151
B a x ş ı. Yox, Eyvaz, bu çox böyük məsələdir. Mən hələ bir qərara gələ
bilmirəm.
E y v a z. Yaxşı, bəs bu soyulan, susuz, torpaqsız qalan kəndlilər, bəs heyvan
kimi işləyib ac qalan, əzilən işçilər, mən hələ işsizləri demirəm, bunlar səni
düşündürmür? Vuruşmaq lazımdır.
B a x ş ı. Yox, yox, mən qan sevmirəm. O doğrudur ki, kəndlilər soyulur, o
doğrudur ki, atam heyvan kimi işləyir və bir çuxa almaq onun üçün bir həyat idealı
olmuşdur, o doğrudur ki, işçilərin günü ağırdır, varlılar daha yaxşı dolanırlar, lakin
qan, insan qanı... Mən dünyada adına insan qanı tökülə biləcək bir ideal tanımıram.
S o n a ( gəlir). Çay hazırdır.
E y v a z. Ay sağ ol, bacım! Baxşı, mən öz bacımı sənə tapşırıram. Başıma bir
şey gəlsə, sən ona kömək ol. Sona, Baxşıya yaxşı bax, düz oğlandır, sən ondan
ayrılma.
B a x ş ı. Mən Sonanı səndən az istəmirəm.
A r a m ( qaçaraq gəlir). Adə, adə, Eyvaz, qaç, gəldilər.
B a x ş ı. Kim?
A r a m. Eh, mən nə bilim kim. Deyir: evi axtaracaqlar.
E y v a z. Baxşı, sən bunları gizlət! ( Cibindən bir dəstə kağız çıxarıb Baxşıya
verir).
Yuxarıda işıq sönür, aşağı tərəf yavaş-yavaş işıqlanır.
Q o c a B a x ş ı. Onlar qonşu idilər. Iki külfət: biri türk idi, biri erməni, lakin
onların yaşayışı bir idi, işləri bir, görüşləri bir, dərdləri bir, sevincləri bir, diləkləri
bir, əməkləri bir idi. Uşaqları bir evdə böyüyür, malları bir yerdə otlayırdı,
toyuqları bir hində yumurtlayırdı...
P ə r d ə
İKİNCİ ŞƏKİL
Bakıda general qubernatorun kabineti.
Q u b e r n a t o r ( sinirli). Bu necə olur ki, altı mədən birdən zabastovkaya
başlayır, qabaqcadan sizin xəbəriniz olmayıb, cənab qradonaçalnik?
Q r a d o n a ç a l n i k. Lakin onların tələbləri ancaq iqtisadidir, general
həzrətləri!
Q u b e r n a t o r. Sizin düşüncəniz çox səthidir, general. Siyasət də qarın davasıdır. Bu
tələblər bir pərdədir. Onlar Rusiyanın taxttacına qarşı ixtilal törətmək istəyirlər
.
152
Q r a d o n a ç a l n i k. Onlar buna cəsarət etməzlər.
Q u b e r n a t o r. Əlbəttə, siz buyursanız, etməzlər. Rusiyanın bütün
şəhərlərindəki ixtilalar sizin üçün kafi sübut deyildir. Ölkə yeni müharibədən
çıxmış, ordu pozulmuşdur. Bütün mədənlər işi atıb ixtilala qoşulsalar, qabaqlarını
kim saxlaya bilər. Bu saat bütün polis səfərbərliyə alınmalı, yığıncaqlar dağılmalı
və zabastovkaçılardan bir nəfərinin ayağı yerdə qalan mədənlərə toxuna
bilməməlidir ( telefon zəng vurur). Allo, kimdir? Polismeyster? Eşidirəm. Hə,
Şibayev mədənlərinə tərəf axışmaq istəyirlər? Bu saat axın saxlanmalıdır! Necə?
Qırmızı bayraq? (Qradonaçalnikə) Eşidirmisiniz, cənab general, artıq mən sizi
saxlamıram, buyura bilərsiniz!
Q r a d o n a ç a l n i k. Mən, general həzrətləri, hərəkətin bu qədər də
genişlənəcəyini gözləmirdim.
Q u b e r n a t o r. Çox təəssüf, çox təəssüf, general! ( Telefon zəng vurur). Allo!
Necə, şibayevçilər də onlara qoşuldular? Siz birbaş mənimlə danışın. Pulemyotları
düzün, Nobeli bərk qoruyun. Mən bu saat qarnizonla danışaram. Necə? Nobel də
işi atmışdır? Tfu... Köpək oğlanları! Gedin, general, əmrimi gözləyin!
P o l i s m e y s t e r. General həzrətləri!
Q u b e r n a t o r. General, mən sizi saxlamıram ( Qradonaçalnik gedir, telefon
zəng vurur). Allo! Silahlıdırlar? Dəstənin başında kim durur? Eyvaz Əsriyan? Bu
saat həbs etmək mümkün deyil? Bu saat size gözləyirəm, polkovnik (Telefonu
çırpır və maşinistkaya müraciət edir). Harasını oxuya bilmirsiniz?.. “Həzrətlərinin
diqqətinə ərz edirəm ki, burada qorxu iki cəbhədəndir: biri işçilərin inqilab
təşkilatları, biri də yuxarıda göstərdiyim kimi yerli burjuaziyanın və millətçi
ziyalıların muxtariyyət hərəkatı. Bu hərəkatın hər ikisi əlahəzrət imperatorun
hakimiyyətinə qarşıdır. Bu nöqtə müvəqqəti də olsa, hər iki qüvvəti birləşdirir.
Ordu pozğundur. Vəziyyətdən çıxacaq bircə yol, yerli tatarlarla erməniləri milli
vuruşmaya atmaq və beləliklə inqilabi hərəkatı ikinci plana çəkməkdir. Burada
ermənilər ən ixtilalçı millətdirlər. Bunlar aradan çıxarsa, o birilərin də qüvvəti
sarsılmış olur. Türk və erməni burjuaziyası arasında vuruşdurucu nöqtələr vardır”.
P o l i s m e y s t e r ( həyəcanla içəri atılır). General həzrətləri!
Q u b e r n a t o r. Polkovnik, haçandan bəri bildirməmiş içəri girməyə
öyrəşmişsiniz?
P o l i s m e y s t e r. Bağışlayın, general həzrətləri! Lakin...
153
Polismeyster qubernatora işarə edir ki,
maşında yazan qadının yanında danışmaq olmaz.
Q u b e r n a t o r ( maşinistkaya). Siz gedə bilərsiniz.
P o l i s m e y s t e r. General həzrətləri, ixtilalçılar qırmızı bayraqlarla irəli
axışır və bütün mədənləri ələ almağa çalışırlar.
Q u b e r n a t o r. Dedim ki, qabaqları saxlanmalıdır.
P o l i s m e y s t e r. Mümkün deyil, general həzrətləri, onlar silahlıdırlar.
Q u b e r n a t o r. Silahlıdırlar?
P o l i s m e y s t e r. Müqavimət göstərirlər, general həzrətləri. Bütün
izdiham: “Yox olsun Romanovlar!” – deyə bağırır.
Q u b e r n a t o r. Yox olsun Romanovlar? (Telefonu alır). Qarnizon!
P o l i s m e y s t e r. General həzrətləri, aldığımız xəbərlərə görə qarnizon da
bir o qədər etibarlı deyildir. Mən vaxtında general Davidova bildirmişəm.
Q u b e r n a t o r. Qarnizon? Allo, kimdir? Polismeyster buradadır. Yandırdılar,
kim? Mantaşovun ikinci mədənini, kim? Kim, deyirəm sizə? İşçilər?.. Hansını? Ay
zəhrimara qalasan... Polkovnik, bütün qüvvətinizi mədənlərə! Bu saat, bu saat
kazakları göndərmək lazımdır ( Polkovnik getmək istəyir). Polkovnik, patronu
əsirgəməyin ( Səhnə ardından işçi nümayəndələrinin keçdiyi görünür). Bu nədir?
İ ş ç i l ə r. Yox olsun Romanovlar! Yaşasın azadlıq!
Q u b e r n a t o r. Polkovnik, bu nədir?
P o l i s m e y s t e r. Qiyamdır, general həzrətləri!
Q u b e r n a t o r. Bu, qiyam deyil, bu, inqilabdır.
İ ş ı q s ö n ü r
ÜÇÜNCÜ ŞƏKIL
Qarabağda Baxşıgilin kəndi.
Toy. Türklər və ermənilər bir yerdə çalıb-oynayırlar...
O x u y a n.
Tut ağacı boyunca,
Tut yemədim doyunca.
Dostları ilə paylaş: |