282
X o s m ə m m ə d. Sənin öz başınçın, elə şairlər bəyənib ki...
S a p a n. Əgər o şerin qafiyəsi bir-birinə düz gəlsə, tüpür mənim üzümə. Eşşək
buynuzu kimi heç kökündən qafiyəsi yoxdur.
X o s m ə m m ə d. Yalançının atasına lənət! Bu şerin qafiyəsi düz deyil! Mən
ölüm, güzgü Zaman, sən də qulaq as, bunu başa sal ( Ciblərini axtarır). Sənin heç
ədəbiyyatdan xəbərin yoxdur ki. İndiki şeirlərdə heç kökündən qafiyə yazmırlar.
S a p a n. Heç olmasa, bir mənası olur ki.
A r i f H i k m ə t, X u r ş i d və M i r z ə C a m a l hərəsi bir yandan gəlirlər.
A r i f H i k m ə t ( gəlir). Yoldaşlar, Moskvadan gələn o qız, Gülsabah xanım
bu gündən işə başlayır. İndicə müdir onu bizə predstavit eləyəcək.
X o s m ə m m ə d. Mən ölüm, Arif Hikmət, sən də qulaq as!
X u r ş i d. O da yəqin gələcək, beş-altı gün işləyəcək, sonra da gedəcək özü
üçün ərə, səhnəni də atacaq bir yana. Dahı bizim kimi olmayacaq ki, qoca rolu
verdilər oynasın, kolxoza göndərdilər getsin.
Z a m a n. Acığın nə üçün gəlir, Xurşid xanım? Neçə ildir mən səni səhnədə
danışan görmüşəm, amma rolunu bilən görməmişəm, bilməyənə öyrədərlər də.
X o s m ə m m ə d. Sən allah, Xurşid xanım, bir zəhmət çək, bu şerə sən də
qulaq as!
S a p a n. A balam, bir qoyun, bu Allahın öküzü öz zəhrimar şerini oxusun da...
M i r z ə C a m a l. O özü nədir ki, öyrətdiyi nə olsun. Neçə ildir Fərhad kimi
külüng vururam, bu səhnəni mən düzəltmişəm, indi o gəlib mənə dərs verəcəkdir!
X u r ş i d. O yaxşı öyrədəndir, getsin hələ öz bacısını öyrətsin. Gecədə
dodaqlarını boyayır, üz-gözünü şirələyir, çıxır bulvara...
X o s m ə m m ə d. Mən də hələ o barədə yazmışam da, bir zəhmət çək qulaq as
( Oxuyur).
Gündə vurur qızlarımız pudrasın, gedir çıxır bulvara,
Gah görürsən yubka geyir, gah da girir şalvara
.
S a p a n. Havasıynan oxu, havasıynan.
X o s m ə m m ə d. Sən öləsən, pulun verməsən, havasıynan oxuyan deyiləm.
S a p a n. Eh, nə olsun ey! Bu şeir deyil ki: nə vəzni var, nə qafiyəsi.
283
X o s m ə m m ə d. Sən heç anlamırsan qafiyə nədir. “Bulvar, şalvar” bəs bu
qafiyə deyil?
Z a m a n. Adə, Xosməmməd, o hansı qızdır ki, şalvar geyir?
X o s m ə m m ə d. Belə burda məsələ şalvarda deyil ey, məsələ qızlarımızın
pudra vurması haqqındadır.
S a p a n. Nə olsun ey... qızlar pudra vurmasın, bəs kişilər vursun? Gördün ki,
mənası yoxdur?
Ş ö v q i (qaçaraq səhnəyə çıxıb şeri dinlədikdən sonra). Görəsən bulvarla
şalvar mərsiyədir, ya payi-mənbər?
S a p a n. Yox, bu qəsidədir, şalvar da onun vagirliyi.
X o s m ə m m ə d. Eh, əclaf uşağı əclaf (Şövqiyə). Buna bax, buna, siçan-pişik
padşahına oxşayır, bu da bizim pomoşnikimiz!
Z a m a n. Odur, gəlirlər...
S a p a n. Mən ölüm, Xosməmməd, o qəsidəni hələ burada saxla! Gerisini sonra
oxuyarsan.
X o s m ə m m ə d. Mərsiyəxan sənin atandır, əclaf!
Ə m r u l l a G ü l s a b a h ı gətirir, bütün a k t y o r l a r, a k t r i s a l a r
toplaşır, aktyorlar, xüsusilə g ə n c l ə r Gülsabahı alqışlayırlar.
Z a m a n. Yaşasın oxumuş və bilikli gənc Azərbaycan qızı!
M i r z ə C a m a l. Yaşasın bizim yeniyetmə balalarımız, urra...
Ə m r u l l a. Yoldaşlar, sizin hamınıza məlumdur ki, biz öz teatrımızda
istəyirik böyük-böyük dəyişiklik düzəldək. Sonra, yoldaşlar, gənc bir aktrisa, hansı
ki, Gülsabah xanımdır, özü də buradan göndərilmişdi oxumağa, oxuyub Moskvada
teatralni texnikumda və Moskva teatrlarında işləyib, hansı ki, əlində yaxşı otzıvları
vardır. O da indi bu gündən işə başlayacaqdır. Özü də həmi artistkalıqda... həm də
rejissorluqda... Beləliklə, yoldaşlar, biz partiyanın kadr haqqındakı tapşırıqlarına
əməl etmiş oluruq. Özü də yoldaşın bəzi gözəl planları da var, hansı ki, sizin üçün
danışar.
M i r z ə C a m a l. Gəlib, xoş gəlib, səfa gətirib. Biz hamımız səhnədə işləyən
artistlər, o artistlər ki, bu səhnənin yolunda can qoyublar, hamımız ona kömək
etməyə hazırıq... O, hələ bizim qızımızdır. Bizim fəxrimizdir. Biz də onu
alqışlayırıq...
Hamı əl çalır.
X o s m ə m m ə d. Ancaq bir şərt ilə ki, o da Moskvadan gəlmişəm deyə,
bizimlə qoz-qoz oynamasın!
284
Z a m a n. Bu şərt ilə ki, siz də Bayramın başına gətirəni onun başına
gətirməyəsiniz.
X o s m ə m m ə d. Bəs o necə olur ki, mən iyirmi ildir səhnədə məharətlə
işləmişəm, kolxoza da getmişəm, indi o bu boyda boynan gəlib deyir ki, sənə gərək
səhnədə yerimək öyrədim. Özü də siçanpişik padşahına oxşayır, heç rejissora da
oxşamır.
Z a m a n. Sən iyirmi ildir səhnədə çalpaşıq yerimişsən, daha bu xalq neyləsin.
S a p a n. Şeirlərinin də nə vəzni var, nə qafiyəsi.
X o s m ə m m ə d. Yalançının atasına lənət... bu şeirdə qafiyə yoxdur? Yoldaş
Gülsabah, sən olasan öz əziz canın, bir qulaq as, gör bu şerin qafiyəsi var, ya yox?
Ə m r u l l a. Yoldaşlar, yoldaşlar, səs salmayın!
A r i f H i k m ə t. Yoldaşlar, bu heç gizli məsələ deyil ki, bizim
rejissorlarımızın ekspozisiyası, eksplikasiyasına düz gəlmir. Moskvada
Stanislavski özü məni çağırdı, dedi, gərək spesifikasiya rol eləyəndə ekspozisiyanı
elə qurasan ki, əsl sübstrat araya çıxsın və superdinasiya ayrılsın, ondan sonra da
gəlir sentrtyajesti aktyora və sentrvnimaniya, o ki qaldı süprematizmə...
S a p a n. Yoldaş Arif Hikmət, olar ki, zəhmət çəkib o ekspozisiyanı bir az
xırdalayasınız...
A r i f H i k m ə t. Ekspozisiya, ekspozisiya
1
... yəni eksplikasiya, başa düşdün?
S a p a n. Mən ki, başa düşmədim, bəlkə Xosməmməd başa düşdü.
X o s m ə m m ə d. Anlamaz atandır. Mən çoxdan başa düşmüşəm.
A r i f H i k m ə t. Ekspozisiya, yəni ekspozisiya... burada çətin bir şey yoxdur
ki. Eks, yəni eksport... yəni xaricə, pozisiya da yəni front, ekspozisiya, yəni xarici
front.
X o s m ə m m ə d. Dahı bunda nə var ki, başa düşməyəsən... ay...
S a p a n. Yoldaş Xosməmməd, sən dahı qocaman artistsən, bilirsən də, biz,
atam, bilmirik güc deyil ki. Zəhmət çək o süprematizmi də sən xırdala, biz də başa
düşək.
1
Arif Hikmət surətində müəllif, ibarəçiliklə, yalançı alimliklə məşğul olub özünü ixtisaslı kimi
göstərən gopçu bir aktyor tipi yaratmışdır. İşlətdiyi ayrı-ayrı sözlər teatr və sənət istilahları olsa da, heç
bir məna ifadə etmir. Məsələn, onun ekspozisiyaya verdiyi məna, sözün həqiqi mənasını qətiyyən
anlamadığını göstərir.
Dostları ilə paylaş: |