Kollektivdə heç bir əhəmiyyəti olmayan bu insan sadəcə və sadəcə fərddir



Yüklə 0,71 Mb.
səhifə10/15
tarix26.05.2018
ölçüsü0,71 Mb.
#46099
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   15


- Hə nolsun, məgər bütün bunlar yoxdurlar?

- Əlbəttə ki, yox! Nə gənclik, nə qocalıq, nə yetkinlik, nə də ölüm var…

Oxucunun üzü heyva kimi sərt və sarıdır. Mən isə davam edirəm.

- Məsələn elə arxa tərəfinizdə oturmuş, Vişi suyu içən qocanı götürək. Belə hesab edirəm ki, siz onda yaşlı İnsanı sevirsiniz. Yaşlı insan cəsarətlə günün sonuna doğru irəliləyir və özünə baxır ki, çox düşməsin.

- Tamamilə doğrudur, – meydan oxuyarcasına deyir.

- Bəs görmürsünüz ki, o əclafdır?

Gülür, məni dəli hesab edir, cəld ağ saçların çərçivəsindəki gözəl üzə baxır.

- Qoy olsun, müsyö, deyək ki, o belə təəssürat oyadır. Amma axı siz bir insan haqqında üzünə görə necə danışa bilərsiniz? İnsan dincələndə onun üzü heç nə demir.

Kor humanistlər! Bu üz açıq aydın çox şey danışır- amma üzün mənası heç vaxt onların mücərrəd ruhlarına çatmır ki, çatmır.

- Axı siz necə, – Oxucu davam edir,- insana baxıb deyə bilərsiniz ki, bu adam budur, ya budur? Kim insanı xərcləyə bilər? Kim onun bütün ruhi zənginliyini duya bilər?

İnsanı xərcləmək! Katolik humanizmi qarşısında şlyapamı çıxarıram, Oxucu özü də hiss etmədən bu formaya uyğunlaşıb.

- Bilirəm,- deyirəm. – Bilirəm ki, bütün insanlar tərifə layiqdir. Siz də tərifəlayiqsiniz. Mən də tərifəlayiqəm. Əlbəttə, Allahın yaratdığı varlıqlar olaraq.

O başa düşməyib, mənə baxır.

- Siz əlbəttə zarafat edirsiniz, müsyö,- bir qədər keçmiş bic-bic gülüb deyir. – Amma insanlar həqiqətən də tərifə layiqdirlər. Çətindir, müsyö, insan olmaq çox çətindir.

Özü də hiss etmədən İsanın simasında sevgidən uzaqlaşıb. Başını yellədir və mimikanın möhtəşən qanununa uyğun olaraq yazıq Heennoya oxşayır.

- Bağışlayın,- deyirəm,- amma belə olan halda mən əmin deyiləm ki, mən insanam. Heç vaxt hiss etməmişəm ki, insan olmaq çətindir. Həmişə fikirləşmişəm ki, özün üçün yaşamaq lazımdır.

Oxucu ürəkdən gülür, amma gözləri hələ də acıqlıdır.

- Siz həddindən artıq ciddisiniz, müsyö. Öz nəsibinizi- insanlıq nəsibinizi daşımaq üçün gərək digərləri, hamı kimi böyük cəsarət ehtiyatınız olsun. İstənilən an sizin ölüm anınız ola bilər, bunu bilərək siz gülümsəyə bilməlisiniz. Məgər bu tərifəlayiq deyil? Hər bir kiçik hərəkətinizdə, – acı-acı əlavə etdi,- eşidilməmiş qəhrəmanlıq yatır.

- Desertdə nə olacaq, müsyö? – ofisiant soruşur.

Oxucu təbaşir kimi ağdır, donuq gözlərinin üstündəki göz qapaqları yarı açıqdır. O zəif-zəif əlini tərpədir, məni seçim etməyə dəvət edir.

- Pendir, – öz qəhrəmanlığımı köməyə çağırıb qərar verirəm.

- Bəs müsyö?

Onu silkələyirlər.

- Nə? Hə- mənə heç nə. Yedim bitirdim.

- Luiza!

İki kök kişi hesabı ödəyib gedirlər. Biri ayağını çəkir. Sahib onları qapıya qədər ötürür, onlar vacib müştərilərdir, onlara buzlu vedrədə şərab veriblər.


Vicdan əzabı ilə Oxucuya baxıram, bütün həftəni həvəslə bu naharı gözləyirdi ki, digərləri ilə insanlara olan sevgisini bölüşsün. O çox nadir hallarda danışır. Bu da ona nahar- bütün zövqünü pozdum. Mahiyyətinə görə o da mənim kimi yalnızdır,- heç kimin onunla işi yoxdur. Düzdür, o özünə yalnızlığını etiraf etmir. Amma nə edim, mən ki onun gözlərini açası deyiləm. Özümdə deyiləm, hirsliyəm, düzdür ona deyil, Virqana və onun kimilərinə ki, belə yazıq beyinləri zəhərləyirlər. İndi qarşımda olsaydılar deməli çox sözüm var. Amma Oxucuya heç nə deməyəcəm. Ona qarşı sadəcə simpatiyam var- o da bizim qardaşımız müsyö Axill kimidir, xeyirxahlıqdan, bilməməzlikdən belə edir!

Oxucunun gülüşü məni qaranlıq fikirlərimdən çıxarır.

- Üzr istəyirəm, insanlara sevgimin dərinliyi haqqında, məni onlara necə möhkəm bağların bağladığı haqqında düşünəndə, sonra sizinlə burada ikimizin necə oturduğuna, mübahisə edib, sübut etdiyimizə baxanda… məni gülmək tutur.

Susuram, özümü gülümsəməyə məcbur edirəm. Ofisiant qız boşqabda kamamber təbaşirinə oxşayan pendir tikəsi gətirir. Zala baxıram və birdən məni dəhşətli nifrət basır. Mən burada nə edirəm? Axı nəyə görə humanizm barədə mübahisəyə girdim? Bu insanlar niyə burdadırlar? Niyə yeyirlər? Düzdür, onlar bilmirlər ki, mövcuddurlar. Buradan getmək, öz yerimdə olmaq, öz yerim bildiyim bir yerə getmək istəyirəm. Amma belə bir yer yoxdur, mən artığam.

Oxucu yumşalır. Mənim tərəfimdən daha inadkar müdafiədən ehtiyat edir. Dediyim hər şeyi unutmağa hazırdır.

- Qəlbinizin dərinliyində siz onları sevirsiniz, müsyö,- mənə tərəf inamla əyilib deyir,- onları mən sevdiyim kimi sevirsiniz. Biz sadəcə sözdə fərqlənirik.

Daha danışası halda deyiləm, başımı aşağı salıram. Oxucunun üzü mənimkinə yaxınlaşıb. Dəhşətli yuxularda olduğu kimi özündən razı halda düz üzümə gülümsəyir. Əziyyətlə çörək tikəsini çeynəyirəm, udmağa qərar verə bilmirəm. İnsanlar. İnsanları sevmək lazımdır. İnsanlar tərifəlayiqdirlər. İndi yəqin qusacam və birdən, budur o, ürək bulantısı.

Ağır sudurğa- hər yerim əsir. Artıq bir saatdır onun gəlişini hiss edirdim amma özümə etiraf etmək istəmirdim. Ağzımdakı pendirin dadı… Oxucu nəsə mırıldayır, onun səsi ağır-ağır qulaqlarımda uğuldayır. Amma daha nə danışdığını eşitmirəm. Avtomat kimi təsdiqləyirəm. Əlim desert bıçağını sıxır. Qara, taxta dəstəyi hiss edirəm. Onu mənim əlim tutub. Mənim əlim. Şəxsən bıçağa toxunmamağı üstün tutardım, axı niyə həmişə nəyəsə toxunmaq lazımdır? Əşyalar onlara toxunmaq üçün yaradılmayıblar. Gərək çalışasan onların arasından onlara toxunmadan, əzmədən sürüşəsən. Bəzən onlardan hansınısa əlinə alırsan və sonra tələsirsən ki, ondan canını qurtarasan. Bıçaq boşqaba düşür. Bu səsdən ağ saçlı cənab diksinib, mənə baxır. Yenidən bıçağı götürürəm, iti yerini stola sıxıram, qatlayıram.

Hə, deməli ürək bulantısı məhz bu imiş, deməli o gözlərdəki aydınlıq imiş? Mən isə baş sındırırdım! O qədər yazı da yazdım! İndi mən bilirəm: mən varam, dünya var, mən bilirəm ki, dünya var. Vəssalam. Amma bu vecimə deyil. Qəribədir ki, heç nə vecimə deyil, bu məni qorxudur. Bu isə çaydaşını suya atmaq istədiyim həmin pis gündən başlayıb. Mən daşı atmağa hazırlaşırdım, ona baxdım və hər şey başladı: hiss etdim ki, daş mövcuddur. Bundan sonra ürək bulantısı bir neçə dəfə təkrarlandı: bəzən əşyalar əlimdə mövcud olmağa başladı. Sudurğa “Dəmiryolçuların sığınacağında”, ona qədər bir dəfə gecə pəncərədən baxanda, sonra baxar günü şəhər parkında və daha bir neçə dəfə tutmuşdu. Amma bu günki kimi dəhşətli heç vaxt olmamışdı.

-… Qədim Romada.., müsyö

Deyəsən Oxucu nə isə soruşur. Ona tərəf dönüb gülümsəyirəm. Nolub? Ona nolub? Niyə stuluna qısıldı? Deməli artıq məndən qorxurlar? Bununla bitməli idi. Yenə də heç nə vecimə deyil. Yeri gəlmişkən, onlar məndən boş yerə qorxmurlar, mən nə desən törədə bilərəm. Məsələn, elə bu meyvə bıçağını Oxucunun gözünə soxa bilərəm. Bundan sonra ətrafdakı insanlar məni ayaqlamaq üçün qalxacaqlar, botinkaları ilə dişlərimi sındıracaqlar. Amma məni bu saxlamır, pendirin dadı əvəzinə ağzımda qan dadı hiss edəcəm ki, bunların arasında elə bir fərq yoxdur. Amma hansısa hərəkət etmək lazımdır, lazımsız hadisələri həyata çağırmalıyram- axı Oxucunun qışqırtısı, yanağından axacaq qan, insanların yerlərindən durmaları artıq şeydir, onsuz da mövcud olan əşyalar bəs edir.

Ətrafdakılar mənə baxırlar; iki gəncliyin tam səlahiyyətli nümayəndəsi incə söhbətlərini kəsiblər. Qadının açıq ağzı toyuğun götünü xatırladır. Eyni zamanda deyəsən başa düşürlər ki, heç bir təhlükə gözlənilmir.

Qalxıram, ətrafımdakı hər şey fırlanır. Oxucu deşmədiyim böyük gözlərini mənə zilləyib.

- Siz gedirsiniz?- mızıldanır.

- Bir az yorğunam. Yeməyə görə təşəkkür edirəm. Hələlik.

Elə buradaca hiss edirəm ki, sol əlimdə hələ də desert bıçağını tutmuşam. Onu boşqaba tullayıram, boşqab cingildəyir. Qəbir sükutu içində zaldan keçirəm. Onlar yeməklərini dayandırıblar, mənə baxırlar, iştahları qaçıb. Əgər gənc qadına yaxınlaşıb “uh!” qışqırsam o yəqin ki fəryad qoparar. Amma əziyyətə dəymir.

Amma yenə də çıxmamışdan qabaq üzümü onlara çevirirəm ki, yadlarında qalım.

- Hələlik xanımlar və cənablar.

Onlar cavab vermirlər və mən çıxıram. İndi onların yanaqlarına qızartı qayıdacaq və dillərini işlətməyə başlayacaqlar.

Hara gedim bilmirəm. Kartondan aşbazın yanında dayanmışam. Dönməyə ehtiyacım yoxdur, belə də bilirəm ki, onlar şüşənin arxasından mənə baxırlar- təəccüb və iyrənərək kürəyimə baxırlar, onlar elə bilirdilər ki, mən də onlar kimiyəm, amma mən onları aldatdım. Birdən insanlıq görünüşümü itirdim, onlar geri-geri insanlıq zalından çıxan krabı gördülər. İndi yalançı insancığaz ifşa edilib və teatr davam edir. Kürəyimdə qorxmuş baxışlar və düşüncələr hiss edirəm və bu məni qıcıqlandırır. Küçənin o biri tərəfinə keçirəm. Bu səki çimərliyə və hamam kabinələrinə aparır.

Adamlar sahildə gəzilər, çoxdurlar, onlar dənizdə yaz, poetik sifət kimi baxırlar: günəşə görədir, bu onların bayramıdır. Bax o qadın, açıq rəngli, keçən yazdan qalma paltarını geyinib- uzun ağ fiqurlar dəri əlcəklərə oxşayır; bax oğlanlar, onlar ticarət məktəbinə gedirlər; bu da qocalar, sinələrinə orden lentlərini vurublar. Onlar bir-biri ilə tanış deyillər, amma bir-birinə müttəfiq kimi baxırlar, çünki hava yaxşıdır və onlar hamısı insanlardırlar. Müharibə elan olunanda tanış olmayan adamlar bir-biri ilə qucaqlaşırlar, yeni baharın gəlişi münasibəti ilə bir-birini təbəssümə qərq edirlər. Yavaş addımlarla keşiş yaxınlaşır, dua oxumağa başı qarışıb. Bəzən başını qaldırıb dənizə baxır: dəniz də duaçıdır axı, o Allahdan xəbər verir. Yüngül rənglər, yüngül ətirlər, bahar ruhları. “Hava gözəldir, dəniz yaşıldır, mənim üçünsə bax bu quru qoyuq nəmlikdən daha xoşdur”. Şairlər! Bir dəfə cəhd edib paltolarının ətəyindən yapışıb, desəm ki “Mənə kömək edin!”- düşünəcək ki: bu nə krabdır və paltosunu əlimdə qoyub gedəcək.

Onlara arxamı çevirib, hər iki əlimlə hasardan yapışıram Əslində dəniz- soyuqdur, qaranlıqdır, onda heyvanlar qaynayır, o zərif, yaşıl örtüyə bürünüb, ona görə yaranıb ki, insanları aldatsın. Ətrafımdakı pərilər bu tələyə düşüblər- onlar ancaq bu maskanı görürlər, məhz o Allahın varlığını sübut edir! Amma mən astarını görürəm! Rənglər axır: möhtəşəm, şaftalı kimi gözəl dərili allahın xeyirxah məxluqları hər yerdə baxışlarımın qarşısında tərpənirlər, parıldayırlar. Bu da Sent-Elemirə gedən tramvay, fırlanıram, mənimlə birlilkdə ilbiz kimi solğun, yaşıl hər şey də fırlanır. Boş yerə, tamamilə boş yerə tramvaya tullandım, axı heç yerə getmək istəmirdim.

Tramvayın pəncərələrində mavi, balaca əşyalar parıldayır. İnsanlar, divarlar, bütün pəncərələri açıq hansısa ev öz qaranlıq daxilini göstərir; tramvay şüşələrində qara təmin olunub, maviyə çevrilir, sarı kərpicli böyük bina maviləşir, yaxınlaşır, dalğalanır və birdən burnunu yerə dayayıb, dayanır. Hansısa cənab tramvaya minib, qarşımda oturur. Sarı bina yenidən yoluna davam edir, birdən tramvay pəncərəsinin iki addımlığında peyda ollur, elə yaxındır ki, indi ancaq kiçik hissəsi görünür, bina qaranlığa qərq oldu. Şüşələr əsdi. Bina böyüyür, o qədər böyük oldu ki, artıq görünmür, yüzlərlə açıq pəncərə qara içalatını göstərir; bina vaqonun yanından şütüyür, az qala onu əzmişdi: əsən şüşələr arasına qaranlıq düşdü. Bina dayanmadan yeriyir, palçıq kimi sarıdır, şüşələri mavi səma kimidir. Birdən bina itdi, ancaq vaqon qaldı, vaqon canlı boz işıqla doldu, işıq dayanmadan genişlənir- bu səmadır; şüşənin içindən yeni, yeni səma hissələri görünür; tramvay Elifar təpəsinə qalxır, hər iki tərəfdən geniş mənzərə açıldı: sağ tərəfdə dənizə qədər, sol tərəfdə hava limanına qədər. Siqaret çəkmək qadağandır, hətta “Qitana” siqaretlərini də çəkmək olmaz.

Əlimi oturacağa söykəyirəm, amma o dəqiqə də çəkirəm, bu da mövcuddur. Oturduğum, əlimi söykədiyim əşya oturacaq adlanır. Onlar bilə-bilə hər şeyi belə ediblər ki, oturmaq olsun: dəri, yay, parça götürüb işə başlayıblar, istəyirdilər ki, oturacaq düzəltsinlər amma bitirəndə bu alındı. Onu bura, bu vaqona gətirdilər, indi vaqon yellənir, yellənir, şüşələri əsir, öz bətnində isə bu qırmızı əşyanı daşıyır.

Hətta bu oturacaq, pıçıldayıram, elə bil ki lənətdir. Amma söz ağzımda qalır, əşyalara yapışmaqq istəmir. Əşya isə olduğu kimi minlərlə balaca qırmızı ayağın, ölü ayaqların asılı qaldığı qırmızı paltarında qalır. Çevrilmiş böyük qarın, qanlı, şişmiş, bütün ölü ayaqlarını ağardan, qarın vaqonda, bu boz səmada üzür, bu ümumiyyətlə heç oturacaq da deyil. Eyni müvəffəqiyyətlə bu məsələn ölü eşşəl də ola bilərdi, ölü eşşək böyük, enli çayda qarnı yuxarıda üzür, böyük, boz, sürətli axan çayda üzür, mən isə eşşəyin qarnında oturub, ayaqlarımı işıqlı suya salmışam. Əşyalar adlarından azad olublar. Budur onlar, möhtəşəm, böyük, düz, onları oturacaq adlandırmaq, onlar haqqında nəsə demək axmaqlıqdır. Mən Əşyaların arasındayam, heç bir adı qəbul etməyən əşyaların arasında. Onlar məni- yalnız, sözsüz, müdafiəsiz məni əhatə ediblər, mənim üstümdə, altımdadırlar. Onlar heç nə tələb etmirlər, özlərini sənə bağlamırlar, onlar sadəcə var. Oturacağın balışı ilə taxta divar arasından nazik, qara xətt gedir, oturacaq boyunca sirrli, nadinc halda qaçır, təbəssümə oxşayır. Mən çox gözəl bilirəm ki, bu təbəssüm deyil, amma o var, o solğun divarlar boyunca, əsən şüşələrlə qaçır, pəncərələrdə dayanıb, sonra yoluna davam edən mavi şəkillərin altında inadla dayanır, o inadla təbəssüm haqqında dumanlı xatirə kimi qalır, yarımçıq söz kimi, ondan yadında ancaq ilk heca qalıb və ən yaxşısı gözlərini çevirib başqa bir şey haqqında düşünmək lazımdır, məsələn elə mənimlə üzbəüz oturacaqda yarıuzanmış adam haqqında.

Onun başı gil rəngindədir, mavi gözləri var. Bədəninin bütün sağ tərəfi yumşalıb, sağ əli bədəninə yapışıb, sağ tərəfi az qala ölüdür, çətinliklə yaşayır, tamahla yaşayır, elə bil ki, onu iflic vurub. Amma sol tərəfində o kiçik, tez inkişaf edən möcudluq yarasını göstərir; budur əli əsdi, qalxdı, əlinin sonluğunda gərilmiş bilək var. İndi də bilək tərpəndi, kəllləsi ilə yeni bərabərə çatanda barmaqlarından biri qalxdı və dırnağı ilə saçlı dərini qaşıdı. Ağzının sağ tərəfində şirintəhər mimika peyda oldu, sol tərəf ölü kimi qalır. Şüşə tərpənir, əl tərpənir, dırnaq qaşıyır, tərpənməyən gözlərin altındakı ağızda təbəssüm oynayır və insan dözür, sağ tərəfində şişən kiçik məxluqu hiss etmir, məxluq ifadə olunmaq üçün sağ əli və sağ yanağı ilə əlaqəyə girib. Konduktor qabağımı kəsir:

- Dayanacağı gözləyin.

Mən onu itələyirəm və tramvay gedə-gedə tullanıram. Daha dözə bilmirdim. Əşyaların yaxınlığına dözə bilmirdim.

Kiçik qapını itələyib, girirəm, mövcudluğun yumşaq tükləri uçub, budaqlara qonurlar. İndi mən bilirəm haradayam, şəhər parkındayam. Nəhəng, qara gövdənin, göyə can atan qara əllərin arasındakı oturacağa atıram özümü. Ağac ayaqlarımın altında qara dırnaqları ilə yeri qaşıyır. Unutmağı, dincəlməyi və yatmağı o qədər istərdim ki. Amma bacarmıram: boğuluram, mövcudluq hər yerdən daxilimə girir, ağzımdan, burnumdan, qulaqlarımdan…

Sonra birdən örtük yırtıldı. Başa düşdüm, gördüm.


________________________________________

[i] Hər gecə ay çıxanda, öz kiçik arzumu düşünürəm.

Axşam saat altı

Deməzdim ki, bu mənim fikrimi dağıtdı, indi rahatam, əksinə mənə zülm etdi. Amma əvəzində mən məqsədimə çatdım, indi nəyi bilmək istədiyimi bilirəm, hər şeyi, yanvardan bəri mənə nə olduğunu anladım. Ürək bulantısı keçmədi, çətin tezliklə keçə, amma mən artıq buna görə əzab çəkmirəm- bu xəstəlik deyil, bu qısa müddətli tutmadır, necə ki, mən özüm də qısa müddətli tutmayam.

Hə, deməli elə indicə parkda idim. Oturduğum oturacağın altında şabalıd ağacının kökləri yerə girdi. Amma indi yadıma düşmür ki, bu kök idi. Elə bil ki, itdi, onunla birlikdə əşyaların mənası, onların təyinatı, insanların ağacın üstünə vurduğu solğun nişanlar da itdi. Belimi büküb, başımı aşağı salmışdım, məni qorxudan bu qara, düyünlü kütlənin ibtidai görünüşü ilə birlikdə tənha oturmuşdum. Birdən hər şeyi başa düşdüm.

Az qala nəfəsim kəsildi. Bu son günlərdə heç vaxt başa düşməmişdim ki, “mövcud olmaq” nədir. Mən də yaz paltarlarında sahildə gəzən başqa adamlar kimi idim. Mən də onlar kimi deyirdim: “dəniz yaşıldır, yuxarıdakı ağ nöqtə qağayıdır”, amma hiss etmirdim ki, hər şey mövcuddur, o qağayı “mövcud qağayıdır”. Adətən olduğu kimi mövcudluq gözlərdən gizlənir. O buradadır, ətrafımızdadır, içimizdədir, o bizik, onun olmadığı iki söz danışmaq mümkün deyil, amma ona toxunmaq olmaz. Onun haqqında fikirləşdiyimi hesab edəndə, əslində mən heç nə haqqında fikirləşmirdim, başım boş idi, bəlkə də orada bircə, yeganə söz var idi “mövcud olmaq”. Bəlkə düşünürdüm.. necə ifadə edim? Mən məxsusluq kateqoriyasından düşünürdüm. Özümə deyirdim: “ dəniz yaşıl rəngli şeylər siyahısına daxildir və ya yaşıl rəng dənizin xarakterindən biridir”. Hətta mən şeylərə baxanda onların mövcud olmalarını düşünmürdüm, onlar qarşımda bəzək əşyası kimi dayanırdılar. Onları əlimə götürüb, işlədirdim, necə müqavimət göstərəcəklərini əvvəlcədən hiss edirdim. Amma bütün bunlar üzdə baş verirdi. Əgər məndən soruşsaydılar ki, mövcudluq nədir, təmiz vicdanla cavab verərdim ki: heç nə, boş forma, xaricdən qoşulan bir şey, əşyaların mahiyyətində heç nəyi dəyişməyən bir şey. Və birdən budur, hər şey gün kimi aydındır; mövcudluq birdən örtüyünü atdı. O artıq mücərrəd kateqoriyanın zərərsizliyini xərcləyib: o əşyaların mahiyyəri idi, kök mövcudluqdan ibarət idi. Və ya daha doğrusu, kök, parkın hasarı, oturacaq, qazon, çəmənlik- hər şey itdi; əşyaların müxtəlifliyi, fərdin rəngarəngliyi sadəcə görünüş idi, lak idi. Lak əridi, dəhşətli, qatı və qarışıq kütlə utanmaz və qorxunc çılpaqlığı ilə qaldı.

Tərpənməyə qorxurdum, amma tərpənmədən də arxada mavi sütunları, musiqi pavilyonunun işıqlarını və lavr kolluğu arasında Velledanı görürdüm. Bütün bu əşyalar... necə deyim? Onlar mənə mane olurdular. İstərdim ki onlar belə sırtıqcasına deyil, daha mücərrəd, daha zəif, daha təmkinli mövcud olsunlar. Şabalıq gözlərimi ağrıdırdı. Gövdəsinin ortasına qədər yaşıl ləkə ilə örtülüb; qara köpmüş qabıq suluqlamış əli xatırladırdı. Maskere fontanının suyunun yavaş şırıltısı qulaqlarıma girib, yuva qururdu, onları nəfəsi ilə doldururdu; burun deşiklərimi çürük yaşıl iy doldurmuşdu. Hər şey sakitcə razılaşıb, necə yorğun qadınlar gülüb, yumşalmış səslə “gülmək yaxşıdır” deyirsə eləcə özünü mövcudluğa vermişdi. Əşyalar bir-birinə özlərini göstərirdilər, bir-birini, mövcudluqlarının iyrəncliklərini yoxlayırdılar. Başa düşdüm ki, yoxluqla bu yumşaq bolluq arasında oxşarlıq yoxdur. Əgər mövcudsansa deməli bu cizgilərə, bu kiflənmişliyə, köplüyə, ədəbsizliyə qədər olmalısan. Başqa bir dünya da var, orada dairələr və musiqilər öz təmiz, ciddi cizgilərini saxlayırlar. Amma mövcud olmaq təslim olmaq deməkdir. Ağaclar, mavi gecə sütunları, fontanın şən xırıltısı, canlı qoxular, soyuq havada bir az istilik, oturacaqda yediklərini həzm edən kürən adam- bütün bu ümumi mürgüdə, bütün bu ümumi həzm edilmədə gülməli nəsə var idi. Gülməli...yox, hələ o dərəcədə yox; mövcud olan nə isə gülməli ola bilməz; amma bunda nə isə qeyri-müəyyənlik, vodevil vəziyyəti ilə güclə sezilən oxşarlıq vardı. Bizdə bir xeyli mövcudluq vardı, özümüz özümüzə mane olurduq, özümüz özümüzdən utanırdıq; heç birinin burada olmağa səbəbi yox idi, hər varlıq utanırdı, sakit narahatlığı ilə özünü digərlərinin yanında “artıq” hesab edirdi. Artıqlıq- bu ağaclar, hasar, daşlar arasında gördüyüm yeganə bağlantı idi. Boş yerə şabalıdları saymağa, onları Velleda ilə bir məkana salmağa, hündürlüklərini söyüdlərin hündürlüyü ilə müqayisə etməyə çalışırdım, hər biri əlaqədən qaçırdı, nə qədər birləşdirmək, qruplaşdırmaq istəsəm də hər biri şəxsi sərhədlərini aşırdı. Əlaqənin bütün şərtlərini hiss edirdim (say, ölçü, istiqamət), çalışırdım bu şərtləri saxlayım ki, insanlıq dünyasının vaxtını uzadım, indi insanlar əşyalar tərəfindən işğal edilmişdilər. Şabalıq məndən bir az qabaqdadır, artıqdır, Velleda bir az soldadır, artıqdır.

Mən də, əzgin, sakit, həyasız, yeyilmiş naharı həzm edən, pis-pis şeylər fikirləşən mən də artıq idim. Xoşbəxtlikdən bunu hiss etmirdim, daha çox ağlımla başa düşürdüm, özümü yaxşı hiss etmirdim, çünki bunu hiss etməkdən qorxurdum (indi də bundan qorxuram, qorxuram ki, bu mənə arxadan, boynum tərəfdən yaxınlaşar, qaldırıb dalğa dərinliyində yerə çırpar). Fikirləşirdim ki, həyatla vidalaşmaq lazımdır, ya da bu lazımsız varlıqların heç olmasa birini qırmaq lazımdır. Amma ölüm də artıq şey idi. Bu gülümsəyən parkın dərinliyində mənim cəsədim, daşların üstündə və bitkilərin arasında qanım artıq olardı. Çürümüş cəsədim onu qəbul edən torpaqda artıq olardı, ən axırdı gəmirilmiş, təmiz və diş kimi parıldayan sümüklərim də artıq olardı, mən haradan baxsan artıq idim.

İndi qələmim yeni sözü yaratdı- mücərrədlik, bu yaxınlarda onu parkda tapdım, amma mən onu axtarmırdım, o mənə lazım deyildi: mən əşyalarla əşyalar haqqında sözsüz düşünürdüm. Mücərrədlik beynimdə yaranan fikir deyildi, səs deyildi, ayaqlarımın altında uzun, ölü, ağac ilan idi. İlan və ya heyvan dırnağı, kök və ya qrif caynağı, nə fərqi var. Heç nəyi dəqiq formalaşdırmağa çalışmadan başa düşmüşdüm ki, mən mövcudluğuma, ürək bulantısına, şəxsi həyatıma açarı tapmışam. Əslində sonra hər şeyi aydınlaşdıranda görmüşdüm ki, bu mücərrədliyin əsasları ilə uyğunluq təşkil edir. Mücərrədlik daha bir sözüdür, sözlərlə mübarizə aparıram: elə sözlərlə də əşyaların özünə toxunmuşdum. İndi isə mücərrədliyin tam xarakterini təsvir etmək istəyirəm. İnsanların balaca rəngli dünyalarında hər hansı hərəkət və ya hadisə onların çərçivəli şəraitlərində ancaq mənfi mənada mücərrəd ola bilər. Məsələn elə dəlinin çıxışı danışdığı cəfəngiyyata görə yox onun yaşadığı şəraitə uyğun mücərrəddir. Amma elə indicə mütləqiyyətlə mücərrədliyi başa düşdüm. Bax elə bu kök, dünyada elə bir şey yoxdur ki, ona münasibətdə kök mücərrəd olmasın. Off, bunu sözlərlə necə izah edim? O daşlara, saralmış otlara, qurumuş palçığa, ağaca, səmaya, yaşıl oturacaqlara qarşı mücərrəddir. O qədər amansızcasına mücərrəddir ki, hətta təbiətin dərin, sirli cəfəngiyyatı da onu izah edə bilmir. Əlbəttə ki, mən hər şeyi bilmirdim, ailənin necə böyüməsini, ağacın necə qocalmasını görmürdüm. Amma bu xəbərsizliyin nəhəng pəncəsi göstərirdi ki, izahatlar və məntiqli nəticələr dünyası ilə mövcudluq dünyası iki fərqli dünyadır. Dairə mücərrəd deyil, bir nöqtədən başlayıb sonluqlarından birinə qədər fırlanmaqla onu izah etmək asandır. Amma axı dairə həm də mövcud deyil. Amma bu kök əksinə, mövcud idi, o qədər mövcud idi ki, onu izah edə bilmirdim. Nazik, tərpənmədən məni heyrətə gətirirdi, gözümə girirdi, dayanmadan mənə mövcudluğunu yeridirdi. Boş yerə “Bu kökdür” deyə təkrarlayırdım, sözlər daha təsir etmirdi. Başa düşürdüm ki, funksiyası yerdən su çəkmək olan bu köklə bu möhkəm dəri, yağlı, mozollu, möhkəm görüntü arasında hansısa bağlantı qurmaq mümkün deyil. Funksiya heç nə izah etmirdi, o kökün ümumiyyətlə nə olduğunu ümumi cizgilərlə başa salırdı, amma bu kökü izah etmirdi. Bu kök.. rəngi, forması, hərəkətsizliyi ilə heç cür izah edilə bilmirdi..bir səviyyə yuxarı idi. Onun hər bir üzvü ayrı-ayrılıqda itirdi, çölə axırdı, yarısı möhkəmlənirdi, az qala əşyaya çevrilirdi, amma kökün özündə hər biri artıq idi və indi mənə elə gəlirdi ki, bütün gövdə özü-özündən çıxırdı, özünü inkar edirdi, qəribə artıqlıqda itirdi. Ayaqqabımın dabanı ilə qara caynağı cızdım, istəyirdim onu yüngülcə didəm. Elə belə, sadəcə istəyirdim odun dəridə mücərrəd, çəhrayı cırmaq yeri yaransın, sadəcə dünyanın mücərrədliyi ilə oynayırdım. Amma ayağımı qaldıranda gördüm ki, caynaq yenə də qara qalıb.

Qara? Hiss edirdim ki, söz necə nəfəs alır, necə mənasını itirir. Qara? Kök qara deyildi, bu balaca tikədə qaralıq yox idi, nəsə başqa bir şey var idi. Qara da dairə kimi mövcud deyildi. Kökə diqqətlə baxdım, o qaradan daha artıq idi ya elə qara idi? Amma elə o dəqiqə özümə belə suallar verməyi dayandırdım, başa düşdüm ki, dərk etmə sahəsinə girirəm. Mən artıq adlandırılmağı mümkünsüz əşyaları hiss etməyə cəhd etmişdim, amma onlar haqqında fikirləşəndə hiss etmişdim ki, onların soyuq, cansız xüsusiyyətləri əl çatan deyil, barmaqlar arasından sürüşür. Bax elə məsələn “Dəmiryolçuların sığınacağında” Adolfun aşırmaları. Onlar bənövşəyi deyildilər. İndi də gözümün qabağında köynəkdəki iki heç cür lmüəyyənləşdirilməyən ləkə canlanır. Və bütün bu hadisələrin başladığı pis daş, o nə deyildi, necə olmaqdan imtina etmişdi, dəqiq xatırlamıram. Amma onun passiv müqavimətini unutmamışam. Və ya Oxucunun əli, bir dəfə kitabxanada onu sıxmışdım, sonra məndə elə bir hiss yaranmışdı ki, elə ki o heç də əl deyildi. Onda ağ, yağlı soxulcan haqqında fikirləşmişdim, amma o soxulcan deyildi. Və ya “Mabli” kafesindəki pivə stəkanının ikibaşlı şəffaflığı. İkimənalı- bax bütün bu səslər, dadlar, iylər ikimənalı idilər. Bəzən onlar burnunun altında yuvalarından qovulmuş dovşanlar kimi sıçrayanda onlara elə də fikir vermirsən, adi, etibarlı görünürlər, fikirləşirsən ki, dünyada həqiqətən də əsl mavi, əsl ağ rəng, əsl badam, əsl bənövşə iyi var. Bircə anlıq onları saxlasan əminlik və rahatlıq hissi dəhşətli narahatlığa çevrilir: rənglər, iylər, dadlar heç vaxt həqiqi olmurlar, onlar özləri olmurlar. Ən adi, tam tərkibli xüsusiyyət özündə, daxilində özünə qarşı artıqlıq daşıyır. Məsələn elə ayaqlarımın yanındakı bu qara, elə bil ki bu əslində qara rəng deyil, qaranı heç vaxt görməmiş kimsə qaranı yaratmağa cəhd edib, vaxtında özünü saxlaya bilməyib və rəngdən kənara çıxaraq şübhəli bir şey yaradıb. Bu rəngə oxşayırdı amma həm də göyərtiyə, çürüntüyə bənzəyirdi, başqa şeylərlə də - nəm torpağın, isti və nəm ağacın iyi ilə qarışmış qoxusuyla, lifli ağacı lak kimi örtmüş qara qoxuyla, çeynənmiş lifin şirin dadı ilə oxşarlıqları vardı. Deyə bilmərəm ki, mən sadəcə qaranı görürəm- görmək mücərrəd uydurmadır, təmizlənmiş, sadələşdirilmiş ideya, insan tərəfindəm yaradılmış ideya. Bu qaralıq, bu formasız, cansız həqiqət özünü görüntü, qoxu və dad ilə doldurmuşdu. Amma bu bolluq qarışmışdı, nəticədə heç nəyə çevrilmişdi, çünki artıq idi.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə