Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   48   49   50   51   52   53   54   55   ...   121

158 
 
"Məni ordudan tərxis edəndə ürək zəifliyini səbəb qoymuşdular. 
Yürüşlərdə, yoxuşlarda təngnəfəs olurdum. Güman etmişdim ki, bundan 
sonra mənim qəlbim ilə ancaq həkimlər maraqlana bilərlər. Amma 
görüşümüzdən belə  məlum oldu ki, yox, orada həyat qaynayır və yeni bir 
işıq yanır. Onu siz yandırmısınız. Ümidvaram ki, həmin işığı söndürməyi 
heç bir zaman rəva görməzsiniz! 
Ehtiramla, Baxış
 
Gəlin gəldiyi ilk gündən Ağca Baxış ilə  şərtləşmişdi: uşaq bağçasında 
qulluğa girəcək, fəhlə balalarına tərbiyə verəcək, sonra da ali təhsil alacaq. 
Toy dəsgahı, mehriban ailə  həyatı başlanan günün səhərisi Ağca iki 
nömrəli uşaq bağçasına mürəbbiyə  təyin olundu. Ağcanın arzuladığı 
bağçanın balaca həyətində hovuz tikilmiş, cərgə ilə  ərik, iydə, badam 
ağacları basdırılmış, tənəklər baş-başa vermiş, qızılgüllər neçə yerdən calaq 
elənmiş, təzə binanın eyvanı, qapı-pəncərəsi qəşəng rənglənmiş, dirəkdən 
çilçıraq asılmışdı. Oğlanlı, qızlı körpə  uşaqlar quşlar kimi səs-səsə 
vermişdilər. 
Ağca yenicə ayaq basdığı bu körpələr evini özünün həyat və əmək ocağı 
saymışdı. Gündə neçə  dəfə  uşaqları bir-bir dindirməsə, ağacları sulamasa, 
hovuzun suyunu təzələməsə, otaqların səliqəsini yoxlamasa qərarı gəlməzdi. 
Birinin düyməsini tikir, birinə şəkil çəkir, bir başqasına hesab öyrədir, nağıl 
danışırdı. Cücəli toyuq kimi körpələri başına yığıb cürbəcür mahnılar 
oxuyur, onlara oyunlar öyrədir, cərgələrə düzürdü. İş görəndə qalın 
hörükləri kürəyindən sürüşür, gözünün qabağını kəsir, bəzən hovuz suyuna 
batırdı. 
Qız, saçını  cəld düyünləyib dalına atanda, bir dəfə müdirə gülə-gülə 
demişdi: 
- Qızım, onlar sənə kəndir deyil ki, nemətin qədrini bil! Onun həsrətini 
çəkənlər var! 
Ağca sonra hörüklərini bir ipək tor içinə yığıb kürəyinə atardı. Boynunu 
tərlətsə, darıxdırsa da, müdirənin sözünü yaddan çıxarmazdı. 
Ailə  həyatının dadlı meyvəsi, ay parçası kimi bir oğlan uşağı da 
muştuluq  şənliyi ilə  gəlib çıxdı. Gənc ailədə körpə  səsi saf musiqi kimi 
eşidilməyə başladı. 
  
 
  


159 
 
Bənna Baxışla Ağcanın günü, dirliyi xoş keçməkdə idi. 
Ailədən, güzərandan söhbət düşəndə, hərə bir arzudan deyəndə, Baxış 
da küsənə-küsənə öz səadətindən danışardı: 
- Qardaş, bizim zəmanədə insanın canı sağ olsun, yaxşı da ömür-gün 
yoldaşın olsun, qalan hər  şey ötüşər. Ağca ilə qabaq-qabağa oturanda, 
kəlmə verib kəlmə alanda, bir də Nadirin qığıltısını  eşidəndə, elə bilirəm 
bütün yorğunluğum getdi. Deyəsən, heç ağır daşları divara düzən, səhərdən 
axşama belədən-belə mizan çəkən, sement vuran, fəhlələr ilə  çənə döyən 
mən deyiləmmiş. İnsana könül həmdəmi hər şeydən fərzdir. Can deyib can 
eşidəsən, bir-birinin başına and içəsən. Məhəbbət də, həyat da, ləzzət də 
budur. İdarədə də adamın kefı saz, ürəyi işıqlı olur. Həyat yoldaşı, mehriban 
ailə işdə də adama bir arxadır. 
Baxış tamamilə haqlı idi. Ağcanın yoldaşlığı, bağçadakı qulluğu, ailə 
qayğısı bu tərifə tamamilə layiq idi. 
Qadın var həmişə  fıkri-zikri konsertlərdə, bu teatrda, o tamaşada, 
gəzməkdə, seyrəngahda, bayır-bağçada olar. Evinin işini yükləməyə  də 
qulluqçu axtarar. Ərinin işdən gəlməyi yadına düşəndə, qaçıb restorandan 
bir boşqab soyuq kotletdən-motletdən alıb gətirər, qabağına atar, sonra 
poçtalyon kimi qapıdan yox olar... 
Belə evin mehmanxanadan nə fərqi! 
Yox! Baxışın ailəsi hara, bu söhbətlər hara! 
Ağca qulluğunu ikinci növbəyə, nahardan sonraya salmışdı. Səhər 
yerindən qalxan kimi birinci işi  ərinə yemək vermək, onu yola salmaqdı. 
Uşağı yedirib, geyindirib havaya çıxarmaq, sonra nahar tədarükünə düşmək. 
Ağca ərzağın təzəsini, yaxşısını, həm də bahalısını alardı. Handa bir şeyi 
bəyənməz, dönə-dönə seçərdi ki, Baxışın xoşuna gəlsin. Onun hazırladığı 
süfrə  zənginliyi ilə olmasa da, səliqəsi səhmanı ilə  həmişə seçilirdi. Stol 
üstündə  hər  şey par-par parıldardı. Deyərdin bunlara əl vurmaq heyifdi, 
hansı qəzetə, hansı sərgiyə getmək üçün şəkil çəkiləcək. 
Baxış  işdən gec gələndə  Ağcanın gözü qapıda qalardı. Tez-tez həyətə 
çıxıb evə girərdi. Tramvay zəngi cınqıldayan kimi ürəyində deyirdi: "Baxışı 
gətirir". 
Uşaq da böyümüşdü. Ata-bala qabaq-qabağa oturub, Ağcanın bişirdiyi 
xörəyi iştahla yeyəndə, qaşığı qoyub çəngəli, çəngəli qoyub stəkanı, stəkanı 
qoyub kağız dəsmalı götürəndə, "əllərin var olsun!" deyə təşəkkür edəndə, 
Ağcanın ürək rahatlığına söz ola bilməzdi. 
  


160 
 
Görərdin axşam,  şirin söhbət vaxtı Baxış bir kağız bağlamanı ortalığa 
gətirir, ana-balaya göstərib soruşurdu: 
- Kim bilər bu nədir? 
Biri konfet, biri çəkmə, biri dəsmal, biri corab, biri ətir deyərdi. 
- Bilmədiniz! 
Nadir tələsik bağlamanı atasından almaq istəyəndə, bir də görərdi ata 
qutudan bir sputnik çıxarıb stol üstünə qoydu. Göyə üz qoyan sputnik əvvəl 
marş çalmağa, sonra da fıt verməyə başlardı. Nadirin sevincinin həddi 
olmazdı... 
Deyirlər xain, çəp bir göz bütün xoşbəxt ailələrin pəncərəsindən baxır, 
içəriyə soxulmağa fürsət axtarır. Bizim tanıdığımız evdə bu etiqada 
inananlar, bəlkə də, yoxdur. Amma xanımlardan uzaq olsun, Baxışın evinə 
birdən-birə əsən acı ruzigarı, ürəyim ağrısa da, deməyə məcburam. 
Ağcanın başına elə bir iş gəldi ki, ailə səadəti alt-üst oldu. 
Baxış yağlı maşın kimi çox işlək adam idi. Ağrı, yorğunluq, zəiflik ona 
kar salmazdı. On beş ilin ərzində onun işdən qaldığını görən olmamışdı. Adı 
həmişə  məruzələrdə,  şəkli lövhələrdə, işi dillərdə idi. Heç kimin gümanı 
gəlməzdi ki, bu zirək kişiyə də xəstəlik yaxın düşər. 
Bəzən kürək sancısından, ürək ağrısından  şikayət eləsə  də, Ağcanın 
sözünə baxmaz, işə gedər, neçənci mərtəbədə divar qoyar, tavan örtərdi. 
İşdən qayıdan kimi dalbadal rəngli çay içər, bir-iki saat uzanıb dincələndən 
sonra durub qəzet oxuyar, radio eşidərdi. 
Ağca  ərinin həkim çağırmağa kahıllıq etməsinə bir növ alışmışdı, 
inanmışdı ki, baş  ağrısı, kürək ağrısı... bunlar işlək adamlarda soyuqdan, 
havadan, küləkdən olan, tez keçib gedən şeylərdir. Bu "adi" şeylərdən belə 
müdhiş bir fəlakət baş verə biləcəyini Ağca heç xəyalına gətirməzdi. Elə bir 
fəlakət ki, nə həkim, nə dost, nə idarə, elgün, nə qurulu ev-eşik, nə bəslənən 
şirin arzular qarşı dura bildi! 
Ölüm qara qartal qanadını bu gözəl, bu munis xanıman üstündə gö-
rəndə, iti caynaqları ilə Baxışın qəlbini parçalayanda, sanki hər şey bitdi! 
Ağcanın illər boyu bəslədiyi arzu və ümidlər elə sarsıldı, tamaşasına 
durduğu füsunkar qayalıqlar kimi birdən-birə elə uçulub töküldü ki, dünya 
və aləm başına fırlandı. 
Baxışın vəfatından xəbər tutanlar axışıb gəldilər, idarə qalmadı baş 
sağlığı yazmasın, maşın qalmadı dəfn mərasiminə çıxmasın, adam qalmadı 
bu adlı-sanlı ustaya yanıb heyifsilənməsin. 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə