123
Çörçilli tələsdirmək istəmir, lakin onu xəbərdar etmək istəyir ki, Sovet ittifaqının
qarşısında belə bir məsələ dayanır və o, istəyərdi ki, Çörçill məslənin belə
qoyuluşunun qanuniliyini qəbul etsin. İ.Stalinin bu təklifinə Çörçill cavab verdi ki,
o, bununla nəinki prinsip etibarı ilə razıdır, hesab edir ki,Sovet İttifaqı sazişin
dəyişdirilməsinin vacibliyi ilə bağlı baxışlarını elan etmək haqqında təşəbbüsü öz
üzərinə götürüb bu məsələ barəsində nə düşündüyünü Birləşmiş Ştatlara
bildirməlidir.Öz tərəfindən Britaniya hökuməti Sovet İttifaqının iddiasını prinsip
etibarilə ədalətli və mənəvi cəhətdən əsaslandırılmış hesab edir (43).
Beləliklə,Moskva danışıqlarında U.Çörçill Sovet İttifaqının Montrö sazişinə
yenidən baxılması və Boğazlar rejiminin dəyişdirilməsi haqqında iddialarına
tərəfdar oldu. Lakin danışıqların mətni ilə tanışlıq və istifadə olunan ifadələrin
müqayisəsi belə bir fikir söyləməyə əsas verir ki, Çörçill Montrö sazişinin ayrı-
ayrı maddələrində dəyişiklik etməyə, Stalin isə onu dəyişməyə, Sazişi bütövlükdə
yenisi ilə əvəz etməyə üstünlük verirdi.
Sovet və Britaniya rəhbərlərinin görüşündən dərhal sonra SSRİ Xarici İşlər
Komissarlığında M.Litvinovun başçılığı ilə fəaliyyət göstərən "Sülh
müqavilələrinin hazırlığı və müharibədən sonrakı quruculuğu üzrə komissiya"
Sovet İttifaqı ilə İngiltərə arasında əməkdaşlığın mümkün əsasları və
perspektivləri haqqında böyük bir sənəd hazırladı. 1944-cü ilin noyabr ayının 15-
də Stalinə, Molotova, Dekanozova, Lazovskiyə və digərlərinə göndərilən bu
sənəddə Sovet-İngiltərə və Rusiya-Britaniya münasibətlərinin keçmişinə geniş
ekskurs edilirdi. Xüsusilə Yaxın və Orta Şərqdə bu iki dövlətin rəqabəti və
əməkdaşlığı diqqətlə nəzərdən keçirilir, münasibətlərin həlledici məqamları geniş
təhlil edilirdi (44). Sənəddə göstərilirdi ki, Osmanlı imperatoluğunun Britaniyanın
maraqlarına uyğun formada parçalanması Şərq məsələsi deyilən problemi
əhəmiyyətli dərəcədə azaltmış və onu bir növ köhnəltmişdir. Orada qeyd edilirdi
ki, İngiltərə əlbəttə ki, Sovet İttifaqının kamalçı Türkiyə ilə dostluğuna əyri baxır
və onu narazılıqla qarşılayırdı (45).
Boğazlar məsələsi ilə bağlı sənəddə qeyd olunurdu ki, bu məsələ əvvəlki
kəskinliyini itirsə də, ümumilikdə mövcuddur. İndiki vəziyyət Britaniyanı təmin
etsə də, Sovetləri təmin etmir. Boğazlar haqqında məsələyə baxılması qaçılmazdır,
çətin ki, İngiltərə bunun əleyhinə olsun. Biz konvensiyaya dəyişiklikləri
özümüzün arzuladığımız istiqamətdə etməliyik, əgər mümkün olsa Boğazlar
üzərində nəzarəti Qara dəniz sahillərındəki ölkələrin əlinə keçirməliyik.
İngiltərənin bu məsələdə bizimlə razılaşmayacağını düşünməyə heç bir əsas
yoxdur (46). Beləliklə, M.Litvinov komissiyasının hazırladığı sənəddə Montrö
sazişinə SSRİ-nin maraqları nöqteyi-nəzərindən yenidən baxılmasının zəruriliyi
tarixi cəhətdən əsaslandırılır, eyni zamanda Avropada və Balkanlarda
"təhlükəsizlik sahəsi"nin müəyyənləşdirilməsi və Türkiyənin Sovet "təsir
dairəsi"nə
124
daxil edilməsi barədə İngiltərə ilə "centlmen sazişinin" bağlanması təklif
olunurdu. Orada deyilirdi: "Müharibədən sonrakı dövrdə ingilis-sovet
münasibətlərində böyük ziddiyyətlər yalnız Avropada qüvvələr nisbəti
mülahizəsindən irəli gələcəkdir. Bu ziddiyyətlər Almaniya məğlub olduqdan,
Fransa və İtaliya isə zəiflədikdən sonra SSRİ-nin gücünün artması nəticəsində
daha da kəskinləşə bilər. Lakin ziddiyyətlərin kəskinliyinə baxmayaraq hadisələr
İngiltərəni bizimlə Sazişə vadar edəcəkdir Belə Saziş yalnız Avropada
təhlükəsizlik sahəsinin yaxın qonşu prinsipi üzrə qarşılıqlı razılaşma əsasında
həyata keçirilə bilər. Sovet İttifaqı Finlandiyanı, İsveçi, Polşanı, Macarıstanı,
Rumıniyanı, Balkan yarımadasının slavyan ölkələrini Türkiyə ilə bərabər özünün
maksimum maraq sahəsinə aid edə bilər. Elə oradaca qeyd edilirdi ki, belə bölgü
üzrə Sazişə Norveç, Yuqoslaviya və Türkiyəyə münasibətdə İngiltərə tərəfindən
etiraz gözlənilə bilər. Coğrafi baxımdan həmin ölkələr SSRİ-yə yaxın olmasına
baxmayaraq Britaniya onları, xüsusilə Norveç və Türkiyəni öz təhlükəsizlik
sahəsinə daxil etmək istəyir" (47). Sənədin sonunda qeyd edilirdi ki, Boğazlar
haqqında Montrö sazişinə baxılması barədə qarşılıqlı razılığı özündə əks etdirən
təkliflər əlavə olaraq əsaslandırılacaqdır. Eyni zamanda müharibədən sonrakı
dövrdə SSRİ ilə Britaniya arasında İran, Əfqanıstan və hətta mümkündür ki,
Sinsiyan (Çin) üzrə razılığa gəlinməsi Xarici İşlər Komissarlığının təkliflərində
özünə yer almışdı (48). Bu sənədlə tanış olarkən onun üzərindəki qeydlərindən
aydın olur ki, xarici işlər komissarı V.Molotov M.Litvinov komissiyasının
hazırladığı geniş arayışın "təsir dairəsi" haqqında söhbət gedən bölmələrinə daha
çox maraq göstərmişdir (49).
M.Litvinov komissiyasının hazırladığı ikinci sənəd bilavasitə "Boğazlar
haqqında məsələyə dair" adlanırdı və İngiltərə ilə əməkdaşlığın əsasları haqqında
qeydlərə əlavə olaraq hazırlanmışdı. Əslində birinci geniş sənədin yekunlarında
verilmiş üçüncü bənddə qeyd olunurdu ki, Boğazlar məsələsinə dair təkliflər əlavə
sənəddə təqdim olunacaqdır. Elə həmin gün, 1944-cü ilin 15 noyabrında
M.Litvinov tərəfindən imzalanmış və Stalin, Molotov, Dekanozov, Lazovski,
Manuilski, Mayski və Surisə təqdim olunmuş dörd səhifəlik qeydlərdə Boğazlar
məsələsinə münasibətdə Sovetlərin arzu və təklifəri əks olunmuşdu. Boğazlar
məsələsi haqqında əvvəllər hazırlanmış tarixi arayışlar bu məruzənin
hazırlanmasında əsas kimi götürülmüşdü. Bütövlükdə sənəd Boğazlardan
gəmilərin buraxılması rejiminə münasibətdə Türkiyəni müstəsna nəzarət
hüququndan məhrum etməyə yönəlmişdi. Orada gösətrilirdi ki, Boğazlar haqqında
sazişin müddəti 1956-cı ildə başa çatır. Bu müddət başa çatmadan Konvensiyaya
dəyişikliyi nəzərdə tutan hallar bizə imkan vermir ki, Türkiyə ilə razılaşmadan
bizim arzuladığımız dəyişikliyə nail olaq.