Filologiya məsələləri, 2017
322
Göründüyü kimi, müəllif “Əsli-Kərəm” dastanının süjetini birbaşa
qara şamanın yeraltı dünyaya səfəri və şaman qamlamasının strukturu ilə
əlaqələndirir. Biz isə öz növbəmizdə bildiririk ki, S.Rzasoyun bu fikri Kərəm
və Qara Keşiş obrazlarının magiya ilə bağlılığının üzərinə birbaşa işıq salır.
Dastanda Kərəm magik varlıq kimi təbiət stixiyaları ilə, cansız
əşyalarla, heyvanlarla (dağ, su, tufan, qar, ceyran, quş, körpü, kəllə və s) ilə
danışır, onları sazı və sözü ilə rəhmə gətirir, yaxud onlara qarğış edib, bu
qüvvələri qorxudur. Bu deyilənlər insanla təbiət arasındakı münasibətlərin
magiyaya əsaslanan modelidir. İnsanın təbiət güclərini ram edərək özünə tab
etməsi, bü qüvvələri öz mənafeyinə işləməyə məcbur etməsi magiyanın əsas
əlamətidir.
C.C.Frezer yazır ki, dinə görə, dünyanı şüurlu qüvvələr idarə edir və
inandırmaq yolu ilə onların qarşısını almaq olar. Məhz bu cəhət fundamental
olaraq magiya və elmə ziddir. Magiya və elm üçün öz-özlüyündə aydındır ki,
təbiət proseslərinin gedişatını istəklər, yaxud fövqəladə varlıqların şəxsi
möcüzələri deyil, mexaniki qanunların dəyişməz hərəkətləri
müəyyənləşdirir. Magiya tez-tez ruhlarla işləyir və bu, onu dinlə
qohumlaşdırır. Lakin magiya onlarla eynilə cansız güclərlə davrandığı kimi
rəftar edir, yəni dində olduğu kimi onları rəhmə gətirmir, əksinə, onları
məcbur və vadar edir (9, 56).
Biz də “Əsli-Kərəm” dastanında Kərəmin təbiət stixiyaları ilə dini
yox, magik davranış modeli ilə ünsiyyətə girdiyini görürük. Yəni dastanda
Kərəmin təbiət stixiyaları ilə ünsiyyəti bütöv süjet boyunca davam edir. O,
hər yerdə cansız, dilsiz qüvvələrlə öz sazı və sözü ilə ünsiyyətə girir. Lakin
bu ünsiyyət bütün hallarda magik davranış modelinə əsaslanır. Kərəm bir
dindar kimi oturub, bu qüvvələrə dualarla yalvarmır. O, gah sazı-sözü ilə
həmin qüvvələri yumşaldıb, öz mənafeyinə tabe edir, gah da onlarla qarğış-
bəd dualarla döyüşərək bu qüvvələri özünə tabe edir.
Məsələn, sevgilisi Qara Keşiş tərəfindən oğurlanmış Kərəm dağa
müraciətində onu tərif edir və ondan kömək istəyir:
Xan Əslim Zəngidən fərar eləyib,
Yol verməyin, başı dumanlı dağlar!
Belə getmiş atası ilə anası,
Yol verməyin, başı dumanlı dağlar!
Qalxışdılar xanlar, ağalar toya,
Zənginin adamı batıbdı loya;
Uçubdu əlimdən bir ağca maya,
Yol verməyin, başı dumanlı dağlar.
Filologiya məsələləri, 2017
323
Dərdli Kərəm bu eşq ilə bişmişdi,
Sevda üçün can-başından keçmişdi;
Əsli, keşiş Xoy üstünə köçmüşdü,
Yol verməyin, başı dumanlı dağlar! (6, 18).
Elə həmin yerdəcə Kərəm sərv ağacına qarğış edir:
Dur, sərv, dur, sənnən xəbər sorayım,
Sərv ağacı, sənin maralın hanı?
Gözümnən axıtma qanlı yaşları,
Sərv ağacı, sənin maralın hanı?
Alçaqlı-ucalı qarşıda dağlar,
Könlüm intizardı, gözüm qan ağlar,
Xəstənin halınnan nə bilər sağlar?
Sərv ağacı, sənin maralın hanı?
Doğru söyləməsən, qəddin əyilsin,
Qarğaram mövladan, belin bükülsün,
Bir ah çəkim yarpaqların tökülsün,
Sərv ağacı, sənin maralın hanı?
Kərəm deyər, göz yaşları tökərəm,
Viran bağda bülbül olub ötərəm,
Yarımın yolunda başdan keçərəm,
Sərv ağacı, sənin maralın hanı? (6, 18).
Əlbəttə, Kərəmin dağa və ağaca bu müraciətləri bədii metafora kimi
də dəyərləndirilə bilər. Yəni belə hesab etmək olar ki, ürəyi həyəcan, qəm-
kədərlə dolu Kərəm, sadəcə, sazını sinəsinə basır və dərdini bəyan edir. Bu
poetik-ritorik xitabdır və burada sözün həqiqi mənasında dağla, ağacla
ünsiyyətdən, danışmaqdan söhbət gedə bilməz. Ancaq dastan özü bunu inkar
edir. “Əsli-Kərəm” dastanının unikallığı ondadır ki, Kərəm burada cansız-
dilsiz təbiət obyektlərini danışdırır, onlarla sözlü ünsiyyətə girir, təbiət
gücləri də dilə gəlib ona cavab verirlər. Bu cəhətdən dastanda Kərəmin qaya,
meşə, çay və ceyranla danışması artıq sırf magik-mediaitiv ünsiyyət
aktlarıdır. Sevgilisi Əsli Qara Keşiş tərəfindən oğurlanmış Kərəm Əslinin
tapmaq üçün iz axtara-axtara yol gedir. O, hər yerdə insanlardan, canlı və
cansız obyektlərdən Əslininin hara aparıldığını soruşur. İndi də qaya, meşə
və sudan Əslinin yerini xəbər alır. Bu dəfə qaya, meşə və su ona cavab
verirlər:
“Aldı Kərəm görək qayadan, meşədən, çaydan Əslini nə cür soruşdu:
Səndən xəbər alım, ay sarı qaya,
Mənim Əslim buralardan keçdimi?
Filologiya məsələləri, 2017
324
Mübarək kölgəni salıbsan suya,
Mənim Əslim buralardan keçdimi?
Sarı qaya dilə gəlib, aldı, görək cavabında nə dedi:
Sənə xəbər verim, aşıqlar xası,
Sənin Əslin burdan gəldi də, getdi.
Yanında idi atası ilə anası,
Ləpirin üzümə saldı da getdi.
Aldı Kərəm:
Səndən xəbər alım, ay qara meşə,
Qələmi qüdrətdən çəkilmiş qaşa,
Bürünmüsən dağa, daşa bənövşə,
Mənim Əslim buralardan keçdimi?
Meşə də dilə gəlib, Kərəmin cavabında dedi:
Yarın saldı səni olmazın qəmə,
Dayanmazmı yaxşı iyid bu dəmə?
Günəş kimi qondu mənim sinəmə,
Əsli məndən bir gül aldı da getdi.
Kərəm üzünü çaya tutdu:
Abi-həyat kimi daim axarsan,
Haqqın camalına hərdən baxarsan,
Dolana-dolana evlər yıxarsan,
Mənim Əslim buralardan keçdimi?
Çay da dilə gəlib, Kərəmə belə cavab verdi:
Kərəm saxlar onun həmişə yasın,
Yanına almışdı ata-anasın,
Həm içib, həm də doldurdu tasın,
Atların suyuma saldı da getdi” (6, 63-64).
Göründüyü kimi, Kərəmin təbiət stixiyaları ilə bu dəfəki ünsiyyəti
birtərəfli deyildir. Bu, sözün həqiqi mənasında dialoqdur və bu dialoqda
insanla cansız təbiət obyektləri bir-biri ilə danışırlar. Məsələinin əsil
mahiyyəti ondadır ki, bu təbiət obyektləri öz-özlərinə danışmırlar. Onları
ünsiyyətə girməyə Kərəm vadar edir. Yəni Kərəm bir qam-şaman, maq,
tilsimkar kimi bu obyektləri danışmağa məcbur edir. Ona görə də biz bu
dialoqları “mediativ-mistik kommunikasiya modeli” adlandıran S.Rzasoyla
razılaşırıq. Bu cəhətdən onun apardığı təhlil maraqlı olub, bizi maraqlandıran
məsələnin üzərinə işıq salır.
S.Rzasoy Kərəmin dialoqlarını aşağıdakı kimi təhlil edir:
“Dialoqun tərəfləri: İnsan-Qaya (torpaq ünsürü), İnsan-Meşə
(ağac ünsürü), İnsan-Çay (su ünsürü).
Dostları ilə paylaş: |