III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
909
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Gedən gedərgidir, mənim-sənin yox,
Çıxılmaz dərdlərə vətən-bir ölüm.
Mən nə istəyirəm, sonda mənim yox,
Allahın xoşuna gedən bir ölüm...
Şair çox səmimi və hər kəsin arzusunda olduğu bir diləklə Tanrıya üzünü tutur. Bəs
yaxşı, Allahın xoşuna gedən bir ölüm necə olur?! İnsan rahat həyata alışdığı üçün ölümünün
də rahat, ağrısız olmasını istəyir. Lakin əsas Allahın bizə məsləhət gördüyü ölümlə barışmaq
lazımdır. Bu ölüm ağrılar, əzablar içərisində də ola bilər, yuxuya getmək kimi rahat bir ölüm
də. Hər iki formada olan ölüm insanın bu dünyadakı əməllərinin son nəticəsi kimi qəbul edil-
məməlidir. Allahın peyğəmbəri (s) də buyurur ki: “Qəfil ölüm mömünlər üçün güzəşt və kafir-
lər üçün bir qəzəbdir”. M.İsmayıl da onun alnına yazılan ölümün hansı formada olmasından
asılı olmayaraq, məhz Tanrının xoşuna gələn bir ölüm olması arzusundadır. Çünki Allah biz-
lərə hər şeyin ən xeyirlisini bəxş edər.
Ümumilikdə, qeyd edə bilərik ki, M.İsmayıl poeziyası üçün ölüm yoxun varlığı kimi
qəbul olunub və insan həyatıının qaranlıq tərəfi kimi deyil, olumun əksi kimi qiymətləndirilib
ARİF ABDULLAZADƏNİN “QANLI YADDAŞ” ROMANININ
İDEYA VƏ MƏZMUN XÜSUSİYYƏTLƏRİ
Pakizə ZAKİROVA
AMİ-NİN ŞƏKİ FİLİALI
zakirova.pakize@mail.ru
AZƏRBAYCAN
XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan, lakin nədənsə haqqında çox
az danışılan Arif Abdullazadə çoxistiqamətli bədii və elmi fəaliyyəti ilə sözün həqiqi məna-
sında qeyri-adi, ideya yükü baxımından orijinal əsərlər yaradan bir müəllifdir. Məqalənin
yazılmasında əsas məqsəd məhz bu orijinallığı daha geniş şəkildə araşdırmaqla yanaşı, ədibin
yaradıcılığının daha geniş oxucu kütləsinə çatdırılmasına nail olmaqdan ibarətdir. Çünki ək-
səriyyəti A.Abdullazadəni sağlığında şəxsən tanıyan şəxslər tərəfindən yazılmış bir neçə mə-
qaləni nəzərə almasaq, yazıçının yaradıcılığı, demək olar ki, geniş planda tədqiq olunmamışdır.
Şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, tərcüməçi, filologiya elmləri doktoru,
professor Arif Əbdürəhman oğlu Abdullazadə (1940-2002) ədəbiyyat tariximizdə “60-cı illər
nəsli”nin ən layiqli təmsilçilərindəndir. “Arzular” adlı ilk şeirlər kitabı 1964-cü ildə işıq üzü
görən şair yaradıcılığının ideya istiqamətləri baxımından “altmışıncıların” bir çox nümayən-
dələri kimi sovet ideologiyasına nəinki xidmət edən, əksinə dissident ədəbiyyat təmsilçisi belə
adlandırıla bilən müəlliflərdəndir. “Könüllərin dünyası”, “Hər yerdə, hər zaman”, “Ana dün-
yamız”, “Sevin Azərbaycanı”, “Səninlə sənsiz”, “Bəxtimizin kitabı”, “Ulu Qorqud” və başqa
şeir kitablarının, “Aqillər” və “Evlərin axşamları” pyeslərinin müəllifidir. Şairin “Tövbə duaları”
(2003) adlı son şeirlər kitabı onun vəfatından sonra işıq üzü görmüşdür. Şairin “Seçilmiş
əsərləri”ni (1991) nəzərə almasaq, digər kitablarında işıq üzü görən nümunələrdə təkrar çapa
yol verməmişdir.
A.Abdullazadə həmçinin “Novatorluq və üslüb”, “Şair C.Cabbarlı”, “Od nə çəkdi” adlı
elmi monoqrafiyaların müəllifi, “Azərbaycan ədəbiyyatı tarixi” V cildinin, “Ədəbiyyatda
şəxsiyyət konsepsiyası” kitablarının əsas müəlliflərindən biridir.
Arif Abdullazadə həm də beş roman müəllifidir: “Bir ovuc torpaq”, “Duyum”, “İşıq
zolağı”, “Qanlı yaddaş”, “Sınaq kürəsi”. Yazıçı ilk romanı olan “Bir ovuc torpaq” əsərini 70-
ci illərin əvvəllərində Türkiyədə tərcüməçi kimi işləyərkən şəxsən tanış olduğu bir zamanlar
Azərbaycanı tərk edərək orada yaşamağa məcbur olmuş həmvətənləri ilə tanışlıqdan aldığı
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
910
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
təəssürat əsasında yazmışdır. II Dünya Müharibəsi zamanı almanlara əsir düşüb, konslager-
lərdə əzablı günlər keçirən İsmət əsirlikdən sonra vətənə qayıtmağın yenidən eyni əzabları
yaşamağa bərabər olduğunu anlayaraq, məhrumiyyətlərlə dolu mühacirət həyatını seçir. Son-
da Türkiyədə məskunlaşan İsmət yeməyə bir parça çörək tapsa da (O, sovet mütəxəssisləri ilə
müştərək tikilən zavodda tərcüməçi kimi işləyir), “insanlara bərabərlik verilən” ana vətəninə
bir də qayıda, doğmalarına qovuşa bilmir. Romanda İsmətlə yanaşı, başqa mühacirlərin də
taleyindən söz açılır. “Duyum”, “İşıq zolağı” romanlarında bir qayda olaraq ziyalı insanın ta-
leyinə müraciət edir. Nakam məhəbbət müəllifin sevimli mövzularından olduğundan “İşıq
zolağı” romanda yenə qarşımıza çıxır.
A.Abdullazadənin son çap olunan romanı (müəllifin ölümündən sonra) “Qanlı yaddaş”
özlüyündə müəllifin əvvəlki romanlarında ötəri, epizodik halda müraciət etdiyi bütün mövzu-
ların küll halında əks olunduğu əsər olmaqla yanaşı, onun roman yaradıcılığının zirvəsidir.
Əsərdə Qarabağ hadisələri, həmvətənlərimizin Ermənistandan, doğma ata-baba yurdlarından
qovulması, Meydan hərəkatı, müstəqillik uğrunda mübarizə, qanlı yanvar hadisəsi əks olunub.
Lakin bu mövzularda yazan bir çoxlarının saxta vətənpərvərlik dolu, yerli-yersiz müharibə
dəhşətlərinin əks olunduğu əsərlərindən fərqli olaraq, A.Abdullazadə daha çox faciənin
səbəblərini axtarmağa meyillidir. Onun qəhrəmanı faciəni çox-çox əvvəldən duyan, lakin
ətrafdakıların nadanlığı ucbatından səsini kimsələrə çatdıra bilməyən ziyalıdır.
Romanın əsas qəhrəmanı Adil (elə müəllifin özü) vətənini, millətini, onun tarixini sözün
həqiqi mənasında sevən bir alimdir. Hamıya öz rəftarı ilə qəribə görünən bu “əhlikef” adam
çiyinlərində bir millətin dərdini çəkən əsil ziyalıdır. Onun ətrafında olan Səfər, Dəmir,
Qorxmaz, Əsgər və başqaları isə böyük bir elmi müəssisədə çalışsalar da, əsil ziyalı
keyfiyyətlərindən məhrumdurlar. Onlar nə millət dərdi, nə xalq dərdi çəkirlər, əksinə Adilin
də tariximizlə bağlı üzə çıxarmaq istədiyi faktlara nəinki inanmır, hətta ona “başını salamat
saxlamaq üçün susmağı” tövsiyyə edirlər. Özünə həmfikir tapmayan Adil tənhalıqdan əziyyət
çəkir. Adil klassik ədəbiyyatımızdakı Əsgər, Fəxrəddin, Kefli İsgəndər, hətta Məcnun kimi
ideyaları baxımından öz zəmanəsinə sığmayan, zamanının fövqündə dayanan, bu üzdən də
ətrafdakıların gözündə “qəribələşən” bir insandır. Yazıçı dəfələrlə qeyd edir ki, həyatının əsas
işini – xalqımızın tarixi ilə bağlı yazdığı son dərəcə dəyərli kitabını yazmaq üçün ittifaqın
müxtəlif yerlərindəki arxivlərə, kitabxanalara olan ezamiyyətlərini nədənsə ətrafdakılar
“Adilin növbəti kef üçün səfəri” kimi qiymətləndirirlər. Onu dünyanın ən qayğısız adamı
hesab edənlərdən fərqli olaraq, Adilin dilindən verilmiş hissələrdə necə tənha, hətta bədbəxt
olduğu, lakin əqidə, amal baxımından həmişə mübariz qaldığı ortaya çıxır.
Romanın maraqlı cəhətlərindən biri əsərdə təhkiyənin bir nəfərin dilindən yox, müəlliflə
bərabər Adil, Dəmir və Səfərin dilindən verilməsidir. Eyni hadisə haqqında onların hər birinin
fərdi münasibəti romanı bir az da maraqlı edir. Müəllif müxtəlif məqamlarda milli faciənin
yaxınlaşmasına qalan vaxtı qeyd etməklə oxucuya durmadan xəbərdarlıq edir, millətin
ziyalısının baş verə biləcək faciəni necə duymasını göstərməyə çalışır.
Müasir ədəbiyyatımızda vətənpərvərlik ruhunda yazılan əsərlərin səviyyəsini nəzərə
alsaq, Arif Abdullazadənin “Qanlı yaddaş” romanının həqiqi vətənpərvərlik ideyalarının
təbliği, hətta tədris prosesində ondan istifadə üçün nə dərəcədə əhəmiyyətli bir əsər olduğunu
anlamaq çətin deyil. Bu üzdən əsərin daha geniş şəkildə araşdırılmasına ehtiyac duyulur.