III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
991
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Poemada şair təbiətin ayrı-ayrı komponentlərindən şeirin daxili dünyasını zəngin-
ləşdirmək üçün istifadə etmişdir. Şair ayrı-ayrı təbiət hadisələrinin əmələgəlmə, inkişafetmə
və başaçatma proseslərini gözəl bildiyi üçün bədii obrazların daha zəngin və təsirli alınması
məqsədilə onlardan istifadə etmişdir.
KAMAL ABDULLA HEKAYƏLƏRİNDƏ MƏKAN
OBRAZLARININ SEMANTİKASI
Rübabə ƏZİZBƏYLİ
Bakı Slavyan Universiteti
ruba.aziz@yandex.com
AZƏRBAYCAN
Həm fəlsəfədə, həm də ədəbiyyatşünaslıqda zaman və məkan vəhdəti (xronotop)
məsələsi hər zaman mühüm anlayışlar sırasına daxil olmişdur. Hələ Antik dövrdə zaman,
məkan və hərəkət vəhdəti dramaturgiyada riayət edilməli başlıca qanun hesab edilirdi. Lakin
bu prosesin davamlılığı şəraitlə də bağlı idi. Antik dövrdə zaman və məkan dəyişikliyini tam
şəkildə əks etdirən mükəmməl dekorasiya imkanları mövcud deyildi. Zaman keçdikcə artıq
məkan və zaman anlayışlarının vahidliyi və ayrılmazlığı dəyişməz qanun kimi qəbul edildi.
Zaman və məkan məfhumları bir-birindən ayrı mövcud deyillər. Məhz buna görə,
ədəbiyyatşünaslıqda həmişə bu iki anlayış birlikdə tədqiq edilir və bədii əsərlərin məzmunun-
da zaman və məkan vəhdətdə araşdırılır. Şərti olaraq zamanın və məkanın konkret funksiya-
sını göstərmək üçün xronotopun bu iki elementi bir-birindən ayrı tədqiq edilə bilər. Xüsusilə
XX əsrdə meydana gələn modernizm və onun müxtəlif istiqamətlərində, eyni zamanda
postmodernizm cərəyanında məkanın və zamanın vəhdətdə təsvir edilməsi həm fəlsəfi, həm
də bədii cəhətdən böyük əhəmiyyət daşıyır. X.L.Borxes, U.Eko, V.Pelevin və digər yazarların
əsərlərində məkanın xüsusi bədii funksiyaya malik olması və baş verən proseslərin zaman
daxilində tənzimlənməsi özünü göstərir.
Yazıçı Kamal Abdulla bir çox hekayə, şeir, povest və roman müəllifidir. Xüsusilə
yazıçının hekayələrində mifoloji xronotop ünsürləri əhəmiyyətli yer tutur. Yazıçının əsərlə-
rində məkan yalnız epik deyil, semantik məzmun daşıyır. Hər bir məkan obrazı özlüyündə
müəyyən bir simvol bildirir. Məkanların mahiyyətində işarəvilik gizlənir və bu işarəviliyin
süjet boyunca tədricən açılması əsərin ideyasının üzə çıxarılmasına şərait yaradır. “Üçrəng
pişik balası”, “Adaşlar”, Qədim mayyalara cavab”, “Dəvə yağışı”, “Kölgə”, “Köhnə məhəllə”
və digər hekayələrdə məkanlar ilk baxışdan epik məkan təsiri bağışlayır. Lakin süjet inkişaf
etdikcə məkan obrazının üzərindən adilik pərdəsi qalxır və məkan məzmununun mistik tərəfi
üzə çıxır. Profanlıq sakrallıqla əvəz olunur. Yazıçının hekayələrində məkan sanki zamandan
təcrid edilmişdir. Zaman zamansızlıqla əvəz edilir və məkanın rolu ön plana çəkilir. Eyni bir
məkanda toplaşan insanların zamandan təcrid olunmuş şəkildə fəaliyyət göstərirlər. Daha çox
eyni məkan obrazlarında istifadə olunur, lakin hər əsərdə bu məkan başqa bir semantik qata
bürünür.
Kamal Abdullanın yaradıcılığında ağac, xüsusən Qarağac obrazı xüsusi yer tutur. Bura-
da ağac həm obraz, həm də məkandır. Məkan digər obrazlarla qarşılıqlı fəaliyyət göstərərək
süjetin yönünü müəyyən edir. Qarağac obrazı türk mifoloji təfəkküründə dərin kök salmış
“dünya ağacı” obrazının ümumiləşmiş ifadəsidir. Ağac yazıçının əsərlərində mistifikasiyaya
xidmət edərək, insanın, dünyanın, varlığın yaranma səbəbini aydınlaşdırmağa yardımçı olur.
“Üçrəng pişik balası” hekayəsində məkan mediasiyaya xidmət edir. Hekayənin baş qəhrəmanı
həyatdakı bütün canlılara nifrət edən bir insandır. Kimsəyə nə yaxşılıq, nə də pislik etməməyə
çalışır. Onu bir problem narahat edir-sevdiyi qızı vəzifəli şəxs olan Həmidağa müəllimin ma-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
992
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
şınından düşərkən görməsi. Lakin problem axıra qədər öz həllini tapmır. Çünki məkan, və ya
məkan obrazı-pəncərə, prosesi başqa səmtə yönəldir. Qəhrəman pəncərədən pişik balasının
Qarağacın başından düşə bilmədiyini görür və onu xilas etmək üçün ağaca çıxır. Hamının
xoşbəxtlik gətirdiyinə inandığı üçrəng pişik ona bədbəxtlik gətirir. Qəhrəman ağacdan yıxıla-
raq ölür. Bu hekayədə məkanın daxilində mediativlik, həm də mifiklik qatı gizlənir. Pəncərə
onun özünə qapandığı dünya ilə qaçdığı aləm arasında əlaqə yaradır və ölümə doğru gedən
yolda vasitəçi olur. Ömrü boyu kimsəyə yaxşılıq etməyən şəxsin qəlbində pişik balasına qarşı
mərhəmət yaranır. Pəncərə iki aləm arasında həm birləşdiricilik, həm də sərhəd funksiyası
daşıyır.
“Adaşlar” hekayəsinin baş qəhrəmanı hər gün yuxuda köhnə məhəlləsinə gəldiyini
görür. Burada ilkin məkan köhnə məhəllədir. Lakin bu məkan həm də mifoloji funksiyası ilə
seçilir. Bu funksiyanın əsasında məhz yuxu motivi durur. Əsərdə yuxu özlüyündə ayrıca bir
məkandır. Qəhrəman yuxunun içinə daxil olaraq həm də köhnə məhəlləsinə daxil olur. Heç də
təsadüfi deyildir ki, qəhrəmanın əvvəlki həyatı tamamilə yuxuda gördüyü məkanla bağlıdır.
Öz adaşı ilə qarşılalaşanda məhz bu detal onu heyrətləndirir. Finalda süjet xəttinin sonunda
boşluq buraxılaraq paradoksal məna çaları yaradılır. Bu iki insandan hansının, bir digərinin
yuxusu olması barədə sualının verilməsi isə, hekayənin fanfictiona açıq olduğunu bildirir-yəni
mətnaltı qatı istənilən şəkildə başa düşmək-yozmaq olar. Kimin digər adaşının yuxusunda
görünməsi sual şəklində ortaya atılır. Bu isə məkanın mistik qatının üzə çıxmasına səbəb olur.
“Qədim mayyalara cavab” adlı hekayədə adi bir məkan-qəhrəmanın evi problemin
məğzini açılışına xidmət edir. Burada dilənçi uşaqla qəhrəman arasında gedən söhbətdə real
məkan ev, haqqında danışılan məkan isə uşaq evidir. Paralel şəkildə təsvir olunan ev və uşaq
evi məkanları psixoloji prosesin açılışına imkan verir. Xüsusən qəhrəmanın həyatının təsviri
zamanı uşaq evi məkanının acınacaqlı vəziyyətinin göz önünə sərilməsi buna sübutdur.
Beləliklə məlum olur ki, Kamal Abdullanın hekayələrində məkan həm mifik,
həm real, həm də semiotik xarakter daşıyır. Bu proses yazıçının pyes və romanlarında da
davam etdirilir. Xronotopik mahiyyətin açılması prosesini yönləndirir və zamanın və məkanın
bədii və mifoloji funksiyasının üzə çıxmasına imkan yaradır.
BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINDA
ATATÜRK ŞƏXSİYYƏTİNƏ SEVGİ
Nərgiz KƏRİMOVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu
nergizkerimova622@gmail.com
AZƏRBAYCAN
Türk dünyasının görkəmli yazıçı, dramaturq, publisist və şairi Bəxtiyar Vahabzadə
özünün zəngin yaradıcılığında Türkiyə mövzusuna da xüsusi diqqət ayırmışdır. Onun şeirlə-
rinin Türkiyə ilə bağlılıq mövzusunda bir-birinin ardınca həm məzmun, həm məna, həm də
bədii, siyasi cəhətlər üstünlük təşkil edir. Türkiyə mövzusu deyəndə, biz mütləq buraya şairin
ortaq tariximizlə bağlı pyeslərini, poemalarını da daxil edirik. Çünki qədim türklərdən bəhs
edən əsərlər elə Türkiyənin də, Azərbaycanın da, yəni Türkiyə türklərinin də, Azərbaycan
türklərinin də qədim və şanlı tarixinə aiddir.
Bəxtiyar Vahabzadə yaradıcılığındakı Türkiyə mövzulu «Türkiyə havası» (1996),
«Atatürk» (1998), «Dəprəm» (1999), «Xəyalpərəst» (1999), «Azərbaycan-Türkiyə», «Yunus
İmrəyə», «Çiydim» (1999), «Azərbaycan-Türkiyə » (1966), «İstiqlal nəğməkarı», «Doğru»
(2001), «Tənha məzar» (1998), «İbadət» (1999), «Tasavvuf» (1999), «Gülüm» (1999), «Onun
gücü xalqda, kəsəri haqda» (24 avqust 2000), «Ey dünənki körpələr (2000), «Allah, məni belə