İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə123/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   119   120   121   122   123   124   125   126   ...   136

                                                                                                                                                      

356


Semyonov  üstünə  göy  mahud  çəkilmiş  iri  yazı  masasının  arxasından 

durub  küncdəki  saata  yaxınlaşdı.  Jiletinin  cibindən  açan  çıxardıb  qapağını

açdı.  Adam  boyda  olan  saatın  iri  kəfgiri  ətalətlə  sağa-sola  hərəkət  etdikcə

otağa  ahəngdar  bir  çıqqıltı  yayılırdı.  Semyonov  ağ  siferblatın  üstündəki 

naxışlı  rəqəmlərə,  qızıl  suyuna  çəkilmiş  əqrəblərə baxdıqdan  sonra  zənciri 

dartdı. Elə bil saatın çıqqıltısı gücləndi. Əqrəbin böyük tayı on birin üstünə

çatdı.  Direktorun  otağına  hardasa,  lap  uzaqlarda  çalınan  kilsə  zənginin 

səsini  xatırladan  bir  danqıltı  yayıldı.  Bu  səs  bir  neçə  dəfə  təkrar  olub 

dalğalandı.  Semyonov  adəti  üzrə  döş  cibindən  gümüş  saatını  çıxardıb 

şaqqıltı ilə qapağını açdı və vaxtı yoxladı. Dalbadal vurulan zəngin dalğalı

sədası susana qədər gözünü əqrəblərdən çəkmədi. Düz on bir tamamda hər 

iki saatın qapağını örtdü və asta addımlarla eyvana çıxdı. 

Məktəbin  həyatı  bomboş  idi.  Hamı  dərsdə  idi.  Sinif  otaqlarının 

pəncərələri  açıq  idi.  Müəllimlərə  cavab  verən  tələbələrin  yeknəsəq  səsi 

eşidilirdi.  Bu  yeknəsəqliyi  arabir  müəllimlər  kəsirdi.  Onlar  dərs  söyləyən 

uşaqları dayandırıb nə isə soruşur, sonra özləri əlavələr edirdilər. Buradan, 

direktorun  otağının  qarşısındakı  eyvandan  hər  şeyi  görmək  mümkün  idi. 

Semyonov  hava  xoş  olanda,  elə  indiki  kimi,  buradaca  dayanar  və  yazı

taxtasının  önündə  dərs  söyləyən  uşaqlara  tamaşa  edər,  onların  verdikləri 

cavablara  qulaq  asardı.  Onun  lövhədə  məsələ  həll  edən  riyaziyyat 

müəllimlərinin,  ya  da  onlara  cavab  verən  tələbələrin  rəqəmləri  tabaşirlə

güllə kimi yazmasından xoşu gələrdi. O, tabaşir taqqıltısından xüsusi zövq 

alardı. Semyonov lövhədə tabaşirin saat mexanizmi kimi ahəngdar şəkildə

taqqıldamasından dərsin necə keçdiyini müəyyənləşdirərdi. 

O,  indi  də  sakitcə  dayanıb  sinif  otaqlarına  göz  gəzdirdi.  Hər  şey  öz 

qaydasında idi. Bu gün məşğələlər öz vaxtında başlamış, ötən gecə isə heç 

bir  hadisə  olmamışdı.  Tələbələr  də,  müəllimlər  də  böyük  həvəslə  dərsə

başlamışdılar.  Semyonov  bir  xeyli  eyvanda  dayandıqdan  sonra 

yeməkxananı  və  yataqxanadakı  işləri  yoxlamaq  məqsədi  ilə  eyvandan 

enmək istədi. Ancaq şəhərə daxil olan atlı kazakları görüb ayaq saxladı. At 

nalının  şaqqıltısı  divarları  cingildətdi.  Torpaqdan  qalxan  toz  havada 

laylandı. Səhər sükutunu pozan bu atlı dəstəsinin hay-küyü camaatı sərsəm 

etdi.  Kimi  pəncərəni  açıb  səhər  şəfəqlərində  poqonları  və  qılınclarının 

dəstəsi parıldayan kazaklara təəccüblə tamaşa etdi, 

  



                                                                                                                                                      

357


kimi də qorxudan qapı-bacanı daha da möhkəm bağladı. Atlılar dar küçələri

əyri  döngələri  keçib,  seminariyanın  yanına  qədər  gəldilər  Burada  azca 

dayandıqdan  sonra  iki  yerə  ayrıldılar.  Bir  hissə  məktəbin  ətrafinı  kəsdi,  o 

biri  hissə  yataqxananı  mühasirəyə  aldı.  Atdan  düşdülər.  Üst-başlarının 

tozunu  çırpıb  papiros  yandırdılar.  Səhərin  şəffaf  havasında  daha  aydın 

görünən göyümtül tüstülər burula-burula yuxarı qalxıb laylandı. 

Rəis  darvazanın  yanındakı  xidmətçiyə  etina  etmədən  irəli  keçdi. 

Arxasınca  gələn  polislərlə  birlikdə  pilləkəni  taqqıldada-taqqıldada  yuxarı

qalxdı. Eyvanda Semyonovla qarşılaşdı: 

- Sabahınız xeyir, cənab direktor. 

- Sabahınız xeyir, cənab. 

Rəis  Semyonovun  sual  dolu  baxışlarına  fikir  vermədi.  Qabağa  keçib, 

bir-iki addım atdıqdan sonra geri döndü: 

- Kabinetinizə getmək olarmı? 

- Buyurun, cənab... Müsaidə edin... 

Rəis özü qapını açdı. Ev sahibi kimi irəli keçdi. Polis nəfərləri də onun 

dalınca otağa girdilər. Yalnız bundan sonra Semyonova yol verdilər. Dmitri 

Dmitriyeviç  təmkinini  pozmadan  keçib  öz  yerində  əyləşdi.  Polislər  keşik 

çəkirlərmiş  kimi  qapının  yanında  dayandılar.  Semyonov  gözaltı  otaqda 

gəzinən rəisi süzdü. Sonra da bir az bundan  əvvəl qurduğu saatın yanında 

daş  kimi  quruyan  polisə  baxdı.  Onun  qılıncı  yerə  dəyirdi.  Farağat 

vəziyyətində dayansa da, qılçaları yana əyilmişdi. Semyonov susdu. Otaqda 

gəzinən rəisin çəkməsinin nallı dabanının taqqıltısı və polislərin fısıltısı onu 

hövsələdən çıxartsa da dinmədi. Rəis bu qayda ilə bir xeyli gəzindi. Sonra 

kürsünü çəkib direktorla üz-üzə oturdu: 

- Kipiani burdadırmı? 

- Dərsdədir. Necə məgər? 

- Onu aparmalıyıq. 

- Haraya? 

- Lazım olan yerə. 

- Bunun üçün əlinizdə rəsmi sərəncam varmı? 

Rəis  Semyonovu  qıyqacı  baxışlarla  tərs-tərs  süzdü.  Sonra  Kipianinin 

həbs  olunması  barədəki  sənədi  süni  bir  nəzakətlə  direktora  təqdim  etdi. 

Semyonov  kağızı  oxumağa  tələsmədi.  Yenə  əvvəlki  kimi  təmkinli  rəisi 

süzdü.  Eynəyini  taxdı.  Kağızı  stolun  üstünə  qoydu.  Onun  hər  kəlməsini 

diqqətlə nəzərdən keçirdikdən sonra qaytarıb rəisə 

  



                                                                                                                                                      

358


verdi. Bir xeyli fikirli-fikirli susdu. "Bu niyə belə olsun? - deyə düşünməyə

başladı. - Axı mən onlara yazmışdım ki, Kipianidə heç bir sübhəli hərəkət 

görməmişəm.  Yoxsa  mənə  inanmırlar?  Axı  biz  bir  yerdə  işləyirik.  Mən 

Kipianini xəfiyyələrdən yaxşı tanıyıram". 

Rəis  direktorun  bu  işdən  narazı  qaldığını  sifətindən  oxudu.  Dodaqları

azacıq qaçdı. Onun gülüşündəki istehza Semyonovun gözündən yayınmadı. 

- Zəhmət çəkin, onun yerini göstərin. 

- Siz onu dərsdən sonra öz evindən apara bilməzdinizmi? 

- Mən verilən əmri yerinə yetirirəm. 

- Zənnimcə, Siz tələsirsiniz. Mən lazımi yerlərə yazmışam ki, Kipianidə 

heç bir şübhəli hərəkət müşahidə etməmişəm. 

- Görünür, Sizin yazdıqlarınızı əsassız saymışlar. Hər halda biz adamları

Sizdən yaxşı tanıyırıq, cənab direktor, hətta Sizin özünüzə özünüzdən yaxşı

bələdik. 

- Bu nə deməkdir? 

- Fikrim aydındır. Sizə məsləhət görürəm ki, bir az da özünüz haqqında 

düşünəsiniz. 

- Cənab, Siz... 

- Əsəbiləşməyin. Gedək, Kipianinin yerini göstərin. 

Semyonov  başa  düşdü  ki,  mübahisə  etmək  faydasızdır.  Onun  etirazına 

heç  kəs  əhəmiyyət  verməyəcək,  Kipianini  həbs  edəcəklər.  Ancaq  o  bu  işi 

ləngitmək  istədi.  Tələbələrin  gözü  qarşısında  müəllimin  dustaq  edilməsi 

pedaqoji  qaydaların  ciddi  pozulması  demək  idi.  Belə  hərəkət  muəllimi  ən 

güclü, müqəddəs və toxunulmaz bir insan hesab edən pərəstişkar şagirdlərin 

təsəvvürünü  alt-üst  etməyə,  onların  gözəl  arzularının,  həyat  amallarının 

tapdalanmasına,  ideal  bir  əlçatmazlığın  məhvinə  bərabər  idi.  Pedaqoji 

müəssisədə buna yol vermək olmazdı. 

-  Mən  dərsi  dayandıra  bilmərəm,  cənab,  yaxşı  olar  ki,  məşğələdən 

sonra... 

- Sizin məşğələniz məni maraqlandırmır. 

Sözümü kəsməyin, cənab rəis, bu məktəbin sahibi hələlik mənəm. Ona 

görə  də  bu  işi  Sizin  iştirakmızla  görəcəyik.  Mən  belə  bir  ədalətsiz  həbsdə

iştirak etmərəm. Etməlisiniz. Siz məni məcbur edə bilməzsiniz. 

- Məcbur yox, məsləhət bilirik. 

- Minnətdaram. Ancaq bu işdən qəti imtina edirəm. 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə