Ii fəSİl tarix tariX


B. Q ə r b (A v r o p a) h u n l a r ı



Yüklə 1,63 Mb.
səhifə3/17
tarix02.06.2018
ölçüsü1,63 Mb.
#46965
1   2   3   4   5   6   7   8   9   ...   17

B. Q ə r b (A v r o p a) h u n l a r ı
Kimlikləri haqqında 200 ildən bəri dürlü təxminlər yürüdülən və bəzi bil­ginlər tərəfindən monqol (K. Shiratory, Asiya hunlarını monqol saydığı üçün), türk-monqol qarışığı (P. Pelliot, R. Grousset), türk-mon­qol-mançu qarı­şığı (L. Cahun və b.), fin-uqor (Klaproth, K. F. Neumann və b.) ol­duq­ları və ya doğru­dan-doğruya slavyan mənşəyindən gəldikləri (Venelin, İlovayski, Zabelin, İno­strantsev), yaxud german soyuna mən­sub olduqları (Müllephoff, A. Fick, R. Much, J. Hoops), və ya Qafqaz qövmlərindən bir qol təşkil etdikləri (L. Jeliç, Gy. Meszaros) irəli sürülən Qərb hunlarının113 Asiya hunlarının nəvələri ol­duq­ları son zamanlardakı araşdırmalarla daha da açıqlıq qazan­mış­dır. Bu xü­sus­da bir çox tarixi, coğ­rafi, linqvistik və kül­türəl dəlillər göstəril­mişdir: coğ­ra­fiyaçı Strabon (ölümü: 25) hunların yu­nan-Baktriya krallığının şərqində olduq­larını söy­­lər­kən, tarixçi Plinius (ölü­mü: 125) adı keçən krallığın hunlar tərəfin­dən yıxıldığını qeyd edir ki, bu hun­ları Çin qaynaqları hiung-nu olaraq tanıt­mışdır. Orosius (I əsrin sonları) və Ptolemey (m.ö. 160-170) xəritə­lə­rində "hun­ların oturduqları bölgələri114 Çin qaynaqlarında hiung-nu­ların tor­paqları olaraq göstərmiş­lər115. Qərb hun­ları­nın Asiya hunlarından olduq­ları haqqında qüvvətli bir dəlil də Fr. Hirth tərə­findən ortaya qo­yulmuş­dur. Buna görə, 355-365-ci il­lər­də alan ölkəsinin (Xəzər-Aral arası) is­tila edilməsi münasibəti ilə Çin qay­naqları (Wei-shu) bu məm­lə­kətin hiunq-nular tərəfindən zəbt olundu­ğunu qeyd edərkən, o döv­rün latın ya­za­rı A. Marcellinus (IV əsr sonu) fəthin hunlar tərə­fin­dən ger­çək­ləşdiyini göstərmişdir116. Eyni hadisə haqqında bir-birini doğru­layan bir Uzaq Şərq və bir Qərb qaynağının təsbit etdiyi hiunq-nu=hun eyniliyi, Çində hun başbuğu Liu Yüan sülaləsi (304-329) tərəfindən Lo-Yanqın alın­ması za­ma­nı (311-ci il) əsir düşən soğd tacirlərindən bəhs edən və Çin tab­ğaç hökm­darı Kao-çunqa (452-465) soğd dilində yazılmış bir mətnlə də ayrıca təsdiq edilməkdədir117.

Geniş hun imperatorluğu torpaqlarında başda qotca olmaq üzrə müx­tə­lif german ləhcələri, slavyan, irani və fin-uqor dilləri, latınca və yu­­­­nanca da­nışıl­maqda idi. Qaynaqlarımızda hunlardan qalma dil yadıgar­larından bir qisminin bu yabançı dillərə aid olması təbii görünə bilə­cə­yi kimi, hətta hun hökmdar ailəsindən və ya yaxın qohumla­rından bə­zilə­rinin adlarının -xü­su­silə qotlarla çox sıx münasibət dolayısıyla- qot dılin­də olması118 da müm­kündür. Fəqət hökm­dar sülalə­sinin soyca türk ol­du­ğuna və hun kütləsinin türkcə danış­dığına şübhə yox­dur119. Hökmdar ailəsində təsbit edilən adlar belədir: Qaraton (qara don=siyah rəngdə əl­bisə, yaxud Kara-tun=güclü soy, (qara üçün bax: aş. Kül­tür: Xalq), Mun­cuk (muncuq, eyni zamanda "bayraq" mənasında, Attilanın ata­sı), At­tila120, İlək121, Dəngizik (=dəngiz=dəniz), İrnək122 (Attilanın üç oğ­lu), Ay­­bars, Oktar (Attilanın əmiləri), Arıkan (Arığ-xan)123. Tanınmış kim­sə­lər: Ba­­sık, Kursık, Atakam, Eşkam. Toplum: akatir, şar (sarı=ak)-oğur. Ay­rıca: kımız124. Hətta Dura-Europosda (Fərat çayının orta məcrasında Suriya-İraq hü­duduna yaxın qazıntı yeri) tapılan III əsrin orta­larından qalma parf və pars di­lindəki kitabədə Cənubi Qafqazdakı hun­ların Ərk Kap­ğan, Topçak, Tarkan-bəg, Kubrat, Kurtak kimi türkcə adlar daşıdıq­ları irəli sürülməkdə125 və Qərbi hun hökmdar ailəsinin Asiya tan­hu­ların­dan çıxdıqlarını təsbit etmək mümkün görünməkdədir126. Hunlar IV əs­rin ortalarında alan ölkəsini ələ keçirdikdən sonra 374-cü ildə İtil (Volqa) sahillərində göründülər. O tarixlərdə Qara də­nizin şimalındakı düzənlik­lər bir german qövmü olan qotların işğalı altında idi. Don-Dnepr nəhrləri ara­sın­da şərq qotları (ostroqot), onun qərbində qərb qotları (viziqot) olur­du. Daha qərbdə Transilvaniya və Qaliçyada gepidlər, bugünkü Macarıstanda Tisza çayı həvalisində vandallar vardı. Bu dörd german qöv­mü dışın­da hə­min bölgədə iranlı və slavyan kütlələr, daha başqa kiçik german top­lumları da yaşıyırdı. Hun başbuğu Balamırın və ya Balambərin ida­rəsindəki bö­yük hücum öncə şərq qotlarına çarpdı və bu dövləti yıxdı (374), kral Er­ma­narikh intihar etdi. Yerinə keçən Hunimund127 hunlar tə­rəfindən təyin edil­miş­di. "Heyrət ediləcək bir hərəkət qabiliyyəti və gə­lişmiş bir süvari takti­ka­sı ilə" davam edən hun hücumunun128 Dnepr kə­na­rında vurduğu ağır zərbə qərb qot­larını da çökərtdi və kral Atanarikh izdihamlı viziqot kütlələri ilə qərbə doğru qaçdı (375). Beləcə, hun hərbi qüdrətinin hərəkətə keçirdiyi və müx­təlif qövm­lərin bir-birlərini yerlərin­dən ataraq, torpaqlarından çıxararaq, Ro­ma im­pera­tor­luğunun şimal əya­lətlərini alt-üst edərək ta İspaniyaya qədər uzanmaq su­rətilə Avropanın et­nik çöhrəsini dəyişdirən tarixi "gövmlər kö­çü" başlamış oldu. Ani və şid­dətli hun zərbələrinin, gözlənilməz yerlərdə gö­rünən hun axınçı müfrəzə­lərinin Şərqi Avropa qövmləri arasında oyatdığı dəhşət Qərb dünya­sında qorxunc əks-sədalar yaratmış, hunlar əleyhinə çoxu latın və yunan qay­naq­larında qeyd edilmiş inanılmaz rəvayət və hekayələrin meydana çıx­ma­sına və yayılmasına səbəb olmuşdur129. Hunlar qotlardan, alanlardan və german tay­falarından təşkil etdikləri köməkçi qüvvələrlə bir­likdə ilk dəfə 378-ci ilin ba­harında Dunayı keçdilər və romalılardan müqa­vi­mət görmədən Trakiyaya qə­­­dər irəlilədilər. Ancaq Roma torpaqlarında görü­nən bu qüvvələr kəşfiyyat və­­zi­fə­sini görən avanqard idi. Həmin tarix­lər­də bu­günkü Macarıstan ovalarına qə­dər axınlar tərtiblənmişdi130. Hunlar­dan qor­xan bugünkü Avs­triya ərazi­sin­dəki markomanlarla kuadlar Roma torpaq­larına keçməyə hazırlaşarkən İran əsil­li sarmatlar sərhədləri ("liməs") aşıb Ro­ma impe­ratorluğuna girir, öncə Tran­sil­vaniyada duraqla­mış olan qərb qot­ları da Roma hüdudlarını keçirdilər (381-ci il). Digər tə­rəfdən bəzi ger­man mənşəli kütlələrlə iranlı baştarnalar Panno­niya­dan (Qərbi Macarıstan) Alplara doğru axaraq İtaliyanı təhdidə başla­mışdılar.

Hunlar Roma imperatoru I Theodosiosun ölüm ili olan 395-ci ildə ye­ni­dən hərəkətə keçdilər. Bu hərəkət iki cəbhəli idi: hunlardan bir qismi Balkan­lardan Trakiyaya irəlilərkən, daha böyük sayda digər bir qismi Qaf­qaz dağları üzərindən Anadoluya yönəldilmişdi. Hun dövlətinin Don çayı həvalisindəki şərq qanadı tərəfindən tərtiblənən Anadolu axını Basık və Kur­sık adlı iki baş­buğun idarəsində idi. Romalıları olduğu qə­dər sasa­ni im­peratorluğunu da təlaşa düşürən bu axında hun süvariləri Ərzurum bölgə­sin­dən etibarən Qarasu, Fərat vadilərini təqibən Melitene­yə (Malat­ya) və Ki­likiyaya (Çuxurova) irəliləmişlər, bölgənin ən möh­kəm qalaları olan Edes­sa (Urfa) və Antakyanı bir müddət mü­hasirə etdik­dən sonra Suriyaya enərək Tyrosu (Sur) basqı altına almışlar, ora­dan Qüdsə yönəl­mişdilər. Çox sürətli cərəyan edən bu hərəkatdan qorxuya qa­pıl­­dıqları üçün hunlara dair əcaib hekayələr uyduran kilsə xadimlərınin131 dəh­şət do­lu gözləri önündə axınçılar payıza doğru şimala üz tuta­raq Orta Ana­do­luya, Kappadokiya-Qalatiyaya (Kayseri-Ankara və hə­va­lisi) çatdılar və ora­dan Azərbaycan-Bakı yolu ilə şimala öz mərkəzlərınə döndülər (395-396-cı il)132. Bu, türk­lərin Anadoluda tarixi qeydlərə düşən ilk gö­rü­nüşləri olmalıdır. 398-ci ildə daha kiçik çapda təkrarlanan bu axınlar qar­şısında Şərqi Romanın gənc imperatoru Arkadius heç bir ciddi tədbir ala bilməmişdi. Qərbdə hun basqısı 400-cü ilə doğru, başbuğ Uldız133 ko­man­danlığında möhkəm hiss edildi. Bala­mı­­rın oğlu və ya nəvəsi olduğu sa­nılan Uldız Atillanın son illərinə qə­dər təqib edi­ləcək hun dış siyasətinin əsaslarını təsbit etmişdi134 ki, buna görə, Şərqi Ro­ma, yəni Bi­zans daima basqı altında tutulacaq, Qərbi Roma ilə yaxşı müna­sibətlər da­vam etdirilə­cəkdi. Çünkü Bizansın hun nüfuzuna alınması ilk hədəfi təşkil edir, buna qarşılıq, Qərbi Roma torpaqlarına təca­vüz edərək hüzur­suzluq çıxa­ran barbar qövmlər eyni zamanda hunların da düşmənləri ol­duqları üçün Qərbi Roma ilə müştərək hərəkət gərəkirdi. Ul­dızın Dunay­da görünməsi ilə qövmlər köçünün ikinci böyük dalğası baş­lamış, As­ding vandalları, hunlardan qaçan viziqotlar İtaliyada görün­müş­dülər. Ala­rikhin idarəsin­dəki bu qot təhlü­kəsi romalı komandan Stilikho tə­rəfindən çətinliklə ön­ləndi (aprel 402). Fəqət daha qorxunc bir barbar mey­dana çıxdı ki, bu da hun qor­xusu ilə yerlərini tərk etmiş olan vandalları, su­ebləri, kuadları, bur­qundları, saksonları, alamanları və başqalarını öz də­mir yumruğu al­tın­da birləşdirmiş olaraq Roma üzərinə atılan Radaqais idi. İta­liyada müd­hiş təxribat törədir, Romanı yer üzündən siləcəyini elan edirdi. Stilikhonun belə Pavia savaşında dayandırmağa müvəffəq ola bil­mədiyi bar­bar şef ancaq türklər qarşısında məhkum oldu. Böyük Fea­sulae (=Fie­sole, Florensiyanın cənubunda) müha­ri­bəsində şəxsən Uldızın komanda etdiyi, romalı qüvvələrlə möhkəmlən­dirilmiş hun ordusu tərə­findən məğlub edilən Radaqais yaxalandı və edam edildi (avqust 406). Bu zəfəri ilə Uldız Ro­manı xilas etdi135. O eyni zaman­da hun qüdrətindən bir kərə daha ürkən vandal, alan, sueb, sarmat, kelt və başqa kütlələrini Reyn ça­yının o tərəfinə, Qali­yaya getməyə məcbur etməklə hunların qərbə doğru yol­ları üzərindəki ma­neələri qaldırmış, buralarda hun qüvvələrinin sər­bəst hərəkətlərinə imkan hazırlamışdı.

Hüdudları Asiyada Aral gölü­nün şərqinə qədər uzandığı anlaşılan136 hun imperatorluğunun qərb qa­nadının kralı (=elik, bax: aş. Kültür: Hökm­dar) oldu­ğu təxmin edilən Uldız137 404-405-ci illərdə və xüsusilə 409-cu ildə Dunayı keçərək, çayın cənubunda bəzi körpü-başlarını tut­maq surətilə Bizansa hun təh­didinin azalmadığını göstərmiş və yunan qay­naqlarına görə (Sozomenos, Co­dex Theodosianos və b.) barış müza­kirəsi üçün göndərilən Trakiya generel-qu­ber­natoruna (magister militum) "Günəşin batdığı yerə qədər hər yeri zəbt edə bilərəm" deyərək meydan oxu­muşdu138. Uldızın ölü­mündən (410-ci illər) sonra hun imperatorlu­ğu­nun başında Karaton dururdu. Bunun haqqında bildiyimiz sadəcə 412-ci ildə Bizans elçisi Olympio­doro­sun onun yanına getmiş olduğu­dur139. Ka­raton daha çox şərq işləri ilə uğraş­mış görünür. 422-ci ilə qədər hun­lar haqqında bilgi verilmədiyindən o qa­nad­dakı məşğu­liy­yətin on sənə qədər sürdüyü təxmin edilməkdədir. 422-ci il Avropa hunları tarixində yeni bir döv­rün başlanğıcı kimidir. Həmin il hun hökmdar ailəsinə mən­sub dörd qardaşdan (Rua, Muncuk, Aybars, Oktar) biri olan Rua impe­ra­torluq mə­qamına oturdu, Muncuk (Attilanın atası) erkən öldüyü üçün digər iki qardaş "qanad elikləri" vəzifəsində idi. Siyasət­də Uldızın izində yürüyən Rua Bizansın hun ordusunu üsyana təşviq etmək və tabe qövm­ləri hun­lar­dan ayırmaq məqsədi ilə hun tor­paqlarında fəaliyyə­tə keçirdiyi casus­luq şəbəkəsini və təbliğatçıları irəli sürərək tərtib etdiyi Balkan sə­fərində (422) müqavimət göstərməyən Bizansı illik vergiyə bağ­ladı: 350 librə al­tın (25,200 solidus)140. İmperator II Theodosiosun (408-450) 423-cü ildə hələ 4 yaşında ikən Qərbi Roma imperatoru elan edilən III Valentinianus qarşısında Romaya sahib olmaq iddiası ilə İtaliyaya ordu və donanma sövq etməsi Qərbi Romanı hunlara daha çox yaxınlaşdırdı. Roma se­na­tının da kiçik imperatorun yerinə I "Notarius" (dövlət baş müstəşarı) Jo­han­nesi seçməsi üzərinə o zaman 35 yaşında olan ünlü əsilzadə F. Aetius (Aesius) yardım istəmək üçün Ruanın yanma gəldi141. Hun imperatoru 60 min süvari ba­şında İtaliyaya yönəldi. Savaşa girmədən qüvvələrini çəkən Bizansdan ağır bir hərb təzminatı alındı. İrəlidə Attila ilə hesablaşacaq olan Aetius gənclik çağının Roma taxtı işlərinə qarışmaqdan doğan böh­ranlı an­la­rını hun yardımı ilə atlat­mış, "magister militum" ikən kon­sul­luğa yük­səldiyi 432-ci ildə Afri­kada van­dal kralı Geiserikh ilə mü­cadilə edən rəqibi Bonifacius qarşısında canını Ruaya sığınmaqla qurtar­mış, imperator Valen­ti­nia­nusun anası Placidia da hun qüvvə­lərinin İtaliyaya yönəlməsi üzərinə Aetius ilə uzlaşmağa məcbur olmuşdu.

Bütün bunlar Ruanın qüvvətli şəxsiyyəti ilə hun dövlətinin hər iki Ro­ma­nın iç və dış siyasətinə yön verdiyini göstərməkdə idi. Artıq hun­­la­ra tabe bar­bar qövmlərin Romaya güvənərək hər hansı bir hərəkətə qal­xış­maları haq­da söz ola bilməzdi. Ancaq Bizans tarixçisi Priskosun ifa­dəsi ilə "Rua­dan barışı il­də 350 librə altınla satın almış olan II Theo­do­sıos142 yenə də hun idarəsində ya­şayan yabançıları gizlicə təhrik et­mək­dən geri qalmırdı. Bu səbəblə Rua o zamana qədər bizanslıların hun impera­tor­luğundakı yabançı­lardan muzdlu əs­gər toplama fəaliyyətlərini və bızans­lı tacirlərin hun tor­paq­larında ticarət et­mələrini yasaqladı. Ölkəsi da­xilində heç bir yunan sər­bəst dolaşa bilməyəcək və ticarət müəyyən hü­dud qəsəbələrində aparıla­caqdı. Bu arada Rua bir müddət öncə Bizan­sa sığınmış olan hun əyan­la­rından Mama və Atakamın oğullarının və digər hun qaçaqlarının geri veril­məsini istədi. II Theodosios sürətlə müqa­vilə bağlamaq ümidi ilə elçilik heyətini hun paytaxtına göndərməyə qərar ver­di. Fəqət o sırada Rua öldü (434-cü ilin baharı). Bizans qüdrətli bir düş­məndan qurtulduğu üçün sevinir, yepiskop Prokulos vəzlərində tan­rının mömin impe­ra­tor Theodosiosun dua­la­rını qəbul edərək Bizans üzə­rin­dən bir təhlükəni qal­dırdığını söyləyirdi. Fəqət hun hüdudlarına gələn Bizans elçilik heyəti Ruanı da kölgədə qoyan bir başbuğ ilə qarşılaşdı: Attila (Ətil). Hunların başına keçdiyi zaman 39-40 yaşlarında olan At­tila, atası Muncuk erkən öldüyü üçün əmisi Ru­a­nın ya­nında yetişmiş, onunla birlikdə səfərlərə qatılmış, müxtəlif qövmləri ya­xın­dan tanımaq imkanını əldə etmiş, dövlət idarəsini, hun iç və dış siyasətinin əsaslarını öyrənmiş­­di. Məmləkəti böyük qardaşı Bleda (sonralar macarlar tərə­fin­dən Buda adlandırılmışdır) ilə birlikdə təhvil almışdılar. Fəqət qay­naq­­larda açıqlan­dığına görə, əyləncədən xoşlanan, enerjisi az Buda ikinci planda qala­raq, dövləti ciddi bir hökmdar vəsfi daşıyan qardaşına tərk et­mişdi. Ordu və dış əlaqələrin düzənlənməsi Attilanın əlində idi. Əmilə­ri Ay­bars (şərq qa­nadı eliki) və Oktar (qərb qanadı eliki) Rua zama­nın­da­kı öz yerlərini qo­ruyurdular. Aralarında iddia edildiyi kimi bir rəqabət-fılan yox idi, Bleda da "iqtidar hirsi ilə yanan" Attila tərəfindən ortadan qaldırılmış de­yildi. Attilanın köməkçisi si­fəti ilə 11 il hun imperator­lu­ğunun idarəsində iştırak edən Bleda 445-ci ildə öz əcəli ilə ölmüşdür143.

434-cü ilin baharında hun sərhədlərinə gələn Bizans elçilərini At­t­­ila Du­nay ilə Morava çayının birləşdiyi yerdəki Bizans Marqos (bu­gün­kü Dub­ro­vit­sa) qalasının tam qarşısında, Dunayın şimal sahilində yer­lə­şən Kons­tantia divarları önündə at üzərində qarşıladı və dincəl­mə­lə­rinə dəxi izin ver­mədiyi elçilərin (biri konsul-general, digəri seçkin bir diplo­mat) təmsil­çi­lə­rinə tələb­lərini barış şərtlərı olaraq yazdırdı. Kons­tantia və ya Marqos sülhü deyə anılan bu andlaşmanın başlıca maddə­lə­rınə görə, Bizans bundan belə hun­lara bağlı qövm­lərlə müzakirələrə, it­tifaqlara giriş­məyəcək, hunlardan qaçan­lara (əsir alınmış Bizans təbəələri daxil) sığın­­ma haqqı tanımayacaq, Bizansın əlindəki adamlar geri verilə­cək (yu­nan əsilli olanlar üçün fidyə ödənə biləcək), ticari münasibətlər ye­nə mü­əyyən hüdud qəsəbələrində da­vam edəcək və Bizansın ödə­məyi təəhhüd etdiyi illik vergi iki qatına (700 librə altın və ya 50.400 so­lidus) çıxarıla­caqdı144.

II Theodosios eynən qəbul etdiyi bu anlaşmanın hökmlərinə uy­ğun ola­raq, hunlara qaytarılan qaçaqları Attila hələ Bizans ölkəsi içində Traki­yada Kar­sus (Bolqarıstanda Xirsovo) qalasında asdırdı. Bu durum hun­lar arasında olduğu qədər Bizansda, Ro­mada və digər qövmlər ara­sın­da da At­tila adının dəhşət saçan bir avtoritetin timsalı halına gəlməsinə səbəb oldu. Bundan sonra Attila imperatorlu­ğun şərq bölgələrində at üzə­rində aylarca sürən bir təftişə çıxaraq İtil (Volqa) sahillərindəki şara­ğur­ların (ağ-oğur) qiyam təşəbbüsünü yatırtdı (435). Qərb qanadının ağırlıq mərkəzi Dunay ətrafında, şərq qanadının ağırlıq mərkəzi Dnepr həvalısində olduğu təxmin edilən bu tarixlərdə hun im­pe­ratorluğunda qay­naq­lardan (Priskos, Jordanes, P. Diaconus, J. Honorius və s.) təqib edılə bil­diyi qədər başlıca bu toplumlar yer almışdılar:

A) Germanlar (şərqdən qərbə): şərqi qot, gepid, turcilinq, sueb, mar­ko­man, kuad, herul, ruqi, skir.

B) Slavyanlar (Orta və Qərbi Rusiyada): veneda, ant, sklaven.

C) İranlılar (Qafqazlardan Dunaya qədər, dağınıq halda): alan, sar­mat, baştarna, neur, roxolan.

D) Fin-uqorlar (Uraldan Baltikə qədər): çeremis, mordvin, merya, veşi, çud, est, vidivari.

E) Türklər: imperatorluğun hər tərəfinə yayılmış olaraq hunlar, Qara dənizin şimal düzənliklərindən Volqaya qədər beş-oğur, altı-oğur, on-oğur, şarağur, Azovun qərbində akatir145, Volqanın şərqində sabar və başqa türk kütlələri146.

Sayları 45-ə varan və müxtəlif dil və soydan olan bu qövmlər yal­nız siya­si yöndən bir birlik təşkil etməkdə, yabançı qövm və ya zümrələr ancaq rəisləri, şefləri və kralları vasitəsi ilə dövlətə bağlı idilər. Hun im­pe­ratorluğu daxilində sükunət vardı. 442-ci ildə hun dövlət məclisi baş­qanı və baş naziri olan147 (bax: aş. Kültür: Hökmranlıq, Hö­kumət) One­ge­sios148 ilə Attilanın bö­yük oğlu İlək idarəsindəki hun ordu­ları tərəfin­dən yatırılan akatir üsyanı dı­şında bu sükunət pozulmamışdı. Halbuki Roma imperatorluğunda qövm­lər köçü dolayısıyla hə­rəkət halın­da olan qövmlərin keçiş yolları üzərində geniş ölçüdə təxribat et­mələri, yerli xal­qın məhsullarını zorla əllərindən al­maları və s. üzündən baş­layan və ge­niş­ləyən kəndli (baqaudlar) üsyanları nizam və asayişi möhkəm sar­sıt­mış, buna qarşı Roma Aetius vasitəsi ilə bir da­ha hunlara müraciət et­mə­yə məcbur olmuşdu. İki il qədər sürən müdaxilə sonunda Attilanın gön­dər­diyi hun müfrəzələrinin yardımı ilə üsyanın rəh­bərləri Aetius tərə­fin­dən ortadan qal­dı­rılsa da149 bu dəfə kral Qundikar ida­rəsində bugünkü Belçika bölgəsinə saldıran burqundlarla savaşmağa məc­bur oldular. Xü­susilə Necker çayı boyunca cərə­yan edən muharibələrdə hun or­dusuna qərb qanadı eliki Oktar komanda edirdi ki, rəvayətə görə, kral Qun­dikar da daxil olmaqla 20 min burqundun öldüyü bu hun-burqund mü­ca­diləsi almanlarm məşhur "Nibelungen" dastanlarına mövzu təşkil etmiş­dir150. Bü­tün “Germaniya”nın hunlar tərəfindən zəbtini tamamlayan bu sa­vaş­lar nəticəsində 436-cı illərdən sonra bu qövmlərin də türk idarə­sinə alın­dığı anlaşılmaqdadır: burqundlar, bayavurlar, yut-hanqlar, aşağı Reyn sahə­sin­dəki franklar, türinglər, lonqo­bardlar hun hakimiyyətinin "okean ada­la­rı”na, yəni Şimal dənizi və La-Manş sahillərinə çatdığı ha­disələrin müasiri tarixçi Priskos tərəfindən bildiril­mişdir151.

440-cı ildən etibarən Attila Bizansa qarşı təzyiqi artırdı. Çünki II Theo­dosios Konstantia andlaşmasının hökmlərinə zidd olaraq, hunlardan qa­çanları geri verməkdə ağır davranır, hətta bunlardan bəzilərini yüksək mə­qamlara təyin edirdi. Məsələn, qot mənşəli Arnegisclusa general rüt­bəsi ilə Trakiyada hun sər­hədində vəzifə vermişdi. Müştərək bazar yer­lə­rində yunan tacirləri hunları al­dadırdılar. Marqos yepiskopu Kons­tan­tia civarında qiy­mətli metallardan düzəldilmiş silahları və zinət əşyası ilə bir­likdə gömülən hun böyüklərinin mə­zarlarını soymuş152, bu davranış hunları qəzəbləndir­miş­di. Nəhayət, Bizans, yu­xa­rıda bəhsi keçən akatir­lər üsyanında təhrikçi rol oynamışdı. Digər tərəf­dən, Şimali Afrika van­dal kralı Geiserikh Aralıq dənizindəki hərəkətini əngəl­ləyən Bizansa qar­şı Attiladan yardım istəmişdi. Bu səbəblərlə Attilanın idarə­sində Marqo­sun zəbti ilə başlayan I Balkan sə­fəri (441-442) Sinqidunum (Bel­qrad) və Naissus (Niş) üzərindən Trakiyaya doğru genişləyərkən Qərbi Roma­nın vasitəçiliyi nəticəsində sürətini kəsdi. Roma orduları baş komandanı Ae­tius bundan belə Theodosiosun andlaşma şərtlərinə riayət edəcəyini qa­ran­tiləmək üzrə öz oğlu Karpilionu hun sarayı­na girov olaraq göndər­miş­di153. Bu səfər so­nunda Dunay boyundakı qalalar hun idarəsinə keçmiş, daha geri xətlərdəki is­tehkamlar dağıdılmış, Balkan­larda hunlara qarşı du­ra biləcək müqavimət yuva­ları yox edilmişdi.

445-ci ildə Bledanın ölümü nəticəsində tək başına hun imperatoru olan Attila iqtidarının zirvəsinə yüksəlməkdə idi. Qərbi Asiyaya və Orta Av­ropaya ha­kimdi. Hər iki Romanm vəziyyəti ortada idi. Attilaya qarşı çı­xacaq bir qüv­vənin yoxluğu psixoloji bir əlaməti kimi savaş tanrısı Aresin qılıcını Attila­nın əllərinə verdiyi fikrini yaymışdı. Priskosa gö­rə, uzun za­mandan bəri itmiş olan bu qutlu qılınc bir hun çobanı tərə­findən tapılaraq Attilaya gətirilmişdi. Ar­tıq dünyanın fəthi yaxındı, zira Aresin qılıncı vasi­təsi ilə yer üzünə hökm etmə yetkısinin Tanrı tərəfin­dən Attılaya verildiyinə inanı­lır­dı154. Buna əlavə olaraq, Bizansın qaçaqları geri ver­məkdən çəkin­məsi, illik vergini ödəmədə is­təksizliyi II Balkan səfə­rınin açılmasına səbəb oldu (447). Attilanın idarəsi al­tın­da bir neçə nöqtə­dən Dunayı keçən hun or­dusu iki qoldan irəliləyərək qa­laları, Sar­dika (So­fiya), Philippopolis (Filibe), Markianopolis (Preslav), Ar­kadiopolis (Lüləburqaz) istehkam, mövqe və şə­hərlərini zəbt edə-edə və Tesa­li­yada Ter­mopilə qədər geniş bir dairə cızdıq­dan sonra Bizans paytaxtını mühasirə etmək üzrə Athyraya (Böyük Çək­məcə) çatdı. Orada sülh bağlamaq üçün Theodo­si­osun sürətlə göndərdiyi magistr və patricius Anatolios At­tila tərəfin­dən qəbul edildi və anlaşmaya varıldı (Anatolios sülhü). Buna görə, Dunayın cənubunda beş günlük mə­safədəki yerlər əsgərdən arındırılacak, buralardakı bazarlar ye­rinə artıq bir hun hüdud şəhəri halına gə­lən Naissusda (Niş) ortaq bazar quru­lacaq155, Bizans hərbi təzminat ola­raq 6.000 librə altın ödəyəcəkdi. Ayrıca illik vergi üç qatına (2.100 librə altın və ya təqr. 150.000 solidus) çıxa­rılmışdı156.

Bizans baxımından ən ağır şərt illik vergi idi. Hər il bu qədər al­tın tə­darük edilməsi impera­torluğun gücünü aşırdı. Şaşırdığı anlaşılan The­o­do­sios sarayındakı əyan­ların da tövsiyəsi ilə qəribə bir qurtuluş yolu tap­dı, bir sui-qəsd ilə At­tılanı ortadan qaldırmağı planlaşdırdı. Başında Ede­kon (ümu­mən qə­bul edildiyinə görə, skir germanlarının rəisi, fə­qət A. Vam­beriyə gö­rə, türkcə adın əsli Edikkün) və Orestesin (panno­niyalı bir romalı) olduğu hun elçilik heyəti ilə birlikdə Bizans paytax­tın­dan Attila­nın dövlət mər­kə­zinə, yəni Orta Macarıstana doğru yola çıxan, tanınmış hüquq bilgini Ma­xi­minos başqan­lığın­dakı heyətdə yol qeydləri, başda At­tila və çağı ol­maq üzrə V əsr Avropa türk tarixini ayrıntılı şə­kil­də öy­rən­məmizə yar­dım edən katib Priskos da daxil idi. Sui-qəsdi ger­çək­ləş­dir­məklə vəzifəli Bigi­lanın da qatıl­dığı heyət 448-ci ilin yayında hun pay­taxtına (yeri təyin edilə bilməmişdir) gəldiyində Edekon vasi­təsi ilə vəziyyətdən hali olan At­tila keçirdiyi şifahi sorğuda Bigilaya məq­səd və fəaliyyətlərini etiraf et­­­dirdi. Bi­zanslıların heç birinə toxunmadı, fəqət Theo­do­siosa xitabən yaz­dığı bu me­sajı xüsusi elçi ilə imperatora yolladı: "The­o­dosios Attila kimi əsalətli bir atanın oğludur. Attila atası Muncuk­dan aldığı əsaləti mü­hafizə etmiş, fəqət Theodosios At­tilanın xərac-gü­zarı olmaqla kölə və­­ziy­yə­tinə düşmüşdür. Theodosios kölə­lik heysiy­yə­tini də qoruya bil­mə­miş­dir, çün­ki əfəndisi olan Attilanın canına qıymaq istəmişdir"157. Attila­nı təskin et­mək üzrə Bizansdan dərhal yuxarıda adı keçən Anatolios ilə magistr və kan­selyar Nomos baş­qanlığında ikinci bir heyət yola çıxarıldı. Bu elçilər hun pay­taxtında Attilanı təxminlər xila­fina sa­kit və yumşaq gör­­dülər. Zira hun dış siya­səti dəyişmək­də idi: im­pe­rator The­odosiosun şəx­sində Bizansı tamamən öz ira­dəsinə bağlı qəbul edən At­tila artıq Qər­bi Romaya yönəlmə zamanının yaxın­laşdığı qə­naə­tinə var­mışdı.

Qər­bi Romaya son mühüm hərbi dəstək 439-cu ildə gös­tərilmiş, on­dan sonra yardımlar tədricən kəsilmişdi. Qərbi Roma hun döv­­­­­­lətinə il­lik ver­gisini müntəzəm ödəməklə bərabər158 yeni vəziyyətin fər­qində olan baş ko­man­dan Aetius mühtəməl bir hun-Roma toqquş­ma­sına hazırlaşır­dı: Barbar­larla mü­na­sibətlərini düzəltmiş, onlardan aldığı muzdlu əs­gər­lərlə türk üsu­lunda çoxu süvari birliklərindən ibarət ordular təşkilinə girişmiş, hunlara bağlı bəzi qövm­lərlə gizli təmaslar aramağa baş­­lamışdı. Buna qarşılıq Attila da 443-cü ildə tək­rar alovlanan və Qaliya­dan İspa­niyaya da sıçrayan kəndli üsyanları ilə yaxın­dan maraqlanır, Romaya qarşı vandallarla işbirliyi imkan­larını araşdırırdı. O da, şübhəsiz, Roma impe­ratorluğu və barbarlardan mey­dana gələn bütün Qərb dünyası ilə hesabla­şa­cağı üçün işin əhəmiyyət və nə­zakətini təqdir etməkdə idi.

448-ci ildən etibarən iki il qədər sürən hun siyasi və hərbi hazır­liğı ta­mamlanınca At­tila ilk diplomatik hücumunu Romaya yönəltdi. İm­pe­rator III Va­lentinianusun bacısı, vaxtilə ərə getmək arzusu ilə Attilaya nişan üzüyü gön­dərən və 425-ci ildən bəri imperator hüququna sahib ol­duğunu göstər­mək üçün "Avqusta" ünvanı ilə anılan, dəlisov təbiətli Ho­noriyanı zövcəliyə qəbul etdi­yi­ni bildirən Attila cehiz olaraq impera­tor­luğun Honoryianın his­səsinə düşən ya­rı­sını və ya Avqustanın əri sifəti ilə Roma imperator­luğunun idarəsində işti­rak haqqını istədi159. Öncə oyala­ma yolunu tutan Valenti­nia­nus ilə Aetiusun tək­lifi nəhayət açıqca rədd et­­­mə­ləri böyük hun səfərini məşrulaşdırdı. Reyn sa­hil­lə­rin­dəkı Ripuar frank­ları və vizigotlarla əlaqədar bir-iki anlaşmazlıq da sa­vaş ha­vasını qızış­dırdı.

451-ci ilin əvvəllərində Orta Macarıstandan qərbə hərəkətə ke­çən hun qüvvələrinin mövcudu 80-100 mini türk, bir o qədəri də yardım­çı german və slavyan olmaq üzrə 200 min civarında idi. Hun orduları mart ayı ortalarına doğ­­ru Reyn çayını üç nöqtədən keçərək Qaliyaya gir­dıyi zaman İtaliyadan yola çıxdıqdan sonra hun düşməni barbarların ver­diyi yardımçı qüvvələrlə sayı yenə 200 minə yüksələn Aetius koman­da­nlığındakı Roma ordusu Qa­liyadan şimala doğ­­ru sürətlə irəliləyir; hun or­duları Mettisi (Metz) (7 aprel) və Durocortorumu (Rheims) zəbt edərək Paris yaxınındakı Aure­lianum (Or­leans) şəhərinə çatdığı zaman Aetius da oraya yetişmişdi. Fəqət qarşılaşma Attilanın türk taktikasına daha uy­ğun gördüyü Katalaunumda (və ya Cam­pus Mauriacus/Kampus Mav­riya­kus/ sahəsi, Troyes şəhrinin qər­bində Şam­­­pan ovasına doğru) oldu (20 iyun 451)160. Qərb dünyasının iki yarısının bir-biri üzərinə yüklən­dıyi, nəhayət, 24 saat sürən, iki tərəfin də çox ağır itkilər verdiyi (Jorda­ne­sə görə, 165 min ölü!) mühəqqəq olan bu böyük savaşda kimin qalib gəl­diyi hələ də mübahisə mövzusudur161. Avro­palı tarixçilər ta A. Thier­rıdən bəri (1856) Attilanın yenil­diyini söyləyirlər və buna Roma qüvvə­lə­rinin məhv edilmədən hunların çəkil­diyini dəlil ola­raq göstərirlər. An­caq son araşdırmalar məsələyə bir az daha işıq tutmuş görünməkdədir: an­­la­şıl­mış­­dır ki, savaş gününün axşamı Roma ordusu dağıl­mış162, birlik­ləri ara­sında irtibatı itirən başkomandan Aetius belə yanlışlıq­la düşdüyü hun his­sələri arasından güclüklə qurtulmuş163, ertəsi gün er­kən saat­larda Ro­maya bağlı qərbi qot ordusu savaşda ölən kral Theodorikhin oğlu Tho­ris­mund ida­rəsində müharibə meydanından uzaqlaşmış, ağır itkilərə uğra­yan frank qüv­və­­ləri də onları təqib etmişdi. Ayrıca bu savaşda Attilanın qa­­yəsinə çat­­dığı da aşkardı. Qərbi hakimiyyəti altına ala bilmək üçün Ro­­­ma im­pera­tor­lu­ğu­nun insan və əsgər anbarı sayılan Qaliya bar­barlarım səf dışı etmək istəyi ilə ön­cə Qaliyaya yürümüş olan Attila Ro­manın bu təbii müt­təfiqlərinin savaş gü­cünü qıraraq Romanı dəstəksiz bu­raxmağa müvəffəq ol­muşdu. Ünlü Aeti­u­­sun Romada gözdən düşmə­si164 bunun nə­ticəsi idi. Ordu­larını Qaliya orta­sın­dan olduqca sağlam və intizam içində 20 gün qədər bir za­manda öz pay­taxt böl­­gəsinə gətirə bilən Attila qüdrət və qorxuncluğunu mühafizə etdi­yinə gö­rə, o vaxt Ro­mada Kampus Ma­uriakusdan tez-tez soru­şu­lan suallar­dan bi­ri də bu idi: qərb impe­rator­luğu bu savaşdan nə qazandı? Heç bir il keç­­mə­miş Attila İtaliya səfərinə baş­la­dığı zaman Romanın hunlara qarşı çı­xaracaq qüv­və­si qal­mamışdı. Hadisələrin müasiri Prosper Tironun (Papa I Le­onun ka­tibi) qeyd et­di­yinə gö­rə165, Aetius müqavimət imkansızlığı dola­yı­sıyla im­perator Va­len­ti­nianusun İtaliyadan ayrılmasını tövsiyə etməkdə idi.

Attila 452-ci ilin baharında nüvəsini süvari qüvvələrin təşkil et­diyi 100 minlik ordusunu Julia Alplarından keçirərək bugünkü Venesiya düzən­liyinə en­dirdi. Oradakı məşhur Aquileia qalasını zəbt etdikdən son­ra Po ova­sına girdi. Aemilia bölgəsini işğala başlayıb Roma imperator­­lu­ğunun o za­mankı paytaxtı Ravennanı təhdid etməsi məsələnin nəhayətə çatdırıl­masına kafi gəldi. Roma sarayı əndişəli, xalq təlaşlı, senat nə olursa-ol­sun sülh bağ­lamaq qərarında idi. Kilsə də bu arzuya qatıldı. Sü­rətlə bir heyət hazırlandı. Xitabəti ilə məşhur I Papa Leo ("Böyük Leo") başqan­lığında konsul G. Avianus və əski "pra­e­fec­ture" Trygetius­dan iba­rət bu he­yət Mincio çayının Po çayına töküldüyü dü­zən­likdə ordugahını qurmuş olan Attila tərəfindən qəbul edildi (452-ci il iyulun ortası). Papa im­pe­ra­tor və bütün xristian dün­yası adından böyük türk baş­bu­ğun­dan Ro­manı əsirgəməsini rica etdi. Beş il qədər öncə böyük bir qüvvə ilə Çək­məcəyə qədər gəldiyi halda İstanbulu təxrib etməkdən necə qaçınmış isə pa­panın ağzından Romanın təslim oldu­ğu­nu öyrəndikdən sonra bu əs­ki mədə­niy­yət mərkəzini qorumağı da vəzifə sayan Attila müzəffər ordu­su ilə pay­tax­tı­na dönərkən, şübhəsiz, eynən Bi­zans kimi Qərbi Roma im­perator­lu­ğu­nun da öz iradəsinə bağlandığı qənaə­tində idi166. Priskosun 448-ci il­də hun paytaxtında Qərbi Roma elçisi Ro­mulusdan duyaraq bil­dirdiyi kımi167, indi növbə Orta Şərqdəki sasanilərdə idi. Oranın da hima­yəyə alın­ması ilə "dünya hakimiy­yəti" gerçəkləşəcəkdi. Fəqət bu, Attila­ya nəsib olmadı. İtaliya səfərindən dönəndə, rəvayətə görə, zifaf gecə­sin­də daxili qanaxma nəticəsində ağzın­dan, burnundan qan boşal­maq su­rətilə öldü (453)168. Yaşı 60 civarında idi.

Attila millətlərin hafızəsində tarixin ölümsüzlüyə çatmış nadir sima­ların­dan biridir. Xatirəsi ətrafında İtaliyada, Qaliyada, german məmlə­kət­lə­rində, Britanyada, Skandinaviyada və bütün Orta Avropada əsrlərcə ağız­dan-ağıza do­la­şan əfsanələr törəmiş169, romançılara, rəssamlara, hey­kəltə­raş­lara mövzu ol­muş, haqqında ən çox kitab yazılan şəxsiyyətlərdən biri du­rumuna yüksəlmiş, dramaturqlara, bəstəkarlara ilham vermiş, adına bir dü­jünə yaxın opera bəstə­lənmişdir170. Son yarım əsrdə aparılan tə­rəfsiz tarix araşdırmaları onun xristian ortaçağının təəssüb qoxulu uy­dur­­­maları ilə əla­qə­si olmadığını, Nibe­lunq das­tanları başda olmaq üzrə o dövrkü qeydlərin onu xeyirxah, babacan, çox yük­sək vəsfdə bir hökmdar kimi tanıdığını or­taya qoymuşdur171.

Attilanın ölümündən sonra xatunu Arığ-kandan doğulan üç oğlu sıra­sıyla İlək, Dəngizik, İrnək atalarının yerini tuta bilmədilər. İmperator olan İlək qi­yam edən german qövmləri ilə girdiyi Nedao (Avstiryada) sa­va­şında həyatını itirdi (454-cü il). Çox cəsur, fəqət siyasi zəkadan məh­rum Dəngizik imperi­ya­nın birliyini yenidən qurmaq üçün nəticəsiz mü­barizələlər içində çırpına-çır­pına, nəhayət, bir bizanslının qılıncı ilə can verdi (469-cu il). İr­nək isə böyük qardaşlarının ölümündən sonra artıq Orta Avropada qalmağın çətinliyini anla­yaraq, savaşlarda yorğun düşən hunların böyük qismi ilə Qara dənizin qərb sa­hillərinə döndü. İrnək ida­rəsindəki hunların öncə Güney Rusiya düzənlik­lə­rində görünən, sonra Balkanlarda və Orta Avropada birər dövlət quran bulğar­larla macarların təşəkkülündə böyük rol oynadığı anlaşıl­maqdadır. Tarixi qeyd­lərdə bul­ğar-türk dövlətinin hökmdar ailəsi olan Dulo (Doulo) sülaləsinə (bax: aş. Bö­yük Bulğariya dövləti) mənsub göstərilən İr­nək macar gələnəklərində, macar qəbilələrini Dunay boyuna gətirərək orada yerləşdirən Arpad xa­nə­danı tərəfindən əcdad olaraq tanınmaqdadır. IV əsrdə hunlara Volqa­dan qərbə doğ­ru rəhbərlik edən geyik motivli "Sehrli geyik" əfsanəsin­də172 də hunlarla ma­carlar (Hunor-Moger) qardaş göstərilmişdir (bax: aş. Xəzər xa­­­qanlığı). Nə­ha­yət, Macarıstanda yaşamış sekellərin hunla­rın xid­mət­çiləri olduğu zən­nini oyadan bir başbuğ Çaba əfsanəsi var173.

Avropa hun kütləsi yalnız bu türk dövlət və toplumlarının təşək­külünə və kültür yönündən Qərbi Avrasiyaya sağlam bir zəmin ver­məklə qalmamış, daha mühüm olaraq, Asiya qitəsində yer darlığı, qıtlıq üzün­dən və ya siyasi-hərbi bir səbəblə sıxıntıya düşən və bu tədirginlikdən qurtulmaq üçün hü­zurlu, rahat, hür yeni iqlimlər arayan türk kütlələrinə qərb yönünün açıcısı olmuşdur. Eyni za­manda, yol üzərindəki hind-İran və german qruplarını (alanlar, sar­matlar, qotlar və b.) irəliyə, uzaqlara qovaraq və ya qismən öz içində əridərək təmiz­ləmək surətilə bu yolu son­­­rakı 900 il müddətlə türk köçlərinin xidmətinə hazır­la­mış­dır. Bu nöq­tə­nin xüsusilə göstərildiyi174 qərb araşdır­ma­la­rında hunlar üzə­rində Avro­pa­nın müxtəlif kültürəl təsiri möv­zu­sunda görülən aşırılıq da diqqət­dən qaçmamaqdadır175.

Attilanın sarayında yabançı kökənli görəvlilərin olduğu, bunların yük­sək mövqelər tutduğu və türk, qot, latın dillərinin eyni dərəcədə danışıldığı doğru­dur. Ancaq xalqı german və latın olan Avropa qitəsində təbii sayılması gərəkən bu durumun dərin kültür təsirindən ziyadə hun-türk im­periyasının səciyyəsin­dən doğduğunu qəbul etmək daha isabətli olar. Çünki hun toplu­mu nə dil, nə də həyat tərzi yönündən dəyişikliyə uğra­mamış176, siyasi iqti­dar sona çatınca da oraları tərk etmək və türk çevrə­sı­nə dön­mək tərcih edil­mişdir. Buna qarşılıq, hun hakimiyyəti çağının Av­ropada aşağıdakı dərin təsirləri olmuşdur:

a) "Qövmlər köçü" yolu ilə etnik (Avropa əhalisinin bir-biri ilə qarış­ması, təqribən bugünkü durumun təməli);

b) Savaşlar və ya dostca münasibətlər yolu ilə ədəbi (Nibelungen das­tanı, əfsanələr və s.);

c) Bozqır sənəti yolu ilə estetik177;

ç) Qərbi Roma imperiyasının yıxılması (476-cı il. İtaliyanın ilk yaban­çı kralı Odovakar Attilanın sadiq adamlarından Edekonun oğlu idi) və bö­yük istila hərəkətlərinin başlaması nəticəsində çox mühüm bir tarixi inkişaf olaraq, Roma-german qruplaşma meylinin oyanması178 yolu ilə siyasi;

d) Hətta kəndlinin və gücsüzün qorunmasına yönələn "cəngavər­lik" (dar mənada, atlı savaşçılıq) həyatının və Roma imperatorluq anla­yışına qarşı milli duyğuların yaradıcısı olaraq sosial179;

e) Avropa ordularının türk sisteminə görə islahı hərəkətləri (bax: aş. Kültür: Ordu) dolayısıyla hərbi baxımlardan türk kültür təsirləri Qərb­də bü­tün orta çağ boyunca davam etmişdir.



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə