204
uzun gecəsidir. Bu astronomik hadisə də dualizmin əlamətidir.
Gecə ilə gündüzün döyüşü gedir. Həmin gecənin uzunluğu 14 saat
olur. Xalq həmin gecəyə «şəbi – yelda», «leylət – təvil» (ilin ən
uzun və qaranlıq gecəsi) demişdir. «Şəbi – yelda» gecəsinin səhəri
günəş yeniləşmiş bir vəziyyətə gəlir. O, xeyli güclənmiş, qüv-
vətlənmiş bir durumda olur. XX əsrin ortalarına kimi xalqımız
dekabrın 21-ni – qış gündönümünü təntənəli şəkildə, bayram
səviyyəsində qeyd etmişlər. Bayram ayrı-ayrı dövrlərdə müxtəlif
adlar daşısa da, onun mahiyyəti və məqsədi dəyişməmiş, erkən
çağlar «Sıraqan», yaxud «Çıraqan», yəni işıq bayramı, nursaçan
bayram, sonralar isə «Nüvədruz» adı (sözün mənası doxsan gündür.
Novruza qədərki 90 günlük qış soyuqları dövrünə işarədir.) altında
qeyd edilmişdir. Elə bu səbəbdən çox vaxt onu «Doxsan bayramı»
da adlandırmış, son yüz ildə isə o, sadəcə, «Çillə gecəsi», yaxud
«Şəbi-çillə» mərasimi kimi el içində şöhrət tapmışdır (55).
Xalqın bu günü bayram səviyyəsinə qaldırmaqda niyyəti
Günəşin «çilləsini» kəsmək olubdur. Mənbələrə istinadən tam
əminliklə deyə bilərik ki, Azərbaycanın bir çox yerində dekabrın
21-də küçə və meydanlarda tonqallar çatılar, ev-eşik, dükan-bazar
işığa qərq olardı. Həmin gecə hər bir ev sahibi öz evində olmalı,
bayramı ailə-uşağı ilə birlikdə qeyd etməli idi.
Qış gündönümü şərəfinə keçirilən törənlərdə də Novruzun
rəmz və əlamətləri açıq-aydın görünür.
İnama görə, adamlar bu uzun gecəni yatmaz, səhəri «dirigözlü»
açardılar. Taxt-tac sahibləri həmin gecə bayram edən rəiyyətinə baş
çəkərdi. El arasında belə bir əfsanə yaşayır. Həmin uzun gecədə
odun şələli Harur adlı bir şəxs mömin adamların evinə gedər, odun
şələsini həmin adamın evinin astanasında qoyarmış. (Harun –
səxavətli, varlı, dövlətli mənasındadır.)
Evin kəndarına qoyulmuş odun elə həmin an qızıl külçələrinə
çevrilərmiş. Həmin vaxt kim zirək tərpənsəydi, qızıl külçələrinə
yiyələnə bilərmiş. Elə bu inama görə də həmin gecəni heç kim
205
yatmır, möcüzə gözləyirmiş. El-obada belə bir adət olub ki, həmin
gecəni kim yatsa, paltarını palaza, döşəyə tikər, üz-gözünü kömürlə
qaralayar, ağız-burnuna, göz-qaşına bəhməz yaxarmışlar. Yuxudan
ayılan adam gözlərini aça bilmir, hövlnak yerindən sıçrayıb
qalxmaq istəyir, yorğan-döşək, paltar-palazla birlikdə qalxardı.
Həmin şəxs nə baş verdiyini bilmədiyindən ağlayar, ətrafdakı
adamlar isə şaqqa çəkib gülüşərdilər. Səhərə qədər yatmamış oyaq
qalanlar dan üzündən günəşi görməyə, onu qarşılamağa gedərdilər.
İnsanlar günəşi hərarətlə qarşılayırdılar.
Bir çox mənbələrdə Xəzan – Mehrikan bayramının məhz
həmin ərəfədə payızın sonu, qışın əvvəlində keçirildiyi qeyd edilir.
E.Aslan «Günəş taxtdan düşəndə» məqaləsində yazır: «İlk vaxtlar
Xəzan – Mehrikan bayramı günü dövlət başçısı ulu Novruzda
olduğutək, başında qızıl tac, əynində zəngin bayram libası taxta
qalxardı. «Bayram münasibəti ilə saraya təşrif gətirmiş baş kahin –
«möbədan « əlində sovqat – yeddi növ dənli bitki unundan
bişirilmiş yeddi növ – alma, heyva, nar, lumu, innab, bir salxım ağ
üzüm, ağ şəkər parçası və bir dəstə üzərlik otu yerləşdirilmiş
gümüş sini – xonçanın («xonça» –kiçik gün mənasındadır) üzərində
dua oxuyar, sovqatı hökmdarın önünə qoyub, ona uzun ömür,
hədsiz-hüdudsuz hökmranlıq illəri və şan-şöhrət arzular, bayramla
alqışlardı» (57). Göründüyü kimi, bu bayramla Novruz bayramı
arasında hədsiz eyniliklər vardır. E.Aslanın yazdığına görə,
Mehrikan – Xəzan bayramı islamdan öncə III-V əsrlərdə, təxminən
beş yüz ilə yaxın dövrdə və ondan sonrakı əsrlərdə Azərbaycanda
Novruzdan sonra əhali tərəfindən çox sevilən bayram olmuşdur.
Mehrikan bayramından zərdüştlik daha çox faydalanmışdır. Burada
tarixdə bu bayrama münasibəti də qeyd etmək maraqlı olardı.
M.A.Dadaşzadənin yazdığına görə, Mehrikan bayramı həmişə
payız fəslinin əvvəlində, məhsul yığımından sonra keçirilmişdir
(31, 124). E.Aslan istinad etdiyi mənbələrə əsasən yazır ki, orta
çağların məxəzlərində iki Mehrikan bayramından danışılır. Meh-
206
rikan bayramı 1079-cu ilə kimi dekabrın 21-22-də qeyd olunmuş,
1079-cu ildə təqvim dəyişikliyi nəticəsində Mehrikan bayramı düz
90 gün irəliyə-payız fəslinə çəkilibdir. Buradan da aydın olur ki,
tarixdə Mehrikan həm payız, həm də qış bayramı kimi qeyd
olunubdur (58).
Mehrikan bayramı təqvim dəyişikliyindən sonra payız gecə-
gündüz bərabərliyi günü (21-22 sentyabr), əski təqvimlə mehr
ayının 16-dan 22-nə kimi günəşin son dəfə yer üzünə istilik, hərarət
bəxş etməsi naminə keçirilibdir. Ə.Biruni bu bayramın mehr ayının
16-dan 30-na kimi qeyd olunduğunu göstərir. Z.Qəzvini isə
Mehrikanın mehr ayının 16-da təntənəli keçirildiyini qeyd edir (31,
125).
Bir çox inzibati səbəblərdən Novruzdan fərqli olaraq, Mehrikan
dövrümüzə gəlib çıxa bilməmişdir. XIV əsrdə Səlcuqların
hakimiyyəti dövründə Mehrikan bayramı rəsmi dövlət bayramı
kimi ləğv olunmuş, sonrakı illərdə isə tamamilə aradan qaldırıl-
mışdır. Mehrikan bayramı cəmi dörd yüz il (XI -XIV əsrlər) yaşaya
bilmişdir (58).
Novruz sisteminə daxil olan mərasimlərdən biri də Sədə
bayramıdır. Tarixdə bu mərasim od-atəşfəşanlıq bayramı adlan-
dırılıb. Sədə-şölələnən od mənasını daşıyır (31, 128). Sədə bayramı
ilə bağlı orta əsr müəllifləri sələflərinin istinad etdikləri rəvayətə
əsaslanırlar. Pişdadilər sülaləsinin hökmdarlarından olan Huşənglə
bağlı olan həmin rəvayəti bir qədər irəlidə qeyd etmişik.
Ə.Biruni Sədə bayramının yanvarda yox, qış gündönümündə
(dekabrın 21-də) keçirildiyini yazır: «Sədə günü qış cəhənnəmdəki
zağasını tərk edib, bu dünyaya qədəm basır. İnsanlar qışın üz verə
biləcək xəta-bəlasını özlərindən uzaqlaşdırmaqdan ötrü tonqallar
çatıb, od-alov yaxır, ətirli ot və ağac yandırırlar». E.Aslanov,
həmçinin şərqşünas Y.E.Bertels də Çırağan – Nüvədzuzdan 40 gün
sonra icra edilən Sədə bayramının yanvarda qeyd olunmasına
təəccüb edib, şübhə ilə yanaşıblar: «Sədə bayramında Günəşin
Dostları ilə paylaş: |