İlqar hüseynov nigar əFƏNDİyeva


İ. Hüseynov, N. Əfəndiyeva



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə38/94
tarix07.11.2017
ölçüsü5,04 Kb.
#8760
növüDərslik
1   ...   34   35   36   37   38   39   40   41   ...   94

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
77
mənim sözlərimə diqqətlə qulaq asdığın üçün, heç bir kəlamı yaddan çıxartmadığın üçün, sən yazı sənətinin 
zirvəsinə çata biləcəksən və onun incəliklərinə yiyələnəcəksən. Səni görüm qardaşların arasında lap yaxşı 
olasan, dostların arasında lap baş olasan, habelə  şagirdlər arasında lap birinci olasan. Sən məktəbdə yaxşı 
oxumusan, görürsən, sən artıq savadlı adam olmusan». 
Bu hekayə hələ qədimdə çox geniş yayılmışdı. Qazıntılar zamanı bu hekayənin 21 nüsxəsi tapılmışdı. 
Lakin mətn müəllimin maaşı haqda fikir yürütmək üçün imkan vermir. Müəllimin evə dəvət edilməsi və ona 
ehtiram göstərilməsi yaltaqlığın tarixini göstərən ilk tarixi faktdır, müəllimə  hədiyyə verilməsi 
rüşvətxorluğun tarixinə aid ilk sənəddir.  Şagirdin təhsil haqqını, yəqin ki, valideyn ödəməli idi. Lakin 
valideyn müəllimə  əmək haqqından başqa  əlavə  hədiyyə  də verirmiş. Müasir dövr baxımından müəllimin 
aldığı  hədiyyə rüşvət kimi, şagirdin hərəkəti isə, yaltaqlıq kimi qiymətləndirilə bilər, lakin bu mülahizə 
həqiqətdən xeyli uzaqdır. Əgər şagird tənbəl və fərsiz olsaydı, birinci hekayədəki kimi, dərsdən yayınsaydı, 
onda həmin mülahizələrə  bəraət qazandırmaq olardı. Hekayədə  tələbkar müəllim və çalışqan  şagird surəti 
yaradılmışdır. Şərq adət-ənənəsinə uyğun olaraq bu faktı müəllimə göstərilən ehtiramın və qonaqpərvərliyin 
ilk yazılı nümunəsi kimi də qəbul etmək olar. 
Təsərrüfat həyatının praktiki tələbləri müxtəlif sahəli elmi biliklərin yaranmasına səbəb olmuşdu. 
Məsələn, ulduzların və planetlərin müşahidəsi təqvimin tərtib olunmasına, torpaq sahələrinin ölçülməsi riyazi 
qaydaların müəyyənləşdirilməsinə, hesablama aparılmasına imkan verirdi. Bina tikintisi, hüquq normalarının 
yaradılması  və qeydə alınması, mülkiyyət və sahibkarlıq münasibətlərinin inkişafı gündəlik tələbat idi. 
Təsərrüfat işləri ilə bağlı ölçü, çəki, məsafəni hesablama qaydalarını öyrənmişdilər.  Ən ağır çəki talant 
(təqribən 30 kq), ən yüngül çəki  şeum (0.04 q) adlanırdı.  Şeum  əslində «dən, taxıl» mənasını daşıyırdı. 
Praktiki tələbat riyaziyyatın inkişafına təkan vermişdi.  Şumerlər onluq və altı onluq hesablama sistemi 
yaratmışdılar. Müvafiq qaydada bunların  əsasını, 1, 10, 100 və 60, 120, 180, 3600 və s. rəqəmləri təşkil 
edirdi.  İkiçayarasının sami mənşəli  əhalisi bu hesablama qaydasını  mənimsəmişdi. Onlar vurma, bölmə, 
dördbucaq, tənlik və kəsri bilirdilər. Onlar düzbucaq, kub dərəcəyə yüksəltmə, kökalma, cəbr tənliyi və s. ilə 
tanış idilər. 
İkiçayarasında praktiki tələbata uyğun olaraq astronomiya xeyli inkişaf etmişdi. Astronomik 
müşahidələr eyni zamanda insan taleyinin və hadisələrin gedişinin göy cisimlərinin düzülüşündən asılı 
olması inamından doğurdu. Müşahidə kahinlər tərəfindən zikkurat-məbədlərin zirvəsindən aparılırdı. 
Müşahidələrin nəticəsi yoxlanılıb yazılırdı. Təbiətin daimi müşahidəsi nəticəsində  İkiçayarasında qədim 
təqvim növləri yaradılmışdı. Bunlardan biri qəməri təqvimi olmuşdu. Bu təqvimə görə, hər ay 29 ya 30 
gündən ibarət (ayın dəyişmə mərhələsi təxminən 29.5 sutkaya bərabər idi), il isə 12 aydan və 354 gündən 
ibarət idi. lakin qəməri təqvimi şəmsi təqvimindən fərqlənirdi. Şəmsi təqvim astronomiyaya daha uyğun idi. 
Təqvimlər arasında fərq 11 günə  bərabər olurdu. Buna görə  hər üç ildən bir təqvimə on üçüncü ayı  əlavə 
edirdilər. Günəşin batması günün başlanğıcı hesab edilirdi. Ayların  əksəriyyəti təsərrüfat işlərinin 
xüsusiyyətinə uyğun olaraq ad daşıyırdılar. Məsələn, «əkin», «biçin», «taxıl», «arpa dadına baxmaq 
bayramı» və s. ay adları vardı. Yeni il bahar fəslinin əvvəlindən, əkin işləri başlanan dövrdən hesablanırdı. 
Adətən bu, mart ayına təsadüf edirdi. Günəş və ayın hərəkətini müşahidə edir, daimi müşahidə nəticəsində 
günəş  və ayın tutulmasını  əvvəldən qeydə alırdılar. Bürc ulduzlarını tanıyır və onların təsvirini verirdilər. 
İkiçayarası əhalisi günəş və su saatlarından istifadə edirdilər. «Astronomiya» üzrə dərslik tərtib olunmuşdu. 
İkiçayarasında gəmiqayıran, üzən körpü (ponton) düzəldən usta sənətkarlar vardı. Böyük çayları üzüb 
keçmək üçün üfürülmüş tuluqlardan istifadə edirdilər. 
Təbabət ovsunla sıx əlaqəli idi. Ağır xəstələri ovsunla müalicə edirdilər. Türkəçarə müalicə aparanlar 
(aşinu, maşmaşu) ilə yanaşı savadlı  həkimlər (azu) də vardı. Qazıntılar zamanı hökmdar Qudeanın vazası 
aşkar edilmişdi. Onun üzərində ilan şəklində  əsaya sarınmış sağlamlıq allahının simvolik təsviri 
düzəldilmişdi. Bu əlamət müasir təbabətdə də həkimlik rəmzini bildirir. Güman edirlər ki, İkiçayarasında ilk 
həkimlər kahinlər olmuşlar. Həkimlər fal və müalicə yolu ilə bir çox xəstəlikləri müalicə edirdilər. Onlar 
gözdən kataraktı götürür, soyuqdəyməni müalicə edir, dəri şişini kəsir, sınığı düzəldir, uşaq tuturdular. Bir 
sıra xəstəliklərin, o cümlədən ciyər, mədə, bağırsaq xəstəliklərinin  əlamətini müəyyənləşdirə bilirdilər. 
Dərmanları müxtəlif bitkilərdən, heyvan maddələrindən və mineral maddələrdən hazırlayırdılar. 
İkiçayarasında təbabət üzrə vəsait və göstərişlər hazırlanırdı. Bunlardan biri «Nippur həkiminin arayış 
kitabçası» (e.ə. XXIV əsr) adlanırdı. Burada 15 müalicə qaydası əks olunmuşdu. Nippur məbədi nəzdində 
(Kassi dövrü) xüsusi müalicəxana mövcud imiş. Hesabatlarda bir neçə qadın müğənninin müalicəsindən bəhs 
edilir. Onlar soyuqdəymə, öskürmə  və zökəm (qrip) xəstəliyinə tutulmuşdular. Burada deyilir: «E. bu 
xəstəliyə tutulub. K. və A.-nın qızları salamatdırlar və canları bərkdir. Əgər mənim ağam yazsa, onlar gəlib 
məşqə davam edə bilərlər. O ki, qaldı M.-nın qızına, onun soyuqdəyməsi keçdi, əvvəl öskürürdüsə, indi 
öskürmür. İ.-in qızının ikitərəfli sətəlcəmi davam edir. Onun rəngi qaçıbdır... dərman verilir... . B.-nın qızının 
qabırğaaltı sətəlcəmi davam edir və o, öskürür». Sonrakı hesabatdan məlum olur ki, E. sağalmış, lakin M.-
nın qızının «axşamdan istiliyi qalxıb. Səhərə yaxın ona ağı içirtdim, lakin qızdırma keçmədi, ayaqları 
soyuqdur...» 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə