Manaf süleymanov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə56/110
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8900
1   ...   52   53   54   55   56   57   58   59   ...   110

117 
 
Ağa  İsmayılın  xatirəsini  əbədiləşdirmək  istəyirsən?  Adı  həmişə  yad  edilsin, 
unudulmasın?..»  Ürəyi  kövrəlmiş  ata  titrək  bir  səslə  deyir:  «Əlbəttə  istərəm. 
Var-yox bir oğul idi...» sualı verən milyonçu məclisdə olan qaziyə göz vurur və 
deyir:  «Qazi ağa, xeyir-dua  ver, Ağa  Musa  oğlunun xatirəsini  əbədiləşdirmək 
istəyir.  Odur,  qız  məktəbindən  aşağıdakı  «Qapan  dibi»  boşdur.  Orda 
«Cəmiyyəti-xeyriyyə» üçün Ağa İsmayıl adına bir bina tikdirər.» 
Qazi o saat dua oxuyur... Məclisdə olanlar Ağa Musanı təbrik edirlər. 
Səhəri  gün  Ağa  Musa  başılovlu  gəlir  dostunun  evinə,  başlayır  giley-
güzara: «Ay qardaş, bu nə işdir sən mənim başıma gətirdin... Məni müflis edib, 
boynuma torba taxıb, küçələrə salmaq istəyirsən? sınıq çıxartmaq istəyirsən!» 
Dostu soruşur: «Nə olub axı, açıq danış». 
«Atam,  atam,  daha  nə  olacaq,  o  bina  bir  neçə  yüz  min  manata  başa 
gələcək... Məndə o tanxa hardan?» 
Dostu deyir: «Ağa Musa, varidatına iki milyon verirəm. Sat, alım». 
Ağa Musa soşur: «Atam, atam, mənim əlli milyon manatlıq varidatımı 
iki milyona almaq istəyirsən?» 
«Yox,  almaq  istəmirəm.  Sən  deyirsən  ki,  oğluvun  yolunda,  adını 
ucaltmaq üçün xərcin öhdəsindən gələ bilmirsən». 
Sabahı  gün  dostu  «Kaspi»  qəzetində  elan  verdirir  ki,  Ağa  Musa 
Nağıyevin  gələcəkdə  bankda  pulu  olmasa  «İsmailiyyə»  binasının  xərcini 
ödəməyi boynuma alıram. 
Layihəçilər  binaya  xərclənəcək  vəsaitin  miqdarını  smetada  qəsdən  az 
göstərirlər ki, Ağa Musa fikrindən dönməsin. 
Binanı  tikmək  üçün  «Qapan  dibi»ni  münasib  yer  hesab  edirlər. 
«Qapan dibi» gur bir meydan idi. Şamaxıdan, Ağdaşdan, Göyçaydan, Şəkidən, 
Qubadan  və  başqa  qəza  və  kəndlərdən  gələn  kəndlilər  buraya  ərzaq,  meyvə, 
xalça,  palaz,  mal-qara,  qoyun-quzu  və  başqa  şeylər  gətirib  satardılar.  «Qapan 
dibi»nin xalis bir Şərq mənzərəsi vardı. Nə vaxt gəlsəydin görərdin ki, dəvələr 
gövdələrini yerə sərib, boyunlarını dik qaldıraraq gövşəyə-gövşəyə iri gözlərini 
uzaqlara  dikib  dincəlir.  Başqa  bir  tərəfdə  yan-yana  bağlanmış  kəhər,  kürən, 
səmənd atlar boyunlarından asılmış torbalardan arpa-saman yeyə-yeyə fınxırır. 
Başqa  bir  yerdə  isə  iri  buynuzlu,  qızılı,  qara,  qaşqa-təpəl  öküzlər  ayaq  üstə 
durub...  Birdən  uzaqda  qopan  zəng-zınqırov  sədaları  «Qapan  dibi»nə  dəvə 
karvanının  yaxınlaşdığını  xəbər  verər,  hər  karvanda  yüz,  yüz  əlli  dövə  bir-
birinin dalınca  yeriyər, keçmiş Şərq ehtişamını  xatırladardı... Bir də  görərdin, 
gəl arabaları bir-birinin dalınca «Qapan dibi»nə yaxınlaşır... Araba təkərlərinin 
cırıltısı  ətrafa  yayılır,  toz  göyə  qalxırdı.  Gecələr  isə  «Qapan  dibi»nin  qəribə 
mənzərəsi olardı. Kəndlilər dəvələrə, kəllərə, atlara  yem tökər,  yaxında tonqal 
qalayıb,  dövrəsində  yığışıb  söhbət  edərdilər.  Ayrı-ayrı  ləhcələr  eşidilərdi. 
Qurban  bayramı  zamanı  alverçilərin  əlindən  tərpənmək  olmurdu;  dükançılar 
müştəri çağırar, dərvişlər qəsidə oxuyardılar. 


118 
 
Novruz və qurban bayramı münasibətilə şəhərdə şənliklər başlardı. 
Şəhər  idarəsi  «Qapan  dibi»ni  köhnə  qəbiristanlıq  əvəzinə,  cümə 
məscidi  tikmək  üçün  müsəlmanlara  vermişdi.  Milyonçular  İstambulda, 
Təbrizdə, İsfahanda, Bağdadda, Qahirədə olduğu kimi Bakıda da bir dəbdəbəli, 
əzəmətli  məscid  tikdirmək  fikrində  idilər.  Nəzərdə  tutulduğuna  görə  bu 
məscidin bir neçə qübbəsi və qoşa eyvanlı altı minarəsi olmalı idi. Dövrəsində 
bağ  salınacaqdı,  hovuzlar  gecə-gündüz  fəvvarə  vuracaqdı.  Bu  iş  bir  az  təxirə 
düşür,  Bələdiyyə  idarəsi  «Qapan  dibi»ni  müvəqqəti  xırda  alış-verişçilərə 
icarəyə  verir.  Böyük  qapan  isə  yenə  yerində  qalırdı.  Burada  alverçilər 
birmərtəbəli dükanlar, taxtadan budkalar tikdirmişdilər. «Qapan dibi»nin adını 
dəyişdirib, eləyirlər «Şeytan bazar». 
Xaçpərəst ruhanilər «Qızıllı» kilsənin yaxınlığında belə bir təmtəraqlı 
məscidin  tikilməsinə  mane  olurlar.  «Cəmiyyəti-xeyriyyə»  binası  tikdirmək 
istəyəndə  isə  şəhər  Dumasında  böyük  mübahisə  düşür.  Dumanın  bəzi  üzvləri 
iddia  edirlər  ki,  o  yerdə  şəhər  bağı  salınmalıdır.  Doktor  Məhəmməd  Rza 
Vəkilov  çıxış  edib,  elə  bir  nitq  söyləyir  ki,  başqaları  daha  danışmağa  cürət 
etmirlər və yeri müsəlman «Cəmiyyəti-xeyriyyəsinə» verirlər. 
«İsmailiyyə»nin  layihəsi  1907-ci  ildə  hazırlanmışdı.  Bu  yer 
planlaşdırma baxımından çox əlverişli idi. Polşalı memar Ploşko əlindən gələni 
edir, əsər üzərində xüsusi səylə çalışır, imkanlardan ustalıqla istifadə eləyir. 
1908-ci  ildə  Mövludi  Nəbi  bayramı  münasibətilə  müsəlman  qız 
məktəbinin  «Ərəbkari»  böyük  salonunda,  «Cəmiyyəti-xeyriyyə»nin  düzəltdiyi 
məclisdə  «Şeytan  bazar»da  cümə  məscidi  əvəzinə  tikiləcək  binanın 
nəqşələrinin hazır olduğunu xəbər verirlər və gətirib divardan asırlar. 
Binanın  müsəlman  cəmiyyəti-xeyriyyəsi  olduğunu  gözə  çarpdırmaq 
üçün  əsas  və  yan  fəsadlarının  yuxarısındakı  haşiyələrdə  gözəl  xətlə,  iri,  qızılı 
hərflərlə müdrik, dərin mənalı sözlər yazılmışdı: «İnsan yalnız zəhmətlə ucalıb 
istədiyinə  nail  ola  bilər».  Başqa  birində:  «İnsanı  insan  edən  zəhmət  olub». 
Üçüncüdə müraciət edilirdi: «Müsəlmanlar, əsriniz sizinlə ölür, övladlarınızı öz 
əsrləri üçün hazırlayın». Dördüncüdə: «İnsan beşik evindən qəbir evinə qədər 
oxumalıdır».  Beşincidə:  «Elm  Çin  ölkəsində  olsa  belə,  dalınca  gedin».  Bu 
qiymətli  kəlamları  məşhur  xəttat  Mirzə  Əsədulla  Xiləli  hüsn-xətlə  yazıb 
hazırlamışdı.  Xəttat  Mirzə  Əsədulla  kasıb  və  böyük  külfət  sahibi  idi. 
Xeyriyyəçi  gənc  ziyalılar  ona  kömək  məqsədilə  iki-üç  aylıq  xəttat  kursu 
düzəldər, tez-tez sümük üzərində müxtəlif millətlərin aforizmlərini həkk etdirər 
və dövlətlilərə baha qiymətə satıb, xəttatın güzəranını asanlaşdırardılar. 
Layihənin  müəllifi  arxitektor  Ploşko  «İsmailiyyə»nin  nəqşlərini 
məclisdə  olanlara  göstərib  izahat  verir.  Etirafına  görə,  onun  ən  böyük 
arzularından  biri  də  Bakının  mərkəzində,  Azərbaycanın  milli  ornamentləri  ilə 
bəzədilmiş əzəmətli bir imarətin layihəsini işləmək imiş. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə