Birinci hərəkət
tənəffüsə qüvvətli təsir etməli, 5-6 dəfə təkrar
edilməklə, həm də «dartınma» xarakteri daşımalı, asta tempdə icra
olunmalıdır.
İkinci hərəkət
ayaq əzələlərini inkişaf etdirməli, bu
məqsədlə ayaqların qaldırılıb endirilməsi ilə əlaqədar icra olunmalı.
Tez tempdə 4-5 dəfə təkrarlanmalıdır. Yaxud çöməlmələr icra
edilməlidir ki, bu hərəkətlər də asta və orta tempdə yerinə yetirilməli,
5-6 dəfə təkrarlanmalıdır.
Üçüncü hərəkətlər
ümumfizioloji əhəmiyyət
kəsb etməlidir. Bu məqsədlə də 30 saniyəyə qədər davam edən sürətli
tempdə icra olunan hoppanmalar yerinə yetirilməlidir. Məktəbyanı
meydançalarda yaxud da 1 dəqiqəyə qədər asta qaçmalıdır.
Dördüncü
hərəkət
gövdənin düz əzələləri üçün seçilməlidir. Bunun üçün də
gövdənin əyilməsi və düzəldilməsini təmin edən hərəkətlər kompleksə
daxil edilməlidir. Bu hərəkətlər 5-6 dəfə təkrar olunmaqla müxtəlif
tempdə yerinə yetirilməlidir.
Beşinci hərəkət
isə gövdənin yan tərəf
(yanlara) əzələlərinə təsir etməlidir. Bu zaman gövdə növbə ilə yanlara
əyilməli və ya sağdan və əksinə dairəvi hərəkət edilməlidir. Həmin
hərəkətlər yavaş tempdə icra edilməli, 3-4 dəfə (hər tərəfə)
təkrarlanmalı və ritmik olaraq icra olunmalıdır.
Müşahidələrdən aydın olur ki, dərsəqədər səhər gimnastikasının
səmərəli təşkili və keçirilməsində şagirdlərin onu könüllü olaraq icra
etməsi mühüm əhəmiyyətə malikdir, çünki səhər gimnastikası
haqqında şagirdlərə məlumatların verilməsi həmin baxımdan onun
mahiyyəti və nə məqsədlə yerinə yetirilməsi başa düşülməsinə zəmin
yaradır. Bu isə onların şüurluğunu və hərəki fəallığını yüksəldir. Şirvan
şəhərindəki 16 №-li məktəbin baş bədən tərbiyəsi müəllimi Azər
Babayevin də bu sahədəki işi həmin baxımdan çox maraqlıdır. Azər
müəllim dərs ilinin əvvəlində dərsə birinci növbədə səhər gigiyenik
gimnastikasının əhəmiyyəti barədə ayrı-ayrı siniflərdə müvafiq olaraq
aşağıdakı məzmunda söhbət aparır.
164
-Uşaqlar, mən sizinlə bu dərsimizdə səhər gimnastikası haqqında
söhbət edəcəyəm. Mən öyrənmişəm ki, bəzi uşaqlar səhər gimnastikası
ilə heç məşğul olmurlar. Bəziləri isə kompleks hərəkətləri düzgün icra
etmirlər. Fikrimizcə, buna əsas dərsəqədər səhər gimnastikasını necə
icra
etmək lazım gəldiyini və onun əhəmiyyətini,onların
bilməmədiyindən irəli gəlir.
Soruşa bilərsiniz ki, səhər gimnastikasının nə kimi əhəmiyyəti
var? Uşaqlar, görkəmli alim və həkimlər sübut etmişlər ki, bir neçə
hərəkətlərin birləşməsindən əmələ gəlmiş səhər gimnastikası
kompleks hərəkətlərinin icrasının orqanizm üçün faydası böyükdür.
Gimnastika yuxunu qaçırdır, qısa bir müddətdə adamda sevinc,
gümrahlıq və şənlik əmələ gətirir, əhval-ruhiyyəni yüksəldir. Eyni
zamanda yüngül və asan yerinə yetirilən gimnastika hərəkətlərindən
sonra işə daha həvəslə başlamaq mümkündür. Həmin gün kifayət qədər
zehni və fiziki iş görmüş olsa da, həddən artıq və ya tez yorulmursan,
hətta ən çətin və mürəkkəb işlə qarşılaşdıqda belə qorxmur, inamla
maneəni aradan qaldırmağa səy göstərirsən. Səhər gimnastikası
hərəkətlərinin müntəzəm icra olunması əzələ qüvvəsinin sürətini, cəld
və çevikliyini artırır, qamətin düzgün tərbiyəsini təmin edir, qəşəng,
cəld, çevik yeriməyə və qaçmağa kömək edir. Bundan sonra müəllim
səhər gimnastikası və idmanla məşğul olan uşaqların fiziki hazırlığını,
qamətini, gimnastika ilə məşğul olmayanlarla müqayisə edib,
tutuşdurur. Yeri gəldikcə, hətta bəzi hərəkətlər əyaniləşdirilir. Uşaqlar
öz gözləri ilə idmançı şagirdin bədəninin xarici görünüşünün
gözəlliyini, ondakı idman məharətini, hərəkətindəki incəliyi,
emosionallığı görürlər. Bütün bunlar uşaqlarda səhər gimnastikası
hərəkətlərinin şüurlu surətdə, inamla yerinə yetirilməsinə səbəb olur.
Azər müəllim bəzən idmanla məşğul olan uşaqlara söz verir, onlar isə
idmanla məşğul olduqdan sonra özlərini necə hiss etdikləri haqqında
məlumat verirlər. Daha sonra müəllim aşağıdakı qaydaları onların
dəftərlərinə yazdırır:
1.Səhər gimnastikası ilə hər gün məşğul olmalı;
2.Dərs zamanı öyrədilən hərəkətləri evdə təkrar etməli;
3.Hərəkətlər icra edilərkən tənəffüsü bir an belə dayandırmamalı,
müntəzəm tənəffüs etməli;
4.Əyilmələr zamanı dərin nəfəs verməli, ilk vəziyyətə
qayıdarkən nəfəsi buraxmalı;
165
5.Qaməti düzgün saxlamalı, hərəkətlər şagirdlərin qamətinin
formalaşdırılmasına yönəldilməli;
6.Hərəkətləri ev şəraitində icra etməli, bu vaxt valideynin
köməyindən istifadə olunmalı;
7.Kompleks hərəkətləri bacı-qardaşınla, ata-ananla birlikdə
yerinə yetirməli;
8.Hərəkətlərin icrasına ciddi yanaşmalı, artıq hərəkətlərə,
intizamın pozulmasına qətiyyən yol verilməməli;
9.Ürəyin fəaliyyətini məqsədəuyğun şəkildə artırmalı, əzələ
sisteminə müxtəlif məqsədəmüvafiq təsir göstərməli;
10.Şagirdlərin yorğunluğuna və həddən artıq oyanıcılığına səbəb
olmamalı;
11.Kompleks hərəkətlər əvvəllər icra edilmiş hərəkətlərdən və
yaxud da daha asan qavranılan hərəkətlərdən ibarət olmalı;
12.Əhval-ruhiyyəni və emosionallığı yüksəltməli;
13.Uşaqların yaşına, fiziki inkişafına və hazırlığına, habelə
səhhətinin vəziyyətinə uyğun olmalı;
14.Məşğələ yeri nəzərə alınmalıdır.
Azər müəllim səhər gimnastikası üzrə iş təcrübəsindən
danışarkən deyir ki, mən uşaqlarla gimnastikaya dair qısa və konkret
söhbət apardıqdan sonra onlara hazırladığım kompleks hərəkətləri
yazdırıram. Sonra isə şagirdləri kompleks hərəkətlərin tərtib olunma
sxemi ilə tanış edirəm. Müəllim aşağıdakı ardıcıllığı nəzərə almaqla
hərəkət kompleksləri tərtib edir:
Yeriş, qaçış, dartınma templi hərəkətlər; çiyin oynaqlarının
dairəvi hərəkətləri; qamət üçün hərəkətlər, irəli, arxaya və yanlara
əyilmələr, çöməlmələr, belin, başın dairəvi hərəkətləri, qol əzələləri
üçün hərəkətlər; kürək əzələləri üçün hərəkətlər; qarın əzələləri üçün
hərəkətlər, yerində hoppanmalar, bədəni sakitləşdirici yeriş və diqqəti
cəlbedici hərəkətlər.
Şirvan şəhər 16 №-li məktəbdə şagirdlər ev dəftərinə
kompleksin tərtibolunma qaydasını da köçürürlər. Dərsin hazırlıq
hissəsində ümuminkişaf etdirici kompleks hərəkətlərlə yanaşı, ev
şəraitində icra olunmalı hərəkətlər də onların nəzərinə çatdırılır və
nümayiş etdirilir. Şagirdlərə evdə həmin kompleksdən istifadə etməklə
bərabər, sadə komplekslər tərtib etməsi də onlara tapşırılır (bu
166
metodlar əsasən 3-4 və daha yuxarı siniflərdə istifadə etmək
əlverişlidir).
Həmin məktəbdə şagirdlərin tapşırıqları necə yerinə
yetirdiklərini bilmək üçün onları zalın, meydançanın mərkəzində
arxaları mərkəzə baxmaqla dairə üzrə düzləndirilir və icra etmək lazım
gələn hərəkətin adı çəkilir və komanda verilir. Məsələn, gövdə
əzələlərini inkişaf etdirən kompleks hərəkətlərin icrasına hazırlaşın.
Başla. Bir-iki, üç-dörd və s. sayırıq. Axırda isə buraxılmış nöqsanları
qeyd edir və onun düzgün yerinə yetirilməsini göstərir.
Başqa bir məktəbin təcrübəsinə istinad edək. Bakının Xətai
rayonundakı 254 saylı məktəbin bədən tərbiyəsi müəllimi Müzəffər
Aslanov dərsəqədər səhər gimnastikasını təşkil edərkən aşağıdakı
pedaqoji-metodiki cəhətləri nəzərə alır. Müşahidələrdən məlum olur ki,
müəllim məşğələlərə qədər səhər gimnastikasını xüsusi komanda ilə
başlayır. Səhər gimnastikasına düzlən komandası verilən kimi şagirdlər
yaş qrupları üzrə əvvəlcədən müəyyənləşdirilmiş məktəbyanı sahədə
öz yerlərini tuturlar. O, ibtidai siniflər üçün ayrılıqda məşğələ yeri
düzəltmişdir. Bundan əlavə, meydançada hər bir sinif üçün xətlərlə
işarə vurulmuşdur. Hər bir sinifdən ötrü yerin ayrılmasının mühüm
pedaqoji əhəmiyyəti vardır. Hər şeydən əvvəl, şagirdlər öz yerlərini
tanıyır, komanda verilən kimi vaxt itirmədən sıra və cərgəyə düzülür,
aparıcının tapşırıqlarını gözləyirlər. Bu vaxt uşaqlar daha intizamlı və
mütəşəkkil surətdə olurlar. Hərəkətlər bəzən də yarış formasında yerinə
yetirilir.Yəni müəyyən hərəkət kompleksivə ya onun hər hansı
elementi (ibtidai siniflərdə əsasən 5-6 gimnastika hərəkəti təşkil
olunur) icra olunduqdan sonra hənsı sinfin həmin hərəkət elementini
(misal üçün birinci hərəkət kompleksini) düzgün qaydada yerinə
yetirməsi və bu hərəkətə görə neçə xal qazanmağı elan olunur. Bütöv
bir kompleks icra edildikdən sonra xallar hesablanır. Daha çox xal
toplamış komanda həmin gün səhər gimnastikasının ən yaxşı icraçıları
adlandırılır. Bu kiçik məktəbyaşlı uşaqların səhər gimnastikasına
həvəsini daha da artırır. Əlbəttə, burada bir məsələyə diqqət yetirmək
lazımdır. Xallar düzgün hesablanmalı, hər bir sinfin göstəricisi
obyektiv qiymətləndirilməlidir. Bunun üçün də yuxarı siniflərdən, ən
fəal idmançılardan 2-3 nəfəri həmin işə cəlb edilməli və qabaqcadan
hazırlanmalıdır.
Bir cəhəti də qeyd etmək lazımdır ki, məşğələyə qədər səhər
gimnastikasında şagirdlərin idman geyimləri yerli iqlim şəraitinə
167
uyğun olmalıdır. Tədris ilinin ilk və son aylarında yüngül və qısaqollu
köynəklərdə idman ayaqqabıları ilə, ortalarında isə uşaqların
geyimlərinin bir qədər isti olmasına əhəmiyyət verilməlidir.
Ümumiyyətlə, kompleks hərəkətlər sadə olmaqla, uşaqların
tərləməsinə, təngnəfəs olmasına zəmin yaratmamalıdır. Hoppanmalara
az və tənəffüs hərəkətlərinə isə (nəfəs alıb-verməyə) geniş yer
verilməlidir. Qüvvətli külək zamanı və şiddətli qar yağan zaman
uşaqları ətraf yerlərə qısa müddətə gəzməyə aparmalı, bir neçə dəfə
yerişi asta qaçışla növbələşdirməlidir.
Şaxtalı və soyuq havalarda isə məşğələyə qədər səhər
gimnastikasını açıq havada deyil, pəncərə və gözlükləri açmaq şərti ilə
dəhlizlərdə, idman zallarında və geniş siniflərdə yerinə yetirməlidir.
Məşğələ üçün yerlərin sanitar-gigiyenik cəhətdən təmiz və
kifayət qədər işıqlı olmasına diqqət yetirmək vacibdir.
Məşğələyə qədər səhər gimnastikasının təlim-tərbiyəvi
əhəmiyyəti nəzərə alınaraq onun ümumi rəhbəri məktəb direktoru
olmalıdır. Baş bədən tərbiyəsi müəllimi və digər mütəxəssis müəllimlər
isə işin icrasına, metodik cəhətdən düzün təşkilinə cavabdehdirlər.
Köməkçilər, başqa fənn müəllimləri, sinif rəhbərləri və ictimai
təlimatçılar olmalıdır.
Məşğələyə qədər səhər gimnastikası dövründə hərəkətlərin
intensiv surətdə icrasına, hər bir şagirdin aparıcı rolunda çıxış etməsinə
şərait yaradılmalıdır. Aparıcı gimnastlar hündür yerdə dayanmalı,
hərəkət komplekslərini şagirdlərlə birlikdə yerinə yetirməlidir.
Köməkçi fəallar və şagirdlərin diqqətini özünə cəlb etməklə, sıralar
arasında gəzişir və hərəkətin düzgün, eyni vaxtda yerinə yetirilməsinə
nəzarət etməlidirlər.
Təcrübədən aydın olur ki, şəhər məktəblərinin bəzilərində
kompleks hərəkətlər maqnitafona yazılır və məktəbin radio qovşağı
vasitəsilə şagirdlərə çatdırılır. Çalışmaq lazımdır ki, səhər gimnastikası
şagirdlərin ruhuna oxşasın. Hərəkətlər onun ritminə uyğun musiqinin
şux və oynaq müşayiətilə icra olunsun. Bu diqqəti cəlb edir və
uşaqların əhval-ruhiyyəsini yüksəldir.
Qeyd etmək lazımdır ki, səhər gimnastikası hərəkətləri şagirdlərə
elə çatdırılmalıdır ki, onlar aydın dərk edilsin, hamı onu başa düşə
bilsin. Ona görə də aparıcı gimnast bütün hərəkətləri qabaqcadan yaxşı
öyrənməli və öz üzərində bir neçə dəfə məşq etməlidir. Müəllim isə
aparıcının kompleksi necə icra edə bilməsini yoxlamalı, lazım gələrsə
168
ona aparıcı rolunda çıxış etmək hüququ verməlidir. Aparıcı şagirdlərlə
birlikdə, üzbəüz dayanıb güzgü üsulu ilə hərəkəti icra etməlidir.
Şagirdlərdən bəziləri hərəkəti düzgün yerinə yetirmirsə, bəs onda
nə etməli? Birinci növbədə gimnastikanın tempini dəyişdirmək,
sinifləri hərəkətdən ayırmamaq şərti ilə nöqsanların düzəldilməsi
nəzərdə tutulur.
Kompleks hərəkətlər öyrədilərkən əvvəlcə bir hərəkəti icra edib
kiçik fasilə etdikdən sonra digər hərəkəti yerinə yetirmək faydalıdır.
Bu vaxt müəllim və ya aparıcı gimnast hərəkətin yerinə yetirilməsi
texnikasını izah və göstərməklə, həm də baş verə biləcək nöqsanları
əyaniləşdirir və onun aradan qaldırılması yollarını izah edir. Sonra isə
hərəkət kompleksi eyni vaxtda icra olunur. Burada şərh aydın, konkret
və emosional olmalıdır. Hərəkətlər arası fasilə uzun deyil, ani saniyə
müddətində edilməlidir.
Səhər gimnastikası kompleks hərəkətləri o zaman fasiləsiz olaraq
yerinə yetirilir ki, icra olunan hərəkət sonrakı hərəkətlərin başlanğıcı
olsun. Bu vaxt şagirdlər hərəkəti göstərmək üçün dayandırılmır. Bu cür
metoddan yalnız yüksək fiziki hazırlığa malik olan şagirdlərlə
hərəkətin icrası dövründə istifadə etmək mümkündür.
Səhər gimnastikasının səmərəli təşkili yuxarıda deyilənlərlə
yanaşı, hərəkətin xarakterindən, onun üsullarından istifadə
edilməsindən çox asılıdır.
I-IV siniflərdə gücü inkişaf etdirən hərəkətlər yavaş icra
edilməlidir. Həmin hərəkətləri uşaqların yüksək ümumi fiziki
hazırlığından asılı olaraq tempdə icra etmək mümkündür. Oynaqların
mütəhərrikliyi və çevikliyi artırılan vaxtı isə yellənmələr tam
amplituda da yerinə yetirilir və ya kəskin hərəkətlər icra olunur.
Yumşaldıcı, sakitləşdirici hərəkətlər isə hərəkətin koordinasiyalılığını
inkişaf etdirir, qüvvəni düzgün bölüşdürür, həmçinin elə əzələləri işə
cəlb edlir ki, onlar hərəkətin yerinə yetirilməsində bilavasitə iştirak
edir. Qüvvəni artıran hərəkətləri yavaş tempdə və fiziki yükü tədricən
artırmaqla icra etmək lazımdır. Əvvəlcə sadə hərəkətlərdən başlamalı,
sonra isə bacardıqca daha çox əzələləri fəaliyyətə gətirmək zəruridir.
Qüvvə üçün hərəkətlər icra olunarkən fasilənin verilməsi və ya bədəni
sakitləşdirici hərəkətlərin yerinə yetirilməsi məsləhət görülür. Qüvvə
hərəkətlərini təxminən eyni gücdə və boyda olan uşaqlara tətbiq etmək
faydalıdır.
|