Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/70
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18762
1   ...   49   50   51   52   53   54   55   56   ...   70

_______________ Milli Kitabxana _______________ 
213 
 
Bil ki, dəmir kimi olsan da möhkəm
Səni də əridər ahımdakı qəm. 
Su kimi canımı oxşasan da sən, 
Yanğıma bir gecə dözə bilməzsən. 
Görürsən əliboş müflisəm bu dəm, 
Qonaq qalmağını rəva görmürəm. 
Yazıqlıq səsidir cahanda səsim, 
Bir mənəm, bir də ki, sövda nəfəsim. 
Olmazsan mənimlə bu yerdə həmdəm, 
Sən sevdiyin cana mən qəsd edirəm. 
Öz paltar bəndimi boşaltdıqca mən, 
Sən öz kəmərini düzəltməkdəsən. 
Şələmi çiynimdən atıram bu an, 
Sənsə başqasıyla qucaqlaşırsan. 
Mənə dost olmaqdan ümidini kəs, 
Mən büt sındıranam, sənsə bütpərəst. 
Get, mənim məskənim xarabalıqdır, 
Məndən dost nəfəsi ummaq artıqdır. 
Bilirəm, yol gəlib zəhmət çəkmisən. 
Sənin qulun olum, zillət çəkmisən. 
Indi ki, sən məni gördün pərişan
Allaha tapşırıb qayıt bu başdan. 
Xoşluqla getməsən bu yerdən əgər, 
Zorla qaçırdacaq səni zillətlər". 
O sözlər etmədi Səlama əsər, 
Qəbula keçmədi o nəsihətlər. 
Dedi: "Yalvarıram, halıma bir yan, 
Gəl suyu gizlətmə susuz qalandan. 
Izin ver, qiblənə baş əyim bir az, 
Məhəbbət adlansın qıldığım namaz. 
Yolum səhv olarsa səcdədə bir dəm, 
Yenə səcdə qılıb üzür istərəm". 
Səlam çox yalvarıb yaxardı yenə, 
Məcnun razılaşdı onun əhdinə. 
Səlam süfrəsini açıb tökərək, 
Çıxardı qarşıya halvayla çörək. 
Dedi ki: "Dostluğa göstərək həvəs, 


_______________ Milli Kitabxana _______________ 
214 
 
Gəl mehriban olaq çörəyimi kəs. 
Qəlb açan olsa da bu yeməməyin
Bu bir-iki löqmə lazımdır yəqin. 
Hərçəndi kişinin kişiliyi var, 
Canının qüvvəti yeməklə olar". 
Məcnun cavab verdi: "Öz bədənimdən 
Yemək yeyənləri öldürmüşəm mən. 
Kim ki, öz canının qeydinə qalır, 
Çörəklə halvadan o, qüvvət alır. 
Mən öz varlığımdan düşmüşəm uzaq, 
Məni öldürəmməz bu ac yaşamaq". 
Səlam anladı ki, o talei kəm 
Yeməksiz, yuxusuz dolaşıb hər dəm, 
Hər yana üz tutub gəzir fərari, 
Bir yerdə durmayır səbri, qərari. 
Qəlbi inciməsin, sınmasın deyə, 
Dedi: "Sür ömrünü qəm yeyə-yeyə. 
Fələyin dövranı bir yerdə qalmaz
Ürəyin daima pərişan olmaz. 
Hər anda bir varaq açıb bükərək. 
Çox iti fırlanır bu çərxi-fələk. 
Cahanda göz yumub açana qədər 
Yuz nəcat qapısı açıla bilər. 
Heç də qəmgin olma çəkdiyin qəmdən, 
Taki yer tapdağı olmayasan sən. 
Indiki dərdinin sonu xoş olar, 
Bir gün ağlamağın gülməyi də var. 
Mən də sənin kimi ürəyim dağlı. 
Könüldən xəstəydim, ayaqdan bağlı, 
Allahın köməyi sayəsində mən 
Qurtardım canımı o dərddən, qəmdən. 
Nəhayət bir sükut qaplayar səni, 
Sən də unudarsan bu vaqiəni. 
Bu sövda şöləsi nə mehribandır, 
Gənclik atəşinin alovundandır. 
Kişidən cavanlıq gəlib keçəcək, 
Bu odlu kürənin odu sönəcək". 


_______________ Milli Kitabxana _______________ 
215 
 
Məcnun o aqili dinləyib qəlbən, 
Yerdən durmadısa, oynadı yerdən. 
Dedi: "Zənn etmə ki, mən bir sərxoşam, 
Ya hava-həvəsə məftun olmuşam. 
Eşqin şahənşahı mənəm cahanda, 
Xəcalət çəkmirəm bundan bir an da. 
Qüsl ilə canımı təmizlədim mən, 
Torpağın, şəhvətin bəhanəsindən. 
Nəfsin çirkabından can qurtararaq, 
Həvəs bazarını dağıtmışam, bax. 
Ömrümün mənası eşqdir müdam, 
Məhəbbət bir oddur, mənsə bir "ud"am. 
Məhəbbət evimi tutduğu zaman 
Mən də öz köçümü çəkdim ortadan. 
Ömrümü hesaba alanmı vardır! 
Mən yoxam, var olan yalnız o yardır. 
Nə vaxt ki, göylərdən ulduz azalar, 
Mənim də eşqimin qəmi az olar. 
Çöllərin qumları sayılsa əgər, 
Mənim də könlümün eşqi silinər. 
Indi ki, həmsöhbət oldun mənimlə, 
Gəl, ayıb sözünü gətirmə dilə. 
Boyuna, halına nəzər sal da sən
Gəl əl çək vurduğun bu tənələrdən. 
Çəkdi o sərkərdə yaxşı bir məsəl; 
Saxla öz işinin ölçüsünü gəl. 
Bil ki, qızışaram soyuqluq etsən, 
Yalnız qisas alıb yumşalaram mən. 
Sən məni dilinlə incitsən əgər 
Getməz dostluğumuz axıra qədər. 
Könül qəzəbindən qızışan zaman 
Həya da, ismət də qalxar ortadan". 
Məcnun, bu sözləri ədəblə dedi. 
Hərifə astaca tənbeh eylədi. 
Hərif də Məcnunu tanıdı əlan 
Xəta çıxarmadı bir də ağzından. 
Heç kəslə qaydasız danışma ki, sən, 


_______________ Milli Kitabxana _______________ 
216 
 
Axırda utanıb üzr istəyəsən. 
Kamanın boşsa da, bərksə də əgər, 
Ehtiyatsız çəksən bəla gətirər. 
Boş olsa məlamət gətirər kaman
Bərk olsa xəcalət gətirər kaman. 
Bağlı bir qıfılı açmaq istəsən, 
Əvvəlcə sınaqdan keçir onu sən. 
Harda quyu varsa, ipsiz iş olmaz, 
Ayaqsız bir yol da başa vurulmaz. 
Məcnun ilə Səlam bağlayıb ilqar, 
Bir neçə günlüyə yoldaş oldular, 
Şirin qəzəllərin axırdı səsi - 
Məcnunun qonağa buydu töhfəsi. 
Məcnun şerləri dedikcə bənd-bənd, 
Onları döşünə yığırdı o mərd. 
Çox zəif düşmüşdü Məcnun bu zaman, 
Büsbütün qalmışdı yeyib yatmaqdan. 
Səlamsa bunlara heç dözməyirdi
Yeməkdən yatmaqdan əl üzməyirdi. 
Elə ki, buxçası boşaldı, yenə 
Qayıtmaq istədi o öz evinə. 
Axır vidalaşıb atdı Məcnunu, 
Vəhşilər içində tək qoydu onu. 
Bağdada üz tutub yola düzəldi, 
Yadında bir neçə qəsidə gəldi. 
Harda bir qəsidə çıxsa ağzından, 
Bütün dinləyənlər olurdu heyran. 
 
 
MƏCNUNUN ƏZƏMƏTİ HAQQINDA 
 
Məcnunu sərsəri zənn etmə ki, sən. 
Deyildi gördüyün divanələrdən. 
Oruclu, namazlı, nurlu bir çıraq, 
Əqlə yad deyildi, ədəbdən uzaq, 
Vaxtının ən böyük bir alimiydi, 
Aləmi şərh edən Loqman kimiydi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə