96
qəbul olunur. Həmin ilin sentyabrında Qafqaz milli mühacir
mərkəzləri Millətlər Cəmiyyətinə Sovet Rusiyasının işğalçı
planları haqqında memorandum göndərir və Qafqazda müstəqil
konfederativ dövlətin yaradılmasını təklif edirlər.
Bu dövrdə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Türkiyədə çap
olunmuş “Yeni Qafqaziya” (1923-27), “Azəri Türk” (1928),
“Odlu yurd” (1929-31) və b. qəzet və jurnallarda Sovet
imperializminə qarşı milli azadlıq ideyaları təbliğ olunmuşdur.
Lakin SSRİ-nin şantajlı təzyiqləri nəticəsində bu mətbuat
orqanları bağlanır və Türkiyədə mühacir hərəkatının fəaliyyəti
dayandırılır. Bundan sonra bu hərəkat Avropa ölkələrində
davam etdirilir. Hərəkatçılar tərəfindən Almaniyada “İstiqlal”
qəzeti (1932-34), “Qurtuluş” məcmuəsi (1934-38), fransızca
“Azərbaycan” qəzeti, türkcə “Müsavat” bülleteni, fransızca
“Promotey” məcmuəsi və b. mətbuat orqanları fəaliyyət
göstərmişdir.
Mühacirət hərəkatında Ə.Topçubaşovun da xüsusi
xidmətləri olmuşdur. O, beynəlxalq təşkilatlarda (Millətlər
Cəmiyyətində (1920), London (1922), Genuya (1922) və
Lozanna (1923) konfranslarında) bolşeviklərin şovinist
siyasətini tənqid edən çıxışlar etmişdir. 1930-cu ilin mayında
isə Ə.Topçubaşov Millətlər Cəmiyyətinə Sovet dövlətinin
kollektivləşdirmə siyasətini ifşa edən nota göndərmişdir.
Türkiyədə mühacirətdə olan Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağaoğlu, M.B.Məmmədzadə, C.Hacıbəyli (1891-1962) və
b. ziyalılar milli azadlıq ideyalarını təbliğ edən əsərlərlə yanaşı
tariximiz və mədəniyyətimizlə bağlı tədqiqat əsərləri də ya-
ratmışlar.
Mühacir mərkəzləri Azərbaycandakı gizli fəaliyyət gös-
tərən təşkilatlarla, hətta milli təmayülçü kommunistlərlə əlaqə
saxlamışlar. 1932-ci ildə Xəlil İbrahimov (1892-1938)
tərəfindən mühacir hərəkatçılarla əlaqəli gizli mərkəz də
yaradılmışdır.
1936-cı ilin avqustunda Müsavatın Varşavada konfransı
keçirilir. Bu konfrans partiyanın 17 illik fasilədən sonra
97
keçirilən ilk rəsmi yığıncağı olmuşdur. Partiyanın həmin
konfransda qəbul etdiyi "Yeni Proqram Əsasları"nda
Azərbaycanı rus istilasından qurtarmaq və onu qeyd-şərtsiz
müstəqil bir dövlət halında yaşatmaq əsas hədəf kimi
götürülmüşdür.
Yeni Proqram Əsaslarında müsavatçılığa aşağıdakı kimi
tərif verilmişdir:
Müsavatçılıq – böyük Türk kültürünə bağlı, milli,
mədəni və insani dəyərləri mənimsəyən, hürriyyət, cum-
huriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənse-
vərliyidir.
Proqramda ən mühüm yeniliklərdən biri “Milli təsanüd”
prinsipinin qəbulu olmuşdur. Bu ideoloji prinsipin mahiyyətini
ümumi şəkildə aşağıdakı kimi ifadə etmək olar:
Milli təsanüd (həmrəylik, solidarizm) – cəmiyyəti siniflərə
bölməmək, sinfi mübarizəni rədd etmək, fərdiyyətçiliklə
kollektivçiliyi uzlaşdıran orta mövqeyi qorumaq prinsipidir.
Əgər bu dövrə qədər Müsavat partiyasında “solçu” meyl
(xalqçılıq, ilk növbədə zəhmətkeş təbəqənin mənafeyini
müdafiə etmək, iri sənayenin milliləşdirilməsi trərəfdarı olmaq
və s.) daha güclü olmuşdusa, Milli təsanüd prinsipi qəbul
olunduqdan sonra partiya “sağ”a meyllənərək mərkəzçi mövqe
tutmuşdur. Bu meyllənməyə təbii ki, bolşeviklərin iqtisadi
islahatlarının fəsadlrı da öz təsirini göstərmişdir.
1920-ci illərin əvvəllərindən milli düşüncəli Azərbaycan
kommunistləri (“Milli təmayülçülər”) də Sovet hakimiyyətinin
müstəmləkəçilik, milli ayrıseçkilik, ruslaşdırma, antitürk və s.
mürtəce siyasətinə biganə qalmamış, bu siyasətə qarşı ciddi
çıxışlar etmişlər. Milli təmayülçülər hakimiyyət tərəfindən
partiya sıralarından xaric edilir, həbs və sürgünə məruz
qoyulur, hətta sui-qəsd (zəhərləmə və s.) nəticəsində
öldürülürdü. 1920-ci illərdə minlərlə milli düşüncəli Azər-
baycanlı “təmizləmə” siyasəti nəticəsində partiya orqanlarından
xaric edilmişdir.
N.Nərimanovun da məhz milli düşüncəsinə
görə sui-qəsd nəticəsində öldürüldüyü ehtimal edilir.
98
1925-ci ildə türk xalqlarının birləşib SSRİ-dən ayrılması
uğrunda mübarizə aparan gizli təşkilat da yaranmışdır. Buraya
müsavatçılar, millətçi kommunistlər və b. müxalif qüvvələr qo-
şulmuşdur. S.M.Əfəndiyev (1887-1938), D.Bünyadzadə (1888-
1938), R.Axundov (1897-1938), M.Quliyev, B.Çobanzadə
(1893-1937), Q.Qubaydilin (1887-1937), Z.Zakirov və b. bu
təşkilatın üzvü olmuşdur. Ə.Haqverdiyev, Ə.Cavad (1892-
1937), M.Baharlı (1896-1937), T.Şahbazi (1892-1937) kimi
yazarlar
da bu təşkilatla fəal əməkdaşlıq etmişlər (3.114,
s.292).
1926-cı ildə Bakıda I Türkologiya Qurultayı keçirilir. Bu,
türkologiya elminin inkişafında mühüm addım idi. Lakin
təsadüfi deyil ki, qurultayda Azərbaycandan iştirak edən 16
nümayəndədən 15-i sonradan repressiya qurbanı olmuşdur.
1934-cü ildə “yeni millətçilər”in lideri R.Axundovun
başçılığı ilə “Azərbaycan milli təşkilatı” yaradılır. Təşkilatın
məqsədi sovet rejiminə qarşı digər qüvvələrlə birgə silahlı
üsyan edib SSRİ-ni dağıtmaq və şimallı-cənublu, bütöv,
burjua-demokratik Azərbaycan respublikası yaratmaq idi. Bu
təşkilatla “Trotskiçilər” arasında blok (“Qarber-Axundov"
müqaviləsi) da yaradılır. Bu bloka “milli təmayülçü”lər,
müsavatçılar, “ittihadçı”lar, “türkçü”lər, yaradıcı ziyalılar və b.
da qoşulur (3.114, s.293-294).
ÜK(b)P MK-nin 1937-ci il plenumunda İ.Stalin “sosializm
inkişaf etdikcə sinfi mübarizənin güclənməsi” tezisini irəli
sürməklə milli azadlıq uğrunda mübarizə aparan qüvvələrə
qarşı amansız mübarizədə özünə əsas yaradır. Stalinin başçılığı
ilə antisovet milli təşkilatları aşkara çıxarılır, üzvləri öldürülür,
həbs və sürgünlərə məruz qoyulur. 1937-38-ci illərdə
ümumilikdə 200 mindən çox azərbaycanlı repressiyalara məruz
qalmışdır. Onlardan 29 mini məhz ziyalı təbəqəsinin
nümayəndələri olmuşdur. Bu ziyalıların siyahısına Hüseyn
Cavid (1882-1941), Əhməd Cavad (1892-1937) , Mikayıl
Müşfiq (1908-38), Y.V.Çəmənzəminli (1887-1943), T.Şah-
bazi (1892-1937), S.Hüseyn (1887-1938), S.Qənizadə (1866-
Dostları ilə paylaş: |