KüSKÜn göZƏLÇƏLƏRİMİ xatirlayarkəN



Yüklə 322,12 Kb.
Pdf görüntüsü
səhifə13/13
tarix26.03.2018
ölçüsü322,12 Kb.
#34302
1   ...   5   6   7   8   9   10   11   12   13

çəkisini, gözəlliyini və sənətinə xas olan güclü xarakterini, sərbəstliyini saxlamışdı. 

    O məni dənizə gedən yolun üstündəki təpədə, çinlilərin bostanının arasında yerləşən  evinə apardı. 

Qıjıların, boy atmış astromeliyaların əhatəsində, damından quş qəfəsləri asılmış kölgəli eyvanda 

çimərlik kürsüsündə oturduq. Başlarında konusvari  şlyapa təpənin ətəklərinə səpələnən çinlilər şaxıyan 

günün altında bostan əkirdilər. Aşağıda iki qayalıq dambanın arası ilə çayın bir neçə liq axıb dənizə 

çatdığı Bokas de-Senisanın boz torpaqları göz işlədikcə uzanıb gedirdi. Söhbət etdiyimiz vaxt ağ okean 

gəmisi çayın mənsəbinə girdi və gəminin cöngə kimi qəmgin böyürtüsü çay limanından eşidilənə qədər 

dinməzcə onu seyr etdik. O, köks ötürdü: «Təsəvvür edirsən? Yarım əsrdən də artıq müddətdə səni ilk 

dəfədir yataqda qəbul etmirəm». «Biz indi əvvəlki adamlar deyilik», – mən dedim. Qadın məni 

eşitmədən sözünə davam etdi: «Hər dəfə sənin yazıların radioda veriləndə, adamların səni necə 

sevdiyindən ağızdolusu danışılanda, kimsə səni məhəbbət müəllimi adlandıranda, inanırsan, 

fikirləşirəm ki, sevgidə necə canını əsirgəmədiyini, necə bacarıqlı olduğunu mənim qədər heç kim 

bilmir. Ciddi sözümdür, – o dedi, – səninlə heç kim məndən yaxşı ola bilməzdi». 

   Daha müqavimət göstərəsi halda deyildim. Kasilda bunu hiss etdi, yaşarmış gözlərimi gördü və 

yəqin, yalnız onda başa düşdü ki, artıq əvvəlki adam deyiləm, mən isə onun baxışlarına, heç 

inanmadığım halda, mərdliklə tab gətirdim. «Mən qocalıram», – etiraf etdim. «Biz artıq qocayıq, – o, 

köks ötürdü. – Sadəcə, qocaldığımızı daxilən hiss etmirik, ancaq kənardan baxanlar bunu görürlər». 

   Ürəyimi ona açmaya bilməzdim və doxsanilliyim ərəfəsində Rosa Kabarkasa etdiyim ilk zəngdən 

tutmuş, otaqda hər şeyi darmadağın edib, bir də oraya qayıtmadığım həmin dəhşətli gecəyə qədər içimi 

parçalayan bütün əhvalatı başdan-ayağa ona danışdım. Ürəyimi açıb tökməyimə elə qulaq asırdı, sanki, 

bunları özü yaşamışdı, sonra tələsmədən bir az düşünüb  gülümsədi. 

   – Əlbəttə, özün bilən yaxşıdır, ancaq bu xilqəti itirmə, – Kasilda dedi. – Tək-tənha ölməkdən betər 

bədbəxtlik yoxdur. 

   Biz Puerto-Kolombiaya araba kimi can çəkə-çəkə sürünən balaca qatarla getdik. Bokas de-Senisanın 

dibini  təmizləyənə qədər bütün dünyanın ölkəyə daxil olduğu ovulmuş taxta bəndin qarşı tərəfində 

nahar edib, cüssəli zənci arvadların qızardılmış parqo balığı, üstünə yaşıl banan dilimləri qoyulmuş 

kokoslu düyü verdiyi, palmadan düzəldilən talvarın altında oturduq. Günortanın bürküsündə iki saat 

mürgülədik, sonra isə alışıb-yanan günəş dənizdə batana qədər söhbət elədik. Hər şey mənə xəyal kimi 

görünürdü. «Həyatın işinə bir bax, bizə bal ayı bəxş etdi, – Kasilda zarafatla dedi. Və ciddi görkəm 

aldı: – İndi geriyə dönüb baxanda yatağımdan gəlib keçmiş minlərlə kişi görürəm, ancaq onlardan ən 

fağırının belə mənimlə qalması üçün canımı verərdim. Allaha şükür, vaxtında öz çinlimi tapdım. Nə 

olsun, şeyi çeçələ barmağım boydadır, intəhası, bilirəm ki, təkcə mənimdir». 

   O, gözlərimin içinə baxıb, indicə dediklərinə reaksiyamı öyrənəndən sonra sözünü tamamladı: «Bu 

saat get, o yazığı axtar, hətta qısqanclığının pıçıldadıqları düz olsa da, fərqi yoxdur, necə deyərlər, 

neyləmisənsə, özün eləmisən. Əlbəttə, qoca romantikasını da rədd elə getsin. Oyat onu, qorxaqlığına, 

alçaqlığına görə şeytanın səni mükafatlandırdığı mərətinlə kişiliyini ona sübut et. Ciddi deməyimi 

istəyirsənsə, – sözünü səmimiyyətlə bitirdi, – sevdiyinlə olmaq zövqünü dadmamış ölmə». 

   Ertəsi gün telefonun nömrəsini yığanda ürəyim az qalırdı yerindən çıxsın. Çünki Delqadina ilə yeni 

görüşdən qorxurdum, çünki Rosa Kabarkasa nə cavab verəcəyimi bilmirdim. Otağındakı dağıntının 

qiymətini öz xeyri üçün şişirdəndə aramızda əməlli-başlı mübahisə olmuşdu. Anamın xeyli pula gedəsi 

rəsm əsərlərindən ən çox sevdiyim birini satası oldum, ancaq lazım olan məqamda o, mənim fikrimdə 

tutduğumun heç onda birini də doğrultmadı. Aldığımın üstünə öz saxlancımı da əlavə edib, hamısını 

Rosa Kabarkasa apardım və sözümü kəsəsinə dedim: «Ya bu, ya heç bir şey». Deməyə nə ehtiyac, 

intihara yaxın bir hərəkətdi, mənim təmiz adımı məhv etmək üçün bircə sirrimi satmağı kifayət idi. O 

inad etmədi və haqq-hesab çəkdiyimiz gecə girov saxladığı tablonu özünə götürdü. Bir zərbə ilə hər 

şeyi itirdim: Delqadinanı, Rosa Kabarkası və öz sonuncu əmanətimi. Ancaq telefon qəfil zəng vurdu: 

bir, iki, üç… və dəstəkdə o idi: «Neyləyək?» Səsim mənə qulaq asmadı. Dəstəyi yerinə qoydum. Tor 

yelləncəyə uzanıb, Satinin ürəyə məlhəm olan lirikası ilə özümü sakitləşdirməyə çalışdım, ancaq elə 

tərlədim ki, hətta kətan yelləncək də islandı. Zəng etmək üçün səhəri gözləməyə səbrim çatmadı. 



   – Yaxşı, – qətiyyətlə dedim. – Bu gün – hə. 

   Rosa Kabarkas – başqa cür ola da bilməzdi – heç nə olmamış kimi cavab verdi. «Ay tənha qoca, – 

özündən razı halda nəfəs aldı, – iki ay ilim-ayaq itirsən, sonra da peyda olub, mümkün olmayan şey 

xahiş edirsən». O dedi ki, Delqadinanı bir aydan çoxdur görmür, deyəsən, sən otağı darmadağın edəndə 

keçirdiyi sarsıntıdan özünə gəlib, o qədər özünə gəlib ki, bunu heç xatırlatmadı, səni də soruşmadı, 

ümumiyyətlə, öz yeni işindən razıdır, əvvəlkindən yaxşıdır, düymə tikəndə aldığından çox pul alır. İçim 

od tutub yandı. «Yəqin, fahişəliyə qurşanıb», – dedim. Rosa dərhal etiraz etdi: «Elə olsa, burda olardı. 

Özgə harda günü xoş keçər?» Bu məntiqi sübutu tez-tələsik ortaya atmağı şübhələrimi artırdı: «Orada 

olmadığını mən hardan bilim?» «Bu halda, – o, ağzımdan vurdu, – ümumiyyətlə, heç nə bilməsən 

yaxşıdır. Yoxsa elə deyil?» Mən ona yenə nifrət etdim. Ancaq bir az höcətləşəndən sonra Rosa qızı 

axtaracağına söz verdi. Ancaq elə də əl yeri qoymadı, çünki qıza zəng etdiyi qonşunun telefonu hələ də 

bağlı idi, onun harada yaşadığından isə xəbərsizdi. «Di yaxşı, lənət şeytana, buna da bir əlac tapılar, – o 

dedi, – bir saatdan sonra zəng vuraram». 

   Bir saat üç günə döndü, ancaq qızı tapdı – sağ-salamat və azad. Mən xəcalət çəkə-çəkə qayıdıb, 

taqsırımı boynuma aldım, günahımı yuyurammış kimi gecə saat on ikidən ilk xoruz banına qədər onu 

öpüşlərə qərq etdim. Sanki, hər şey təzədən başlayırdı. Otaq çılpaq və yaşayış üçün yararsız idi, 

haçansa gətirdiklərim də daha ələ gəlmirdi. Rosa hər şeyi olduğu kimi saxlayb dedi: əgər nəsə etmək 

istəsən, öz hesabınadır, çünki mənə borclusan. Ancaq maddi imkanım sıfra yaxınlaşırdı. Təqaüdüm get-

gedə məni daha az görürdü. Evdə satıla biləsi çox az şey qalmışdı ki, onlar da – anamın mənim üçün 

müqəddəs olan zinət əşyalarını çıxmaq şərti ilə – pula getmirdi, çünki o qədər qədimi əşyalar deyildi ki, 

antikvar sayılaydı. Yaxşı zamanlarda departamentin kitabxanasından ötrü yunan, latın və ispan 

klassiklərin cildlərini almaq məqsədi ilə qubernator mənə şirnikləşdirici təkliflər etmişdi, ancaq o vaxt 

buna əlim gəlmədi. Sonralar isə xeyli dəyişiklik baş verdi, ümumiyyətlə, dünyanın zayı çıxdı, hökumət 

artıq nə incəsənət, nə ədəbiyyat haqqında düşünürdü. Ləyaqətli bir çıxış yolu tapmaqdan bezib, 

Delqadinanın mənə qaytardığı zinət əşyalarını girov qoymaq üçün şəhər bazarına aparan dar küçəyə 

yollandım. Dalğın müdrik adam görkəmi alıb, ağzınacan dolu yoxsul yeməkxanaların, köhnə kitablar 

satılan dükanların, lombardların yanından bir neçə dəfə oyan-buyana keçdim, ancaq Florina Diosun 

təmiz adı yolumu kəsdi: cəsarət etmədim. Onda başımı dik tutub, zinət əşyalarını qədim, etibarlı 

zərgərlik mağazasına satmaq qərarına gəldim. 

   Böyüdücü şüşə arxasından onlara baxa-baxa satıcı mənə suallar verirdi. Onda həkim ədaları, 

vərdişləri və həkimə xas da qorxutmaq xüsusiyyəti var idi. Ona dedim ki, bu bəzək əşyaları mənə 

anamdan miras qalıb. Hər izahımla razılaşırmış kimi mızıldanırdı, nəhayət, monoklunu bir kənara 

qoydu. 

   – Çox təəssüf edirəm, – o dedi. – Ancaq bunların hamısı adi şüşədir. 



   Mənim təəccübümü görüb, canıyananlıqla izah etdi: «Yaxşı ki, qızıl – qızıldır, platin də – platin». 

Zinət əşyaları alınanda verilən qəbzi özümlə gətirdiyimə əmin olmaq üçün ciblərimi axtardım. Və 

tamamilə sakit şəkildə dedim: 

   – Axı onlar yüz ildən çox olar bu hörmətli mağazadan alınıb. 

   Satıcının heç tükü də tərpənmədi. «Olur ki, – izah etdi, – irsən qalmış zinət əşyalarından zaman-

zaman ən qiymətli daşlar yoxa çıxır;  onlar ya ailədəki dönüklər, ya oğru zərgərlər tərəfindən 

dəyişdirilir, saxtakarlığın üstü yalnız onları satmaq istəyəndə açılır. Ancaq icazənizlə, bir saniyə 

gözləyin», – satıcı qapıdan keçib, zinət əşyalarını mağazanın içərilərinə apardı. Bir müddət sonra 

qayıdıb, heç nə izah etmədən mənə stul göstərdi – otur gözlə, – özü isə işləməyə davam etdi. 

   Mən dükana göz gəzdirdim. Anamla buraya bir neçə dəfə gəlmişdim və anamın təkrar etdiyi sözlər 

indiyəcən yadımda qalmışdı: «Atana demə». Qəfil beynimdən keçən fikir məni diksindirdi: bəlkə, Rosa 

Kabarkas Delqadina ilə sözləşib, əsl daşları satıblar, mənə də saxtalarını qaytarıblar? 

   Şübhələr məni üzürdü, bu vaxt katibə məndən arxasınca gəlməyi xahiş edib, bayaqkı qapıdan 

keçərək, uzun rəflərinə qalın cildlər düzülmüş kiçik kabinetə apardı. Kabinetdəki uzundraz ərəb yazı 

masasının arxasından qalxıb, mənə köhnə dost kimi sən deyə müraciət edərək, əlimi bərk-bərk sıxdı. 



«Biz bir yerdə bakalavrlıq oxumuşuq», – o, salamlaşmaq əvəzinə dedi. Bu nəhəng adamı çətinlik 

çəkmədən tanıdım: o, məktəbdə ən yaxşı futbolçu və fahişəxanalara ilk səfərlərimizdə çempion idi. 

Sonra onu itirdim və yəqin, məni belə əldən düşmüş halda görüb, öz sinif yoldaşlarından biri ilə səhv 

salmışdı. 

Anamın zinət əşyalarının qeydə alındığı arxiv kitabçası açıq şəkildə şüşəli masanın üstünə qoyulmuşdu. 

Dəqiq tarix və təfərrüatlar təsdiq edirdi ki, Karqamantosların iki nəslin gözəl, ləyaqətli qadınların zinət 

əşyalarını şəxsən o özü dəyişdirib və elə bu dükanda satdırıb. Bu hadisə biz hələ indiki dükan sahibi ilə 

məktəbdə oxuyanda, dükanı atası işlədən vaxt baş vermişdi. O, məni sakitləşdirdi: bu bicliklər çətinliyə 

düşən və maddi çətinlikdən öz şərəfinə ləkə gətirmədən çıxmağa çalışan kübar ailələr üçün adi şeydir. 

Bu amansız gerçəklik qarşısında eşitdiklərimi  tanımadığım başqa bir Florina de Dios haqqında xatirə 

kimi yadda saxlamağı qərara aldım. 

   İyulun əvvəlində məni ölümdən ayıran həqiqi məsafəni hiss etdim. Ürəyim zəifləmişdi və  hər yerdə 

ölümün əlamətlərini görməyə başladım. İncəsənət Cəmiyyətindəki konsert zamanı bunu lap aydın 

duydum. Sərinkeş xarab olmuşdu, ədəbiyyat və incəsənət aləminin say-seçmə adamları ağzınacan dolu 

salonda istidən boğulurdular, ancaq musiqinin sehri onları göylərə qaldırırdı. Sonda, Allegretto poco 

mosso çalınanda birdən dərk etdim ki, taleyin mənə bu həyatda bəxş etdiyi sonuncu konsertə qulaq 

asıram. Nə ağrı, nə qorxu duydum, yalnız hər şeyi darmadağın edən bir hiss keçirirdim: bu duyğuları 

yaşamaq mənə nəsib olub. 

   Tərə batmış halda ağuşlardan və fotoqraflardan birtəhər qopa bilmişdim ki, yüz yaşlı ilahə kimi 

təkərli kresloda əyləşən Ximena Ortislə qarşılaşdım. Onun burda olması bağışlanmaz günahımı mənə 

xatırlatdı. Dərisi kimi hamar, fil sümüyü rəngində ipək köynək geyinmişdi, mirvari boyunbağısı üç dəfə 

boynuna dolanmışdı, iyirminci illərin dəbində vurulan gümüşü saçları yanağında burulmuşdu, altı 

kölgələnmiş iri sarı gözləri parıldayırdı. Bütün görkəmi yaddaşının pozulması ucbatından ağlının get-

gedə ağ kağıza dönməsi barədə şayiələrlə ziddiyyət təşkil edirdi. Taqətsiz halda quruyub qaldım, ancaq 

üzümə sıçrayan istiliyin öhdəsindən gəlib, ədəblə dinməzcə təzim etdim. O, kraliça kimi gülümsəyib, 

əlimdən yapışdı. Başa düşdüm ki, bu – taleyin qismətidir və ürəyimi həmişə göynədən tikanı çıxarmaq 

fürsətini əldən vermədim: «Bu anı mən ömrüm boyu arzulamışam», – dedim. «Nə danışırsan! – o 

təəccübləndi. – Axı sən kimsən?»  Mən heç sonra da bilmədim: o, doğrudanmı, hər şeyi unutmuşdu, ya 

bu onun sonuncu intiqamı idi. 

   Öləcəyim haqda fikir əlli yaşımın tamamına az qalmış, buna oxşar bir şəraitdə, gecə karnavalda 

üzünü görmədiyim qeyri-adi bir qadınla apaçi tanqosu oynayanda məni sarsıtmışdı; o, məndən qırx funt 

ağır və iki qarış uzun idi, buna baxmayaraq, quş kimi süzürdü. Bir-birimizə bərk-bərk sıxılıb 

oynayırdıq, hətta damarlarımızda axan qanın səsini eşidirdik, onun tövşüyən nəfəsi, kəsif tər qoxusu, iri 

döşləri məni uyutmuşdu və  birdən-birə ölümü elə yaxında hiss etdim ki, diksinib az qaldım yıxılam. 

Sanki, qeybdən gələn bir səs qulağıma dedi: «Nə eləyirsən elə, fərqi yoxdur, bu il, ya yüz il sonra, 

onsuz da ölüb gedəcəksən». Qadın qorxaraq məndən aralandı: «Sizə nə oldu?» «Heç nə», – toxtamağa 

çalışıb, cavab verdim: 

   – Məni titrəməyə siz məcbur edirsiniz. 

   O vaxtdan ömrümü illərlə yox, onilliklərlə hesablamağa başladım. Beşinci onillik həlledici oldu – 

birdən dərk etdim ki, az qala, hamı, məndən balacadır. Ən dolğunu altıncı onillik idi – artıq səhv 

etməyə vaxtım qalmırdı. Yeddinci onilliyi qorxu içində keçirdim, çünki bu axırıncı on il həm də 

sonuncu ola bilərdi. Ancaq doxsanilliyimin səhəri sağ-salamat və xoşbəxt halda Delqadinanın 

yatağında oyananda özümə təskinlik verdim ki, həyat – heç də axıb gedən coşqun Heraklit çayı deyil, 

doxsan il qovrulduğun ocaqda daha bir doxsan il də o biri böyrün üstə bişmək fürsəti verən möcüzəli 

bir şeydir. 

   İndi gözümün yaşı ovcumun içində idi. Kimdənsə bir damcı mehribanlıq görməyimə bənddim, 

qəhərimi heç də həmişə boğa bilmirdim və ölümümdən çox, Delqadinanın qalan ömrünü mənsiz necə 

keçirəcəyi  mənə ağır gəldiyindən, onun yuxusuna keşik çəkmək ləzzətindən imtina etmək qərarına 

gəldim. Belə üzüntülü günlərin birində fikrimi dağıtmaq üçün rəsmi idarələrin yerləşdiyi Notariuslar 



küçəsinə getdim və heç on iki yaşım tamam olmamış eşqin incəlikləri ilə zorla tanış edildiyim, görüş 

yeri olan köhnə mehmanxananın yerində bir yığın zir-zibil görüb heyrətləndim. Qədimlərdə gəmi 

sahiblərinə məxsus olmuş, gəclə suvanmış, qızılı frizli sütunları, ortasında – oranjeriyaya əlvan işıq 

süzülən yeddi rəngli şüşə günbəzin altında isə daxili həyəti olan bu gözəl binadan şəhərdə çox az idi. 

Aşağı mərtəbədə, küçəyə baxan portalın arxasında bir əsrdən artıqdı ömrü boyu xəyallarla yaşayan, 

firavan dolanan, sonra isə müflisləşən atamın işlədiyi müstəmləkə notarial kontorları yerləşirdi. 

Tədricən kübar ailələr üst mərtəbəni tərk etdilər və onların yerini bir peso yarıma çay limanının 

yaxınlığındakı yeməkxanalarda ələ keçirdikləri müştərilərlə səhərə qədər otaqlara çıxıb düşən, gecələr 

çalışmaq müsibətilə üzləşmiş qadın dəstəsi tutdu. 

   On iki yaşımda, hələ gödək şalvar və məktəbli başmaqları geyindiyim vaxt atam növbəti qurtarmaq 

bilməyən iclasda çarpışanda üst mərtəbə ilə tanış olmaq həvəsindən özümü saxlaya bilmədim və 

qarşımda ilahi bir mənzərə açıldı. Səhərə qədər bədənini satan qadınlar gündüz saat on birdən sonra adi 

həyat yaşayırdılar; şüşə günbəzin altı dözülməz isti idi və onlar gecə sərgüzəştləri barədə hündürdən 

danışa-danışa evdə lüt anadangəlmə gəzirdilər. Mən qorxdum. Ağlıma gələn yeganə şey gəldiyim yolla 

da geri qaçmaq oldu, ancaq bu yerdə ətli-canlı, qıvraq, gil sabun qoxusu verən çılpaq qadınlardan biri 

məni arxadan qucaqlayıb, lüt kirayənişinlərin şən qışqırıqları və alqış sədaları altında öz karton 

hücrəsinə dartıb apardı. 

   Məni dalı üstə dörd adama yetəsi yatağa tulladı, gödək şalvarımı ustalıqla çıxarıb, üstümə mindi, 

ancaq bədənimi buxovlayan vahimə onu kişi kimi qəbul etməyimə imkan vermədi. Gecə evdə 

xəcalətimdən qovrulurdum və onu yenə görmək istəyi məni bir dəqiqə də olsun yatmağa qoymadı. 

Ertəsi gün, gecələr çalışan qadınların hələ yatdığı vaxt, titrəyə-titrəyə həmin hücrəyə qalxdım, ağlaya-

ağlaya qadını oyadıb, amansız gerçəklik bizi həyata qaytarana qədər sevgidən ağlımı itirdim. Adı 

Kastorina olan həmin qadın binanın kraliçası idi. 

   Ayaqüstü eşqbazlıq üçün xırda otaqlar bir peso idi, ancaq günü neçəyə olduğunu çox az adam bilirdi. 

Bundan başqa, Kastorina məni kasıb müştəriləri öz səhər ziyafətlərinə dəvət etdikləri, sabun borc 

verdikləri, dişlərini sağaltdıqları, ehtiyacları olanda isə sevgilərini əsirgəmədikləri bəlalı aləmləri ilə də 

tanış etdi. 

   Ancaq haçan öldüyü məlum olmayan, çay bəndinin sınıq-salxaq künc-bucağından çıxıb, baş mama-

sanın müqəddəs taxtına qalxmağı bacaran, yeməkxana davasında itirdiyi gözünü dəniz qulduru kimi 

sarğı ilə bağlamış ölməz Kastorinanı indi heç kim tanımırdı. Onun sonuncu oynaşı dəmiryol qəzasında 

öz şən təbəssümünü itirənə qədər Havanada ən yaxşı kornetçilərdən biri kimi tanınan, Katorqa Xonas 

adında kamaqueyalı xoşbəxt zənci olmuşdu. 

   Həmin acı təəssüratlar yaradan gəzintidən sonra ürəyim sancmağa başladı, ot-alafdan dəmlədiyim 

çay, bədənimə sürtdüyüm cürbəcür şeylər mənə yüngüllük gətirmədi. Yanına getdiyim məşhur nəsildən 

olan həkim qırx iki yaşımda məni müalicə edənin nəvəsi idi; öz babasına elə oxşayırdı,  yetmiş 

yaşındakı babası  kimi elə qoca görünürdü ki, mən diksindim: vaxtından əvvəl tökülmüş saçlar, 

gözündə uzağı görmək üçün eynək və ümidsiz kədər. Həkim zərgər dəqiqliyi ilə bütün bədənimi 

müayinə etdi. Sinəmə, kürəyimə qulaq asdı, təzyiqimi ölçdü, dizlərimin reaksiyasını yoxladı, gözümün 

dibinə və alt göz qapaqlarımın rənginə baxdı. Mən taxtda çevrildiyim vaxt elə qəliz suallar yağdırırdı 

ki, fikirləşib cavab verməyə çatdırmırdım. Bir saatdan sonra xoşbəxtcəsinə gülümsəyərək mənə baxdı. 

«Bax belə, – o dedi, – güman edirəm ki, burda mənlik bir şey yoxdur». «Bu nə deməkdir?» «Siz yaşda 

adam üçün sağlamlığınız əla vəziyyətdədir». «Çox maraqlıdır, – dedim, – qırx yaşım olanda babanız da 

eynən belə demişdi, sanki, vaxt keçmir». «Həmişə belə demək olar, – nəvə bildirdi, – çünki yaş 

yaşdır». Ondan söz qopartmaq məqsədilə dedim: «İntəhası, hər şeyin sonu ölümdür». – «Bəli, – o 

təsdiq etdi, – ancaq sizin vəziyyətinizdə ölmək elə də asan deyil. Sizə faydalı ola bilmədiyimə görə 

səmimi qəlbdən təəssüflənirəm». 

   Bütün bu xatirələr gözəldir, ancaq 29 avqust ərəfəsində daş asılmış ayaqlarım pilləkənlə evə qalxanda 

məni hissiz-duyğusuz gözləyən yüz yaşımın sonsuz ağırlığını hiss etdim. Yenə anam Florina de Dios 

ölənəcən onun yatağı olan çarpayıda yuxuma girdi və son dəfə, ölümünə iki saat qalmış gördüyüm 



vaxtdakı kimi, mənə xeyir-dua verdi. Bunu sonuncu xəbərdarlıq kimi başa düşüb həyəcanlandım və 

Rosa Kabarkasa zəng etdim ki, elə bu axşam qızı gətirsin, çünki görürəm, doqquzuncu onilliyi son 

nəfəsimə qədər yaşamaq arzum həyata  keçməyəcək. Axşam saat səkkizdə bir də zəng vurdum və o 

təkrar etdi ki, mümkün deyil. «Nəyin bahasına olursa olsun, bunu etmək lazımdır», – bərk qorxmuş 

halda qışqırdım. Rosa xudahafizləşmədən dəstəyi asdı, ancaq on beş dəqiqədən sonra zəng vurdu: 

   – Yaxşı, o buradadır. 

   On birə iyirmi dəqiqə işləmiş oraya gedib, Rosa Kabarkasa son vəsiyyətimi etdim, məndən sonrakı 

dövr üçün qıza dair göstərişlərimi verdim. Onun evindəki qətldən təsirləndiyimi güman edib, məni 

sancdı: «Ölməyə hazırlaşmısansa, lütf elə, burda yox». Mən isə cavab verdim: «Bir şey olsa, deyərsən, 

Puerto-Kolombia qatarı vurub, ancaq bu miskin dəmir qutu mığmığanı da vurmağa qadir deyil». 

   Həmin gecə hər şeyə hazır vəziyyətdə arxası üstə uzanıb, doxsan bir yaşımın ilk anında son ağrılarımı 

gözlədim. Kilsə zənglərinin uzaqdan gələn səsini dinlədim, yanı üstə yatan Delqadinanın ətrini 

duydum, kiminsə qışqırtısını və ola bilsin, yüz il əvvəl bu otaqda ölmüş adamın hönkürtüsünü eşitdim. 

Son dəfə köks ötürüb, işığı söndürdüm, özümlə aparmaq üçün onun əlindən tutdum, sonuncu göz 

yaşlarımı udaraq, qüllə zənginin gecəyarısını bildirən on iki zərbəsini saydım, sonra xoruzlar banladı, 

sonra səhər açıldı və doxsan bir yaşımda sağ-salamat olmağımın şərəfinə fişənglər göyə yüksəldi. 

   Rosa Kabarkasa ilk olaraq dedim: «Sənə dükan və bağı ilə bir yerdə ev alaram». O cavab verdi: «Gəl 

iki qoca saziş bağlayaq: ikimizdən kim çox yaşasa, hər şeyimiz ona qalsın, notariusda da imzalayaq». 

«Yox, mən öləndə hər şey ona çatmalıdır». «Nə fərqi var, – Rosa Kabarkas dedi, – mən qızın qayğısına 

qalaram, sonra səninkini də, özümünkünü də ona verərəm, bu dünyada mənim başqa heç kimim 

yoxdur. Hələlik isə gəl sənin otağına sərinkeş qoyaq, yaxşı bir otaq düzəldək, kitabların, musiqin də 

olsun». 


   – Deyirsən, o razılaşar? 

   – Ay tənha qoca, əlbəttə,  sən yaşlaşmısan,  ancaq axmaq ki deyilsən, – Rosa Kabarkas uğundu. – Bu 

yazıq qız səndən ötrü dəli-divanədir. 

   Mən göz qamaşdıran, fərəh oyadan küçəyə çıxdım və yüz yaşımın üfüqündə ilk dəfə özümü tanıdım. 

Xoşbəxt səhərin dumduru işığı sakit və sahmanlı  evimə dolurdu. Damiana mətbəxdə bərkdən 

oxuyurdu, heç vaxt olmadığı qədər gümrah və sağlam görünən pişik quyruğunu topuğuma sürtüb, 

mənimlə yazı masamın yanına gəldi. Masanı səliqəyə salanda – saralmış kağızlar, mürəkkəbqabı, qaz 

lələyindən qələm – günəş parkdakı badam ağaclarının arasından içəri düşdü və quraqlığa görə bir həftə 

gecikmiş poçt daşıyan çay gəmisi uğultu ilə liman kanalına girdi. Axır ki, əsl həyat gəlib yetişdi, mən 

xilas oldum. Və yüz il yaşayandan sonra günlərin birində, yalnız böyük məhəbbətdən bəxtiyarlıq içində 

can verərək öləcəyəm. 

 

 



 

 

 



 

Yüklə 322,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə