III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
875
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
M.Hüseyn məqalələrinin birində yazır ki, “sənətkarın ifadə etdiyi hisslər və fikirlər öz
qəlbini titrətməmişsə, onun yaratdığı bədii lövhə və surət heç kimi təəccübləndirməyəcək, hə-
yəcanlandırmayacaq. Yazıçının könlündə doğan hisslər nə qədər zəngindirsə, zehnində doğan
fikirlər yenidirsə, yaratdığı əsərlərdə bütün bunların ifadəsi nə dərəcədə tam və barizdirsə
oxucu da bir o qədər onu sevəcək, dediklərinə inanacaq. Məlum məsələdir, həqiqi istedadı, il-
hamı olmayan kəs belə hisslərdən və duyğulardan məhrumdur”.
1941-1946-ci illərin ədəbi mühitini araşdırarkən belə nəticəyə gəlmək olar ki,bu dövrdə
yazıb-yaradan qələm sahibləri öz əsərlərində tərənnüm etdikləri vətənpərvərlik, xəlqilik, mil-
lilik kimi mövzuları gündəlik həyatla səsləşərək xalqın şüurunda gələcək xoşbəxt günlərə inam
oyadırdı. Oxucunun qəlbində yer tapmaq isə hər bur müəllif üçün ən yüksək mükafatdır.
ATALAR SÖZLƏRİ FRAZEOLOGİYANIN
TƏDQİQAT OBYEKTİ KİMİ
Elnarə MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
mamedova.elnara@lenta.ru
AZƏRBAYCAN
Frazeologizmləri dil universaliləri cərgəsinə daxil etmək olar, çünki frazeoloji birləşməsi
olmayan dil yoxdur. Frazeologizmləri universal edən bəşər dilinin obrazlılığa, ekspressivliyə
meyl etməsidir. Bütün dillərdə hadisələri təsvir edərkən, insanı qiymətləndirəndə və ya tənqid
edəndə onlara müraciət olunur. Fikir onların vasitəsilə ifadə olunanda, diqqəti daha çox özünə
çəkir, dinləyənə dərin təsir bağışlayır. Frazeoloji birləşmələr diqqəti danışana doğru yönəldir,
hal-vəziyyəti bir növ qabardır və ya şişirdir. Obrazlılıq və ekspressivlik atalar sözlərinə də
xasdır. Bu baxımdan, onları əksər dilçilər frazeoloji birləşmələrlə eyni cərgəyə daxil edirlər.
Doğrudur, onların hər birində həqiqi mənadan uzaqlaşma, məna köçürülməsi var. Lakin mə-
cazilik frazeoloji birləşmələrdə daha güclüdür. Onların hər ikisi müəyyən hadisə ilə bağlı
ortaya çıxdıqlarından bəzən ilkin-həqiqi mənanı qorumuş olurlar. Atalar sözləri frazeoloji bir-
ləşmələr kimi milli səciyyəlidir və dildə hazır şəkildə mövcuddur.
Frazeoloji birləşmələrlə atalar sözlərinin fərqlərinə nəzər salaq:
1. Frazeoloji birləşmələr (əksər hallarda) söz birləşməsi konstruksiyasına malik olduq-
ları halda, atalar sözləri yalnız cümlə şəklində olur, bitmiş fikir ifadə edir və hökm bildirir;
2. Frazeoloji birləşmələr (söz birləşməsi şəklinə malik olanlar) nominativlik funksiyası-
nı yerinə yetirirlərsə, atalar sözləri yalnız kommunikativlik vəzifəsinə malikdirlər;
3. Atalar sözlərini təşkil edən sözlər leksik mənasını qorumuş olduqlarından onların
məntiqi vurğu ilə ayrılması mümkündür. Jukov yazır: “Demək olar ki, frazeologizmlərin kom-
ponentlərindən heç birinin üzərinə məntiqi vurğu düşmür. Frazeologizmlərin komponentləri
aktual üzvlənmədən məhrumdur”;
4. Frazeoloji birləşmələr hansısa predmet və ya hadisəyə işarə edir, onun haqqında tam,
təfsilatı ilə məlumat verə bilmir. Atalar sözlərinin vasitəsilə hadisələrin gedişatına müdaxilə
etmək, insanların düşüncəsinə, davranışına təsir etmək
mümkündür;
5. Frazeoloji birləşmələrdə predmet və hadisəyə münasibət var. Atalar sözləri bu baxım-
dan neytrallıq təşkil edir, onların vəzifəsi sadəcə ailə-məişət və əxlaqi-mənəvi dəyərlərlə əla-
qədar ibrətamiz fikir aşılamaqdır;
6. Frazeoloji birləşmələrdə fikir birbaşa, konkret olaraq nəzərə çatdırılır, atalar sözlərin-
də haqqında danışılan hadisə və ya predmetlə bağlı söylənilən fikir dolayı şəkildə ifadə olunur.
Hər bir şey səbəb-nəticə əlaqələrinə malik olduğu kimi dil də, onda gedən proseslər də
müəyyən səbəbdən dolayı ortaya çıxır. Bir neçə söz təsadüfən birlik halına gəlib yeni məna
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
876
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ifadə edə bilməz. Bu sözləri bir-birinə bağlayan, onları frazeoloji birləşmə və ya atalar sözləri
şəklinə salan səbəb təfəkkürdür. Frazeoloji birləşmələrin əksəriyyəti mifik təfəkkürlə bağlı
olub yaranma tarixi, mənşəyi qədim dövrlərə gedib çıxır. Biz bunu əminliklə komponentləri
arasında heç bir məna əlaqəsi qalmayan, tərəfləri tamamilə məcaziləşmiş frazeoloji birləşmələr
haqqında söyləyə bilərik: ürəyi dabanına düşmək, əlinin içi kimi tanımaq və s. Belə frazeoloji
birləşmələrin yaranma səbəbini-şifahi xalq ədədbiyyatında, dəqiq desək, miflərdə, inanclarda
axtarmaq doğru olardı. Qrimm qardaşları, haqlı olaraq söyləyirdilər ki, mifologiya dilin mən-
bəyi məsələsini tədqiq etməkdə çox faydalı ola bilər.
Atalar sözlərinin frazeologiyada mövqeyi ilə bağlı istər Azəbaycan, istərsə də rus
alimləri ayrı-ayrı qütblərdə dayanır.
Belə ki, “Müasir rus dilinin feili frazeologiyası” əsərində M.T.Tağıyev frazeologiyanın
tədqiqat obyektinə “dar mənada” yanaşaraq onun tədqiqat obyektini “geniş mənada” nəzərdə
tutanlarla razılaşmayır. O, frazeologiyanın obyektinin qeyri-müəyyənliyinin səbəbini bu sahə-
də metodoloji əsasın olmaması, filoloji elmlər sahəsində dilçiliklə ədəbiyyatşünaslıq irsinin
genetik əlaqəsinin az tədqiq edilməsi ilə bağlayır.
H.Ə.Həsənov da frazeologiyanın dilçiliyin müstəqil sahəsi kimi yox, leksikologiyanın
bir bölməsi kimi məhdud dairədə tədrisini nəzərə alaraq frazeologiyanın həcmini atalar sözü,
məsəllər, tapmacalar, hikmətli sözlər, aforizmlərlə genişləndirməyi, hər cür frazem xarakterli
birləşmələri və cümlələri buraya daxil etməyi doğru saymır. O, frazeoloji birləşmələrlə atalar
sözlərinin sərhədlərinə müəyyənlik gətirsə də, nə ətdir, nə balıq, nə ağına baxır, nə bozuna
kimi frazeoloji birləşmələri sözə ekvivalent olduqları halda, atalar sözlərinə daxil edir.
A.V.Kunin “Müasir ingilis dilinin frazeologiyası kursu”nda bu məsələyə toxunmuşdur:
“Dilin sabit birləşmələri olan cümlə strukturlu atalar sözlərini məxsusi olaraq folklora daxil
etməyi düzgün hesab etmək olmaz. Atalar sözləri folklorda olduğu kimi frazeologiyada da
öyrənilməlidir, lakin fərqli nəzər nöqtəsindən. Frazeologiyada onlar dilin frazeoloji tərkibinin
özünəməxsus semantik, üslubi və quruluş xüsusiyyətlərinə malik vahidləri olaraq öyrənilir-
lər”. Daha sonra A.V.Kunin yazır ki, folklor xalqın müdrikliyini, adət-ənənələrini xarakterizə
edən atalar sözləri ilə əsasən, xalqın yaradıcılıq məhsulu olaraq maraqlanır.
Əgər atalar sözləri frazeologiyada öyrənilməlidirsə, o zaman frazeologiya dilin leksiko-
logiya bölməsində araşdırılmamalı, ayrıca dilçilik sahəsi olaraq öz təsdiqini tapmalıdır. M.
Mirzəliyeva haqlı olaraq qeyd edir: “Müstəqil mənada işlənib-işlənməməsindən asılı olmaya-
raq sözlər dilin morfoloji qatında dil vahidi kimi öyrənilə bilirsə, daşıdığı mənanın dar və ya
genişliyindən asılı olmayaraq, məcazlaşma prosesindən keçmiş hər hansı söz, birləşmə və
cümlə də frazeoloji vahidlər sırasına daxil olub, dilin frazeoloji qatında araşdırılmalıdır”.
Müasir dilçilikdə frazeologiyanın bir elmi kimi yerinin və tədqiqat obyektinin tam olaraq
dəqiqləşməsinə böyük ehtiyac vardır. Həllini gözləyən başqa bir məsələ isə atalar sözlərinin,
eləcə də frazeoloji birləşmələrin, dil yaxud da nitq vahidlərinə aid olması məsələsidir.
SABİR VƏ ONUN ƏDƏBİ MƏKTƏBİ
Nigar HƏSƏNOVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
nigar.hasanova.89@mail.ru
AZƏRBAYCAN
XIX əsr Azərbaycan ədəbiyyatında satirik poeziya sistemli ədəbi hadisə səviyyəsinə
yüksəlmişdirsə, XX əsr ədəbiyyatında satirik şeir gerçəkliyin poetik ifadəsi üçün bir zərurətə
çevrilmişdi. Bu zərurət XX əsrin əvvəllərində Bakıda nəşr olunan müxtəlif təmayüllü satira
jurnallarında, dövrün tanınmış söz sənətkarlarının yaradıcılığında öz ifadəsini tapdı.