__________________________________________
369
insanlar Azərbaycanın müstəqil dövlətini qurmağa çalışıblar və
qurublar. Azərbaycan Xalq Cümhuriyyəti yaranıbdır. Bilirsiniz
ki, onun qurucuları çoxdur. Amma ən məşhur qurucuları
Məmmədəmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli
xan Xoyski, Nəsib bəy Yusifbəyli və digərləridir.
Bu cümhuriyyət az - 23 ay yaşayıbdır. Ancaq çox iş
görülübdür. İşin mənası, məzmunu da ondan ibarətdir ki, bütün
dünyaya bəyan etdilər ki, Azərbaycan xalqının müstəqil dövləti
var və o, demokratik prinsiplər əsasında qurulan bir dövlətdir.
Ancaq 1920-ci ildə xalq cümhuriyyəti süqut etdi.
Oktyabr inqilabı baş verəndə, bolşeviklər hakimiyyətə
gələndə, təbiidir ki, hər yeri birdən əllərinə keçirə bilmirdilər.
Onlar Rusiyada öz hakimiyyətlərini möhkəmləndirəndən sonra
demək olar ki, rus imperatorluğunun müstəmləkələrini də
yenidən özlərinə birləşdirməyə çalışdılar və birləşdirdilər.
Beləliklə, Qafqaz bölgəsində olan Azərbaycan, Gürcüstan,
Ermənistan 1920-1922-ci illərdə Rusiyaya yenidən birləşdirildi.
1924-cü ildə Orta Asiya ölkələri, Qazaxıstan da Rusiyaya
birləşdirildi. Beləliklə, böyük bir Sovet Sosialist Respublikaları
İttifaqı yaradıldı. O, 15 müttəfiq respublikadan ibarət idi.
Əvvəllər 12 müttəfiq respublika var idi, İkinci dünya müharibəsi
zamanı Baltikyanı ölkələr də Sovet İttifaqı tərəfindən ələ
keçirildikdən sonra 15 müttəfiq respublika oldu.
Biz 70 il belə vəziyyətdə yaşamışıq. Ancaq bu əsrin sonunda
Sovet İttifaqı dağılanda bizim xalqımız, təkcə bizim xalqımız
yox, bir çox xalqlar imkan tapıb müstəqilliklərini əldə edib, elan
etdilər. Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan,
eləcə də Orta Asiya ölkələri, Baltikyanı ölkələr öz
müstəqilliklərini əldə etdilər.
Beləliklə, biz öz müstəqilliyimizi ikinci dəfə əldə etdik.
Ancaq bu dəfə biz bu müstəqilliyi əlimizdə möhkəm saxlaya
bildik. Doğrudur, onu saxlamaq asan olmayıbdır. Əgər
Azərbaycandan xəbəriniz varsa, bilirsiniz ki,.
1990,1991,1992,1993-cü
__________________________________________
370
illərdə Azərbaycanda daxili vəziyyət həddindən artıq ağır idi.
Ermənistan silahlı qüvvələri bundan istifadə edib, Dağlıq
Qarabağ münaqişəsini ortaya ataraq Azərbaycan torpaqlarının
bir qismini işğal etdilər. İndi bizim torpaqlarımızın 20 faizi
Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyona
qədər azərbaycanlı, bizim soydaşlarımız bu torpaqlardan
məcburi surətdə çıxarılıblar. İndi onların çoxu çadırlarda
yaşayır.
1994-cü ildə biz müharibəni dayandırdıq. İndi müharibə
yoxdur, qan tökülmür. Ancaq daimi sülh də əldə etmək mümkün
olmamışdır. Bizim çalışdığımız odur ki, məsələni sülh yolu ilə
həll edək.
Mən Davosda çoxlu görüşlər keçirdim. Ermənistan prezidenti
ilə mənim təkbətək görüşüm oldu, biz iki saatdan artıq danışdıq.
Bu, bizim birinci görüşümüz deyildi. Biz təkcə bu il bir neçə
dəfə görüşmüşük. Mən Davosda bir çox dövlət başçıları ilə
görüşdüm. O cümlədən, Amerika Birləşmiş Ştatlarının
prezidenti Bill Klintonla görüşüm oldu. Amerika Birləşmiş
Ştatlarının dövlət katibi xanım Olbraytla da görüşdüm.
Mən bır sıra digər ölkələrin dövlət və hökumət başçıları ilə
görüşdüm. Sizin yaşadığınız ölkənin - İsveçrə
Konfederasiyasının prezidenti ilə də görüşdüm. O da
Ermənistan-Azərbaycan münaqişəsi ilə çox maraqlandı. Mən bu
məsələ barədə ona geniş məlumat verdim.
İndi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli
barədə danışıqlar prosesi davam edir. Güman edirəm ki, biz bu
münaqişəni sülh yolu ilə həll edəcəyik, işğal altındakı
torpaqlarımız azad olunacaq, qaçqınlarımız, köçkünlərimiz öz
yerlərinə qayıdacaqlar.
Ancaq gənc müstəqil ölkəmizin qarşısında çox böyük
problemlər vardır. Bizim ən böyük problemimiz Ermənistan-
Azərbaycan münaqişəsidir. Əgər bu olmasaydı, bizim ölkəmiz,
yəni Azərbaycan indi daha da çox inkişaf etmiş olardı.
Təxminən 8 milyonluq əhalinin bir milyonu, yəni səkkizdə biri
__________________________________________
371
qaçqındır, çadırlarda yaşayır. Təsəvvür edin, bu nə qədər
ağırdır!
Amma Azərbaycanda başqa işlər də, yəni müsbət işlər də var.
Biz xarici ölkələrin investisiyalarını respublikamıza cəlb edə
bilmişik. Biz dünyanın bir çox neft şirkətlərini Azərbaycanın
neft və qaz yataqlarının birgə işlənilməsinə cəlb edə bilmişik.
Bilirsiniz ki, Azərbaycan neft ölkəsidir. Keçmişdə, 150 il
bundan əvvəl bizdə neft sənaye üsulu ilə hasil edilməyə
başlanıbdır. Amma indi Azərbaycan dövlətinin yeni neft
strategiyası vardır. 1993-cü ildə bu strategiyanı mən ortaya
atmışam. Biz 1994-cü ildə boyük bir müqavilə imzalamışıq.
Həmin müqavilə əsasında xarici şirkətlərlə birgə 1997-ci ildən
neft hasil edirik və ixrac edirik. Yaxın illərdə onun çox böyük
gəlirini götürəcəyik. Birinci müqaviləyə «Əsrin müqaviləsi» adı
verdilər. Sonra isə ötən bu beş il müddətində biz 19 müqavilə
imzaladıq. Bunların hamısı birlikdə Azərbaycanda 60 milyard
dollar investisiya gətirəcəkdir. Azərbaycana ildə 60,70,80
milyon ton neft hasil edilib ixrac olunacaqdır.
Azərbaycanda böyük qaz yataqları da vardır. Məsələn,
bizimlə əməkdaşlıq edən iki böyük neft şirkətinin prezidentləri -
İngiltərənin «Britiş Petroleum» şirkətinin prezidenti Con Braun
və Amerikanın «Şevron» şirkətinin prezidenti Riçard Matske
gəlib Davosda mənimlə görüşdülər. Mən bu şirkətlərin
Azərbaycandakı fəaliyyətini həmişə izləyirəm və bu barədə
məlumatım var. Ancaq onlar Davosda fürsət tapıb mənimlə
görüşdülər, yeni məlumatlar verdilər. Bildirdilər ki, görülən işlər
nəticəsində əvvəl nəzərdə tutulan həcmdən də çox neft və qaz
alınacaqdır. Mənim bu barədə sizə dediklərim hələ
proqnozlardır. Amma neft və qaz bundan da artıq olacaqdır.
Kiçik bir ölkə üçün belə böyük sərvətlərin hərəkətə gətirilməsi,
təbiidir ki, Azərbaycanı zənginləşdirəcək, insanlarımızın rifah
halını yaxşılaşdıracaqdır.
İndi biz ağır, çətin dövr keçiririk. Ölkəmiz sosialist iqtisa-
Dostları ilə paylaş: |