İsmayil şixli seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,41 Mb.
Pdf görüntüsü
səhifə32/136
tarix01.02.2018
ölçüsü3,41 Mb.
#23034
1   ...   28   29   30   31   32   33   34   35   ...   136

                                                                                                                                                      

95 


 

gələn  kəllər  kimi  yenidən  tutaşdılar.  Səhər  şehinə  çilənmiş  göy  otlar 

dizlərinin altında əzildi. Torpaq eşim-eşim oldu. 

Qardaşı  oğlunun  ehtiyatsızlıq  etdiyindən  narahat  olan  Şahnigar  xanım 

evdə  qərar  tuta  bilmədi.  "Gədənin  təşəxxüslüyünə  bir  bax,  xalqın  qızını

gətirib evə, amma qardaşını saya salmır. Bu saat Çərkəz qızıl ilana dönüb, 

rastına  kim  gəlsə  tas-tas  eləməyə  hazırdır,  bu  da  tüfəng  götürüb  onun 

qabağına  çıxmağı  şəninə  sığışdırmır.  Bütüncə  dədəsidir",  -  deyə  ürəyində

Şamxalı  asıb-kəsdi.  Qazma  damın  qulaqları  cingildədən  sükutu  içərisində

ürək  çırpıntılarını  duydusa  da,  özünü  o  yerə  qoymadı.  Ehmalca  tüfəngi 

götürdü.  Qapını  açıb  bayıra  atılmağa  hazırlaşan  Güləsərin  qabağını  kəsdi. 

Salatının  qolundan  tutub  geri  itələdi.  "Oturun  yerinizdə!"  –  deyə  onlara 

acıqlanıb,  gözünü  ağartdı,  həyətə  çıxdı.  Çardaqda  ayaq  saxlayıb,  dirəyə

söykəndi.  Cavanlar  əlbəyaxa  olsa,  harayçılığa  çatmaq  üçün  hazır  dayandı. 

Ancaq  onların  çöməltmə  oturub,  yanaşı  söhbət  etmələri,  arxayın-arxayın 

papiros  çəkmələri  Şahnigar  xanımın  bir  az  sakitləşdirdi.  "Allah  eləyə,  hər 

şey  elə-belə,  davasız-şavasız  qurtara",  -  deyə  öz-özünə  düşündü.  Hətta 

qabağa  yeriyib  onların  söhbətinə  qulaq  asmaq,  hər  şeyi  zarafata  salıb, 

qurtarmaq  belə  istədi.  Ancaq  cavanların  birdən-birə  əlbəyaxa  olduğunu 

görəndə  özünü  itirdi.  Güllə  açılanda  isə  bir  sıçrayışla  irəli  atılıb,  tüfəngi 

üzünə  qaldırdı.  Göy  otluqda  eşələnənlərin  başının  üstünü  kəsdirdi.  Onun 

qəzəb dolu cingiltili səsi eşidildi: 

-  Aralanın  deyirəm  sizə!  Eşidirsinizmi?  Yoxsa  ikinizi  də  qanınıza 

boyayacam. 

Çərkəzlə  Şamxal  onun  sözünü  eşitmədilər.  Tüfəngi  əldən  verməkdən 

qorxduqlarına görə dartışmalarında davam etdilər. Şahnigar xanım çaxmağı 

hərləyib, yenidən qışqırdı. 

- Sizə aralanın demirəmmi?! 

Onun sözü yenə cavabsız qaldı. Şahnigar xanım tətiyi çəkdi. Vıyıldayıb 

gedən güllə dalaşanları diksindirdi. Çərkəz sinəsinə tuşlanmış tüfəngin boz 

üzünü gördü və nəhayət inadından əl çəkən dalaşqan uşaqlar kimi qollarını

boşaldıb tüfəngi buraxdı. Şamxal bunu gözləmədiyindən təngildədisə də tez 

özünü  ələ  aldı.  Sıçrayıb  ayağa  durması  ilə  tüfəngi  hərləməsi  bir  oldu. 

Şahnigar xanım özünü irəli salıb sinəsini güllənin qabağına verdi. Çardağın 

altından qışqırıq qopdu. 

- Narahat olmayın, xanım, - deyə yerindən tərpənməyən Çərkəz sakitcə

dilləndi. - Ata bilməz, çaxmağı çıxartmışam. 

  



                                                                                                                                                      

96 


 

Şamxal  yalnız  bundan  sonra  əbəs  yerə  atılıb-düşdüyünü  anladı  və

tüfəngi  hirslə  yerə  atdı.  Şahnigar  xanım  da  dərindən  nəfəs  alıb,  qundağı

üzündən araladı. 

Çərkəz əyilib tüfəngini götürdü. Çaxmağı yerinə saldı. Üzünü Şamxala 

çevirdi: 

- Namərd!.. Burada da özünü bildirdin. 

- Adam dostuna elə söz deməz, - deyə Sahnigar dilləndi. 

- Gördüm dostluğunu. 

- Yaxşı, ağıllı ol. Bir qız bir oğlanındır, elə şeydən ötəri dava salmazlar. 

Gəlin barışın. Atamın goru haqqı, əl çəkən deyiləm. 

- Mən elə namərdnən üz-üzə durmaram. 

- Qoy rədd olsun, ay bibi. 

- Səsini kəs, sənə söz düşmür. 

Çərkəzin  gözü  çardağın  altında  dirəyi  qucaqlayıb,  için-için  ağlayan 

bacısına sataşanda ağlı başından çıxdı. Gözlərinə qaranlıq çökdü. Hirsindən 

və aciziiyini dərk etdiyindən daxildən qopub gələn hönkürtünü güclə boğub 

dişini-dişinə  sıxdı.  Qızarıb  qan  çanağına  dönmüş  gözlərinin  həlqəsində

yığışan yaş damlalarını geri qaytarıb udqundu. Onun hulqumu bir neçə dəfə

qalxıb-endi. 

- Niyə durdun? Gedək bacınla görüş. 

Çərkəz  Şahnigar  xanıma  cavab  vermədi.  Qəzəbdən  alışıb  yanan 

gözlərini Şamxala zillədi. Sözlər dişlərinin arasından fısıltı ilə çıxdı: 

- Kökünüz kəsilsin! 

Şamxal  xəncəri  siyirib,  yenidən  irəli  atılmaq  istədi.  Şahnigar  xanım 

qardaşı  oğlunun  sinəsindən  geri  itələdi.  Çərkəzin  son  sözünə  əhəmiyyət 

verməməyə çalışdı. 

- A qırışmal, bilirəm acıqlısan, amma sarsaqlama. İndiyəcən dost idiniz, 

indi də qohum oldunuz, daha nə istəyirsən? 

Çərkəz heç nə demədi. Tüfəngi çiyninə keçirib, ağır-ağır uzaqlaşdı. 



13 

Şamxalın Güləsəri götürüb qaçması xəbərini eşidəndə Cahandar ağa üç 

gün, üç gecə ağzı üstə yatdı. Hirsindən gözləri qan çanağına döndü. Onsuz 

da boğuq olan sifəti daha da qaralıb, tunc kimi bozardı. Dişinin arasından su 

da  keçmədi.  Kişinin  həndəvərinə  hərlənmək  olmadı.  Mələk  qorxa-qorxa, 

barmaqlarının ucunda, otağa girib, onun üstünə 

  



                                                                                                                                                      

97 


 

yorğan  salanda,  ərinin  kürəklərinin  titrədiyini,  iri  və  cod  barmaqlarının 

gəbənin  ilgəklərini  didib  tökdüyünü  gördü,  amma  cıqqırını  da  çıxartmadı, 

söz deməyə cəsarət etmədi. Kişinin əlindən xata çıxa biləcəyini düşünəndə

evdəki arvadlar yarpaq kimi əsdilər. 

Hər biri bir ilə qədər sürən üzücü günlər gəlib keçdi. Cahandar ağa bir 

axşam  div  yuxusundan  ayılan  kimi  ayağa  durdu.  Dinməz-  söyləməz 

paltarını  geyindi.    Qoltuqaltısını  götürdü.    Darağı  xəzinəyə  basıb  çaxmağı

hərlədi,  gülləni  lüləyə  verdi. Bunlar  azmış  kimi  xəncəri də  belinə bağladı. 

Hava  isti  olsa  da,  dəvə  yunundan  toxunmuş  ağ  başlığını  boynuna  doladı. 

Yenə  heç  kəs  dinib-danışmadı.  Zərnigar  xanım  qorxusundan  cəsədə

dönmüşdü.  Yazığın  nəfəsi  güclə  gedib-gəlirdi.  Necə  deyərlər,  diri  gozlü 

ölmüşdü.  O,  ərinin  nə  isə  dəhşətli  bir  iş  düşündüyünü  yəqin  etmişdi.  Bir 

analıq sövq-təbiisi ilə oğlunun başında qaranlıq olduğunu duyurdu. Amma 

nə dinir, nə də ərinə bir söz deyə bilirdi. Arvad lap özünü itirmişdi. Mələk 

də Cahandar ağanın daş kimi lal və qaradinməz olduğundan təşvişə düşdü: 

"Acıqlı  başda  ağıl  olmaz",-  deyə  fikirləşdi.    Əvvəlcə  Zərnigar  xanımı

hərəkətə gətirmək, "kişinin əl-ayağına düş, getməyə qoyma", - demək istədi. 

Amma  onun  dilinin  gödək  olduğunu  yadına  salıb  dayandı.  Əslinə  baxsan, 

Zərnigar xanım özü də Şamxaldan narazı idi. 

Birdən Zərnigar xanım Mələyin qolundan yapışdı. Nə isə demək istədi. 

Dili söz tutmadı. Arvadın gözü onun üzünə dikilib qaldı. Bu baxışda nələr 

yox idi?! Ətrafı qırışmış gözlərin işığı sönmüşdü. Didələr öləziməkdə olan 

qara  çıraq  kimi  titrəyib  soğulurdu.  Yalnız  bəbəklər  geniş  açılıb,  şüşə  kimi 

parıldayırdı.  Mələyə  elə  gəldi  ki,  arvadın  gözünün  ağı  həddindən  artıq 

böyüyüb, qarası isə tən ortada, balaca bir nöqtə kimi işıldayır. Əgər bir azca 

da  belə  getsə,  arvad  ayaq  üstündə  keçinəcəkdi.  Mələk  eyni  zamanda  bu 

gözlərin  dərinliyində  müti  bir  qul  kimi  diz  çöküb  yerə  döşənmək  istəyən 

aciz bir insanın yalvarışını da gördü. Zərnigar xanım imdad istəyirdi. 

Mələk dözə bilmədi. Asta-asta qapının ağzına yeridi. İçəridən çıxmağa 

hazırlaşan  ərinin  qabağında  dayanıb,  üzünə  baxdı.  Kişinin  sifətindən  qan 

damırdı. 

- Belə bivaxt hara gedirsən? 

Cahandar ağa qəfil zərbə almış adam kimi təngildəyib yerində dayandı. 

Geniş açılmış heyrətli gözləri ilə az qaldı qarşısında dayanan arvadı yesin. 

Səsi xırıldayıb boğazında qırıldı. 

  



Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə