98
Allaha şükr et ki, belə bir əhəmiyyətli nemət (rəhbərlik rütbəsi) mənim vasitəmlə sənin əlinə
keçmişdir. Əlbəttə, hər kim Peyğəmbər(s) minbərində onun yerinə oturursa, həmişə Allaha şükr
etməlidir. Bu Əbu Talib oğlu Əli möhkəm bir daş kimidir ki, sınmayınca ondan fəvvarə çıxmaz.
O, qorxulu ilan kimidir, əfsunsuz və hiyləsiz ram olmur. Acı ağac kimi nə qədər onu bal ilə
qarışdırsalar belə, yenə şirin meyvə verməz. Əli(ə.s), Qureyşin şücaətli oğullarını (müşrikləri)
öldürdü, dikbaşları əzdi. Onun şimşək kimi çaxmağından vahimələnmə. Mən sənə zərər
yetirməmiş işini bitirərəm və yolunun üstündə dayanaram.
Bu zaman Əbu Bəkr Ömərə dedi:
__ Gəl, bu boş-boş danışıqlarını kənra qoy. Allaha and olsun, Əli(ə.s) əgər istəsə, sağ əlinə
ehtiyac duymadan sol əli ilə bizi məhv edər. Bizim müvəffəqiyyətimizə səbəb bunlardır: birincisi,
O təkdir və köməyi yoxdur; ikincisi, Əli(ə) istəyir ki, həzrəti-Mühəmməd(s)-in vəsiyyətinə uyğun
əməl etsin. O, bizimlə Peyğəmbər(s)-in vəsiyyətinin xilafına rəftar etmir; üçüncüsü, ərəb
qəbilələrindən hər birinin yaxınlarının onun əli ilə öldürülməsinə görə Əli ilə düşmənçilikləri
vardır. Əgər bu amillər olmasaydı, xilafət qəti surətdə onun əlinə keçəcək və bizim səyimizin
heç bir nəticəsi olmayacaqdır.
Xəttabın oğlu! Yaxşı fikir ver, Əbutalib oğlu Əli məktubda yazdığı kimi dünyapərəst deyildir.
Bizim ölümdən qorxub qaçdığımız kimi, o da dünya həyatından qaçır. Belə bir adamın ölümdən
nə qorxusu? (Axıra kimi. )
Həzrəti-Zəhra(s.ə)-nın xütbəsindən bir parça.
Təbərsi «Ehticac» kitabında Abdulla ibn Həsənə əsaslanaraq yazır:
«Əbu Bəkr Fədəyi qəsb edəndə həzrəti-Zəhra(s.ə) bundan xəbər tutub başına çadra örtərək
xidmətçiləri, Bəni-Haşim qadınlarından bir neçə nəfərlə məscidə gəlib Əbu Bəkrin və
müsəlmanların qarşısında xütbə oxudu. (Bu xütbə məzmun cəhətdən çox ətraflı, sağlam məntiqə
əsaslanmış və kəsərlidir.).
Həzrəti-Zəhra(s.ə) uzun paltar geymişdi. Yerişi sanki atası Peyğəmbər(s)-in yerişini xatırladırdı.
Məscidə daxil olanda Əbu Bəkr mühacir və ənsarlardan bir dəstəsi ilə oturmuşdu. Pərdə çəkdilər,
o Xanım keçib pərdənin arasında əyləşdi.
Həzrəti-Zəhra(s.ə) bu vaxt yanıqlı bir ah çəkdi, belə ki məsciddəkilər təsirlənib ağladılar. Məclis
əzadarlıq və matəm məclisinə çevrildi. Hamı bərk kədərləndi. Fatimə (s.ə) bir az sükut edib
camaat sakitləşəndən sonra öz sözünə başladı.
Həzrəti-Zəhra sözünə belə başladı:
__ Allaha sitayiş edib onun maddi və mənəvi nemətlərinə şükr edirəm ki, onun nemətləri bütün
dünyanı əhatə etmişdir, belə ki biz onları saymaq və təsəvvür etmək iqtidarında deyilik. Onun
sonsuz nemətlərinə şükr etməliyik. Yalnız bunun sayəsində uca Allahın bizə bəxş etdiyi nemətlər
bol və davamlı ola bilər. Allahın bol-bol nemətləri isə onun həmd və sitayəşinə səbəb olur.
Şəhadət verirəm ki, O, yeganə və misilsizdir. Əlbəttə, bu şəhadətin mənbəyi ixlasdır. Tovhid və
ixlas isə insanın daxilində olan fitri məsələlərdir. Tovhidin mərtəbələrinin əlamətləri təfəkkür və
99
iman nuru altında zahirə çıxır. Bizim düşüncəmiz Allahın pak zatını dərk etməkdə aciz, nitqimiz
isə vəsf etməkdə naqisdir. Hər görən göz onu dərk edə bilməz.
O, bütün mövcudatı əvvəli və maddəsi olmadan yaradandır. Mövcudatı əvvəlkinə bənzəmədən
xəlq etmişdir. Öz iradə və qüdrəti ilə özü üçün fayda və mənfəət nəzərdə tutmadan varlıq
mərhələlərini təsvir və tənzimləyən Allahın məqsədi öz qüdrət, hikmət, lütf və məhəbbətini
bizlərə anladıb bildirməkdən başqa bir şey deyildir. O, insanları yaratdı və onları itaət, ibadət və
gözəl mükafata dəvət etdi. Onları üsyankarlıqdan, itaətsizlikdən, əzab və qəzəbindən çəkindirdi.
Şəhadət verirəm ki, atam Mühəmməd ibn Abdulla(s) Allahın qulu və rəsuludur. Allah-təala
besətdən qabaq qeyb aləmində onu seçmişdir, çünki adamların məqamı əzəl gündən qeyb
aləmində məlum və müəyyən olmuşdur. Böyük Allah bütün işlərin aqibət və gedişatından
xəbərdardır. Onun elmi zamanın asayiş və fəsadını, eləcə də baş verən hadisələri əhatə edir.
Böyük Allah öz Rəsulunu seçdi ki, Onun əmr və hökmləri insanlar arasında aydınlaşıb, cəhalət və
azğınlıqdan elm, mərifət və səadət yoluna hidayət olsunlar. O Həzrət(s) peyğəmbərliyə seçiləndə
bütün insanlar hələ o zaman pərakəndə halda bir-birindən uzaq, bütpərəst, böyük Allahdan qafil
və azğın idilər. Allah-təala o Cənab(s)-ın vasitəsilə insanları cəhalət və qəflətdən ayıltdı. Allahın
Rəsulu(s) səbir və yenilməzliklə insanların hidayət və nicatı üçün çalışmışdır. Onları düz yola,
haqq dinə dəvət edərək nur və feyz dərgahına hidayət etmişdir. Sonra isə ilahi dini, haqq yolu və
bəşərin vəzifələrini aydınlaşdırmışdır. Nəhayət, Böyük Yaradan həzrəti-Mühəmməd(s)-i öz
dərgahına apardı. O, dünya zəhmətləri və əziyyətlərindən qurtulub Allahın rəhmət dəryasına
yaxın mələkləri ilə həmsöhbət və mənus oldu. Allahın salam və salavatı olsun ona!
Böyük ilahi əmanət sayılan «Quran»ın qorunması barədə.
«Ey ənsar və mühacirlər!
Siz Allahın bəndələrisiniz. Siz onun hökmlərini, haram və halal buyurduqlarını icra edənlərsiniz.
Siz Peyğəmbər(s)-in hədis və gətirdiyi göstərişlərin daşıyıcısı, eyni zamanda qoruyucusu
sayılırsınız. Siz ilahi həqiqət və İslam ayinlərinin qorunmasında var gücünüzlə çalışmalısınız.
Diqqətli olun ki, həzrəti-Mühəmməd(s)-in çox qiymətli və əzəmətli bir əmanəti olan, habelə
səadət və təkamülün kamil nüsxəsi sayılan səmavi kitab__ «Quran»ı olduğu kimi qoruyasınız.
Bu kitab Allahın nur və kəsərli dəlilidir. İlahi qanunların höccət və həqiqətlərinin toplusu bu
kitabda aydınlaşdırılmışdır, belə ki əgər onun qaydalarına əməl etsəniz, səadət və təkamülün ən
uca zirvəsinə yetişər, cəhalət və zəlalət kimi bədbəxtliklərdən nicat taparsınız. Elə bir kamilliyə
yetişərsiniz ki, başqaları sizin bu uca məqamınızın həsrətini çəkər».
İlahi hökmlərin mahiyyət və əhəmiyyəti barədə.
«Ey müsəlmanlar! Bilin və agah olun ki, sizin fərdi və ictimai vəzifələriniz bu səmavi kitabda
gəlmiş, haqqın dəlil və sübutları, ilahi hökmlər «Quran»da yazılmışdır. Həmin bu səmavi
qanunlar sizin səadətə yetişməyiniz və kamilləşməyiniz üçün təyin edilmişdir.
Dostları ilə paylaş: |