Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   45   46   47   48   49   50   51   52   ...   121

149 
 
- Halal olsun! 
Buna görə  də  əvvəl "sənə" dedi, sonra Nazimi qucaqlayıb öpəndə, hər 
iki cavanı, onların xoşbəxt həyatını nəzərinə gətirib: 
- Halal olsun sizə! - dedi. 
Bunu lap ürəkdən dedi. 
Mirzərəhman da,'İlyas müəllim də,  Əsəd də bu mənzərəyə baxıb 
gülüşdülər. Nazim utandığından tez aradan çıxdı. 
 
1956 
 
NAZİK MƏTLƏB 
 

 
 
- Niyə gəlmisən? 
- Nə gəzirsən burada? 
- Sənə kim icazə verib? 
Maarif müdiri məni görəndə  təəccüb elədi. Bir ay olmaz ki, özü 
təyinnamə verib Yarpızlı kəndinə göndərmişdi. Çox böyük ümid və etimad 
ilə göndərmişdi. Müdirin də, başqa təşkilatların da bizə ümid bəsləməyə 
əsası, həm də möhkəm əsası var idi, çünki biz, bu il pedaqoji təhsili bitirən 
cavanlar odlu həvəs və uca bir ideal ilə kəndlərə gedirdik. 
Buraxılış gecəsində hökumətin kənd müəllimlərinə  təbrik müraciətini 
oxudular. Respublika maarif komissarı bizə öz övladı kimi üz tutur, ata 
nəsihəti verirdi: 
- Cavan müəllimlərimiz, - deyirdi, - cəhalət və savadsızlıq ilə mübarizə 
cəbhəsinə gedirlər. Onlar uzaq kəndlərimizdə maarif işığı yandırmağa, şura 
hökumətinin gətirdiyi yeni həyatı camaata başa salmağa gedirlər. Gərək 
unutmasınlar ki, zəhmətkeş kəndlinin hörmətini qazanmaq birinci vəzifədir. 
Kəndli sizə inanmasa, nə sözünüzə  məna verər, nə  də ixtiyarınıza uşaq 
verər. Gərək onun qəlbinə girəsiniz, özünüzü sevdirəsiniz. O da nə ilə olar? 
Xoş  rəftar ilə. Kəndlinin uşağına öz uşağın kimi bax! Təmiz, mərifətli, 
dərrakəli, təvazökar dolan! 
Müəllim kəndlinin  əli qələmli dostudur. Kəndli ona həm uşaq 
tapşıracaq, həm məsləhət eləyəcək, həm də çoxlarına demədiyi dərdini 
  


150 
 
deyəcək.  Ən xırda, ehtiyatsız bir hərəkət onu kəndlinin gözündən elə sala 
bilər ki, gənc müəllim baş götürüb qaçmağa məcbur olar. Kəndə 
gedənlərimizin birinci vəzifəsi hörmət, etibar qazanmaqdır. Sizin maarif 
xadimi kimi nüfuz qazanmanız hampanı, mollanı, falçını tamam nüfuzdan 
salacaq, kəndlinin gözünü açacaq. Bu da maarifin vacib işidir. Sizə bu yolda 
uğurlar olsun! Gedin, balalarım! 
Komissarın sözləri bizə elə  təsir etmişdi ki, gecəni də rahat yatmır, 
həyəcan keçirirdik. İstəyirdik səhər tez açılsın, qatara oturub təyinat 
yerimizə gedək, böyüklərimizin ümidinə layiq iş görək. 
Təkcə biz yox, maarif şöbəsinin işçiləri də  həyəcan keçirirdilər. Biz 
yürüşə gedən  əsgər idiksə, onlar cəbhəyə qoşun aparan zabit vəzifəsində 
idilər. İdarə xalis bir sərbəstlik ştabı idi. Gecə də çıraqlar yanır, telefonlar 
səslənir, maşınkada  əmrlər, müraciətlər, məktublar, proqramlar çap 
olunurdu. Tərəddüd kəsilmirdi... 
Belə həyəcan ilə getmiş, həm də uzaq kəndə getmiş bir gənc müəllimin 
bu tezliklə  qəfildən qayıdıb gəlməsi  əlbət ki, təəccüblü idi. Maarif müdiri 
məni idarəsində görən kimi sorğu-suala basdı: - Niyə gəlmisən? Nə gəzirsən 
burada? Kim icazə verib? O zaman bele hadisələr olmurdu. Daha doğrusu 
çox nadir olurdu. O da mənim başıma gəlmişdi. 
Maarif müdirinin təhdidli və təkidli suallarına necə, nə cavab verdiyimi 
deməzdən qabaq istəyirəm söhbətimizin  əvvəlinə, kəndə getdiyim günlərə 
qayıdam. 
Mənim təyin olunduğum Yarpızlı kəndi təbiətin ən gözəl guşəsi idi. İki 
təpə arasında yerləşmişdi. Ortadan, dərin dərədən göz yaşı kimi duru, buz 
kimi soyuq çay axırdı. Bəri yamacda dərə başı yuxarı sıralanmış kənd evləri 
uzanıb gedirdi, o biri yamacda da qarağac, palıd meşəsi. Bəri yamac açıq. O 
biri yamac uca və qoca ağaclarla örtülü idi. 
Bəri yamac güney, o birisi quzey idi... Dərədən qalxaraq meşəyə girən, 
cığıra bənzər oğrun yollar sıx ağaclar içində itib gedirdi. O yollara ancaq 
yerlilər bələd idi. Kənar, nabələd adam getməyə ehtiyat edərdi. 
Kəndlilər müəllimi çox mehriban qarşılayırdılar. Yetirən kimi bizə 
mənzil düzəltdilər. Dəstə-dəstə görüşümüzə gəlib, xoş gəldin elədilər. 
Min bir arzu, min bir həvəslə mən kənd məktəbinin səkkizinci sinfində 
hesab dərsi deməyə başladım. 
Nə olaydı, insanın ilk əmək günlərinin eşqi, həvəsi həmişə qalaydı! 
Yorulmaq, usanmaq bilmədən gecəni gündüzə qatıb, dərs dediyim günlərin 
  


151 
 
hərarəti heç bir zaman damağımdan getməz. Sinif jurnalını qoltuğuma 
vurub, məğrur addımlarla dərs otağına girəndə, 40-45 uşağın gurultu ilə 
ayağa qalxdığını, gülər üzlə öz müəllimlərini süzdüyünü görəndə, bir işarə 
ilə hamının quzu kimi sükuta dalıb  əyləşdiyini görəndə  mən özümü 
dünyannın ən bəxtiyar adamı sayırdım. 
O biri tərəfdən də, etiraf edim ki, dizlərim əsir, ürəyim qəfəs quşu kimi 
çırpınırdı. Qarşımda  əyləşən uşaqların hərəsi bir evdən gəlib, hərəsi bir 
kişinin övladıdır. Hərəsi mənə bir nəzər ilə baxır, hərəsində bir fikir oyanır. 
Mümkündür ki, bunlar axşam evlərinə qayıdanda mənim söhbətimi 
salacaqlar. Valideynlərinin "təzə müəllim" haqqında sorğularına kim bilir nə 
cavablar deyəcək, nə xasiyyətnamə verəcəklər? 
"Ən xırda, ehtiyatsız bir hərəkət onu kəndlinin gözündən elə sala bilər 
ki, gənc müəllim baş götürüb qaçmağa məcbur olar..." 
Bu böyük sözlər mənim qulağımda daha qüvvətlə yenidən səslənirdi. 
Ona görə yerişimə  də diqqət edir, sinifdə  uşaqlar qarşısında gülməyə  də 
ehtiyat edirdim. Bütün günü və gecəni şəhərdən gətirdiyim məsələ və misal 
kitablarını qabağıma töküb varaqlayır, dərs hazırlayırdım. Çalışırdım ki, 
dediyim dərs təzə, həm də nöqtəsinəcən uşaqlara aydın olsun. 
O zaman müəllim az idi. Seminariya bitirmiş müəllimi təcrübəli 
müəllimlərdən üstün tuturdular. O vaxt elə idi, bilmirəm niyə elə idi, amma 
elə idi. 
İlk dəfə sinfə girməyin, gurultu ilə ayağa qalxan məktəblilərə salam 
verməyin nə demək olduğunu ancaq müəllimlər bilərlər. Kim desə ki, o 
günkü sevincin həddi-hüdudu var, yalan deyir. 
Özü də sinif nə sinif! Cərgələnmiş  sıralarda bostan şamaması kimi 
sağlam,  əlvan, bir-birindən  ədəbli, sakit, yaraşıqlı  uşaqlar  əyləşib, təzə 
müəllimlərinin nə deyəcəyini, necə deyəcəyini aramsız gözləyirlər. Mən bu 
uşaqlara cəbr, həndəsə  dərsi, riyazi düsturlar öyrədəcəyəm. Qocaman 
müəllimlərdən, qalın-qalın kitablardan öyrəndiklərimin hamısını 
nöqtəbənöqtə, lap elə indi, birinci dərsdə  uşaqlara demək, öyrətmək 
istəyirəm. Taxtada yazdığım düsturları  həll edərək, nəticəsini söylədikcə 
intizarla əyləşən uşaqların simasında maraq işığını görməyə tələsirdim. Bir 
diqqət, bir sevinc, bir təbəssüm hiss etdikcə, böyük hünər göstərmiş kimi 
qürur ilə sinifdə var-gəl edir, rəqəmlərin, kəmiyyətlərin sirlərini, "neylərik" 
cavabını şirin-şirin danışmaq istəyirdim. 
  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə