Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   40   41   42   43   44   45   46   47   ...   121

134 
 
- Burada gülməli nə var, sən gülürsən? Düyü daş kimi olandan sonra 
uşağa çatmaq hara, plov isti-isti çatmaq hara! Bu gün sədri düyüsü isladım, 
sabah danış o təyyarələrdən birində uşağa bir qazan isti-plov göndərək. 
- Elə şey mümkün olmaz! 
Ərknaz xanım alt dodağını dişlədi. Namazovun üzünə dik-dik baxdı: 
- Necə məsul işçisən ki, beş kilo şeyi təyyarədə göndərə bilmirsən? 
- Beş nədi, on beş də göndərə bilərəm. Amma, ay arvad, reaktiv təyyarə 
yük üçün deyil, ayrı məqsəd üçündür. Şey qəbul eləməzlər! 
Ərknaz xanım ərinə hirsləndi: 
- Sənin bəd niyyətini bilirəm, indiyəcən bu təyyarəni məndən 
gizlətməyin də  əbəs deyilmiş. Sən övlad istəyən ata deyilsən. Dənizə 
göndərsələr də, suyunu qurudub gələrsən. Ata olan kəs bir demirsən, axı 
mənim balamdır, həftələrlə dilinə plov dəymir, ev xörəyi görmür... 
Noyabrın axırlarında Namazov Moskvadan bir səliqəli məktub aldı. 
Oxuyub məəttəl qaldı: "Bu nə işdir?" 
 
* * * 
 
 
 
Ramizin sinif yoldaşları yazırdılar. Salam və nəzakət sözlərindən sonra 
yazırdılar ki: "Ramiz çətinliklə instituta qəbul olunmuşdur. Düşünürdük ki, 
bunu nəzərə alar, dərslərinə fəal çalışar, yoldaşlarından geri qalmaz. Təəssüf 
ki, belə deyil. Təkcə onun iki aydı buraxdığı  dərslər bütün qrupdakı 25 
nəfərin hamısının buraxdığı  dərslərin cəmisindən çoxdur. Ramiz çox 
seminarlarda iştirak etmir. Öz çertyojlarında qoyulan suallara cavab verə 
bilmir. Kömək üçün onu qrupumuzun əlaçısı Fikrət Ağayevə təhkim etdik. 
Fikrətlə  cəmisi bir dəfə  məşğələ keçib, "vaxtım yoxdur" - deyə  gəlmir. 
Görünür yaxın adamları da onun xeyirxahı deyildir. 
Ramizin təhsil vəziyyətini Sizə bildirir, atalıq nüfuz və  təsirinizi xahiş 
edirik. Semestrin axırına az qalmışdır. Ramizin sessiyalardan zəif çıxması 
bütün qrupumuzun hörmətini və  dərəcəsini aşağı salacaqdır.  Əminik ki, 
bütün bunları nəzərə alacaqsınız. 
 
                                                                                      
                                                                                            Baqi hörmət!" 
  
 


135 
 
Qrup adından qol çəkən tələbələrdən sonra, dekan da onların fikrinə 
şərik olduğunu bildirmişdi.  
Kişi məktubu Ərknaz xanıma verdi. Ərknaz xanım diqqətlə oxuyandan 
sonra adətincə, dodağını gəmirib, gözünü ərinin üzünə zillədi: 
- Sən buna inanırsan? 
-İnanmamağa nə əsas var? 
Ərknaz xanım səsini ucaltdı və qətiyyətlə dedi: 
- Böhtandır, iftiradır, paxıllıqdır! 
- Tələbələrə nə düşüb sənin oğluna böhtan deyələr? 
- Buradakıların işidir! Uşaq hələ təzəcə dərsə gedib, qoysalar bir yerini 
rahatlasın, qoysalar bir nəfəs alsın! Nə qaçhaqaçdır, nə olub bəyəm? Hələ 
Ramizin qabaqda beş il vaxtı var! 
- Beş ilə baxmır, hər semestrdə dərsini yoxlayırlar. 
- Yoxlasınlar da. Bəyəm bir bizimkidir. Elələri var illərlə orada ilişib 
qalıb. Odur, İbiş altı ildir oradadır, hələ də möhlət alıb, heç onun anası belə 
kağız almır. Ramizi nə gördü gözləri bunların, canım! 
Namazov Ərknaz xanımın hirsləndiyini, təbdən çıxdığını görüb susdu, o 
biri otağa keçdi. Ərknaz xanım isə dəstəyi götürüb, oğlunu telefona çağırdı. 
Kişi  Ərknaz xanımdan xəlvət oğluna bir nəsihət məktubu yazdı, 
institutdan gələn xəbərlərin hamısını bildirdi və  təkid etdi ki, dərslərinə 
yaxşı fıkir versin, vaxtını hədər keçirməsin, oraya oxumağa gedib... 
Ərknaz xanım isə şəkərbura, paxla-plov tədarükü görüb, yaxın günlərdə 
Moskvaya getməyə hazırlaşırdı. 
 

 
Vaxt gözləmir deyirlər, heç kəsi, heç yerdə  və heç nə üçün gözləmir, 
zaman əvvəli, axırı görünməyən güclü bir sel kimi heç nə ilə hesablaşmadan 
axıb gedir. 
Vaxt gəlib çatdı, semestrə yekun vuran yoxlama və imtahanlar cədvəli 
institutun divarlarından asıldı. Tələbə  də, müəllim də  işlərini bu cədvələ 
uyğunlaşdırmağa səy etdi. 
Ərknaz xanım aerodromda yumşaq minik təyyarəsindən düşüb, oğluna 
gətirdiyi sovqatları sevinclə taksi maşınına yığanda Ramiz 21-ci 
auditoriyada yer quruluşu fənnindən yoxlama imtahanı  verirdi.  O,  yazı 
taxtasının qarşısında, əlində tabaşir donub qalmışdı. 
  


136 
 
Çeşməkli professor İvanov əlində qələm Ramizin üzünə mənalı-mənalı 
baxırdı: 
- Bəs niyə belə? 
- ... 
- Bəlkə hazırlaşmamısan? 
- Xeyr, professor, bilirəm, soruşun! 
Professor İvanov fənnin lap əlifbası sayılan suallardan birini də, ikisini 
də təkrar etdi. Ramiz gözlərini döyməkdə davam etdi. Professora yəqin oldu 
ki, bu tələbə  nə orta məktəbdən hazır gəlib, nə  də institutda dərslərə 
hazırlaşıb. 
- Heç gözləməzdim! Uzaq yerdən gəlmisiniz, siz gərək... 
Ərknaz xanım oğlunun imtahana getdiyini eşidəndə ildırım kimi özünü 
instituta saldı. Ramiz anası ilə dilucu görüşüb, qulağına pıçıldadı: 
- Odur ey, gedir, o qoca professor məni kəsib, hələ  vərəqəni təhvil 
verməyib, gör nə eləyirsən, ay ana! Başına dönüm, qurbanın olum! 
Ramiz bu yalvarış sözlərini professora da demişdi, ancaq bir nəticə 
görməmişdi: "Başına dönüm, qurbanın olum!.." Yenə ümidini kəsmir, 
anasının əncam çəkəcəyini zənn edirdi. 
Ərknaz xanım professor İvanovu qapı ağzında haqladı: 
- Yoldaş professor, bir dəqiqə! 
İvanov başı ilə ehtiram işarəsi verdi: 
- Buyurun, xanım, buyurun! 
Ərknaz xanım bir qədər kənara çəkildi. İvanov da yaxına gəlib dayandı. 
- Mən sizi eşitməyə hazıram. 
Ərknaz xanım İvanovun əlindəki portfelə baxdı: 
- Verin mən saxlayım, sizə zəhmət olar! 
Bu söz professora təəccüb gəlsə də, mülayim cavab verdi: 
- Eybi yoxdur, siz sözünüzü deyin, eşidirəm! 
- Bəlkə bu otaqların birində yer tapıb əyləşdiniz. Sizə ayaq üstə 
zəhmət olar. 
Professor yaxındakı otağa tərəf getməyi  Ərknaz xanıma işarə etdi. 
Ərknaz xanıma yer göstərdi, sonra da özü oturdu. Burada söhbətə mane ola 
bilən bir kəs yox idi. Dib tərəfdə bir qız oturub nəsə siyahı tutur, hərdən 
telefonla danışırdı. Ərknaz xanım alçaq səs və xahiş ədası ilə İvanova belə 
müraciət etdi: 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə