M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 363,25 Kb.
səhifə75/91
tarix11.09.2023
ölçüsü363,25 Kb.
#121619
1   ...   71   72   73   74   75   76   77   78   ...   91
Muhazire fəlsəfə

14.5. Həyatın mənası. Ölüm və ölməzlik.

Hər bir normal insanın həyatında tez və ya gec elə bir an gəlib çatır ki, o öz varlığının sonu olması haqqında düşünməyə başlayır. İnsan öz ölümünü dərk edən və onu düşüncə predmetinə çevirməyi bacaran yeganə varlıqdır.


Ölümün labüdlüyünü dərk edən insanda bəzən ümidsizlik və çaşqınlıq hiss olunur. İnsan bu hissə qalib gəldikdə belə ömrünün sonrakı günlərini gec-tez baş verə biləcək ölüm haqqında fikirlə yaşayır. Bir çox hallarda insan şüurunun dərinliklərində kök salan bu fikir insanın sonrakı mənəvi inkişafında mühüm rol oynayır. İnsanın qarşısında duran həyatın mənası və məqsədi məsələsinin kəskinliyi bir çox cəhətdən insanın mənəvi təcrübəsində belə bir fikrin olması ilə izah edilir. Həyatının sonu olduğunu dərk edən insan özünün həyata və ölümə münasibətini aydınlaşdırmağa çalışır. Hər bir insan üçün əhəmiyyətli olan bu məsələ bütün insanların fikrində mərkəzi yer tutur. Bəşər mədəniyyəti tarixi insan həyatının mənası ilə ölümün sirrinin açılması arasındakı əlaqənin araşdırılması, habelə ölümü fiziki olmasa da, mənəvi qələbə kimi qiymətləndirməyin sirləri üzərində qurulan fikirlərlə zəngindir. Bu suallara cavabların axtarılması ilə mifologiya, müxtəlif dini təlimlər və fəlsəfə məşğuldur. Mifologiya və dini təlimlərdən fərqli olaraq fəlsəfə məsələnin izahında bunu əsas götürür ki, insan bu sualın cavabını müstəqil axtarmalı və bunun üçün özünün məxsusi mənəvi səylərindən istifadə etməlidir.
İnsanın ölməsi və “ölməzliyi” haqqında müxtəlif fikirlər mövcuddur. Ölüm və “ölməzlik” insanın mənəvi aləminə çox güclü təsir edən məsələdir. İnsanın fiziki cəhətdən ölməməsi mümkün deyil. İnsan yalnız mənəvi cəhətdən ölməyə bilər.
Ekzistensialistlər belə hesab edirlər ki, həyata məna verən ölümdür. Çünki həyatın mənası ölüm qorxusu qarşısında doğulur. Əlbəttə, bununla tam razılaşmaq olmaz.
Ölüm haqqında fikirləşən insanda qorxu hissi ilə yanaşı, ruhi düşkünlük də yaranır. Qədimdə ölüm şər kimi qiymətləndirilirdi. Doğrudur, ölümün şər olması haqqındakı fikir də mübahisəlidir. Belə ki, insan ömrünün əbədiliyi, bəlkə də mənasızlığa, laqeyidliyə səbəb olardı.
Ölümdən qorxmamaq üçün insanın öləndən sonra da yaşaması fikri irəli sürülür. Belə təsəvvür etdikdə ki, insan öləndən sonra da yaşayır, onda müəyyən qədər təskinlik yaranır.
Qədim Yunan fəlsəfəsində ölümün şər qüvvə kimi qiymətləndirilməsinə baxmayaraq, Lukretsi Kar bu fikri qəbul etmirdi. O yazırdı ki, ölüm heç vaxt şər qüvvə hesab edilə bilməz. Belə ki, heç bir insan ölümdən xilas ola bilməz, deməli gec-tez hər bir adam ölümlə rastlaşmalıdır.
Epikür isə qeyd edirdi ki, ölüm olanda biz yoxuq, biz olanda isə ölüm yoxdur.
Birincisi, ölüm insanın təmamilə məhv olması deməkdirsə, onda insan heç bir şeydən qorxmamalıdır.
İkincisi isə, insanın nə vaxt ölməsindən asılı olmayaraq ölüm gələn vaxt o ölür, deməli, onun gec və ya tez ölməsi heç bir əhəmiyyət kəsb etmir. Lakin qeyd edək ki, hər bir insan çox yaşamaq istəyir, ona görə də gec ölmək arzusunda olur.
Keçmişdə intihar etmək, yəni özünü öldürmək din tərəfindən qadağan edilmişdi. Odur ki, özünü öldürən adamların qəbiristanda dəfn edilməsinə icazə verilmirdi.
Hazırda evtanaziya problemi ilə əlaqədar ciddi mübahisələr doğur. Evtanaziya yunan sözü olub ağrısız, əzabsız ölüm deməkdir. Evtanaziya, ölümünün yaxınlarda labüd olduğu, həyatı süni yolla uzadılan adamlara tətbiq edilir. Bir sıra mütəfəkkirlər evtanaziyanı yol verilməz hesab edirlər. Bəzi filosof, hüquqşünas, həkim və ilahiyyatçılar isə deyirlər ki, evtanaziya əxlaqi əsasa malikdirsə, onda o, qanuniləşdirilməlidir. Digərləri isə buna etiraz edərək göstərirlər ki, belə qanunun qəbul edilməsi insanın fəaliyyət azadlığına mane olar. Evtanaziya başqalarına zərər vurmursa, o, heç bir qanunla tənzim olunmamalıdır. Əks tərəfin fikrincə isə müasir tibb elmi o dərəcədə inkişaf edib ki, ölümü yaxınlaşan insanın həyatını müəyyən qədər uzada bilir, lakin bu zaman insan özünün əzab çəkməsi ilə yanaşı, öz yaxın adamlarına da mənəvi əzab verir, belə halda insanın ölməsinin qarşısını almaq düzgün sayıla bilməz.
Deməli evtanziya əxlaqi və mənəvi cəhətdən düzgün deyil.
Birincisi, insan həyatı toxunulmazdır, heç bir şəraitdə evtanziyaya yol vermək olmaz.
İkincisi, evtanziya ailənin hər hansı bir üzvünün və ya digər maraqlı olan şəxsin mənafeyinə görə istifadə edilir.
Üçüncüsü, evtanaziya “həyat var, ümid də var” prinsipinə ziddir. Ola bilər ki, həkim düzgün diaqnoz qoymamışdır. Bundan başqa evtanaziya tətbiq edib insanı öldürdükdən sonra, sağalması mümkün olmayan həmin xəstəliyi müalicə etmək üçün dərman tapıla bilər. Ona görə də evtanziya qəbul ediləməməlidir. İnsanın həyatı ölənə qədər qorunmalıdır. İnsanın ölməməsi qeyri-mümkündür. Bu fiziki cəhətdən nəzərdə tutulur. Mənəvi cəhətdən isə onun ölməməsi mümkündür. İnsan fiziki cəhətdən öldükdən sonra onun ideyaları, adı, yaxşı əməlləri və s. uzun müddət yaşayır. Deməli, insan özünün ölməzliyini öz sağlığında qazanmalıdır. İnsan necə yaşamalı və işləməlidir ki, onun həyatı mənalı keçsin? Hər bir adam bu sualı özünə verməli və cavab axtarmalıdır. Bunun üçün, birinci növbədə, hər bir adam insanlara, xalqa xidmət etməli, dünyada yaxşı iz qoyub getməlidir. O, son dərəcə xeyirxah olmalıdır. Lakin “şər qüvvələrə” qarşı etiraz etmədən, mübarizə aparmadan xeyirxah olmaq mümkün deyil. Deməli, insan mübariz olmalıdır.
Fəlsəfə insanın fiziki ölməzliyi imkanını rədd edir, çünki o, ölümü həyatın atributlarından biri hesab edir, ölümsüz həyat mövcud ola bilməz. Bununla da fəlsəfə nəinki həyat, ölüm və “ölməzliyin” mənası haqqında məsələni aradan qaldırmır, əksinə, onu daha kəskin, daha dramatik formada irəli sürür. Həm də bu məsələnin həllində insan həyatının dəyərli və məqsədli olması zərurətindən çıxış edir. İnsanın özünü reallaşdırma cəhdi onun öz qabiliyyətini daim inkişaf etdirməyə, cəmiyyətin tərəqqisinə, onun mədəniyyətinə öz töhfəsini verməyə həvəsləndirir. Hər bir adamın cəmiyyət vasitəsilə reallaşdırdığı şəxsi həyatının mənası bundan ibarət olmalıdır. İnsan həyatını dəyərləndirən məhz şəxsi həyat ilə ictimai həyatın, şəxsi mənafe ilə ictimai mənafein düzgün əlaqələndirilməsidir. İnsan həyatının məna və dəyərinin bu cür anlaşılması insanın mahiyyəti haqqında sosial təlimə əsaslanır. Həyatın mənasını bioloji tələbatların ödənilməsində görməyə çağıran hedonizm kökündən səhvdir, belə ki, şəxsiyyətin davranışı onu tənzimləyən sosial-etik və mənəvi-humanist amillərlə şərtlənir.
İnsan nə qədər ömür sürə bilər? O, necə və nəyin naminə, hansı amallarla yaşamalıdır?
İnsanın həyatının sürəkliyinə 3 əsasdan: sosial, mənəvi və bioloji baxımdan yanaşmaq olar. Sırf humanist baxımdan insan həyatının sürəklik dəyəri kafidir, sosial baxımdan həyatın normal sosial sürəkliyinin uzadılması təmamilə zəruridir. İnsanın həyatının bioloji sürəkliyinə gəldikdə hazırda xüsusi metodların köməkliyi ilə onu maksimum uzatmağa çalışırlar.
Bu baxımdan insan yeni eranın ərəfəsindədir. Hazırda tibb elmi ifrat uzun ömürlüyə çalışır. Alimlər zənn edirlər ki, bu elə proses olacaqdır ki, insanlar bütün yaşlarında özlərinin mənəvi və fiziki gümrahlığını qoruyub saxlaya biləcəklər.
Bizim zəmanədə ölüm probleminin sosial-etik və mənəvi-humanist aspektlərinə olan maraq durmadan artır.



Yüklə 363,25 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə