Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   26   27   28   29   30   31   32   33   ...   113

96 
 
Ş ə r i f. Yuxarıda gicgahdır, burada ürəkgah. Bu köhnə üsul ilədir. Bunu da, 
bax, təzə üsul ilə yazmışam: 
Hey, 
Hey, 
Dalğalı dənizlərdən. 
Geniş düzlərdən, 
Dizlərdən 
Aşan sevda ulduzu
İşıqlandırdın bizi. 
Bizi, 
Bizi, 
Yanımda oturan 
Sevdalı tar çalan 
Gözəl qızı işıqlandırdın 
Gecənin qaranlığilə. 
Ey sevdalı ulduzlardan 
Birər-birər uçub gələn 
İşıqlar! 
 
A l m a z. Dayan, dayan, necə yəni işıqlandırdın gecənin qaranlığı ilə? Gecənin 
qaranlığı ilə adam işıqlanmaz ki? 
Ş ə r i f. Yox də, bunun üsulu belədir. 
A l m a z. Yəni gərəkməz ki, bir mənası da olsun? 
Ş  ə r i f. Nə  qədər mənası olmasa, elə yaxşıdır. Deyərlər dərindir. Qayda 
belədir. 
A l m a z. Axı, Şərif, sən bir qulaq as. 
Ş ə r i f. Yox a, sən dayan, mən sənə subutalni, dakumentalni göstərim. Budur, 
gecənin qaranlığı səni işıqlandırır, sən də mənim ürəyimi işıqlandırır, mənə ilham 
verirsən. 
A l m a z. Deməli, sən bu şeri mənimçün yazmışsan? 
Ş  ə r i f. Səninçin, Almaz xanım. Almaz xanım, mən sənə bir söz demək 
istəyirəm. 
A l m a z. De, Şərif. Sən bilirsən ki, mən səni nə qədər sevirəm. 
Ş ə r i f. İş odur ki, Almaz xanım, mən də səni sevirəm. 
A l m a z. Şərif, siz nə danışırsınız? Mən sizi bir yoldaş kimi sevirəm. 
Ş ə r i f. Mən sizi şey kimi... Məcnun kimi, Fərhad kimi sevirəm. Ruhum kimi 
sevirəm. 


97 
 
A l m a z. Şərif, sənin ki, arvadın var. 
Ş ə r i f. Əh, arvad, arvad. Cəhənnəmə olsun arvad! Arvadı boşamışam. 
Mən səni sevirəm. Öldür məni. Bu ulduzlardan, bu aylardan, 
bu dünyadan səni çox sevirəm. Bütün həyatım sənindir. 
A l m a z. Şərif, əzizim, sevgi hər kəsdə ola bilər. Mən səni təqsirləndirmirəm. 
Ancaq mən səni, sən deyən kimi sevə bilmərəm. Mənim nişanlım vardır. 
Ş ə r i f. Yox də. Almaz xanım, siz bir spakoys olun, axı mən size sevirəm. Çox 
sevirəm. 
A l m a z. Şərif,  əzizim, anla ki, mən də onu sevirəm. Onsuz bir gün belə 
yaşaya bilmərəm. 
Ş ə r i f. Almaz, axı mən səni ölümdən qurtardım. İndi sən mənim yaxşılığıma 
görə  mənimlə belə  rəftar edirsən. Almaz xanım, vallah ürəyim səni istəyir, sən 
mənim olmalısan (Pəncərəyə yaxınlaşıb, birdən onun qolundan öpür). 
A l m a z (çəkilərək). Şərif! 
Ş  ə r i f. Yox, Almaz, mən sənin üstündə bütün kənd ilə üz-göz olmuşam. 
İnsafsız! 
A l m a z. Şərif, bir utan! (Almaz Şərifin əlindən çıxıb üz-üzə durub, diqqətlə 
üzünə baxır və bütün qüvvətilə ona bir şillə endirir. Lakin Şərif dişlərini bir-birinə 
sıxıb Almazı bərk qucaqlayır. Almaz onun qolları arasında çırpınaraq). 
Ş ə r i f. Sən bir dur, mən subutalni, dakumentalni göstərim ki, səni sevirəm. 
A l m a z. Burax! (Şərifi qüvvətlə itələyir. Şərif kəlləsi üstə aşır. Tam bu sırada 
bayırdan) 
H a c ı Ə h m ə d. Baloğlan, olar elə qalsın. 
 
Şərif durur. H a c ı Ə h m ə d. B a l o ğ l a n, B a r a t, X a n ı m n a z girirlər. 
Şərif durub paltarını düzəldir. Almaz çox həyəcanlıdır. 
Gələnlərdə şübhəli bir heyrət, hamı mənalı baxışlarla bir-birinin üzünə baxır

 
H a c ı Ə h m ə d (Baloğlana eyham ilə). Hə? 
B a l o ğ l a n. Hə! 
Ş  ə r i f (Barata baxıb, onun da acıqlı baxışlarını tutaraq). Yaxşı, görüşərik 
(Qapını çox hiddətlə çırpıb gedir). 
X a n ı m n a z. Ay balam, nə olmuşdur? 
A l m a z. Gətirdiniz? 
H a c ı Ə h m ə d. Sonra. 


98 
 
A l m a z (qəti və əsəbi bir səslə). İndi lazımdır. 
 
Hacı Əhməd əlilə B a r a t ı işarə edir, yəni onun yanında vermək olmaz deyir. 
 
A l m a z. Ondan eybi yoxdur (Yerdən dəftəri götürür). Barat, başına dönüm, 
onun bu dəftərini dalınca at. 
 
B a r a t dəftəri alıb çıxır. Baloğlan tez dalınca çıxıb zənbildə bəzi şeylər gətirir

 
H a c ı  Ə h m ə d. Bu iki min, bir azını da Molla Sübhan məscid pulundan 
verib. Bərəkətli olar. Baloğlan, onları da gətirdin? 
B a l o ğ l a n. Bəli ya... maşın kimi. 
H a c ı Ə h m ə d. Bu da bir az xırda-mırdadır. 
A l m a z. Ana, çıx Baratı da çağır. 
X a n ı m n a z. Ay qızım,  əvvəlcə  əlindəkiləri qoy bir yana, bunları da qoy 
aparım, sonra gedib onu çağıraram. 
A l m a z (acıqlı). Ana, get Baratı da çağır. 
 
Xanımnaz çox darılmış bir halda çıxır, B a r a t l a qayıdır. 
 
Gəldiniz? Barat, sən necə bilirsən? Bunlar kəndin möhtərəm ağsaqqalları  və 
şura sədri mənə, dilimi kəsmək üçün iki min manat pul verirlər. Bəsdir, ya azdır? 
Yarısı da məscid pulundandır. Deyir bərəkətli olar. 
B a r a t. Bilmirəm, sən özün bilən yaxşıdır. 
A l m a z. Məsləhət gör. 
B a r a t. Vallah, Almaz xanım, yenə də elə özün bilən yaxşıdır. 
A l m a z. Mən bilən, mən bilən belə yaxşıdır: belə, belə, belə! (Kəskin bir 
hərəkətlə pulları çırpır). Və belə! İndi gedə bilərsiniz! Pilləkən uçubdur, gözləyin, 
yıxılmayasınız. 
H a c ı Ə h m ə d. Neynək, çox sağ ol, görüşərik. 
 
Çox acıqlı halda çıxırlar. 
 
B a r a t. Sağ ol, Almaz xanım, sən məni sevindirdin. 
A l m a z. Barat, onun şeylərini də dalınca at. 
B a r a t. Dayan, adə, bunları da apar. Bu, bu, bu da bu, bu da bu! (Zənbili və 
xırda-mırdanı da yığıb pəncərədən dallarınca atır. Bayırda  şüşələrin qırıldığı 
eşidilir). 
P ə r d ə 


99 
 
DÖRDÜNCÜ PƏRDƏ 
BİRİNCİ ŞƏKİL 
 
A l m a z qapı ağzında dayanmış, uşaqlar başına toplanmışlar. 
S ü r m ə. Müəllimə, bəs siz bir-iki gündür heç əvvəlki kimi gülmürsünüz? 
A l m a z. Yox, mənim nazlı qızım, ağıllı qızım! Mən əvvəlki kimi gülürəm. 
S ü r m ə. Müəllimə, bəs neçin bir-iki gündür biz əvvəlki kimi oxuya-oxuya 
gəzmirik? 
A l m a z. Çünki kəndin ağaları qoymurlar. 
S ü r m ə. Müəllimə, bəs neçin o gün adamlar bizi daşnan vururdular? 
A l m a z. Ona görə ki, onlar sizi də mənim əlimdən almaq, özləri üçün naxırçı, 
arabaçı eləmək istəyirlər. Amma biz sizi traktorçu, maşınçı, aeroplançı eləmək 
istəyirik. Onlar istəmirlər. Çünki bu onların cibinə zərərdir. 
S ü r m ə. Müəllimə, gedək, oxuya-oxuya kəndi gəzək. 
A l m a z. Yaxşı, uşaqlar! Indi ki, getmək istəyirsiniz, gedin. Tez qayıdın, işiniz 
vardır. 
S ü r m ə. Müəllimə, hansını oxuyaq? 
A l m a z. Hansını istəyirsiniz. Haydı! Sıraya düzül! Irəli, marş!.. 
 
Uşaqlar yüyürərək oxuyurlar

 
Duman dumandan aşar, 
İşıq dalından qoşar, 
Yaman ölər, yaxşı yaşar, 
Hey yeni dünya, hey! 
 
Günəş doğar, işıq saçar, 
Onu görüb duman qaçar. 
Yaz yetişər, güllər açar, 
Hey yeni dünya, hey! 
 
Günəş buluddan ucadır, 
Bu əski dünya qocadır. 
Yüksəl, işıqlan, uca dur, 
Hey yeni dünya, hey! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə