125
Lakin M.Litvinov qeyd edirdi ki, bir sıra formal cəhətlərdən yayınaraq indiki
müharibə nəticəsində şəraitin ciddi şəkildə dəyişməsi əsasında
Montrö sazişi
haqqında məsələni qoymaq mümkündür. Bunu M.Litvinov Yaponiyanın
konvensiya iştirakçıları sırasından çıxarılması və Montrö sazişinin bir maddəsində
istinad edilən Millətlər Cəmiyyətinin öz fəaliyyətini dayandırmas ilə
əlaqələndirirdi. M.Litvinovun fikrincə, əlbəttə, Türkiyənin yenidən baxılmasına
müqavimət göstərəcəyi halda Sazişə yalnız onun iştirakçılarının əksəriyyəti, ən
əsası isə İngiltərə ilə qabaqcadan razılaşma və əməkdaslıq şəraitində yenidən
baxmaq mümkün ola bilər (50).
Sonra M.Litvinov Montrö sazişinin Türkiyəyə üstünlük verən maddələrinin
təhlilinə keçirdi və bunların arasından ən mühümü kimi Boğazlara nəzarət
funksiyasının Türkiyəyə verilməsini dəyərləndirirdi. Eyni zamanda o, xatırlatmağı
zəruri sayırdı ki, məhz nəzarət hüququnun Türkiyəyə verilməsində Sovet İttifaqı
həm Lozannada, həm Lozannadan sonrakı dövrdə, həm də Montrö konfransının
özündə Türkiyə ilə birlikdə təkid etmişdir. M.Litvinov Sovet rəhbərliyinə təqdim
etdiyi məruzədə etiraf edirdi ki, praktiki baxımdan nəzarət, xüsusilə Boğazlar
möhkəmləndirildikdə və silahlandırıldıqda onların sahillərində yerləşən və ona
sahib olan dövlətə məxsus olur. Bu fikrini əsaslandırmaq üçün o, rus hökumətinin
1915-ci ilin mart ayının 4-də müttəfiqlərin Memorandumunda yazdığı bir ideyaya
istinad edirdi. Orada deyilirdi: "Son hadisələrin gedişatı belə bir fikir doğurur ki,
Konstantinopol və Boğazlar məsələsi Rusiyanın əsrlər boyu cəhdlərinə uyğun
qurulmalı və sonadək həll edilməlidir. Konstantinopol şəhəri, Bosforun Qərb
sahilləri, Mərmərə dənizi və Dardanell, eyni zamanda Enos-Midiya xətti boyunca
Cənubi Frakiya gələcəkdə Rusiya imperiyasının tərkibinə daxil edilməyəcəyi
təqdirdə məsələnin hər hansı həlli qəti və yetərli olmayacaqdır. Bununla yanaşı
strateji zəruriliyi nəzərə alınmaqla Bosfor ilə Sakariya çayı hüdudlarında Asiya
sahillərinin bir hissəsi və İzmid gölü sahillərinə aid müəyyən olunmuş məntəqələr,
Mərmərə dənizinin adaları, İmbros və Teledos adaları imperiyanın tərkibinə
qatılmalıdır" (51).
Həmin vaxt İngiltərə və Fransa məsələnin sonadək həllini sülh müqaviləsi
bağlanan zamana keçirməklə bu təklifə prinsipial razılıqlarını bildirmişdilər.
Həmin zamanlarda Türkiyə müttəfiqlərə qarşı vuruşurdu və məğlub ölkə kimi belə
bir qərarı ona qəbul etdirmək olardı. M.Litvinov yazırdı ki, indi ona uyğun analoji
vəziyyət mövcud deyildir. "Güc tətbiq etmədən yalnız diplomatik yollarla
Türkiyəni sahilləri silahsızlaşdırıb taktiki olaraq Boğazlara nəzarətdən məhrum
etmək mümkün deyildir. Əlbəttə, formal nəzarətin bizə verilməsi məsələsini
qoymaq olar, lakin bu halda belə bunu güc tətbiq etmədən və ya güc tətbiq
etməklə hədələmədən həyata keçirmək, hətta bizim təkliflərimiz İngiltərə
tərəfindən müdafiə olunacağı təqdirdə belə çətin ki, mümkün olsun".
126
M.Litvinov təklif edirdi ki, mümkün variant SSRİ və Türkiyənin Boğazlara
birgə nəzarətidir. Lakin bu yalnız iki ölkə arasında sıx dost münasibətlərinin
mövcudluğu və Türkiyənin belə birgə nəzarətə könüldən razılığı olduğu halda
yaxşı nəticələr verə bilər. Heç şübhəsiz, Türkiyə birgə nəzarətə məcbur edildiyi
halda, dost olmayan münasibətlər şəraitin bu variant çətin ki, bizi təmin etsin. Bu
halda Türkiyə gəmilərin buraxılması haqqında bizim istənilən təklifimizə etiraz
edə və nəzarəti qeyri- səmərəli vəziyyətə sala bilər. Lakin bu halda belə SSRİ ilə
Türkiyər birgə nəzarəti Türkiyənin indiki tək nəzarətindən daha əlverişlidir (52).
M.Litvinov komissiyası Sovet rəhbərliyinə tövsiyə edirdi ki, Lozan və Montrö
arasında mövcud olan beynəlxalq nəzarətə qayıdılmasından imtina edilməlidir.
Lakin bizim təsirimizin Rumıniya və Bolqarıstanı yetərincə möhkəm olduğu
şəraitdə Qara dəniz dövlətlərinin birgə nəzarəti ideyası tamamilə qəbul ediləndir.
Bu halda biz nəzarət komissiyasında səslərin dörddə üçünü əldə edirik, Gürcüstan
və Ukraynanın komissiyaya daxil edibcəyi təqdirdə isə biz səslərin altıda beş
hissəsinə malik oluruq.
SSRİ Xarici İşlər Komissarlığının ekspertləri müxtəlif variantları müzakirə
etdikdən sonra belə qənaətə gəlirdilər ki, gəmilərin Boğazlarda buraxılmasına aid
reqlament Boğazlara nəzarətdən az əhəmyyətli deyildir. Ona görə M.Litvinov
yazırdı: Nəzarət Türkiyəninmi əlində qalacaq birgə Sovet-Türk nəzarətimi
qurulacaq, yaxud Qara dəniz nəzarət komissiyasımı yaradılacaq, bütün bunlardan
asılı olmayaraq biz Montrödə müəyyən edilmiş reqlamentin özünün dəyişməsinə
nail olmalıyıq (53).
Montrö sazişinə yenidən baxılması ilə bağlı Xarici İşlər Komissarlığı SSRİ
Hərbi-Dəniz Donanması Komissarlığı ilə məsləhətləşmələr aparmışdı. Hərbi-
Dəniz Donanması Komissarlığı belə hesab edirdi ki, ticarət gəmilərinin
Boğazlardan keçməsini tənzim edən Sazişin birinci bölməsi SSRİ-nin maraqlarını
tamamilə təmin etdiyindən onun dəyişdirilməsinə ehtiyac yoxdur. M.Litvinov isə
təklif edirdi ki, Türkiyə özünü bilavasitə hərbi təhlükə hədəsi altında hiss etdiyi
halda, onun Boğazlardan ticarət gəmilərinin keçməsi üçün xüsusi qayda tətbiq
etməsini nəzərdə tutar altıncı maddənin ləğv olunmasını tələb etmək lazımdır (54).
Montrö sazişinə görə Boğazlardan hərbi gəmilərin keçməsinə gəldikdə isə,
Hərbi-Dəniz Donanması Komissarlığı təkid edirdi ki, Qara dəniz dövlətlərinin hər
hansı hərbi gəmisinin həm sülh dövründə, həm də müharibə dövründə Boğazlar
vasitəsi ilə hər iki tərəfə hərəkətinə tam hüquq verilməlidir. M.Litvinov bu təklifi
müdafiə edirdi və bildirirdi ki, bu hüququ məhdudlaşdıran və sıxışdıran
maddələrin ləğvinə nail olmaq lazımdır.
Daha sonra SSRİ Hərbi-Dəniz Donanması Komissarlığı 10 min ton ümumi su
tutumu olan gəmilərin rəsmi səfərləri istisna olmaqla, qeyri-qara dəniz
dövlətlərinin hərbi gəmilərinin Qara dənizə daxil olması