Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə44/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
1   ...   40   41   42   43   44   45   46   47   ...   78

 
250 
Bü hərbi yürüşdə ona yoldaş ol! 
Verib lazımi məsləhət, sirdaş ol! 
Baba qanını istəməzsə nəvə, 
Haram bir toxumdur, düşübdür evə. 
Bulud ağlayıb seyrələndə duman
Yağış çölləri doyduranda sudan, 
Döşər fərşini ot geniş çöllərə, 
Olar atların otlağı dağ-dərə. 
Yaşıl sünbülə qərq olanda cahan, 
Çadır qurmalı çöldə hər qəhrəman. 
Baxıb şadlanın tər çiçək sünbülə, 
Qoşunla hücum başlayın Amülə! 
Dehistanı, Qorqanı viran edin! 
Axar çayları qanla əlvan edin! 
O yerdən Mənuçehr də bir zaman 
Hücum eyləyib, Tura ağlatdı qan. 
Döyüş vaxtı Gərşasbı axtarın! 
İgid Qarenin dövrəsini sarın! 
İran onlar ilə bugün fəxr edər, 
Həlak etsəniz onları siz əgər, 
Bu işdən baban ruhu razı qalar, 
Bu, düşmənlərin canına od salar. 
Dedi şah İğrirəsə: – Sən inan. 
Axar sel kimi, mən desəm, arxda qan, 
Göy otlar edərkən çölü laləzar 
Turanlı igidlər yola çıxdılar. 
Hazır oldu Turanla Çin ordusu
Əli gürzlü Xavərzəmin ordusu. 
Deyərdin qoşunla dolub yer üzü, 
Dönüb Nuzərin bəxtinin də üzü. 
Yaxınlaşdılar Ceyhuna türklər, 
Mənuçehrin oğluna çatdı xəbər. 
Çıxardı qoşun qarşıya hökmdar, 
Saraydan biyabana yollandılar. 
 
251 
Sipəhdar Qaren – igid pəhləvan 
Qoşunla Dehistana oldu rəvan. 
Dalınca onun şah Nuzər özü 
Gedir, dillərin əzbəri hər sözü, 
Dehistana gəldi yaxın ordular. 
Toz içrə günəş çöhrəsi oldu tar. 
Hasar qarşısında salıb ordugah, 
Sərapərdə qurdurdu şövkətli şah. 
Dehistanda başlanmamışdı savaş, 
Bu vaxt bir yeni hadisə verdi baş. 
İran mülkünə keçmiş Əfrasiyab 
İki pəhləvanı edib intixab, 
Biri Şəmasasdı, biri Xəzrəvan, 
Ayırdı neçə dəstələr ordudan, 
İgid atlı verdi otuz min nəfər, 
Qılınc vurmada hər biri şiri-nər. 
Ürəkdə Sama qarşı kin, atlılar 
Üzü Zabilistana at çapdılar. 
«Ölüb Sami-Neyrəm». – Yayıldı xəbər, 
Ona yas tutub, dəfn edər Zali-zər 
Bu sözlərdən Əfrasiyab oldu şad, 
Dedi: – Düşmənə yaxşı bəxt oldu yad. 
Yetişdi Dehistanın ətrafına, 
Quruldu sərapərdə şah oğluna. 
Sayın ordunun istəsəydin əgər, 
Deyim, bil ki, dörd yüz kərə min nəfər. 
Baxanda sanardın coşub dağ, dərə, 
Çəyirtkə, qarışqa dolub çöllərə. 
İgidlər ki, Nuzərlə gərmiş sinə, 
Çatırdı sayı təkcə yüz qırx minə. 
Bunu gördü Əfrasiyab gizlicə, 
Dedi qasidə: – Düş yola bu gecə. 
Alıb namə yazdı Pəşəngə belə: 
Mən axtardığım şey düşübdür ələ, 


 
252 
Sərər Nuzəri ordusuyla yerə. 
Hücum eyləsə ordumuz bir kərə, 
Samı görmərik bir daha davada, 
Ölüb getdi şah xidmətindən o da, 
Ona Zali-zər tikdirir məqbərə
Çətin ki, vuruşmaq ona əl verə. 
Mənim qorxum ondandı təkcə müdam, 
O getdi, İrandan alaq intiqam. 
Şəmasas yəqin Zabilistandadır, 
Samın təxtü tacı da ki, ondadır, 
İşi görməyə mövqeyində çalış, 
Ağıl sahibi dostu dinlə, danış! 
İşə vaxtı çatdıqda, əl qatmayan, 
Verib fürsəti fövtə, çəkmiş ziyan. 
Alıb naməni qasid, açdı qanad, 
Günəş taclı şah yanına çapdı at! 
Dağın zirvəsində ağardıqda dan 
Dehistana çatdı keşik ordudan, 
Qoşunlar arasında yollar belə 
Doluydu silah ilə, sursat ilə. 
Bu dəm gəldi bir türk, adı Bariman, 
Deyərdi: ayıq ol, ayıq, ey yatan! 
Yaxından gəlib sezdi ordugahı, 
Sərapərdədə gördü Nuzər şahı. 
Gedib türk salarının yanına, 
Xəbər verdi gördüklərindən ona. 
Dedi sonra şahzadəyə: – Biz gərək 
Nə vaxta qədər boş-bekar girlənək? 
Şahım izn versə mənə, şir kimi 
Bu meydanda yüksəldərəm qədrimi. 
Dadan zərbəmi söyləyər: – Bariman, 
Odur, varsa dünyada bir pəhləvan. 
Dilə gəldi İğrirəs, o xeyrxah, 
Dedi: – Bariman ortadan çıxsa, ah! 
 
253 
Qoşun əhli ruhdan düşər, xar olar, 
Döyüşdə zəfər yolları bağlanar. 
Bir adi adam meydana yollayaq, 
Həlak olsa dərdə dözək bir sayaq. 
Pəşəng oğluna gəldi bu sözlər ar, 
Üzündən yağırdı onun zəhrimar. 
Qəzəblə dedi:–Durma sən, Bariman, 
Zireh tez geyin, al ələ ox, kaman! 
Sənindir bu meydanda ancaq zəfər. 
Nə ağlar, nə matəm tutar bir nəfər, 
Gəlib meydana çatcağın Bariman, 
Vurub Qarenə nərə o qəhrəman, 
Dedi: – Nuzərin ordusunda əgər, 
Hərif var mənə, göndərin bir nəfər! 
Nəzər saldı Qaren dilavərlərə, 
Tapa dovtələb, meydana göndərə
Saçı ağ Qubaddan savay, müxtəsər, 
Cavab vermədi Qarenə bir nəfər. 
Kədərləndi Qaren, çatıldı qaşı, 
Demək, getmək istər böyük qardaşı. 
Qəzəbdən gözündən yaş axdı onun, 
Dedi: – Varmı xeyri belə ordunun? 
Durar minlər ilə özündən deyən, 
Qoca bir kişi göndərim hərbə mən? 
Böyük qardaşından da o incidi, 
Qoşun qarşısında Qubada dedi: 
– Ötüb sinnin artıq, deyilsən cavan, 
Döyüşməz qocaldıqda bir pəhləvan, 
Qoşun içrə vardır böyük hörmətin, 
Şaha göstərir yol sözün, söhbətin, 
Boyansa qana ağ saçın ləltək, 
Zəfərdən gərək büsbütün əl üzək.. 
Bu meydanda məğlub olar ordumuz, 
Keçər düşmənin cənginə yurdumuz. 


 
254 
Qubad sonra tutdu üzün Qarenə
Dedi: – İndi də sən qulaq ver mənə! 
Ölümdür həyatın sonu, qardaşım, 
Dəbilqə geyinməzsəm, heçdir başım. 
Gətirdim belə bir günü mən yada, 
Mənuçehrdən sonra düşdüm oda. 
Yol almaz göyə ölmədən bir nəfər, 
Ölümdür bir ovçu, şikarı bəşər. 
İki ordu coşsa əgər bir zaman, 
Qılınc zərbəsindən düşər qəhrəman, 
Qalar cisim meydanda, qurd-quş yeyər, 
Başı nizədə göylərə yüksələr. 
Görərsən yataqda biri verdi can. 
Ölüm heç kəsə verməmişdir aman. 
Əgər mən bu dünyanı tərk eyləsəm, 
Yerimdə igid qardaşım var, nə qəm? 
Mənə tikdirər ali bir məqbərə, 
Tutar sağlığımdan əziz min kərə. 
Yuyar mişk, kafur, gülabla məni, 
Olar məqbərə cismimin məskəni. 
Salamat qal, ey qardaşım, əlvida! 
Ağılla, kamalla yaşsa dünyada! 
Bu sözlərla aldı ələ nizəni, 
Gəzişdi bir aslan kimi ərsəni. 
Qubada belə söylədi Bariman: 
– Səni cəngimə yaxşı salmış zaman. 
Məgər canına qəsd edib ruzigar? 
Bu yaşda səni göndəribdir şikar? 
Belə söylədi Barimana Qubad: 
–  Uzun bir ömür sürmüşəm mən azad. 
Hər insan doğulmuş ki, bir gün ölə, 
Gecikməz əcəl bircə an da belə. 
Bu sözlə gətirda atı cövlana, 
Rahat bir ürəklə girib meydana, 
 
255 
Səhər gün çıxandan qüruba qədər 
Vurub bu ona, o buna zərbələr, 
Nəhayət, qazandı zəfər Bariman, 
Gəlib meydana şir kimi, qorxmadan 
Qubada hücum etdi zubin ilə, 
Dağıtdı kəmərgahını kin ilə. 
Atından yıxıldı qoca qəhrəman, 
O aslan ürəkli igid verdi can. 
Gedir Bariman çöhrəsində qürur, 
Pəşəng oğlunun qarşısında durur. 
Elə bir xələt aldı ki, heç zaman 
Onun mislini olmamışdı alan. 
Qubad öldü, Qaren görüncə bunu, 
Hücuma apardı bütün ordunu, 
Ucaldı iki ordudan gurhagur, 
Sanardın ki, dünya yerindən qopur, 
Qılınclar ki, almaz kimi parladı, 
Dönüb lələ, qandan əpir bağladı. 
Toz içrə, deyərdin ki, şimşək çaxır, 
Günəşdən suya zərli tellər axır. 
Təbil nərəsindən fəza oldu kar, 
Qılınclar axan qanda qərq oldular. 
Qaren hansı səmtə səyirdərdi at, 
Qılıncı açardı fəzada qanad, 
Sanardın ki, almazdı, mərcan səpər, 
Nə mərcan, yerə kin ilə can səpər. 
Sataşdıqda Əfrasiyabın gözü 
Qoşunla ona qarşı gəldi özü. 
Ürək kin dolu, üz-üzə durdular, 
Batınca günəş hey qılınc vurdular. 
Gecə oldu, Qaren çıxıb ərsədən, 
Dehistanə gəldi qoşunla həmən. 
Gəlib Nuzəri gördü o pəhləvan, 
Əziz qardaşından ötru bağrı qan. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə