Koroğlu dastani "Alı kişi" qolu



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə38/112
tarix17.11.2017
ölçüsü2,28 Mb.
#10983
1   ...   34   35   36   37   38   39   40   41   ...   112

O Çənlibeldən gəlmişəm

Koroğluyam, at minmişəm, 

Yüz min belə fellərim var. 

Koroğlu qoşuna hücum eləyib, mərdanə qılınc vurmağa başladı. 

Düşmən çox idi, Koroğlu tək. Yalqızlıq Koroğluya əl verdi. Aldı görək 

nə dedi: 

Ay həzərat, ay camaat, 

Heç iyid yalqız olmasın! 

Ətim yeyib, qanım içən, 

Namərdə möhtac olmasın! 

Haşa a bəylər, haşadan, 

Qorxmaram xandan, paşadan, 

Əsrəyib çıxsa meşədən, 

Aslan da yalqız olmasın! 

Koroğlunun daş qalası, 

Ərşə çəkildi nalası, 

Ördək ilə qaz balası, 

Göllərdə yalqız olmasın! 

Qoşun Koroğlunu aralığa almışdı. Qızğın dava idi. Koroğlu əmud 

vurur, cida oynadır, şeşpər atırdı. Hansı yana üz çevirirdi düşmanı qatımqatım 

qatlayırdı. Baş kəsirdi, qol qırırdı, qanı su kimi axıdırdı. Qırat da 

işi ilə, çəçiyi ilə qoşunu didib tökürdü. Koroğlu Qıratın hünərini görüb, 

aldı əl üstü: 

Ceyrana bənzər qaçışın, 

Addımla, qurban qoluna! 

Tərlana bənzər uçuşun, 

Əl çatmaz ipək yalına!.. 

Kəsdirrəm gümüşdən yəhər, 

Tumarlaram axşam, səhər, 

Götür burdan qaç bir təhər 

Sikkə vurdurram nalına! 

Koroğluyam, güman belə, 

Deməyinən gəlməz dilə, 

Məni çıxart Çənlibelə, 

Qotaz düzdürrəm çuluna! 

Qoç Koroğlunun dəli nərəsi düşmanı qorxutmuşdu. Hamının əli 

davadan soyumuşdu. Koroğlu sağdan vurdu, soldan çıxdı, soldan vurdu, 

sağdan çıxdı, düşmanı şil-küt eləyib bir tərəfdən özünə yol açıb qoşunun 

arasından çıxdı. 

Mahmud paşa yolları tənablarla neçə yerdən kəsdirmişdi ki, bəlkə 

Koroğlu keçib gedə bilməsin, tutsunlar. Qırat tənabların yeddisini bir 

eləyib sıçrayırdı. 

Koroğlu hər yerdən keçib Çənlibelə yol başladı. Az getdi, çox getdi, 

bir də gördü Çənlibel tərəfdən göyün üzü ilə ötüşə-ötüşə bir qatar 

durna gəlir. Çənlibel Koroğlunun yadına düşdü. 

Aldı, görək nə dedi: 




Göynən gedən beş durnalar, 

Bizim ellər yerindəmi? 

Bir-birindən xoş durnalar, 

Bizim ellər yerindəmi? 

Söhbət olurdu sazınan, 

Ördək olurdu qazınan, 

Necə incəbel qızınan, 

Tuti dillər yerindəmi? 

Sevib, seçib bəyəndiyim

Sədasından oyandığım, 

Arxasında dayandığım, 

Çənlibellər yerindəmi? 

Bəzirgana sataşdığım, 

Qumaşına bulaşdığım, 

Dönüb boynundan aşdığım, 

Çənlibellər yerindəmi? 

Hərdən işvə-qəmzə satan, 

Mənimlə ixtilat qatan, 

Gələndə atbaşı tutan, 

Şux gözəllər yerindəmi? 

Çalxalanıb döyündüyüm, 

Arxa vurub söyündüyüm, 

Qovğa günü öyündüyüm, 

Nər dəlilər yerindəmi? 

Koroğlu heç deməz yalan, 

Toqata salmışam talan, 

Cümlə dəlilər, Eyvaz xan

İyid ərlər yerindəmi? 

Koroğlu uzaq yolları keçib gəldi Çənlibelə yetişdi. Qırat Çənlibelə 

çatanda elə kişnədi ki, dağlar, dərələr dilə gəldi. Dəlilər tökülüb qabağa 

gəldilər. Qıratı tutdular. Koroğlunun Qıratı tapıb sağ-salamat gəlməyinə 

hamı sevindi. Şadlıq məclisi qurdular, yedilər, içdilər, keflər 

kökəldi. Koroğlunun kefi saz, damağı çağ idi. Badəni badənin dalınca 

qara bığlarının altından ötürürdü. Nigar xanım dəlilərə göz basıb 

Koroğluya dedi: 

– Koroğlu, iyidliyinə sözüm yoxdu, amma belə sifətdən çox qarasan 

ey... 

Koroğlu sazını sinəsinə basıb, aldı görək Nigar xanıma necə cavab 



verdi: 

Mənə qara deyən gözəl, 

Qaşların qara deyilmi? 

Tökülübdü dal gərdənə, 

Saçların qara deyilmi? 

Hökm ilə oturub durma, 

Müjganın sinəmə vurma, 

Ala gözə siyah sürmə, 




Çəkibsən qara deyilmi? 

Koroğlu verdi salamı, 

Dolandı cümlə aləmi, 

Qüdrətin göhər kalamı, 

Yazısı qara deyilmi? 

Hamı gülüşdü. Nigar Koroğlunun bu hazır cavabına şad oldu. 

Məclis təzədən qızışdı... 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 


Koroğlu dastanı  

"Koroğluynan Ərəb Reyhan" qolu 

 

Koroğlunun Ərzincandan sağ-salamat qayıdıb gəlməyi Çənlibeldə toy-bayram oldu.  



Elə bil ki, dəlilərin ürəkləri yerinə gəldi. Əhvalatı, necə ki, Aşıq Cünun gəlib xəbər gətirmişdi, 

Koroğluya danışdılar. 

Koroğlu soruşdu: 

– Bəs Aşıq Cünun hanı? Heç gözümə dəymir. 

Nigar dedi: 

– Aşıq Cünunu yenə də Toqata göndərmişik ki, Hasan paşanın 

işlərindən bizi xəbərdar eləsin. 

Koroğlu getdi fikrə. Dedi: 

– Gərək onu Qarsa göndərəydiniz. Mən Hasan paşanın qeyrətinə bələdəm. O da zərbi-dəstimi 

görüb.  


O bizim üstümüzə gələ bilməz. 

Amma Reyhan igid adamdı. Özünün də məndə hayfı var. 

Koroğlu Ərzincandan gəlib Çənlibelə çatanda qaranlıq qovuşurdu. 

İndi də oturub o qədər söhbət elədilər ki, lap gecə gecədən keçdi. 

Axırda Dəli Həsən məclisi dağıtdı ki: 

– Day bəsdi. Durun hərə öz yerinə! Koroğlu yorğundu, dincini 

alsın. 

Dəlilər durub dağıldılar. Koroğlu da başının altını dik eləyib yatdı. 



Elə ki, səhər açıldı, hələ heç gün çırtlamamışdan Koroğlu yerindən 

durdu. Uşaqları yanına alıb Çənlibelin bütün bəndərgahlarını gözdən 

keçirtdi. Baxdı ki, vallah, dəlilər bəndərgahları elə tutublar, elə pusqular 

düzəldiblər, elə səngərlər basıblar ki, Hasan paşa nədi, lap xotkar 

özü də bütün dünyanı yığıb Çənlibelə töksə, yenə də bir adam bu 

yerlərdən keçə bilməz. Elə ki, Koroğlu bəndərgahların hamısını gəzib 

qurtardı, deməlisini dedi, tapşırılmasını tapşırdı, ondan Dəli Mehtəri 

çağırıb dedi: 

– Mənim aşıq paltarımı gətir! 

Dəlilər soruşdular: 

– Neynirsən aşıq paltarını? 

Koroğlu dedi: 

– Qarsa gedəcəyəm. Gərək gedib Ərəb Reyhandan xəbər biləm. 

Dəlilər nə qədər elədilər ki, sən getmə, həm səfərdən təzə gəlibsən, 

həm də bu saat Çənlibeli başsız qoymaq olmaz. Olmadı ki, olmadı. Aşıq 

paltarını geyindi, bir də bir at minib Qarsa tərəf yola düşdü. Az getmişdi 

bilmirəm, çox getmişdi bimirəm, elə təzəcə Alacalar dağının ətəklərinə 

çatırdı ki, bir də gördü, budu, Qars tərəfdən bir atlı gəlir. Diqqət 

eləyib baxdı ki, bu bir cavan oğlandı, necə deyərlər, hələ bığ yeri 

təzəcə tərləyir. Ürəyində öz-özünə fikirləşib dedi: “Lap yaxşı oldu. 

Bunu dayandırım, bir əhval-pürsən olum, görüm Qarsda nə var, nə 



Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə