Dədə Qorqud ● 2014/IV 124
nışdan hər ikisinin arasında mövcuddur. Ancaq mifoloji düşüncədə əkizlərin hər
birinin özünə aid məkanlarının olması təsəvvürləri də mövcuddur. Belə ki, türk-
lərin Ülgenə göyləri, Erliyə isə yeraltı dünyanı vermələri məntiqi olaraq bu iki
qardaşın məkanı anlamına gəlmişdir (1, 329).
Bu bölmədə F.Bayat həmçinin göstərir ki, Altay şamanlarının inancına
görə Erliyin insanlara bəla göndərməyinin səbəbi insanların ona qurban kəsmə-
lərini təmin etdirməklə bağlıdır. Əgər hər hansı bir insan və ya toplum onun istə-
yini yerinə yetirməzsə, o zaman Erlik xan ölüm və fəlakət ruhlarını göndərir. Pis
ruh da qurban verməni gecikdirən insanın canını alır (1, 346). Onu yeraltı dün-
yaya aparır, mühakimə edir və özünə xidmətçi edir. Kəsilən qurbanların əvəzin-
də Erlik insanlara heç nə verməz, yalnız göndərəcəyi bəla və bədbəxtlikləri bir
az gecikdirmiş olar. Əslində elə Erliyə qurban kəsməklə insanlar xəstəliyi, zərə-
ri, qəzəbi və şiddəti azaltmaq məqsədi güdürmüşlər (1, 347).
Altay-Sayan türklərinin inancına görə Erlik həmçinin ilk şaman olmuş və
hətta bəzi sənətləri insanlara o öyrətmişdir. Şorlara görə Erlik xan şamana şa-
mançılıq vergisi verməklə bərabər ona qamlıq etməyi, davul çalmağı da öyrət-
mişdir (1, 348).
I cildin XIV bölməsi “Töz / tös, onqon, tanqara, erən, yaik / caik anlayış-
ları” adlanır. Bu bölmədə F.Bayat qeyd edir ki, töz / tös, onqon, tanqara, erən
anlayışları türk mifologiyasında mühüm bir kateqoriyanı əmələ gətirməklə bəzi
hallarda müxtəlif fikir və görüşlərin də ortaya çıxmasına səbəb olmuşdur. Əslin-
də, bu qavramların əvvəllər heyvan kultu ilə əlaqəli olduğu da unudulmamalıdır.
Bəzi Altay türklərində ağacdan, dəridən, keçədən, daşdan, sümükdən, palçıqdan
və s. düzəldilən və əsasən heyvan, bəzi hallarda isə insan şəklində olan ruhların
təsvirinə töz/tös deyilmişdir. Bu tözlərin bir qismi oyuncaq şəklində düzəldil-
mişdir. Bu cür tözlərə altaylılarda, çuvaşlarda, tatarlarda rast gəlmək mümkün-
dür. Bunlar yalnız ailənin, soyun və qəbilənin qoruyucusu funksiyasını yerinə
yetirən və Göy Tanrı ilə heç bir əlaqəsi olmayan ruhların təsvirləridir. Ehtimal
ki, bu tözlər altaylıların buddizmi qəbul etməsindən sonra ortaya çıxmışdır. Al-
tay-Sayan türklərinin çoxunda tös/töz olaraq adlandırılan ruhlara və onların təs-
virlərinə yakutlarda tangara, tuvalarda iren/eren, moğollarda və buryatlarda on-
qon adı verilmişdir (1, 355).
XV bölmə “Mifoloji Ana (Yer Ana) kompleksi və bu kompleksə aid olan
digər ruhlar” adlanır. Bu bölmədə göstərilir ki, türk mifologiyasında qərb mifo-
logiyasından fərqli olaraq kişi və ya qadın cinsli tanrılar anlayışına rast gəlmək
mümkün olmadığından, bu sistemdə tək Tanrı olduğundan, müqəddəs qadın
obrazlarını Mifoloji Ana adı altında cəmləşdirmək daha da məqsədə müvafiqdir
(buraya Yer-su, Ağ ana, Humay, Ayıısı və s. varlıqlar aid edilir) (2, 11).
Daha sonra bu bölmədə qeyd olunur ki, mifoloji sistemlərin böyük çoxlu-
ğunda bütün canlı varlıqların anası olaraq bilinən və törəyici gücə sahib müqəd-
dəs qadın – mifoloji Ana paradiqması vardır. Bütün arxaik mifoloji motivlər, bü-
Dədə Qorqud ● 2014/IV 125
tün hami ruhlar hər nə qədər dəyişməyə məruz qalsalar da, bir bütünün yəni mi-
foloji Ananın genetik hafizədən qopmuş bölmələridir. Türk mifologiyasının ən
əski qatlarında doğumla ölümü təmsil edən və ilk başlanğıc olmanı özündə əks
etdirən Mifoloji Ana və ya Yer Ana varlığına təsadüf edilmişdir. Zaman-zaman
mifoloji Ananın müxtəlif əlamətlərini əks etdirən Yer Ana, Yer Sub, Ötükən,
Umay kultu şəklində ortaya çıxdığını və mifolojilikdən cisimləşməyə qədər
uzun bir yol qət etdiyi də görünür. Tanrıçılıq kultunun ilkin və bəsit mifoloji
Ana varlığından mükəmməl bir sistemə çevrilməsi türklərin düşüncə və yaşam
fəlsəfəsindəki inkişaflarla bağlıdır (2, 13).
XVI bölmə “Türk mifologiyasının doğum və ailə qoruyucusu – Umay /
May Ene” adlanır. Bu bölmədə göstərilir ki, rəsmi türk yazıları olan Orxon-
Yenisey kitabələrində Tanrı və İduk Yer-Subla bərabər adı qeyd olunan mifoloji
varlıqlardan biri də Umaydır. Umay “Kültigin”, “Bilgə xaqan” və “Tonyukuk”
yazılı abidələrində qadın ilahə olaraq xatırlanmaqdadır. Digər abidələrdən fərqli
olaraq “Tonyukuk” abidəsində Umayın funksiyası açıq şəkildə görünür: “Tanrı,
Umay, müqəddəs Yer-Su onlara zəfər verdi, niyə qaçaq?!” Umayın Tanrı və
İduk Yer-Subla birlikdə türklərə zəfər verdiyi rəsmi yazılarda da görünməkdə-
dir. Umayın bəzi Turfan mətnlərində, “Altun Yaruq” əsərində və “Divanü luğa-
tit-türk”də Tanrı və ya ruh anlamında deyil, ana anlamında təsvir edilməsi bu
varlığın keçirmiş olduğu anlam dəyişikliyi ilə əlaqədardır. Umayla bağlı etnoq-
rafik qaynaqların böyük bir qismi Altay qövmlərindən 19-cu əsrdə yazıya alındı-
ğına görə buradakı funksiya və status dəyişmələri təbii qarşılanmalıdır (2, 49).
Bu bölmədə həmçinin göstərilir ki, rəsmi türk yazılarında Umayın funksi-
yasının daha geniş olduğu görünsə də, aradan keçən zaman kəsiyində o daha çox
uşaq qoruyucusu olaraq qəlibləşmişdir. Zaman-zaman digər mifoloji varlıqlara
aid olduğu kimi Umay da şaman dünyagörüşü ünsürü kimi nəzərə alınmış və
onunla bağlı bəzi dəyişik fikirlər ortaya çıxmışdır. Buna baxmayaraq kuman-
dinlərdə Umay səma ruhlarından olan yüksək dərəcəli qadın ilahəsi hesab olu-
nur. Bu da onun əski mifoloji Ana kompleksindən qopduğunu göstərir (2, 50).
XVII bölmə “Türk mifologiyasında kult” adlanır. Burada göstərilir ki, kult
və inanc insan toplumunun əsrlərcə inkişaf etdirdiyi davranışlar sistemidır ki,
buraya yaxşı və pis, aydınlıq və qaranlıq, yararlı və yararsız, müqəddəs və adi və
s. bu kimi qəlibləşmiş ziddliklər daxildir. Kult və inanc sözlü mətnlərdə və ritu-
allarda topluma təqdim olunan və toplumca yaşanılan hiss və duyğulardır. Bir
tərəfdə mədəniyyəti və inancı yaşadan yaddaş və yaddaşda qalan simvollar, di-
gər tərəfdə topluma yad olan, anlaşılmaz olan sirli sistem. Bax, bu ikili element
mif çağı insanını ən çox düşündürən məsələ olmuşdur. İstər təhkiyəyə əsaslanan
mətndə, istər nümayişli mərasim, ritualda olsun, kultlar simvol və sirr prinsipi
üzərində əmələ gəlmişdir. Kultdan bəhs edən miflərdə insan həyatı doğru bildiyi
bir şəkildə yaşamaq niyyətli olub, müqəddəs bilinəni qorumağa yönəlmişdir.
Mifin kult və inanc elementi, həm də bir dini həssasiyyət də daşımaqdadır. Belə