III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
911
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
YUSİF SƏMƏDOĞLU YARADICILIĞINDA ƏDƏBİ MƏTN YADDAŞI
Leyla ƏLİYEVA
Sumqayıt Dövlət Univesiteti
aliyevaleyla74@mail.ru
AZƏRBAYCAN
Müasir ədəbi mətnləri şərh edərkən özündə ictimai dünyagörüşü daşıyan mətnlər və
mətn ənənəsindən çıxış etmək vacib məsələlərdəndir. Bu mənada ədəbi şərhdə bir mətn
həmişə digər mətnlə və ya mətn ənənəsi kontekstində şərh olunur. Mətnin şərh olunduğu mətn
kontekstini sonsuz genişləndirmək olar və bu sonsuzluğun ölçüsü mətn mədəniyyətinin
sərhədsizliyi ilə üst-üstə düşər. Mətnin əsas əlamətlərindən biri də məhz özündən sonrakı
mətnlərin kodu, əsası, bazası olmasıdır. Ədəbi variantyaratmada janr yaddaşı, süjet yaddaşı,
ədəbi forma yaddaşı, obraz və vəziyyət yaddaşından istifadə mühüm funksiya daşıyır.
Azərbaycan nəsrinin görkəmli nümayəndəsi Yusif Səmədoğlu da öz yaradıcılığında yaddaş
faktoruna üstünlük verən yazıçılardan biridir. Belə ki, müəllifin mürəkkəb kompozisiyası ilə
seçilən hər iki romanının mətnlərinin yaddaş strukturunda təqdimi nəzərə çarpır. Həm “Qətl
günü”, həm də “Deyilənlər gəldi başa..” romanlarında təhkiyəçi-qəhrəmanlar öz daxili
dünyası, şəxsi yaddaşı ilə iç-içə təqdim olunur. Bu əsərlərin qəhrəman və personajları daima
öz keçmişlərindən, yaddaşlarına yığılıb qalmışlardan, xatirə və artıq ötüb-getmiş anlardan
bəhs etmək, bütün bunları oxucuya nəql etmək vəzifəsi daşıyırlar. Bu da bədii mətndə
hadisələrin öz gerçək xronoloji ardıcıllığından uzaqlaşmasına, hadisələrin ənənəvi əvvəldən
sona doğru gedişatına əks düzümünə səbəb olur. Yusif Səmədoğlunun roman və hekayələrin-
də ədəbi mətn yaddaşı qarımıza iki şəkildə çıxır. Birincisi, mətn mədəniyyətinin sərhədsizliyi
amili ilə əlaqədar olaraq, müəllifin istənilən mətni özünəqədər mövcud mətnlərlə müəyyən
bağlantı qura bilir. Bu özünü mətnin müxtəlif qatlarında büruzə verə bilir. Məsələn, “Qətl
günü” romanında istər mifoloji, istər etno-psixoloji yaddaş vasitəsilə ilə daha qədim mətnlərlə
əlaqələrin qurulmasının şahidi oluruq. Hətta bu bağ “Oğuz xaqan” dastanına qədər gedib
çıxır. “Qətl günü” romanında dünyadakı bütün yaradılışları fövqəltəbii, qeyri-adi, fantastik
şəklə salmaq funksiyası daşıyan mif ilə dünyada baş vermiş real hadisələrə əsaslanan tarixi
həqiqətlər sintez olunur. Yusif Səmədoğlunda mifopoetik düşüncənin sahəsinə düşən miflər
öz ilkin başlanğıcında olduğu kimi “təmiz” deyil, bu miflər saf irreal strukturunu real,
məntiqəuyğun çalar və rənglərə bürünməklə qismən pozmuş olur. Mifopoetik qat bu romanın
əsas məğzini təşkil edir, əsasən arxetip və motivlərlə gerçəkləşir. Məhz bu arxetip və motivlər
vasitəsilə başqa müəllif mətnləri ilə əlaqələr qurulur.
Yusif Səmədoğlu yaradıcılığında ədəbi mətn yaddaşının digər bir forması isə, müəllifin
öz mətnləri arasındakı münasibətlərdə özünü göstərir. Müəllifin roman və hekayələri arasında
qəribə bir bağlantı var, bu mətnlərin demək olar ki, böyük qismi biri digərinin əvvəli və sonu
kimi çıxış etmək qabiliyyətinə malikdirlər. Bu bağlantı bəzən bir mətnin personaj və obraz-
larının digər mətndə qarşımıza çıxması ilə xarakterizə olunur. Məsələn, feldşer Mahmud həm
“Qətl günü” romanının, həm də “İncə dərəsində yaz çağı” hekayəsinin əsas personajlarından
biridir.
Yusif Səmədoğlunun müxtəlif əsərlərinin bir-biri ilə mətnlərarası münasibətlərdə olma-
sını təmin edən məqamlardan biri də, onun roman və hekayələrində sənətə bağlılıq, ictimai
nöqsanların tənqidi, milli tarixi yaddaşa sadiqliyin, Azərbaycançılıq düşüncəsinin fəal yazıçı
mövqeyindən bədii təcəssümünün güclü olmasıdır. Bu fikir yazıçının romanları, ”220 nöm-
rəli otaq” (1960), ”Qalaktika” (1973) kitablarındakı hekayələri, bir qədər sonra çap etdirdiyi
”Astana”, ”İncə dərəsində yaz çağı” hekayələri haqqında da keçərlidir. Mövzuları, əsərlərinin
quruluşu, mənzərə və obraz yaratma ustalığı, hadisələrin simvolik-məna yükünün qabartmaq
bacarığı, vətənpərvərlik və insana məhəbbət duyğularının birbaşa ifadəsi şüuraltı qata enməklə
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
912
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
təsvir orijinallığı nümayiş etdirən Y.Səmədoğlunun dil və üslub xüsusiyyətləri, fərdi yaradıcı-
lıq keyfiyyətləri ilə seçilən bir nasir kimi yetişdiyini sübut edir. Yusif Səmədoğlunun müxtəlif
əsərləri arasında mətn bağlantılarının mövqeyinin müəyyənləşdirilməsi, yazıçının bütöv
yaradıcılığının mahiyyətini bir daha dərindən tanımağımıza kömək edə bilər.
İSA MUĞANNANIN "İDEAL" ROMANINDA İCTİMAİ KONFLİKT
Günel PƏNİYEVA
ADPU
gunelpeniyeva@mail.ru
AZƏRBAYCAN
İsa Hüseynov hadisələrə elmi-fəlsəfi baxımdan yanaşmış, bir yazıçı olmaqdan çox, bir
sosioloq, bir filosof-tarixçi kimi, ictimai-siyasi dəyişikliklərin, mənəvi-psixoloji amillərin
köklərini araşdırmışdır. ”Məhşər” öz elmi-fəlsəfi dərinliyi ilə daha uzaq tarixə baş vurmaq üçün
onun görücülük qabiliyyətini gücləndirmişdir.
"İdeal”da ictimai konflikt çox güclüdür. Həqiqi kommunist tərbiyəsi ilə böyümüş gənc
Səmədin qarşısında çox böyük maneələr durur. Kəndə gəlib işə başladığı ilk gündən elə
böyük çətinliklərlə, hər gün, hər saat, hər dəqiqə elə ağır və bəd xəbərlərlə, dəhşətli və anlaşıl-
maz müəmmalarla, el malına həris düşmən qüvvələrlə qarşılaşır ki, onun bu çətinliklərə necə
dözəcəyini, bunlara necə tablaşacağını, bunlarla necə mübarizə aparacağını, öz ürəyinin,
vicdanının tələbləri əsasında necə işləyəcəyini, məsələləri necə həll edəcəyini fikirləşdikdə az
qala oxucunun nəfəsi təngiyir. Rayona çatan kimi, sevgilisini əmisi evində gəlin görməsi, ata
yadigarı köhnə evlərini gözləri önündə Əlləzoğlunun yandırması, əmisi ilə barışmaq üzrə ikən
gözünün qabağında Sultanın Gülgəzi zorlaması hələ bir yana, Səməd əmisinin idarəçilik
işlərində geriyə doğru dəhşətli dönüş görür: illərlə Qudalılara qarşı mübarizə aparan əmisi
indi Qudalıları iş başına gətirmiş, kolxoza rəhbərliyi onlara tapşırmışdır. Qudalı Rəhim
kolxoz sədri olan kimi, əsas vəzifələri — mühasibliyi də, fermanı da qudalılara tapşırmışdır.
Rəhim kişi sədr olan kimi, vaxtilə xalq düşməni çıxarılmış qardaşı Məhəmmədin intiqamını
almağa başlayıb, kolxozçuların əmək haqqını ləngidir, onları dövlətdən narazı salır, gizli yolla
kolxozu dağıtmağa çalışır. Təbiətən əyriliyə, soyğunçuluğa, el malına həris olan, faktiki
olaraq Sovet hökumətinə düşmən mövqe tutan Qudalıları Sultan niyə birdən-birə iş başına
gətirmiş, kolxozun ixtiyarını onlara vermişdir?
Məlum olur ki, bütün bunlar Mirqəzəb — Dudiyev xətti ilə bağlıdır və Sultan artıq
əvvəlki Sultan deyildir.
Səməd rayona qayıdana qədər əmisini başqa cür tanıyırdı: Sultan canını, həyatını, ailə
səadətini xalq işinə, ictimai işə qurban vermiş bir kommunistdir. Əyriliyin, tüfeyliliyin, saxta-
karlığın düşmənidir, kasıb, yoxsul, həqiqi zəhmət adamlarının pənahı, arxasıdır. Ədalət, qanun
naminə hətta çox böyük vəzifə sahibləri ilə üz-üzə gəlməkdən, toqquşmaqdan, vuruşmaqdan
çəkinməmişdir. Böyük vəzifə sahibi Mirqəzəb bir tərəfdən onu əməyinə görə yüksək qiymət-
ləndirməli, döşündən ulduz asmalı, digər tərəfdən, onu Dudiyev xətti ilə izləməli, məhv etmə-
yə çalışmalı, onun keçmişi və İrandakı qardaşları haqqında material toplamalı olsa da, Sultan
öz təmizliyi, işgüzarlığı, möhürlü inventar ev əşyaları, boz kiteli ilə kristal partiya işçisi kimi
ləkəsiz və təmiz yaşamışdır.
"İdeal” sosial-psixoloji bir əsər kimi XX əsrin ikinci yarısında yaranmış Azərbaycan
nəsrinin ən qiymətli nümunəsidir, həqiqi ədəbi hadisədir.
“İdeal” İsa Muğannanın yaradıcılığında ayırıcı zolaqdır. Buna nəzərən onun yaradı-
cılığı üç mərhələyə bölünür. “İdeal”a qədərki mərhələ, “İdeal” və “İdeal”dan sonrakı mərhələ.