Mehdi Calal



Yüklə 1,94 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix20.10.2017
ölçüsü1,94 Kb.
#6019
1   2   3   4   5   6   7   8   9   ...   20

27 
 
DƏRD 
 
 
Məndən başqa kimsə bilməz
Daha sənin dilini. 
Ayrılıqdan görüş yaxşı, 
Yenə sıxdım əlini. 
 
Həzin-həzin ömrə əsən, 
Xəfif mehsən, qara yelsən. 
Neçə ki, sən mənimləsən, 
Yol gözləyər ölümüm. 
 
Halal yolun doğma küçən, 
Özgə kim var gəlib keçən. 
Yüyrüyümdən qəbriməcən, 
Sənə verdim könlümü. 
 
Dünya dönüb Vətən ola
Saçlarımda dən-dən ola. 
Bu torpaq bir çəmən ola, 
Dərəm şehli gülünü. 
 
 
 


28 
 
ÇIXDIM 
 
Qaçıb hamıdan gizləndim, 
Gəlib bir dənizə çıxdım. 
Gördüm elə dəniz mənəm, 
Öz-özümdə üzə çıxdım. 
 
 
 
Oyuldu sahil köynəyim, 
Duyuldu ağrım, göynəyim. 
Mən əzəllər çox köhnəydim, 
Dalğalarda təzə çıxdım. 
 
 
Ömrün yaz - qışından keçdim, 
Eşqin dağ-daşından keçdim, 
Göyün göz yaşından keçdim, 
Qatar-qatar sözə çıxdım. 
 
 
Yazdım ağ-ağ varaqları, 
Yaxınları, uzaqları. 
Yandırdım çıl-çıraqları, 
Günəşli gündüzə çıxdım. 
 
 
 
 
 


29 
 
Nə aşkarmış sirr bildiyim, 
Hər sirri min bir bildiyim, 
Ayağıma yer bildiyim 
Ölümnən üz-üzə çıxdım 
         
Gördüm ki, ölüm - adamdı. 
Önümdə dosttək dayandı. 
Mən yandım, ölüm də yandı, 
O külə, mən közə çıxdım.
 


30 
 
SƏNDƏ 
 
 
Yurdsuz sayanlarım bilməz, 
Var bir özgə yerim Səndə. 
Eşqinə kümə dediyim, 
Cilvələnən pərim Səndə. 
 
Göynəyəndə göyüm-göyüm. 
Yerdə yerim, göydə göyüm! 
Göz açıb miskin gördüyüm, 
Zavallı bəşərim Səndə. 
 
Nə bitirdi ayım, ilim, 
Üstündə oldu bir əlin 
Sirdi olum, sirdi ölüm
Yüz açılmaz sirrim Səndə. 
 
Səndə ruhum, azadlığım, 
Oxşarlığım, təzadlığım. 
Səndə sevincim, şadlığım, 
Hər qəmim - qəhərim Səndə. 
 
 
 
 
 


31 
 
 
 
Birdi toyun, birdi yasın, 
Qarlı qışın, güllü yazın. 
Gül Adına yazılası, 
Neçə duam - şerim Səndə. 
 
Dünyanı gün eyləyənsən, 
Duanı çin eyləyənsən, 
Sən biri min eyləyənsən, 
Sayrışar minbirim Səndə. 
 
Yar deyənə yar olansan, 
Günbəgün aşkar olansan, 
Sən hər yerdə var olansan
Nə qibləm, nə pirim Səndə. 
 
 
 
 
 


32 
 
GÜLMƏZ 
 
 
Bu qızın eyni açılmaz, 
Bu qızın üzü gülməz, 
Böyüyər qara gözləri, 
Günü-gündüzü gülməz. 
 
İtib-batar yollar, izlər, 
Qaranlıqlar içində. 
Su alar çaylar, dənizlər, 
Gözündən, gözü gülməz. 
 
Dünyanı tutan gözündə, 
Elə kiçilər dünya. 
Ölüm dolanar üzündə, 
Ölümə özü gülməz. 
 
Bu qızı Allah saxlayar, 
Yaşamaq eşqi yoxdu. 
Susar, sükutu  ağlayar
Danışar, sözü gülməz. 
 
Dünyanı bilən görməyib, 
Bilibən gələn olmaz, 
Bu qız heç gülən görməyib, 
Nədən yer üzü gülməz?  


33 
 
*** 
 
Mənim həsrətimin rəngidi payız, 
Hisslərin ürəklə cəngidi payız. 
Bəs niyə bu dəfə ləngidi payız, 
Bəlkə bir vüsala gümanı gəlir. 
 
Bu dünya, bu ömür, bü bəxt bürkülü, 
Dinir ötən günlər, yorğun, mürgülü. 
Məndən uzaqlaşan tənha bir gülün, 
Mənə ahı gəlir, amanı gəlir. 
 
Günlər qatarlanır qəmli də, şən də, 
Ocaqlar çatılır sazaq düşəndə. 
Dəli duyğulardan uzaq düşəndə, 
Fikrimə dağların dumanı gəlir. 
 
Aciz deyərlərmi dözən könlümə, 
Ağrı-acıları əzən könlümə. 
Hərdən, yaşamaqdan bezən könlümə
Yaman cavan ölmək imkanı gəlir... 
 
 
 


34 
 
SƏNDƏN 
 
 
Elə ki öz bəxtin döndü, 
Qalan hər şey dönər səndən. 
Görənlərə görünməzsən, 
Görməyən yey dönər səndən. 
 
Dönər dostun, dönər yadın, 
Yadından çıxar öz adın. 
İçində batar fəryadın, 
Doğma, ögey dönər səndən. 
 
Soyuyar evin-eşiyin, 
Dünya olar daş beşiyin. 
Ömrün qarına üşüyən 
Quzey, güney dönər səndən. 
 
Dönüklər dönər, usanmaz, 
Kimsə qəflətdən oyanmaz. 
Fələyin çarxı dayanmaz, 
O elə hey dönər səndən. 
 
Bir əzəl var, bir də axır, 
Deyəsən: "Allah var, baxar" 
Göyə qalxarsan göy qalxar, 
Dönərsən, yer dönər səndən... 


35 
 
 
 
ÜRƏYİM 
 
Bir yuvası dağılan, 
Quşdu mənim ürəyim. 
Ömür-gün həsrətində, 
Bişdi mənim ürəyim. 
 
Dedim: dünya qəfəsdi, 
Hər insan qərib səsdi. 
Bir vədəsiz yel əsdi
Düşdü mənim ürəyim. 
 
Baxıb uca göylərə, 
Bölündü zərrə-zərrə. 
Yön çevirib hər yerə, 
Uçdu mənim ürəyim. 
 
Gileyim yox bu baxtdan, 
Mən ki Var oldum Yoxdan. 
Niyə qorxum Allahdan? 
Eşqdi mənim ürəyim. 
 
 
 


36 
 
ADAMDI 
 
 
Hamı yığılıb desə də, 
Bu adam belə adamdı. 
Dinməsən də barı düşün, 
Yaxşı ki hələ adamdı. 
 
Eşqini sizə bağlayıb, 
Gecə-gündüzə bağlayıb, 
Ömrünü Sözə bağlayıb, 
Veribdi yelə, adamdı. 
 
Gəzib baş-ayaq dünyada, 
Bu qara, bu ağ dünyada. 
Dözüb ki, Allah dünyada 
Hər şeyi bilər, adamdı. 
 
Nə dağları çənsiz olub, 
Nə xırmanı dənsiz olub. 
Vətənli Vətənsiz olub
Düşübdü çölə adamdı. 
 
Aldanıb uşaqdan betər, 
Tapdanıb torpaqdan betər, 
Odlanıb ocaqdan betər, 
Dönsə də külə, adamdı. 


Yüklə 1,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə