21
əksini görürük. “Nuşirəvan və bayquşların söhbəti”, “Sultan Səncər
və qarı”, “Zalım padşahla Zahidin dastanı” hekayətlərində ədalətli
hökmdar arzusunda olan Nizami ədalətsiz hökmdarları dövrünə xas
tənqidə məruz qoyur, məzəmmət edirdi. “Yeddi gözəl” poemasında
“Xeyir Şər” hekayəti xəbislik, xudbinlik, bədxahlıq kimi insan
xarakterinə yad olan mənfiliklər tənqid olunurdu. Nizami ideal
hökmdar surətini yaratmaq üçün bütün humanist fikirlərini, öyüd,
əxlaq, hikmət və nəsihətlərini, ədəbi çağırışlarını başqa poema-
larında da, bu və ya dugər dərəcədə əks etdirməyə müvəffəq ol-
muşdur. Əlbəttə, “İsgəndərnamə”də son sözünü deməklə arzusuna
da çatmışdır.
Nizamidən sonra ədəbiyyatımızda ironik gülüş və ya etiraz,
ikrah doğuran əsərlər yazanlar olmuşdur. Ancaq onlar ya sənətkarlıq
baxımından zəif olmuş, ya da farsca yazıldığından ədəbiyyatımızın
malına çevrilə bilməmişdir. Satirik ruhu, kinayə və ciddi tənqidi
XVI əsrdə M.Füzulinin yaradıcılığında müşahidə edirik. “Füzuli
dərd əlindən dağa çıxdı, dedilər bəxtəvər yaylağa çıxdı” deyimində
dövrün haqsızlıqlarına, əxlaq qaydalarına etiraz və üsyankarlıq da
var. “Salam verdim, rüşvət deyildir deyə almadılar!” sözləri isə
cəmiyyəti və onu idarə edənləri damğalayan, satiraya qədər yük-
sələn ifşadır. Bütün bunlar Füzulinin “Nişançı paşaya məktub” və
ya “Şikayətnamə” əsərində öz əksini tapır.
Füzulinin farsca nəsr əsərləri, türkcə hakimlərə, sultanlara xeyli
məktubları vardır. Bunların arasında öz bədiiliyi, satirik gücü ilə
“Nişançı paşaya məktub” xüsusi yer tutur. A.Şaiq təsadüfi demirdi
ki, Füzulinin mühitini xarakterizə edən və onun səciyyələrini doğru
və açıq göstərən “Şikayətnamə” başdan-başa acı qəhqəhələr, kin və
nifrətlə atılmış oxlarla doludur.
Əksər Füzulişünaslar və klassik ədəbiyyatımızda satiradan
danışanlar “Nişançı paşaya məktub”dan yan keçməyiblər. Həqiqə-
tən də, Füzulidən Zakirə qədərki ədəbiyyatımızda bu əsər özünün
satirik kəskinliyi ilə seçilir. Ədəbiyyatşünaslar bu əsəri “Zəma-
nəmizə qədər bizi güldürməkdə, ağlatmaqda baqi qalan” (B.Çoban-
zadə), “Azərbaycan dilində yaranan satiranın ilk nümunəsi”
(H.Araslı), “dövrün acgöz, rüşvətxor, canavar iştahalı hakimlərini
damğalayan” (Mir Cəlal), “xəyanətkarlığı, rüşvətxorluğu, ədalət-
22
sizliyi satirik gülüşlə tənqid atəşinə tutan” (M.Quluzadə), “dərin bir
kin və qəzəb hissi ilə, amansız kinayə və öldürücü gülüş ruhu ilə
yazılmış” (H.Əfəndiyev), “ictimai satiranın ən parlaq nümunəsi”
(K.Məmmədov) saymışlar. Bunu əsərin ifşa üsulunda aydın görmək
olar. Əgər Füzulinin satirik şeirlər, alleqorik poemalar və təmsillər
də yazdığını yada salsaq onun satiradan faydalanması anlaşılar.
Şairin “Bəngü-badə” və “Söhbətül-əsmar” əsərlərində həm də kina-
yə, istehza, eyham, məsxərə, üstüörtülü işarələr, müəmmalı danışıq
üstünlük təşkil edir.
1514-cü ildə baş vermiş Sultan Səlim – Şah İsmayıl arasındakı
savaş, onun nəticəsi çoxlarının diqqətini çəkmişdir. Ancaq Füzu-
linin “Nişançı paşaya məktub”u satirik ruhu, dərin, ifşaedici məz-
munu, yüksək poetik keyfiyyətləri ilə seçilir. Füzuli burada “Sultan
Süleymanın ölkəsindəki rüşvətxorluğu, süründürməçiliyi, acgözlüyü
bütün kəskinliyi ilə, satirik bir üslubda tənqid etmişdir... Şairin
eybəcərliyə münasibəti çox halda sarkazm şəklində ifadə olunur”.
Altay Məmmədov “Şikayətnamə”nin Azərbaycan nəsrinə heç
bir dəxli yoxdur desə də, sonda etiraf edir ki, böyük qrotesk, tərz və
satira gücünə malikdir.
M.Füzuli ilə A.Bakıxanov və Zakir arasında satirik poeziyanın
nümunələri M.P.Vaqif yaradıcılığında bu və ya digər dərəcədə
göründü. Satiranın mahiyyətindən danışarkən S.Borşevski düz deyir
ki, “... məgər satirada tragizm olmamalıdr? Əksinə, satiranın asta-
rında həmişə tragediya yaşamalıdır? Faciə və satira birgə gedən iki
bacıdır və onların hər ikisinə birlikdə həqiqət adı vermək olar”.
“Bizim evdə axta-zoğal da yoxdur” – deyən, “yaşılbaş sonanın
olmamasından” gileylənən Vaqif “Görmədim” müxəmməsində
satiranın konturlarını cızmışdı. Gözəllərin vəsfinə qoşmalar qoşan,
gözəlləri vəsf etməkdən doymayan şair dövrün ədalətsizliklərinə də
işarə vururdu. Akademiyanın müxbir üzvü Tofiq Hacıyev sözü
gedən məsələ ilə əlaqədar yazır: “Vaqif dövründə lirik nitq üçün adi
danışıq materialı tipik olduğu halda, satirik əsər, satirik münasibət
üçün yazılı ədəbiyyatda ciddi dil əsas vasitə olmuşdur. Bu, gülüşsüz
satira idi. Satira üçün vacib olan gülünclük var idi, ancaq gülüş yox
idi. Burada tənqid kədərlə, təəssüflə müşayiət olunur, əsərdə
satiranın bu amili özünü göstərir: “Dünyada gülüncdən dəhşətli bir
23
şey yoxdur. Gülünc eybəcər axmaqlığın edamıdır” (V.Belinski).
Yəni gülünc məzmun var, hələ satirik forma tapılmayıb. Bu onunla
bağlıdır ki, bizdə tarixən satira ciddi bədii əsərlərdə sınanıb. Alimin
fikrindən bir qənaət də yaranır ki, satira qeyri-satirik əsərlərdə də
özünü göstərmişdir. Məlum bir həqiqətdir ki, satira üçün bol dil
materialı adı danışığın söz və ifadəsidir.
Satira XIX əsrə qədər yalnız Füzuli yaradıcılığında sezilir.
Füzulinin “Söhbətül əsmar” əsəri alleqorik şəkildədir və burada
həlim yumor var, onun farsca olan əsərlərində də eyham və rəmz-
lərə rast gəlmək olar. Bunları XIX əsrə qədərki ədəbiyyatımızda
satiranın rüşeymləri, ünsürləri kimi də qiymətləndirmək olar.
İtalyan alimi Allessio Bombacının “Türk ədəbiyyatı tarixi” əsərində
yazdığı “poeziya aləmində Füzuliyə qədər də satira elementləri
mövcud idi. Lakin heç kəs bu elementləri Füzuli qədər dərin əks
etdirə bilməmişdir” sözlərində də bu baxımdan həqiqət var.
Əslində satira, gülüş, komiklik, istehza və kinayə ədəbiyya-
tımızda tənqid, ifşa vasitəsi kimi XIX əsrdən başlayır. Öncə bunun
bəzi örnəkləri A.Bakıxanov, ilk maarifçi sənətkarlar M.Ş.Vazeh,
Q.Zakir və başqa sənətkarların yaradıcılığında üzə çıxır.
XIX əsrin 30-cü illərində A.Bakıxanovun “Kitabi-Əsgəriyyə”
və İ.Qutqaşınlının “Rəşidbəy və Səadət xanım” hekayələri ənənəvi
məhəbbət mövzusunda idi. Bu hekayələr yeni obrazları, gəncliyə
rəğbət motivi ilə yadda qalsa da milli realist nəsrin yaranmasına
müsbət təsir göstərə bilmədi. Təbii ki, bu hekayələrdə satiradan,
onun motivlərindən belə danışmaq olmaz.
Bununla belə A.Bakıxanovun əxlaqi-tərbiyəvi əsərlərində, bəzi
şeirlərində az da olsa tənqidi, bəzən satirik ruh duyulur. O,
“Nəsihətnamə”, “Əməlin cəzası”, “Ümidin boşa çıxması” kimi əsər-
lərində əyanların riyakarlığını, böhtançılığını, yaltaqlığını ifşa
edirdi. Onun aşağıdakı şeiri isə öz ifşa gücü ilə Sabir satirası ilə
səsləşir:
Danışma, eşitmə, görmə əmr etsən,
Bağlaram dil, qulaq, gözümü həmən.
Əmr etsən anlama, əfv et, hökmdar.
Bu işdə əlimdə deyil ixtiyar.
Dostları ilə paylaş: |