və Onon çayları həvalisində idilər. Ancaq xatırlatmaq gərəkir ki, bütün bu toplum­lar zaman-zaman yer də­yişdirməkdə, arada bir çö­zülən boylardan yeni birliklər meydana gəl­mək­də, xülasə, oynaq kütlələr təşkil etməkdə idilər. Yenə görülməkdədir ki, tarduş, uyğur, on-ox, oğuz, oğur, xəzər və s. kimi isimlər türk soyun­dan gə­lən kütlələrin dürlü təş­kilatlanmalar dola­yısıyla aldıqları adlardan iba­rətdir. Türk də bilinən mənası ilə öncə müəyyən bir toplumun (Aşina ailəsi ətrafında toplananların) adı ikən sonralar yayğın­laş­mışdır.

Çin qaynaqlarının açıqca göstərdikləri kimi, göytürklər Asiya hun­la­rın­dan idilər243. Başbuğ ailəsi olan Aşina soyunun bir dişi qurddan törə­di­yinə dair o çağda çox yayğın olduğu anlaşılan rəvayətlər244 göy­türk­lərin er­kən tarixini əfsanələrlə qarışdırmışdır. Ancaq qurddan törəmə gələnəyinin Asiya hunları arasında da mövcud olması245 və qurd əcdadın türkləri dar, keçilməz yollardan sə­lamətə çatdırdığı (Bozqurd dastanının əsli) rəvayətinin hunlarda görünmə­si246 göytürklərin hunlara qohumluğu­nu ortaya qoymaq­dadır. Aşina ailəsinin yalnız bir oğlan uşağı həyatda qalmaq üzrə qətliama uğramış olduğu rəvayəti247 Tsü-kü (əslində Asiya hun dövlətində bir ünvan) adlı hun ailəsinə248 mənsub Mənq-sün tərə­fin­dən qurulan Şimali Lianq hun dövlətinin (yux. bax) 439-cu ildə tab­ğaç­lar tərəfindən yıxılması hadisəsinə bağlamaq mümkündür. Sui-shuya (Çin salnaməsi, 581-618) görə, bu hun dövlətində idarəni əlində tutan tsü-külər (chü-chü) məhv edildiyi zaman Ashih-na (Aşina) qolu 500 ailə­lik bir kütlə halında Kan-su bölgəsindən kö­çərək juan-juanlara sığınmış­dı249. Göy­türklərin nüvəsini təşkil etdiyi bil­di­rilən və Mənq-sünün oğlu An-çu və sonra nəvəsi Şunun öldürülməsi nəti­cəsində öncə Hsi-haida ikən250 sonra Altaylara nüfuz edən bu kütlə chü-chülər (tsü-kü) yolu ilə Asiya hunlarına bağlanmaq­dadır251 və hətta bu qısa köç hərəkətini idarə edən Aşina soyunun cənubi hun tanhuları yolu ilə Mo-tunun mənsub ol­duğu ünlü t’u-ko (tu-ku) ailəsindən gəl­məsi qüvvətlə ehti­mal edilir. (Təfsilən bax: aş. Kültür: Dastanlar). Qurd əcdad inancı dolayı­sıy­la göy­türklərin xaqanlıq bəlgəsi qızıldan qurdbaşlı sancaq (tuğ) olmuş­dur252.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə