Kollektivdə heç bir əhəmiyyəti olmayan bu insan sadəcə və sadəcə fərddir



Yüklə 0,71 Mb.
səhifə12/15
tarix26.05.2018
ölçüsü0,71 Mb.
#46099
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   15

- Mənə tələ qurmuşdun.

- Bu tələ deyildi. .. Və sən, sən də düz kresloya tərəf gedərdin.

- Bəs mənə nolardı? Dönüb maraqla kresloya baxaraq soruşuram. Görünüşü çox adidir, rahat kreslodur.

- Pis olardı,- Anni qısaca cavab verir.

Heç nə soruşmuram. Anni həmişə özünü müxtəlif tabularla əhatə edir.

- Məncə nəsə duydum, deyirəm.- Düzdür bu çox qəribə olardı. Dayan qoy ifadə edim. Əslində bu otaq boşdur. Bilirsən bunu o dəqiqə hiss etdim. Yoxsa içəri girib divarlarda maskalar, şallar başqa nələr görərdim. Otellər həmişə sənin otağının qapısında bitərdi. Sənin nömrən artıq başqa dünya idi. Sən qapını mənə açmazdın. Oturardın, hətta bəlkə də yerdə, özünlə hər yerə apardığın qırmızı xalının üstündə, mənə amansız baxışlarla baxıb gözləyərdin...Elə bircə söz deyən, nəfəs alan, hərəkət edən kimi üz-gözünü qırışdırardın, o dəqiqə hiss edərdim ki, nədəsə səhv etmişəm amma nədə heç vaxt bilməzdim. Sonra hər dəqiqə mənim səhvlərim çoxalardı və mən günahkar olardım...

- Nə qədər belə olub?

- Yüz dəfə.

- Bəlkə də çox! Bəlkə sən o vaxtdan ağıllanmısan və daha diqqətli olmusan?

- Yox!

- Sevinirəm ki dedin. Davam et.



- Amma indi bunlar yoxdur.

- Aha...- teatr tonu ilə deyir. – Bu adam indi-indi inanmağa başlayır!- yumşaq tonla davam edir:- Belə, indi mənə inana bilərsən, bu daha yoxdur.

- Və möhtəşəm anlar da yoxdur?

- Yox.


Özümü itirmişdim. İnadkarlıq edirəm.

- Yox... Deməli bütün...bütün bu faciələr, maskaların, şalların, mebellərin, mənim hansısa kiçik rolda sənin isə baş rolda oynadığın qəfil faciələr bitdi?

- Naşükür,- gülümsəyir. – Bəzən sənə özümkündən daha vacib rol verirdim. Sənin isə xəbərin də olmurdu. Hə, bitdi. Təəccübləndin?

- Nə danışırsan, əlbəttə! Mən elə bilirdim ki, bunlar hamısı sənin bir hissəndir, onu səndən almaq ürəyini qoparmaq kimi bir şeydir.

- Mən də elə bilirdim, təəssüflənmədən deyir. İstehza ilə məndə ağır hisslər yaradaraq əlavə edir:- görürsən bunsuz da yaşaya bilirəm.

Barmaqlarını bir-birinə keçirib, dizinə qoyub. Ətrafa gülümsəyərək baxır, birdən bu təbəssümdən üzü cavanlaşır. İndi o sirlə dolu və nədənsə razı gombul qızlara oxşayır.

- Sevinirəm ki, sən olduğun kimi qalmısan. Əgər səni başqa yerə aparsaydılar, rəngləyib digər yolda torpağa sancsaydılar istiqamətimi itirərdim. Sən mənə lazımsan, mən dəyişirəm, belə oldu, sən isə olduğun kimi qalmalısan. Sənə baxıb ölçə bilirəm ki, özüm nə qədər dəyişmişəm.

Bir az inciyirəm.

- Bax görürsən, sənin ölçün dəqiq deyil,- tez etiraz edirəm. – Bu qədər vaxtda dəyişib, mən əslində...

- Offf!- məhv edici tonda fınxırır.- Gör ey intellektual dəyişiklik! Mən isə iliklərimə qədər dəyişmişəm.

İliklərimə qədər.... Onun səsində mənə nə təsir etdi? Belə ya elə, birdən içimdə nəsə qırılır- itmiş Annini axtarmağı dayandırıram. Mənə bax bu gombul, həyatın sürtdüyü bu qadın təsir edir, onu sevirəm.

- Məndə qəribə özünə əminlik yaranıb.... bilmirəm fiziki ya yox. Hiss edirəm ki, möhtəşəm anlar yoxdur, olmur. Yeriyəndə ayaqlarımla hiss edirəm. Yatanda hiss edirəm. Bunu unuda bimirəm. Elə bilmə ki, eləcə bir gün birdən oldu hər şey, yox. Deyə bilmərəm ki, hansısa andan və ya hansısa gün həyatım dəyişdi. Amma daha məndə belədir hər şey, elə bil ki, hər şey indicə olub. Qəribə hiss edirəm, öz qabımda deyiləm, buna alışa bilmirəm.

O bunları sakit səslə, dəyişdiyinə görə qürurla deyir. Sandığının üstündə qeyri-adi cazibə ilə yırğaıanır. Mən içəri girəndən bəri bir dəfə də Marseldəki, keçmiş Anniyə bu qədər oxşamamışdı. O yenə də məni cəlb etdi, yenə də gülüşlərin, oyunların, müdrikliyin sərhədlərini aşan qəribə dünyasında batırdı. Hətta yenidən onun yanında keçirdiyim yüngül titrəməni hiss edirəm, ağzımda o vaxtkı kimi acı dad var.

Anni əllərini dizindən aşağı saldı. Susur. Bu hesablanmış susqunluqdur- Operada da səhnə yeddi orkestr taktı vaxtı boş olur. Anni çay içir. Sonra stəkanını yerə qoyur, dirçəlir və əllərini sandığa dayayır.

Birdən onun üzü nə vaxtsa sevdiyim möhtəşəm Meduzanın üzünə çevrilir, nifrətlə dolu, çəpəki, zəhərli. Anni ifadələrini dəyişmir, o üzlərini dəyişir, antik aktyorlar maskalarını dəyişən kimi- bir anda. Və bu maskaların hər biri onun üçün yaradılır ki, sonrakı hadisənin atmosferinə uyğunlaşsın, tonunu müəyyən etsin. Anni danışarkən maska yaranır və dəyişilməz qalır. Sonra maska qopur və Annidən ayrılır.

Anni fikirli baxışlarını mənə zilləmişdi. İndi danışacaq. Maskasına görə ondan faciəli monoloq, qəbirüstü mahnı gözləyirəm. Amma qısa ifadə deyir.

- Mən canlı ölüyəm.

Ton üzünə tam oturmur. O faciəli deyil, qorxuludur- onda göz yaşısız, kədərsiz quru peşmançılıq var. Hə, onda nə isə həmişəlik quruyub.

Maska düşdü. Anni gülümsəyir.

- Mən heç də kədərlənmirəm. Bəzən bu məni təəccübləndirir və boş yerə:niyə kədərlənim ki? Nə vaxtsa atəşli ehtirasa sahib idim. Anama dəhşətli dərəcədə nifrət edirdim. Və ya səni, səni ehtirasla sevirdim.

Cavab atmacasını gözləyir. Susuram.

- Amma bu həmişəlik bitdi.

- Haradan bilirsən?

- Bilirsəm. Bilirəm ki, daha heç kim və heç nə məndə ehtiras oyada bilməz. Başa düşürsən, kimisə sevməyə başlamaq çox böyük işdir. Enerji, maraq, korluq lazımdır....Əvvəl elə anlar olur ki, uçurumdan tullanmalı olursan, amma fikirləşəndən sonra bilirsən ki bunu etməyəcəksən. Mən bilirəm ki, daha heç vaxt tullanmayacam.

- Niyə?

Anni mənə istehzalı baxış atıb, cavab vermir.

- İndi qurumuş ehtiraslarımın əhatəsində yaşayıram. Çalışıram anam məni döyəndə dördüncü mərtəbədən tullanacaq qədər böyük olan gözəl qəzəbi yenidən yaradım. – heç bir əlaqəsi olmadan uzaqlaşmış görünüşlə əlavə edir:- və mən gərək əşyalara çox baxmayım. Gərək baxım, başa düşüm ki, nədir o dəqiqə də gözlərimi qaçırım.

- Niyə?


- İyrənirəm.

Məgər bu...Hər halda oxşayır. Londonda bir dəfə olub, biz ayrı-ayrılıqda eyni vaxtda eyni əşyalar haqqında düşünürdük. Çox sevinərdim əgər bu... Amma Anninin fikirləri adətən qəribə dəyişikliklər edir, heç vaxt əmin olmaq olmaz ki onları tam başa düşmüsən. Gərək bunu aydınlaşdıram.

- Qulaq as, axı mən əslində heç vaxt möhtəşəm anların nə olduğunu bilməmişəm. Mənə heç vaxt izah etməmisən.

- Əlbəttə, axı sən heç vaxt bunu başa düşməyə kiçik cəhd də etməmisən. Həmişə yanımda axmaq ki axmaq qalmısan.

- Bilirəm bu mənə nələrin bahasına başa gəlib.

- Başına gələnlərə layiq idin, günahkar idin. Öz ciddiyətinlə məni qıcıqlandırırdın. Bütün görünüşünlə elə bil ki deyirdin: “Bax, mən normal insanam” və çalışırdın göstərəsən ki, necə sağlamsan, necə mənəvi cəhətdən sağlam adamsan.

- Amma mən səndən yüzlərlə dəfə bunun nə olduğunu soruşmuşdum...

- Hə, amma elə bir tonla ki!- hirslə deyir.- yuxarıdan aşağı maraqlanırdın, bax tonun bu idi. Elə mehribanlıqla soruşurdun ki, məndən qoca qadınlar uşaqlıqda olanda nə ilə oynadığımı elə soruşurlar. Ümumiyyətlə,- düşüncəli halda davam edir, - ola bilər ki, dünyada hamısan çox elə sənə nifrət edirdim.

Özünü ələ almaq üçün çox çalışır, gülümsəyir- yanaqları hələ də yanır. Çox yaxşı görünür.

- İndi sənə bunun nə olduğunu izah etməyə hazıram. İndi mən hirslənmədən uşaqlıq oyunlarımdan sənə bəhs etmək üçün kifayət qədər qocayam. De görüm nəyi bilmək istəyirsən?

- O nə idi.

- Sənə seçilmiş vəziyyətlər barədə danışmışdım?

- Məncə yox.

- Danışmışdım,- əminliklə deyir.- bu Eksedə, adını unutduğum meydanda olmuşdu. Biz günəşin düşdüyü yerdə kafedə narıncı çətirlər altında oturmuşduq. Yadından çıxıb, biz limonad içmişdik və şəkər tozunun içində ölü milçək tapmışdım.

- Hə, ola bilər...

- Məhz elə o kafedə sənə seçilmiş vəziyyətlərdən danışmışdım. Mişlenin “Tarix” kitabının böyük nəşri ilə bağlı danışmışdım, uşaqlıda varım idi. O bundan daha böyük idi, səhifələri isə solğun ağ rəngdə idi, şampinyon kimi və ondan göbələk iyi gəlirdi. Atamın ölümündən sonra Jozef dayı onu özünə götürdü. Məhz həmin gün mən onu qoca donuz adlandırdım, anam məni döydü mən də özümü pəncərədən atdım.

- Hə, hə... sən “Fransa tarixi” haqqında mənə belə bir şey danışmışdın... Sən deyəsən onu çardaqda oxuyurdun hə? Görürsən, yadıma gəlir. Məni ədalətsiz olaraq günahlandırırsan ki, hər şeyi unutmuşam.

- Sus. Hə, tamamilə düz xatırlayırsan, mən o cildi çardağa qaldırırdım. Orada çox az şəkil var idi, hər cilddə üç-dörd şəkil. Amma hər biri bütün səhifəni tuturdu, arxa tərəfi isə təmiz idi. Bu məndə digər səhifələrdən daha çox təəssürat oyadırdı, yerə qənaət etmək üçün yazını iki sütuna yığmışdılar. Mən həmin şəkilləri çox sevirdim, onların hamısını əzbərdən bilirdim və hər dəfə Mişlenin hansısa cildini oxuyanda hələ şəklə əlli səhifə qalmış onun görünməsini gözləyirdim, hər dəfə şəklin yerində olması mənə möcüzə kimi görünürdü. Orada başqa bir incəlik də var idi, şəkildə təsvir edilən səhnə heç vaxt yaxın səhifələrlə üst-üstə düşmürdü- hadisənin təsvirini tapmaq üçün otuz səhifə qabağa getmək lazım gəlirdi.

- Yalvarıram, gəl möhtəşəm anlardan danışaq.

- Mən isə sənə seçilmiş vəziyyətlərdən danışıram. Məhz onlar həmin qravyuralarda təsvir edilmişdi. Mən onları seçilmiş adlandırırdım. Əgər məhz onları belə çoxsaylı illustrasiyaların predmeti etməyə qərar veriblərsə deməli onlarda nə isə qeyri-adi xüsusiyyət olmalı idi. Başa düşürsən- məhz onları seçmişdilər, baxmayaraq ki, rəssam üçün daha rahat və ya tarix üçün daha vacib çoxsaylı epizodlar vardı. Məsələn, bütün XVI əsrə üç şəkil düşmüşdü: II Henrinin ölümü, Hersoq de Qizanın qətli və IV Henrinin Parisə səfəri. Və budur, mən təsəvvür edirdim ki, bu hadisələr digərlərindən nə iləsə fərqlənir. Həm də qravyuralar mənim fikrimi möhkəmləndirirdi- şəkillər yöndəmsiz idilər, əllər və ayaqlar bədənə pis oturmuşdu. Amma onlar böyük idilər. Məsələn hersoq de Qiz öldürülüb- bütüb şahidlər dəhşətə gəliblər və hiddətlə əllərini qabağa uzadıblar, başlarını isə arxaya çeviriblər: bu çox gözəldir, xor kimi. Elə bilmə ki, şəkillər maraqlı yaşayış detallarından məhrum edilmişdilər. Onlarda atlardan yıxılan pajları ( orta əsrlərdə saraylarda xidmət edən zadəgan nəslindən oğlan) və ora-bura qaçan balaca itləri, taxtın pillələrində oturan təlxəkləri görə bilərdin. Amma bütün bu detallar o qədər böyük və yöndəmsiz çəkilmişdi ki, digərləri ilə möhtəşəm harmoniya yaradırdılar, heç vaxt birliyin belə qorunduğu şəkillərə rast gəlməmişdim. Bax hər şey də elə burdan başladı.

- Seçilmiş vəziyyətlər?

- Hər halda, mən onu belə təsəvvür edirdim. Bu vəziyyətlər nadir, qiymətli xüsusiyyətlərə, belə desək stilə malik idilər. Məsələn, səkkiz yaşım olanda elə bilirdim ki, kral olmaq- seçilmiş vəziyyətdir. Və ya həm də ölmək. Gülürsən, amma şəkillərdə ölüm anında çəkilmiş o qədər adam vardı və o qədər adam həmin anda uca sözlər deyirdilər ki, mən səmimi olaraq inanırdım...qısası düşünürdüm ki, əzab anında insan özündən də üstün olmağa qadirdir. Ölünün olduğu otaqda olmaq kifayət idi: ölüm seçilmiş vəziyyətdir, ondan elə bir şey çıxırdı ki, ətrafdakı hər kəsə keçirdi. Hansısa böyük bir şey. Atam öləndə mənə dedilər ki, yuxarı, onun otağına qalxıb sonuncu dəfə görüm. Pillələri qalxarkən özümü o qədər bədbəxt hiss edirdim ki, həm də hansısa qeyri-adi vəcdə gəlmişdim- nəhayət seçilmiş vəziyyətə düşəcəm. Divarlara söykənib, çalışırdım ki, özümü həmin dəqiqə üçün hazırlayım. Amma yatağın yanında anamla xalam dizi üstə durmuşdular, hönkürtüləri ilə hər şeyi pozdular.


Sonuncu sözləri Anni hirslə deyir, elə bil ki, xatirələr onun üçün hələ də əzablıdır. Fasilə edir, bir nöqtəyə baxıb qaşlarını qaldırır, həmin səhnəni yenidən yaşamaq üçün fürsətdən istifadə edir.

- Sonralar mən bu anlayışı genişləndirdim, məsələn seçilmiş vəziyyətlərə həm də sevgini əlavə etdim (sevişməyi nəzərdə tuturam). Hə bir də, əvvəllər başa düşmürdün niyə bəzi xahişlərindən imtina edirdim, indi başa düşəcəksən, mən nəyisə qorumağa çalışırdım. Sonra qərar verdim ki, deyəsən seçilmiş vəziyyətlər saya biləcəyimdən daha çoxdurlar, ən sonra başa düşdüm ki, onlarım sayı yoxdur.

- Yaxşı, axı onlar nədir?

- Mən ki sənə izah etdim,- təəccüblə deyir.- budur on beş dəqiqədir bunu sənə izah edirəm.

- Deməli belə, axı vacib olan nədir, insanın hansısa deyək nifrət və ya sevgi kimi güclü ehtirasa tutulması və ya lazımdır ki, hadisənin içində böyüklük olsun, yəni biz gördüyümüz tərəfində?

- Həm də həm də bu,- həvəssiz cavab verir.

- Bəs möhtəşəm anlar? Onların nə əlaqəsi var?

- Onlar sonra gəlir. Əvvəl xəbərləri gəlir. Sonra insanların həyatında yavaş-yavaş seçilmiş vəziyyətlər yaranır. Bax burada sual yaranır, sən onu möhtəşəm anlara çevirmək istəyirsən ya yox?

- Başa düşdüm,- deyirəm. – Hər bir seçilmiş vəziyyətdə müəyyən addımlar atmaq lazımdır, deyək ki, müəyyən vəziyyətlər almaq və ya müəyyən sözlər demək lazımdır, digər vəziyyətlər, sözlər isə tamamilə qadağan edilir. Elədir?

- Hə...


- Deməli seçilmiş anlar əslində xammaldır, onları işləmək lazımdır.

- Tamamilə, - deyir.- Əvvəlcə hansısa xüsusi şəraitdə olmalısan, sonra hiss etməlisən ki, onları qaydaya salırsan. Əgər bütün şərtlər qorunubsa həmin an möhtəşəm olur.

- Qısası incənət əsəri kimi.

- Bunu artıq mənə demisən, - qıcıqlanıb deyir. – Yox...bu...bu borc idi. Seçilmiş vəziyyətləri möhtəşəm anlara çevirməyə məcbursan. Bu əxlaq məsələsi idi. Nə qədər istəyirsən gülə bilərsən, amma məhz əxlaq məsələsi. Mən gülmürəm.

- Qulaq as,- qəfil deyirəm. Mən də etiraf etmək istəyirəm. Mən heç vaxt səni başa düşməmişəm, sənə kömək etməyə cəhd etməmişəm. Əgər bilsəydim...

- Sağ ol, çox sağ ol,- istehza ilə deyir. Ümid edirəm bu gecikmiş etirafına görə təşəkkür gözləmirsən. Amma mən sənə hirslənmirəm, sənə heç vaxt heç nəyi başa salmamışam, sıxılmışdım, bu barədə heç kimlə danışa bilmirdim, hətta səninlə də,xüsusilə səninlə. Həmin anda həmişə saxta notlar üzə çıxırdı. Başımı itirirdim. Amma həm də elə hiss edirdim ki, edə biləcəyim hər şeyi etmişəm.

- Yaxşı, nə etmək lazım idi? Özümü necə aparmalı idim?

- Sən necə də axmaqsan! Məgər misal göstərmək olar. Bu şəraitə baxır.

- Yaxşı danış görüm sən nə etməyə çalışırdın.

- İstəmirəm. Sənə bir hadisə danışacam, mən hələ məktəbdə oxuyanda mənə pis təsir etmişdi. Bir kral döyüşdə məğlub olur və əsir düşür. Hansısa küncdə qalibi görür. Qızı və oğlunu gözünün qabağında zəncirə vururlar. Ağlamır, heç bir söz demir. Sonra gözünün qabağında qulluqçularından birini zəncirə vururlar. O vaxt kral ağlamağa, saçlarını yolmağa başlayır. Özün başqa misallar çəkə bilərsən. Başa düşdün, bəzən ağlamaq olmaz və ya sən sadəcə alçaqsan. Amma əgər ayağının altına kötük düşürsə nə istəyirsən edə bilərsən, ağlaya, hönkürə bir ayağının üstündə tullana bilərsən. Həmişə dözümlü adam olmaq çətindir, özünü boş şeylərə görə xərcləyirsən.- gülümsəyir, - Amma bəzən dözümlülükdən daha çox şey tələb olunur. Birinci dəfə səni necə öpməyim yəqin ki yadına gəlmir.

- Çox əla xatırlayıram,- qələbə ilə elan edirəm,- Bu Temza çayının sahilindəki Kyu-Qardenzdə olmuş.

- Amma heç vaxt bilmədin ki, gicitkənin üstündə oturmuşdum, paltarım cırılmışdı, gicitkən budlarıma batmışdı hər dəfə tərpənəndə daha çox yandırırdı. Bax görürsən, burada dözümlü olmaq kifayət etmir. Sən məni heç də həyacanlandırmırdın, səninlə öpüşmək kimi xüsusi arzum da yox idi, amma sənə hədiyyə etmək istədiyim öpüşün daha böyük mənası var idi- bu girov idi, danışıq idi. Özün başa düşürsən, bu ağrı elə yersiz gəlmişdi ki, həmin anda gicitkən haqqında fikirləşməyə haqqım yox idi. Ağrımı göstərməmək az idi, gərək onu hiss etməyəydim. – O mənə hələ də öz fədakarlığından təəccüblənərək qürurla baxırdı.- bütün iyirmi dəqiqə, məni razı salmağa çalışdığın iyirmi dəqiqə, düzü mən onsuz da səni həmin vaxt ərzində öpməyə qərar vermişdim, bütün həmin vaxt özümü sakitləşdirməyə çalışırdım- axı öpüş bütün qaydaları ilə olmalıdır- özümü tamamilə ağrısızlaşdırmışdım. Və allah şahiddir, mənim dərim hissiyyatlıdır. Amma mən biz qalxana qədər heç nə hiss etməmişdim.

Hər şey tanışdır. Macəra yoxdur, möhtəşəm anlar yoxdur... biz eyni illuziyalardan keçmişdik, eyni yollarla getmişdik. Qalanını təxmin edirəm- hətta özüm onun yerinə deməli olduqlarını deyə bilərəm.

- Və sən başa düşdün ki, həmişə ağlayan xalalar və ya kürən kişilər və ya kimsə hər şeyi pozacaq.

- Əlbəttə,- sakitcə təsdiqlədi.

- Məgər bütün məsələ bunda deyil?

- Ah, bilirsən kürən tipin diqqətsizliyi ilə əvvəl axır barışa bilərdim. Ümumiyyətlə mən həmişə digərlərinin öz rollarını necə oynadıqları ilə maraqlanmışam....yox, məsələ bunda deyildi...

- Məsələ onda idi ki, seçilmiş vəziyyətlər yox idi?

- Bəli. Fikirləşirdim ki, sevgi və ya nifrət Ehtiraslı cümədə alov dilləri kimi üstümüzə yağmayacaq. Elə bilirdim ki, nifrət və ya sevgi ilə işıqlanmaq olar. Necə də səhv etmişəm! Hə, axı mən doğrudan da inanırdım ki, “Nifrət” var, insanlara dolur və onu özündən yuxarı qaldırır. Axı əslində bu mənəm- mən nifrət edirəm, mən sevirəm. Axı hər bir mən elə eyni şeydir, elə bir şeydir ki, dartınır, dartınır...hər şey elə oxşardır ki, insanlar sonra hamısına ad veriblər, fərqləndiriblər.

Fikirlərimiz üst-üstə düşür. Elə bilirəm heç vaxt ayrılmamışıq.

- Qulaq as, deyirəm.- Bax bir neçə dəqiqədir elə bir şey haqqında fikirləşirəm ki, mənə geniş ürəklə təyin etdiyin yol sütunu rolundan daha çox xoşuma gəlir: məsələ ondadır ki, biz eyni vaxtda eyni cür dəyişmişik. Bilirsən, bu mənim daha çox xoşuma gəlir, nəinki sən daha uzağa,daha uzağa gedəsənmən isə təyin etdiyin nöqtədə qalam. İndi mənə danışdığın hər şeyi mən sənə danışmaq istəyirdim- düz deyirəm, amma başqa sözlərlə. Bi eyni nöqtədə olmuşuq. Məni necə sevindirdiyini deyə bilmərəm.

- Hə?- mehriban amma inadkarlıqla deyir. – Amma yenə də istəyərdim ki, dəyişməyəsən, belə daha rahatdır. Mən sənə oxşamıram, əslində kiminsə mənim kimi fikirləşməsi xoşuma gəlmir. Həm də səhv edirsən.

Başıma gələnləri ona danışıram, mövcudluq haqqında danışıram, bir az yayğın danışsam da. Gözlərini geniş açıb, qaşlarını qaldırıb, sakitcə qulaq asır.

Bitirdim- üzündə rahatlıq var.

- Bax görürsən, heç də mənim kimi düşünmürsən. Sən narazısan, çünki istərdin ki, əşyalar ətrafında çiçək dəstəsi kimi yerləşsin, bunun üçünsə barmağını belə tərpətməyəsən. Mən heç vaxt bu qədər çox şey istəməmişəm- mən hərəkət etmək istəmişəm. Bilirsən, biz səninlə macəra axtaranları canlandıranda sən başına macəra gələn adam idin, mən isə macəranı çağıran. Mən demişdim ki, “Hərəkət adamıyam”. Yadına gəlir? Bax, indi isə mən sadəcə deyirəm : “Hərəkət adamı olmaq olmaz”.

Deyəsən üzümdən gördü ki, məni inandıra bilmədi, çünki hirslənməyə başlayır və qərarla elan edir:

- Həm də sənə danışmadığım çox şey var, çox vaxt lazımdır. Məsələn, hərəkət etdiyim vaxt özümə deməli idim ki, bu.... bu pis nəticələnə bilər. İzah edə bilmirəm...

- Lazım da deyil,- inadkarlıq edirəm,- mən də belə fikirləşirdim.

İnamsızlıqla mənə baxır.

- Qulaq as, sən dünyadakı hər şey haqqında mənimlə eyni fikirləşmisən,- qəribədir.

Onu inandıra bilmirəm, ancaq hirsləndirirəm. Susuram. Onu qucaqlamaq istəyirəm. Birdən mənə narahatlıqla baxır:

- Yaxşı əgər bütün bunları sən də fikirləşmisənsə, nolacaq?

Başımı aşağı salıram.

- Yəqin mən... mən canlı ölüyəm? – ağır-ağır təkrarlayır.

Ona nə cavab verə bilərəm? Məgər mən özüm bilirəm ki, niyə yaşayırıq? Onun kimi ruhdan düşmürəm, çünki heç bir ümidim də yox idi. Daha çox... daha çox mənə heç nə üçün verilən həyata təəccüblənirəm. Başımı qaldırmıram, bu an Anninin üzünü görmək istəmirəm.

- Mən səyahət edirəm,- qaşqabaqla deyir. – İndi İsveçrədən gəlmişəm. Bir həftəlik Berlində qaldım. Həmin o məni təmin edən adam...

Onu qucaqlamaq...Niyə? Onun üçün nə edə bilərəm? O da mənim kimi tənhadır.

- Nə donquldanırsan?- indi daha şən tonla soruşur.

- Heç nə. Sadəcə bir az fikirləşdim.

- Aaa, sirli şəxsiyyət! Ya aydın danış ya da sus, ikisindən birini seç.

Ona “Dəmiryolçuların sığınacağından” , həmişə qurmağı xahiş etdiyim köhnə reyqtaym olan valdan, dinləyəndə keçirdiyim qəribə xoşbəxtlikdən danışıram.

O cavab vermir, deyəsən mənim sözlərim onu o qədər də maraqlandırmır.

Yenə də bir azdan danışır- başa düşmürəm o öz fikirlərinə cavab verir yoxsa mənim dediklərimə.

- Şəkillər, heykəllər- onlar kömək etmirlər. Bu mənim xaricimdə olan gözəllikdir. Musiqi isə...

- Bəs teatrda?

- Nə teatrda? İncəsənətin bütün növlərini saymaq istəyirsən?

- Nə vaxtsa demişdin ki, teatrda oynamağı ona görə istəyirsən ki, onda möhtəşəm anları həyata keçirmək olur!

- Hə, mən onları həyata keçirirdim, amma başqaları üçün.Özüm isə tozun içində, yeldə, korşalmış soffitlərin (teatr səhnəsinin yuxarısında və yanlarında üfüqi halda düzülmüş lampalar sırası) altında, karton dekorasiyaların arasında idim. Adətən mənim tərəf müqabilim Torndayk olurdu. Yəqin ki, onu “Kovent-Qarden”-də görmüsən. Həmişə qorxurdum ki, indicə üzünə qəhqəhə çəkib güləcəm.

- Bu rol səni heç vaxt cəlb etmədi?

- Bəzi anları hə, amma heç vaxt tamamilə. Bizim hamımız üçün əsas o idi ki, aramızda qara uçurum var idi. Uçurumun dərinliyində isə görmədiyimiz insanlar, onlar üçün biz həqiqətən möhtəşəm anları oynayırdıq. Amma başa düşürsən onlar bu anların içində yaşamırdılar, anlar onların gözlərinin qabağında açılıb-bağlanırdı. Elə bilirsən biz aktyorlar içəridə idik? Əslində möhtəşəm an heç yerdə deyildi rampanın (səhnəni işıqlandıran lampaları və s. cihazları tamaşaçılardan gizlədən uzun sipər) nə bu nə o üzündə- o yox idi, amma hamı onun haqqında düşünürdü. Bax ona görə mənim balam – sözləri darta-darta danışır, tonu az qala bayağıdır- hamını cəhənnəmə yolladım.

- Mən isə kitab yazmağa çalışırdım....

- Mən keçmişdə yaşayıram,- sözümü kəsir.- Başıma gələnləri yaddaşımda canlandırıram və qaydaya salıram. Əslində hər şey kənardan o qədər də pis görünmür, hətta buna inanmağa hazır olursan. Bax elə səninlə mənim hekayət heç də pis deyil. Bir az düzəldirəm və o möhtəşəm anlar zəncirinə dönür. Onda gözlərimi yumuram elə təsəvvür edirəm ki, hələ də onu yaşayıram. Başqa personajlarım da var. Sadəcə diqqətini cəmləməyi öyrənmək lazımdır. Bilirsən nə oxumuşam? Loyolun “Ruhi məşqlər”kitabını. O mənə çox kömək etdi. Belə bir vasitə var- əvvəlcə dekorasiyanı qurursan, sonra personajları canlandırırsan. Onda görə bilirən,- ovsunçu kimi sözünü bitirir.

- Bu mənə qətiyyən bəs eləməzdi,- deyirəm.

- Sən elə bilirsən mənə bəs edir?

Susduq. Hava qaralır, üzündəki ağ ləkəni güclə seçirəm. Anninin qara paltarı otağı dolduran alaqaranlıqla birləşir. Qeyri-şüuri stəkanı əlimə götürürəm, dibində bir az çay qalıb, dodaqlarıma yaxınlaşdırıram. Çay soyuyub. Siqaret çəkmək istəyirəm amma qərar verə bilmirəm. Əzabla hiss edirəm ki, bir-birimizə deyəcək sözümüz qalmayıb. Hələ dünən ona çoxlu suallar fikirləşmişdim: harada olub, nə edib, kiminlə görüşüb? Amma bu mənə ancaq ona görə maraqlı idi ki, Anni hər şeyə bütün qəlbini qoymağa qadir idi. İndi isə vecimə deyil, Anninin olduğu ölkələr, şəhərlər, onu sevən bəlkə də onun da sevdiyi kişilər məni daha maraqlandırmır, indi bunlar onu da maraqlandırmırdı, ürəyinin dərinliyində soyuqqanlı qalmışdı: qaranlıq, soyuq dənizin üzərində bir anlıq solğun günəş işıqları. Qarşımda Anni oturub, bir-birimizi dörd ildir görmürük, və daha bir-birimizə deyəcək heç nəyimiz qalmayıb.

- İndi isə,- birdən Anni deyir,- getmək vaxtıdır. Mən adam gözləyirəm.

- Sən onu gözləyirsən?

- Yox, bir alman rəssamı gözləyirəm.

Gülür. Onun gülüşü qaranlıq otaqda qəribə səslənir.

- Yeri gəlmişkən, bax bizə oxşamayan, hələ ki, oxşamayan adam. Hərəkət edir, özünü xərcləyir.

Həvəssiz qalxıram.

- Səni nə vaxt görəcəm?

- Bilmirəm. Sabah Londona gedirəm.

- Dyepdən keçəcəksən?

- Hə, sonra yəqin ki, Misirə gedəcəm. Bəlkə gələn qış yenə də Parisə gəldim, sənə yazaram.

- Sabah bütün gün boşam,- cəsarətsizcə deyirəm.

- Hə, amma mənim çox işim var, - quru cavab verir. – Yox, mən səninlə görüşə bilmərəm. Sənə Misirdən yazaram. Mənə ünvanını de.

- Yaxşı.

Zərf qırığına qaranlıqda ünvanımı cızıram. “Prentaniya” otelindən xahiş etmək lazımdır ki, Buvildən gedəndən sonra mənə məktubları çatdırsınlar. Ürəyimin dərinliyində bilirəm ki, Anni mənə yazmayacaq. Bəlkə də on il sonra onu yenidən gördüm. Və ya bəlkə də sonuncu dəfə görürəm. Ancaq ondan ayrıldığıma görə sınmıram,- yenidən təklik barədə fikirləşəndə tüklərim ürpənir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə