Kollektivdə heç bir əhəmiyyəti olmayan bu insan sadəcə və sadəcə fərddir



Yüklə 0,71 Mb.
səhifə15/15
tarix26.05.2018
ölçüsü0,71 Mb.
#46099
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   15

Amma hər gün bir başqa formaya düşən, keçmişi, gələcəyi olmayan varlıqlardan kənarda, hər gün pozulan, sınan, ölümə can atan səslərdən kənarda melodiya həmişə olduğu kimi, amansız şahid kimi gənc və möhkəm qalır.

Səs kəsildi. Val bir neçə saniyə fırlanıb, dayandı. Zəhlətökən görüntü qaldı, kafe vızıldayır, mövcudluğundan razılığını yaşayır. Sahibə qızarıb, məşuqunun şişkin, ağ yanaqlarını şappıldadır, amma onları qızartmaq mümkün olmur. Yanaqlar ölü kimidir. Mən isə donub qalmışam, az qala mürgüləyirəm. On beş dəqiqə sonra qatarda olacam, amma bu haqda düşünmürəm. Mən amerikan göydələninin iyirmi birinci mərtəbəsində istidən təngnəfəs olmuş qalın, qara qaşlı, üzü qırxıq amerikalını düşünürəm. Nyu York üzərindəki səma yanır, mavi səma alovlar içindədir, alovun nəhəng, sarı dilləri Nyu-York damlarını yalayır; bruklin uşaqları tumançaq suvarıcı şlanqların altına girirlər. İyirmi birinci mərtəbədəki alaqaranlıq otaq istidən yanır. Qaraqaşlı amerikalı təngnəfəsdir, ləhləyir, yanaqlarından tər axır. Pencəksiz, bir köynəkdə pianino arxasında oturub; ağzında tüstü dadı var, başında isə dumanlı “Some of these days” melodiyasının xəyalı. Bir azdan Tom yanında flyaqa ilə gələcək. Hər ikisi özlərini dəri kresloya atıb, araq içəcəklər, ilahi alov boğazlarını yandıracaq, üstlərinə sonsuz, isti yuxu çökəcək. Amma əvvəlcə melodiyanı yazmaq lazımdır. “Some of these days”. Tərli əl pianinonun üstündəki karandaşı götürür. “Some of these days, you'll miss me honey".

Bax bu belə baş verib. Bəlkə başqa cür- əslində nə fərqi var. O dünyaya belə gəlib. Doğulmaq üçün o bu əzgin, kömür qaşlı yəhudini seçib. Ərinə-ərinə karandaşı götürüb, tər damcısı parıldayan üzüklü barmağından kağıza süzülüb. Axı niyə o mən olmamışam? Axı niyə möcüzənin olması üçün bu çirkli pivə və araqla yuyulmuş bu kök, tənbəl seçilib?

- Madlena, xahiş edirəm, valı yenidən qoyun. Getməmişdən bircə dəfə də.

Madlena gülür. İynəni çevirir və hər şey yenidən başlayır. Amma indi daha özüm haqqında düşünmürəm. Mən iyul günlərindən birində, otağının isti alaqaranlığında bu melodiyanı bəstələmiş adam haqqında düşünürəm. Melodiyanın, saksafonun ağ, təmiz səsləri içində onun haqqında düşünməyə çalışıram. O melodiyanı yaradıb. Onun işləri yaxşı getmirmiş: ödənilməmiş hesablar, yəqin ona istədiyi münasibəti göstərməyən qadın, sonra bu dəhşətli, insanları ərimiş yağ gölməçəsinə döndərən dəhşətli istilər. Gözəl, yaxşı heç nə yox imiş. Amma bu mahnını dinləyəndə düşünürəm ki, onu bu adam bəstələyib, onun əzabları, onun təri məni kədərləndirir... Bəxti gətirib. Məncə o heç bunu başa düşməyib. Yəqin fikirləşirmiş: “Alınas bu əsərə görə əlli dollar filan verərlər!” Bax belə, uzun illərdən sonra məni kimsə kədərləndirdi. Bu adam haqqında nəsə bilmək istərdim. Maraqlıdır, onun nə kimi problemləri olub, arvadı olub, yoxsa tək yaşayıb. Bunlar məni heç də insanlıq nöqtəsindən maraqlandırmır. Tamamilə əksinə. Ancaq ona görə ki, bu melodiyanı bəstələyib. Onunla tanış olmaq istəməzdim, həm bəlkə də artıq ölüb. Yaxşı olardı ki, arabir valı dinləyəndə düşünmək üçün onun haqqında araşdırma edim. Yəqin o bilsəydi ki, Fransanın böyüklüyünə görə yeddinci şəhərində, vağzalın yaxınlığında kimsə onun haqqında düşünür, nə istini nə də soyuğu hiss edərdi. Amma onun yerində olsaydım xoşbəxt olardım, ona paxıllıq edirəm. Ayağa qalxıram, amma bir anlıq qərarsızlıqla dayanıram. Zənci qadının səsini eşitmək istəyirəm. Son dəfə.

O oxuyur. Budur iki nəfər artıq xilas edilib- yəhudi və zənci qadın. Xilas ediliblər. Bəlkə də onlar özlərini ümidsizcə mövcudluqda itkin düşmüş, batmış hesab edirlərmiş. Yenə də heç kim mənim haqqımda mən onların haqqında düşündüyüm qədər incə düşünə bilməz. Hətta Anni də. Onlar mənə bir az ölüləri, bir az roman qəhrəmanlarını xatırladırlar, onlar mövcudluğun günahlarından təmizləniblər. Təmiz yox, əlbəttə, amma insanın bacara biləcəyi qədər. Bu fikir birdən beynimi qarışdırır, axı mən artıq ona ümid etmirdim. Hiss edirəm ki, nəsə qorxa-qorxa mənə toxunur, tərpənmək istəmirəm ki, qorxmasın. Elə bir şey ki, çoxdan mənə yaddır, sevincə oxşar bir şey.

Zənci qadın oxuyur. Yəni onun mövcudluğunu təsdiqləmək olar? Heç olmasa bir az? Dəhşətlə qorxdum. Ona görə yox ki, çox güclü ümid edirəm. Amma mən uzun müddət qarda gəzib, sırsıraya dönüb, sonra birdən isti otağa düşmüş adama oxşayıram. O yəqin ki, keyləşmiş vəziyyətdə qapıda durardı və titrəmə bütün bədənini əsdirərdi.

Bəlkə yoxlayım?... Əlbəttə məsələ melodiyada deyil... mən ki başqa sahədə də sınaya bilərəm? Bu kitab ola bilər, mən başqa heç nə bacarmıram. Amma tarixi iş yox, tarix artıq mövcud olmuşlar barədə danışır, amma heç bir varlıq digərinin mövcudluğunu təsdiq edə bilməz. Mənim səhvim məhz onda idi ki, markiz de Rolbonu diriltməyə çalışırdım. Yox, kitab başqa cür olmalıdır. Necə olacağını dəqiq bilmirəm, amma hər yazılan sözdə, hər səhifəsində mövcud olmayan, mövcudluğun üzərində olan bir kitab olmalıdır. Deyək ki, baş verə bilməyəcək tarix, məsələn nağıl. O polad kimi möhkəm və gözəl olmalıdır, insanlar varlıqlarından utanmalıdırlar.

Gedirəm, tərəddüd içindəyəm. Qərar qəbul etməyə cəsarət etmirəm. İstedadıma əmin ola bilsəydim... Amma mən axı heç vaxt, heç vaxt belə bir şey yazmamışam. Tarixi mövzularda məqalələr başqa şeydir... Kitab, roman ola bilər. Adamlar onu oxuyub deyəcəklər: “Onu kürən, bir kafedən digərinə veyllənən Antuan Rokanten yazıb” və mənim haqqımda düşünəcəklər, necə ki mən də zənci qadının həyatı haqqında qiymətli, əfsanəvi bir şey kimi düşünürəm. Kitab. Əlbəttə, işin əvvəli darıxdırıcı, yorucu olacaq, o məni nə mövcudluqdan nə də mövcud olmağım barədə fikirlərdən xilas edəcək. Amma bir vaxt kitab artıq yazılmış olanda ümid edirəm keçmişim bir az işıqlanacaq. Ola bilər bu işığın içində həyatımı iyrənmədən xatırlaya biləcəm. Bəlkə də bir gün bu saatı, bu qaranlıq, belimi büküb uzaqdakı qatarı gözlədiyim saatı xatırlayıb deyəcəm: “ Həmin gün, həmin saat hər şey başladı”- qəlbim tez-tez vuracaq. Və keçmişdə, ancaq keçmişdə özümlə barışa biləcəm.

Hava qaranlıqlaşır. “Prentaniya” otelinin ikinci mərtəbəsində iki pəncərədə işıq yanır. Yeni Vağzalın tikinti meydançasından möhkəm nəm ağac iyi gəlir: sabah Buvildə yağış yağacaq.


1938
Tərcümə: Gülər Qasımova
Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə