Microsoft Word Elm-Senet. Kitab 2 Amine



Yüklə 5,18 Mb.
Pdf görüntüsü
səhifə49/81
tarix22.10.2018
ölçüsü5,18 Mb.
#75581
1   ...   45   46   47   48   49   50   51   52   ...   81

 
178
Önəmli məqamlar 
 
Hürufiliyin mahiyyəti və  rəmzlərini araşdırarkən bir sıra 
önəmli məqamlar diqqəti cəlb еdir: 
1. Hürufilik hərflərin rəmzi mənaları və gizli məfhumları 
barədə mülahizələrini Quran, hədis və başqa ilkin İslam qay-
naqlarından alaraq öz məsləyinə uzlaşdırmışdır; 
2. Bu firqə «Əхvanüs-səfa», ismailiyyə və ifratcıl şiə qolla-
rından faydalanmış, Fəzlullahı pеyğəmbər kimi təqdim еtmişdir; 
3. Bu firqədə  yəhudilik, nеoplatonizm və isəvilik 
təliminin təsiri vardır; 
4. Hürufilik öz fəlsəfəsində Hüsеyn mənsur Həllac və İbn 
Ərəbinin təlimindən yararlanmış, lakin onların bazışlarını öz 
ruhuna uyğun yozmuşdur; 
5. Bu firqə başqa təsəvvüf qolları kimi həm rəsmi dini qu-
rumlarla müхalifətdə olmuş, həm də öz siyasi-ictimai mövqеyi 
ilə еtiraza səbəb olmuşdur. Monqol və tеymurilər dövrü хarici 
istilaya qarşı müqavimət gücü kimi çıхış еtmişdir. 
6. Hürufiliyə və o cümlədən Nəsimiyə vurulan ittihamla-
rın kökündə həm dini iхtilaf, həm də idеoloji rəqabət və müхa-
lifətçilik dayanır; 
7.  Ədəbiyyatda işlənən zahiri insan təsviri ilə bağlı 
rəmzləri birbaşa hürufiliklə əlaqələndirmək düzgün dеyil. Bun-
ların çoхu irfanla bağlı ümumi bədii təхəyyül lövhələridir. 
Hətta Nəsiminin  şеirlərində birbaşa hürufilikdən doğmayan 
ümumi bədii tablolar yеtərincədir. 
 


 
179
Əslində hürufilik də, nöqtəvilik də,  
bəhailik də guya İslama söykənirdilər 
 
Hamlet İSAXANLI: 
 
Çox sağ olun, Nəsib müəllim!  
Mövzu çox genişdir, ona aid bütün sahələri məruzədə 
əhatə etmək çətindir. Amma müzakirə məhz deyilməmiş və ya 
mübahisəli tərəfləri ortaya çıxarmaq üçündür. Mən hürufilik və 
onun banisi haqqında bir neçə kəlmə demək istəyirəm.  
Sovet dövründə orta əsrlərdəki hər hansı siyasi və ya 
ədəbi cərəyanlardan danışanda, adətən onu ya bir xalq hərəkatı 
ilə  əlaqələndirir, yaxud da xarici istilaçılara qarşı etiraz kimi 
təqdim edirdilər. Amma məlumdur ki, Fəzlullah (elmdə onu 
daha çox Astrabadi, Azərbaycanda isə Nəimi ləqəbi ilə tanıyır-
lar) qeyri-adi dərəcədə iddialı adam olub. Əslində, o, peyğəm-
bərlik yox, az qala Allahlıq və ya ən azı Allaha peyğəmbərdən 
daha yaxın olan fövqəladə şəxs hesab edilmək iddiasında olub. 
“Cavidannamə”də deyir ki, “Məhəmməd peyğəmbər sonuncu 
peyğəmbərdir, peyğəmbərlərin möhürüdür. Amma mən pey-
ğəmbər deyiləm”. Qədim dinlərdə və mifologiyalarda Allah (və 
ya allahlar) insan və müxtəlif heyvanlar və s. cildində zühur edə 
bilər (buna “hülul” deyilir). İslam bu fikri qəbul eləmir. Fəzlul-
lah isə deyirdi ki, mən o insanam ki, məndə Allah görünür. 
“Peyğəmbərlər öyrənib anlayıb iman sahibi oldular, mən isə 
daxildən qopan kəşf ilə əyan oldum, seçildim”. Yəni o, özünü 
peyğəmbərlikdən yuxarı sayırdı.  
Məlumdur ki, Fəzlullah başlanğıcda Xarəzmdə yaşayıb, 
sonra  İsfahana gəlib və 40 yaşında Təbrizdə olanda elan edib 
ki, “mənə vəhy gəldi ki, hərflərdə gizli və dərin mənalar var”. 
Sonra o, bu mənaları açmağa girişərək yeni dini hərəkatın bina-
sını qoydu, hürufiliyi təbliğə başladı. Buna qədər isə onun ən 
əsas işi yuxu yozmaq olub. Deyirdi ki, yuxuda mənə ilahi qüv-
və verilir, açılmamış sirlər açılır. O, yuxularından birini danışa-


 
180
raq deyir: “Gördüm ki, göydəki ən parlaq ulduzdan bir şüa gə-
lib mənim sağ gözümə düşdü və mənim gözüm həmin şüa ilə o 
ulduzu sordu. Mən ilahi gücü götürdüm və mənə dedilər ki, sən 
artıq quş dilini də bilirsən, elan eləməlisən ki, yeni dövr, yəni 
İslamın yeniləşməsi dövrü səninlə başlanır”. Fəzlullahın çox-
saylı ardıcılları, müridləri əmələ gəldi. 
Hürufilik də, ondan sonra gələn nöqtəvilik də, bəhailik də 
başlanğıcda guya İslama söykənirdilər.  Əslində isə onlar orto-
doksal İslamdan, Qurandan xeyli kənara çıxırdılar. Buna görə də, 
təqib olunurdular. Məncə, hürufilikdə, xalq hərəkatı olmaqdan 
çox, iddia, güc yığmaq, hakimiyyət uğrunda mübarizə, siyasət 
var idi. Bu, demək olar ki, bütün dini-mistik cərəyanlara xasdır. 
Qeyd etdiyimiz kimi, Pifaqorun özü də böyük siyasətlə 
məşğul olub. O, İtaliyanın cənubunda müridlərini yığaraq o qə-
dər gücləndi ki, bu bölgə onun təsiri altına keçdi. Artıq camaat 
yerli hakimiyyətə yox, Pifaqora tabe olurdu. Ona görə  də onu 
ordu vasitəsilə qovdular və o, şimala getdi.  
İkincisi, onu demək istəyirəm ki, hürufilərin ilkin mənbə-
si, bildiyimiz kimi, “Cavidannamə”dir. Tədqiqatçılar Fəzlulla-
hın 4 əsəri olduğunu göstərirlər: “Cavidannamə”, “Məhəbbət-
namə”, “Ərşnamə” və “Vəsiyyətnamə.” (Mütəxəssislərin fikrin-
cə, o, sonuncunu 1394-cü ildə – öldürüldükdən  əvvəl həbsxa-
nada yazıb).  
Fəzlullah özü tərəfindən sistemli nəzəriyyə qurulmayıb, 
onunku (“Cavidannamə”) daha çox hərf, söz oyunudur. Hürufi-
lik nəzəriyyəsini quran isə  Fəzlullahın birinci xəlifəsi sayılan 
Əli əl-Əla olub.  
Fəzlullahın özü çox səyahət etməyib, Xarəzm və  İranda, 
ömrünün sonunda isə  Şirvanda yaşayıb. Tədqiqatların çoxu 
göstərir ki, Miranşah Teymurləngin tapşırığı ilə Fəzlullahı həbs 
və sonunda edam etdirib. Fəzlullahın Miranşaha nifrət edən 
ardıcılları Miranşah sözünün əvəzinə “Maranşah” (İlanların 
şahı) deyiblər.  


 
181
Deyilənə görə, Fəzlullah Teymurləngə  məktub göndərib 
ki, sən gəl hürufiliyi qəbul elə. Toxtamışın qızına isə elçi gön-
dərib ki, əgər qızını  mənə versən, sən də  şöhrətlənərsən, mən 
də. Fəzlullahdan sonra Əli  əl-Əla Qaraqoyunlulara yaxınlaşıb. 
Qara Yusifin (o, Miranşahı  məğlub etmişdi) yanına gedib ki, 
bizim gözəl hərəkatımızı – hürufiliyi öz himayənə götür. Sonra 
isə Osmanlıya gedib. Bu dövrdə Bektaşilər içində hürufilik 
ideyaları yayılıb. Sonradan hürufilərin ən azı bir qismi bektaşi-
lərə qarışıb. 1419-cu ildə Əli əl-Əla da öldürüldü. Məlumdur ki, 
Mehmet Fateh hürufiliyə meyl göstərib. Amma onun sarayında 
olanlar hürufiliyi yaxşı başa düşəndən sonra ora gələn hürufilə-
rin hamısını asdırıblar. 
Əli  əl-Əlanın da 6 əsərini qeyd edirlər. Bunlardan ikisi 
nəsrlə yazılıb və hürufiliyin əsasları haqqındadır, dördü isə 
poetik əsərdir. 
Burada hürufiliyin təsirlərindən də söhbət açıldı. Nəsib 
müəllim çox yaxşı qeyd elədi ki, onlar bektaşiliyə yaxınlaşıblar, 
müəyyən dərəcədə Bektaşilərə öz ideyalarını veriblər. Mən is-
tərdim ki, nöqtəviliyi də yada salaq. Hürufiliyin içindən çıxan 
(Fəzlullahın tələbəsi Gilanlı Mahmud tərəfindən  əsası qoylan) 
nöqtəvilik hürufiliyin özündən daha geniş yayıldı. Nöqtəviliyin 
tərəfdarları Hindistanda böyük Əkbərin sarayına gediblər, onun 
“ilahi dini”ni yaratmağa kömək ediblər.  Şah Abbas Qəzvində 
nöqtəviləri həbs və qətl etdirdi. M.F.Axundzadənin “Aldanmış 
Kəvakib”  əsərinin süjeti gerçək tarixi hadisələrdən götürülüb. 
Saray münəccimi Cəlaləddin Yəzdi “Şah 25-28 iyul 1594-cü 
ildə öldürüləcək” deyə fikir söyləyib. Buna əlac olaraq həbsdə 
olan nöqtəvi dərviş Yusifi Tərkiş-duz taxta çıxarılmış, təhlükəli 
günlər sovuşandan sonra kef çəkdiyi saraydan birbaşa edama 
aparılmışdır. Sonrakı dövrdə hürufilik özünü haralarda və  nə-
lərdə göstərdi? – bu barədə də müzakirə açsaq çox yaxşı olardı. 
 
 
 


Yüklə 5,18 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə