Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə43/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

 
250 
Çatdı bir-birinə oğulla ata, 
Sanki, qovuşdular yeni həyata. 
Sevincdən açılıb güldü üzləri
Elə bil, laləydi, güldü üzləri. 
Ata ilə oğul, xoşhal, mehriban, 
Oldular cəlalla şəhərə rəvan. 
Yusif şah Yəquba dedi: – Ey ata, 
Sən mənimlə otur, şah kimi taxta! 
Pak ürəkli qoca taxta oturdu, 
Cavan şah ədəblə önündə durdu. 
Yusif unutmadı qardaşlarını, 
Sildi mərhəmətlə göz yaşlarını. 
Qardaşlıq rəsminə edib riayət, 
Bəxş etdi onlara şəhər, vilayət. 
Hərəsi bir yerdə hökmdar oldu, 
Yusif sayəsində bəxtiyar oldu. 
 
251 
ZÜLEYXA  YOL  ÜSTƏ  YUSİFİN  QABAĞINI  
KƏSİR,  ONDAN  MƏRHƏMƏT  GÖRMÜR,  EVƏ  
GEDİB  BÜTÜ  QIRIR,  ALLAHA  İNAM   
GƏTİRİR,  YOL  ÜSTƏ QAYIDIR,  YUSİFİN  
GƏLMƏSİNDƏN  XƏBƏR  TUTUR  VƏ   
ONDAN  MEHRİBANLIQ  GÖRÜR 
 
Könül verən aşiq bilməz qənaət, 
Vüsal şövqü artar saətbəsaət. 
Bir dilək üstündə qalmaz iki dəm, 
Atar yeni-yeni diləyə qədəm. 
Gül ətri duyunca istər ki, görsün, 
Görüncə tər gülü, çalışar dərsin. 
Züleyxa yol üstə xeyli oturdu
Yar vəsli havası başına vurdu. 
Züleyxa pərəstiş edərdi bütə, 
Bir gecə əyləşib bütün önündə, 
Dedi: – Ey canımın qibləsi olan, 
Başım ayağına enmiş hər zaman. 
Sənə tapınıram illərdən bəri, 
İtmişdir gözümdən görmək gövhəri. 
Aç gözün, gör necə xar olmuşam, xar! 
Gözümün nurunu geriyə qaytar! 
Nə qədər mən qalım Yusifdən ayrı? 
Bir göz ver, üzünü seyr edim, barı! 
Hər zaman, hər yerdə olsam da ancaq, 
Diləyim Yusifi görmək olacaq! 
Yazığam, rəhm elə, kamımı ver sən, 
Sonra nə istəsən, özün bilərsən. 
Bu qədər canımı üzməyim yetər, 
Bunca hər əzaba dözməyim yetər! 
Bir həyat deyildir həyatım, inan! 
Ölmək çox yaxşıdır, bu yaşamaqdan! 
İnləyib başına torpaq sovurdu


 
252 
Göz yaşı torpaqda gölməçə vurdu. 
Günəş bir şah kimi taxta çıxanda, 
Yusif yola çıxdı atlı bu anda, 
Züleyxa yol üstə qəlbi pərişan, 
Yusifin yolunu kəsdi bağrı qan, 
Sanki, şikayəti, diləyi vardı, 
Çavuşlar səsləyib dedi: – «Yol verin!» 
Qulağı tutuldu səmanın, yerin. 
Atların şeyhəsi göyə yüksəldi, 
Qulaqlar bu səsdən cəzana gəldi. 
Kimsə göstərmədi o kora maraq, 
Bir hala düşdü ki, gözlərdən iraq! 
Ümidsiz ürəyi oldu yüz para, 
Şadlıq məclisindən düşdü avara. 
Ağlayıb, sızlayıb, fəğan edirdi, 
Ah çəkib, odlanıb, geri gedirdi. 
Gəldi qəm evinə kama çatmamış, 
Az qaldı ahından odlansın qamış. 
Daş bütü gətirib qoydu önünə, 
Dil açıb təsəlli verdi özünə: 
– Ey izzət şişəmə ağır daş vuran
Yolumun üstündə daş olub duran, 
Sən oldun baxtımı yoldan azdıran, 
Bu qəmli könlümü daş ilə qıran, 
Hər zaman başımı əydim səcdənə, 
Könlümü, sirrimi tapşırdım sənə, 
Hər iki dünyadan əlimi üzdüm, 
Bir murad istəyib zillətə dözdüm. 
Sən daşsan, mən daşdan qurtaram gərək, 
İncini daş ilə sındıram gərək. 
Dedi, sonra alıb əlinə bir daş, 
Bütü Xəlil kimi sındırdı birbaş. 
Bütü qırdı, çevik qalxdı yerindən,  
Tamam dərdü qəmi bitdi, deyəsən. 
 
253 
Büt qırmaq işindən dincəldi bir az, 
Qanlı göz yaşıyla aldı dəstəmaz. 
Üzünü torpağa qoyub ağladı, 
Şəriksiz allaha ümid bağladı. 
Dedi: – Eşqin ilə edər iftixar, 
Bütlər, bütpərəstlər, bütqayıranlar. 
Nurun etməsəydi büt üzündə əks
Pərəstiş etməzdi o bütə bir kəs. 
Bütyonan mehrindən olsa bixəbər, 
Onu büt yonmağa nə vadar edər? 
Bütün qarşısında durub çoxları, 
Büt deyil, çağırır pərvərdigarı. 
Bütpərəst olduğum qələtdi, allah! 
Bu mənə çəkilməz möhnətdi, allah! 
Mən xəta yoluna düşdüm əzəldən, 
Lütfünlə bağışla bu xətanı sən! 
Tərk etdim xətanı, ey pərvərdigar! 
Məndən aldığını geriyə qaytar! 
Qoy könlüm qurtarsın Yusif dağından, 
Gedib lalə yığım Yusif bağından. 
Yusif o səfərdən geri dönərkən, 
Züleyxa yol üstə qopardı şivən: 
Dedi: – «Sən olasan, o pərvərdigar 
Ki, şahı qul edər, qulu hökmdar. 
O xaliq ki, deyil tərifə möhtac
Miskin bir bəndəyə bağışlamış tac. 
Elə ki, bu sözü Yusif eşitdi, 
Sanki, onun huşu başından getdi. 
Pərdədara dedi: Bu dua deyən 
Aldı taqətimi, tabımı əldən. 
Dayanma, onu tez bu yoldan götür, 
Mənim xəlvətimə izzətlə yetir. 
Dinləyim təklikdə şərhi-halını, 
Bilim keçmişini, istiqbalını. 


 
254 
Soruşum, etdiyi bu dua nədir 
Ki, mənə bu qədər göstərdi təsir. 
Darda qalmamışsa bu bədbəxt insan, 
Sözündə bu qədər təsir haradan?! 
Yüz can əsirgəməz bəndə o şahdan 
Ki, dərdi anlayar baxışdan, ahdan. 
Olar məzlumlara doğruçu səhər, 
Yoldan azmışlara yolu göstərər. 
Edər doğruçunun dərdinə dərman
Verməz yalançıya, zalimə aman, 
Bizim zəmanədə elə şahlar var, 
Hər işdə özünə qazanc axtarar. 
Pul rəngi görüncə gülümsər üzü, 
Yüz məzlum ölsə də, yaşarmaz gözü. 
Bir şahdan ki, pula göstərir həvəs, 
Ədalət gözləmək əbəsdir, əbəs! 
 
255 
ZÜLEYXA  YUSİFİN  HƏRƏMXANASINA  GƏLİR, 
ONUN  DUASININ  BƏRƏKƏTİNDƏN  GÖZLƏRİ 
AÇILIR,  YENİDƏN  GƏNCLƏŞİR 
VƏ  GÖZƏLLƏŞİR 
 
Varmı aşiq üçün bundan xoş bir iş, 
Ola sevdiyinin ürəyi geniş. 
Yarın xəlvətinə yol tapıb gedə, 
Məşuqun vəsliylə könlün şad edə. 
Açıb dərdlərini söyləyə bir-bir, 
Qalmaya qəlbində deyilməmiş sirr. 
Yusif ayrılaraq öz qoşunundan, 
Gəldi mənzilinə o şanlı sultan. 
Pərdədar dedi: – Ey ölkə sərvəri
Nəcib sifətləri dillər əzbəri, 
Qapıda dayanmış o qoca qadın 
Ki, kəsib yolunu, dedi muradın, 
Əmr etdin ki, olub onunla yoldaş, 
Sənin sarayına gətirim birbaş. 
Dedi: «Gör hacəti varsa, qıl rəva, 
Əgər dərdlidirsə, axtarın dəva. 
Söylədi: Açmayır o ürəyini, 
Mənə danışmayır öz diləyini. 
Dedi: Ver icazə, yanıma gəlsin, 
Nə var ürəyində desin, dincəlsin. 
İcazə alınca, rəqqasələr tək, 
Züleyxa xəlvətə xəlvət girərək, 
Qonça kimi açdı, gül kimi güldü, 
Ağzından inci tək sözlər töküldü: 
Gülməyi Yusifi saldı heyrətə, 
Onunla başladı sözə, söhbətə. 
Dedi: – Adın nədir, nişanın nədir? 
Dərdini de görüm, dərmanın nədir? 
Dedi: – Mən o gün ki, üzünü gördüm, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə