29
Əslində Roma İmperiyasının yaranması və bizim eranın ilk əsrlərində Aralıq
dənizi hövzəsində və Avropanın digər ərazilərində həyata keçirdiyi idarəçilik sistemi də
beynəlxalq münasibətlərin indi başa düşdüyümüz bəzi parametrlərinin hələ o vaxt
işlədiyini göstərirdi.
Qədim Çin dövlətinin yaranması, öz ətrafındakı əraziləri tutması, bu ərazilərdə
idarəçilik sistemi yaratması, digər dövlətlər ilə əlaqələri və s. də beynəlxalq
münasibətlərin ilkin rüşeym və parametrlərini yaradırdı. Eyni nümunəni qədim Hindistan
və Yaponiyaya da aid etmək olar.
Bundan başqa, VII-IX əsrlərdə Ərəb xilafətinin yürüşləri, böyük bir ərazidə
həyata keçirdiyi idarəçilik, qonşularla münasibətlər, əlaqələr və s. də o zaman
dövlətlərarası diplomatiyanın və münasibətlərin ilkin formaları idi. Bunun ardınca Səlcuq
türklərinin, monqol-tatarların yürüşləri, yaratdıqları dövlətlərin apardıqları müharibələr və
bağladıqları sülh müqavilələri də o zamankı dövlətlərarası münasibətlərin və
diplomatiyanın təzahürü kimi qiymətləndirilməlidir.
Orta əsrlərdə Avropada başlayan inkişaf, XV-XVI əsrin intibah və reformasiya
dövrü, yeni-yeni krallıqların, monarxiyaların yaranması, onlar arasında başlanan
çəkişmə və müharibələr, avropalıların yeni-yeni əraziləri kəşf etməsi, Hindistana,
Afrikaya, Amerikaya ilk yürüşləri və s. fəaliyyəti onlar arasında istər-istəməz qarşılıqlı
ünsiyyətə, müharibələrə, diplomatik danışıqlara və müqavilələrin imzalanmasına rəvac
verirdi ki, bu da beynəlxalq münasibətlərin formalaşmasını sürətləndirirdi. Qərbi Avropa
xalqları təxminən min il (500-1500-cü ilə qədər) milli və dini fərqlərinə baxmayaraq,
vahid xristian ənənələri ilə yaşayır və Roma papaları tərəfindən ümumi prinsiplərlə
idarə olunurdular. Roma Papası xalqlar və feodallar arasında bütün mübahisələri həll
edir, qərar verir və məsələləri yoluna qoyurdu. Lakin XVI əsrdən başlayan reformasiya
hərəkatı, mərkəzləşmiş dövlətlərin yaranması və getdikcə güclənməsi, katolik kilsəsinin
iyerarxik strukturuna, torpaq mülklərinə qarşı çıxışlar (protestantizm) və s. getdikcə
Papa İmperiyasının hakimiyyətini laxladır və Avropada dünyəvi kral hakimiyyətlərinin
güclənməsinə şərait yaradırdı.
XVII əsrin ortalarında müxtəlif dini, milli, sülalə, ərazi mübahisələrindən doğan
üzücü münaqişələr, xüsusən katolik-protestant ziddiyyətlərinin də təkan verdiyi 30 illik
müharibə, getdikcə qarşıdurma meydanına çevrilən Avropa xalqlarını Vestfala
toplaşmağa və Roma Papasının dini imperiyası ılə münasibətləri birdəfəlik nizamlamağa
məcbur edir.
30
Dünya siyasətşünaslıq elmində Roma papalarının dini İmperiyasının süqutu və
Avropada milli və ərazi prinsipləri əsasında yeni-yeni knyazlıqların (dövlətlərin)
yaranmasını (1648-ci il) beynəlxalq münasibətlər sisteminin yaranış tarixi və Vestfal
sistemi kimi xarakterizə edirlər. Məhz Roma İmperiyasının (dini imperiyanın) süqutu ilə
Avropada əsasında millət, milli dövlət və məxsusi ərazi prinsipi olan yeni dövlətlərarası
siyasi sistem yaranmağa başlayır.
1. AVROPADA MƏRKƏZİ MİLLİ-DÖVLƏT HƏRƏKATININ GÜCLƏNMƏSİ VƏ
BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN VESTFAL SİSTEMİNİN YARANMASI
Avropa XV əsrin sonu-XVI əsrin əvvəllərində yavaş-yavaş 1300-1450-ci illərdə
üzləşdiyi iqtisadi, demoqrafik və ekoloji fəlakətlərin təsirindən xilas olmağa başlayır.
Ayrı-ayrı şəhərlər, regionlar öz aralarında geniş əmtəə-pul, ticarət və istehsal
münasibətlərinə girərək təcrid vəziyyətindən çıxır və gələcək dünya kapitalist
münasibətlərinin təməlini qoyurdu. Avropanın Venetsiya, Flandriya, Hanza kimi şəhərləri
əsl ticarət, sənaye, isiehsal, əmtəə-pul mübadiləsi mərkəzlərinə çevrilərək, ətraf
ərazilərə də müsbət təsir göstərməyə başlayırdı. Yeni mərkəzləri nə Roma papalarının
çürük, müti, orta əsr idarəçilik sistemi, nə də ki, milli-dini buxovlar qane etmirdi. O dövr
üçün dünya iqtisadiyyatının lideri hesab olunan İngiltərə və Hollandiya öz çiyinləri
arxasında Fransa, Almaniya, İtaliya, Portuqaliya şəhərlərinin nəfəsini yavaş-yavaş daha
açıq hiss edirdilər. Bütün bunlar Roma dini İmperiyası sisteminin Avropanın yeni inkişaf
sürətinə və tələblərinə cavab vermədiyini, milli-siyasi faktorların, maraqların təmsilçiləri
ilə (krallar) ümumi dini maraq təmsilçiləri (Roma papaları və onun əlaltıları) arasında
ziddiyyətlərin son həddə çatdığını göstərirdi.
XVII əsrin əvvəllərindən Avropada tayfa, xalq, knyaz, dini əyanlar arasında
mübarizə elə bir həddə çatır ki, artıq bunun qarşısını nə Roma papası, nə də ki
knyazlar ala bilir. 1618-ci ildə başlanan və müxtəlif dini, milli, ərazi, tayfa-sülalə
maraqları və s. səbəblərdən demək olar ki, bütün Avropanın cəlb olunduğu otuzillik
müharibənin sona çatması və 1648-ci ildə Vestfal müqaviləsinin imzalanması ilə yeni bir
tarixi dövr başlandı. Bu dövr tarixi ədəbiyyatda əsasında milli-dövlət qurumlarının
qarşılıqlı maraqlarının dayandığı yeni beynəlxalq münasibətlərin formalaşması dövrü
kimi qiymətləndirilir. Əsası Avropada qoyulan bir millətə və dilə mənsub əhalinin vahid
bir milli ərazidə dövlət qurmaq ideyası, başqa milli dövlətlərin eyni hüquqlarına hörmət
və onların qarşılıqlı şəkildə qorunması prinsipləri Vestfaldan başlayaraq bütün dünyada
31
yayılır. XVII-XIX əsrlərdə dövlət quruculuğunun “milli-ərazi” modeli, tədricən müxtəlif
forma və məzmunda, lakin fərdi xüsusiyyətlərlə yer kürəsinin başqa ərazilərində də
tətbiq edilməyə başlanır. Düzdür, bu proses hər qitədə, regionda müxtəlif cür gedirdi.
Birinin əsasında tarixi inkişaf, kapitalist münasibətləri, milli şüurun yüksəlişi və milli
dövlətçiliyin təşəkkülü dururdu. Başqa regionlarda hər hansı dövlət və sərkərdələrin
başqa əraziləri işğal etməsi və zorla mərkəzləşdirilməsi baş verirdi. Müəyyən ərazilərdə
əhalinin milli-etnik xüsusiyyətlərindən irəli gələn digər dövlət formaları – knyazlıqlar,
xanlıqlar, şahlıqlar və s. şəklində meydana çıxırdı. Lakin Vestfal sülhünün bütün bu
proseslərə təsiri təkzibedilməz idi.
Vestfal sülhü Avropada yaranan yeni dövlətlər və digər hüquqi subyektlər
arasında ilk beynəlxalq hüquq və istinad sistemi formalaşdırdı. Bu sənədə görə, hər bir
hüquqi subyekt (dövlət) öz ərazisi çərçivəsində tam hakimiyyətə malikdir, öz daxili və
xarici siyasətini müstəqil olaraq müəyyənləşdirir. Hər bir dövlət öz iqtisadi, sosial və
mədəni strategiyasını, başqa dövlətlərlə əlaqələrini sərbəst surətdə müəyyən edir.
Başqa dövlətlər bu hüquqlara hörmətlə yanaşmalı və onun daxili işlərinə qarışmamalı
idilər.
Vestfal sülhü milli dövlət (hüquqi subyekt) anlayışının mahiyyətinə dörd əsas
prinsip qoyurdu: ərazi, bu ərazidə kompakt yaşayan əhali, əhalinin faktiki idarə edilməsi
(legitim və əhali tərəfindən qəbul edilən hakimiyyət) və başqa dövlətlər tərəfindən
tanınma.
Beləliklə, yeni yaranan Avropa dövlətləri bu müqavilədən çıxış edərək öz
aralarında iqtisadi, siyasi, mədəni əlaqə və münasibətlər yaratdılar ki, bu da beynəlxalq
münasibətlər sisteminin yaranması və inkişafını şərtləndirdi. Dövlətlər tədricən öz
aralarındakı əlaqələri tənzimləmək üçün xarici siyasət fəaliyyəti (əvvəllər bu işi müəyyən
aristokratlar qohumluq əlaqələri qurmaq və s. yollarla edirdilər) formalaşdırmağa,
ərazilərin xaricində milli maraqlarını qorumaq üçün müəyyən strukturlar (elçiliklər)
yaratmağa başladılar.
Beynəlxalq münasibətlər sisteminin formalaşmasının əsas hərəkətverici qüvvəsi
Avropada XV əsrin sonu – XVI əsrin əvvəllərindən milli dövlətlərin yaranması, istehsal
və əmək bölgüsünün və bütövlükdə kapitalist sisteminin formalaşması prosesinin
başlanması oldu.
Kapitalizmin inkişafı ilə dövlətlər arasında güc tətbiq etmə, işğal, qeyri-iqtisadi
məcburetmə, müstəmləkələrin ələ keçirilməsi və yerli əhalinin sıxışdırılması kütləvi hal
alaraq, dünya siyasətinin əsas səciyyəvi xüsusiyyətinə çevrilməyə başladı. Kapitalizmin
Dostları ilə paylaş: |