Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
199
- Gözlərin var olsun.
- Amma mən ölüm, nə deyirsən eləyim,... ancaq çox
dərinə çəkmə, qəmlə - kədərlə danışma. Yaxşı?
Onun gözlərində elə bir ifadə var idi ki, Seyid gülümsədi,
əlini dostunun çiyninə qoydu:
- O da mənim gözlərim üstə...
- Ay sənin gözlərin var olsun.
Hər ikisi bu tələsik deyilmiş təkrarlara güldülər... Şair
qəlbində «neyləmək olar, sənin də yaradılışın belədir, mu-
siqidən başqa nə varsa, mənə haram olsun, - deyənlərdənsən!
Musiqi sənin Leylin, sən musiqinin Məcnunusan. Və ondan
başqa, yəni Leylimdən özgə nə varsa, mənə haramdır, demi-
sən...»
Plovlar da yeyildi, ovşaralar da içildi. Mahmud Ağanın
«Şuşalı balası» adlandırdığı cavan xanəndə oxumağa başladı.
Başında bu nazik vücudlu, uca boylu, top birçəkli, əsmər üzlü
dərisindən papaq vardı. Dəfi dizlərinin üstünə qoyub, sağ qolu-
nun dirsəyi ilə dəfə dayaq vermiş, qumral gözlərini yumub oxu-
yurdu... Musiqini bu cavan təkcə ifa eləmir, ona bütün varlığı
ilə dalırdı... Seyid seyr edirdi. Az sonra gəncin səsindəki qəribə,
çox həzin və dərin kədər dolu sızıltı onun varlığına işləməyə
başladı, elə bil ürəyini yerindən çıxarıb, bu səslə birlikdə harasa
incə nəvalar, iniltilər ucalan bir aləmə apardılar... Bu yerdə
insanların, bütün məzlum bəşərin göz yaşları, ah və nalələri
toplaşmışdı... Bu yerdə bütün yazıq, əzilən adamlarını yalnız
ürək dərdlərini, arzu və istəklərini deyil, məhz faciəli talelərini
səhifə-səhifə, vərəq-vərəq çevirib oxuyurdular...
Şair heyrət etməyə belə macal tapmayıb bu dərdlərin
tərcümanı olan səsin ecazına vuruldu... Özünü unutdu... Ona elə
gəldi ki, kədər, ələm yaşları gözlərindən içəri, qəlbinə
gilələnməyə başlayıb axır, hey axır.
Seyfəddin Qəniyev, Səadət Veysova
200
Birdən musiqidəki nidalar, ahənglər dəyişdi, «Şuşalı
balası»nın səsində indi kədər, hicran deyil, bu qəmləri törə-
dənlərə, bu faciəni yaradanlara qarşı bir üsyan, bir etiraz uca-
lırdı. Bu səs getdikcə qüvvətlənir, güclənir, axan bir şəlalənin,
təlatümə gələn bir ümmanın coşğun uğultusuna çevrilməyə baş-
layırdı. Onunla birlikdə şairin də ürəyinə ümidlər dolmağa, göz
yaşları qurumağa, azadlığa, ucalara, əngin səmalara uçmağa,
ucalmağa başlayırdı... Qəribə idi...elə bil bir az bundan əvvəl
onun qəlbinin içərisinə, köz üstündəki kababın yağı təki gilə-
lənən göz yaşları heç yox imiş... O elə azadlıq dolu, həyat dolu,
şəlalə, ümman bir aləm imiş... Yavaş-yavaş şairin üzü gülməyə,
qəlbinə ümid və fərəh enməyə başladı... «Sarənc»in yeni xalları
hamını valeh etmişdi. «Afərin, əhsən» səsləri məclisi titrətdi,
musiqi həvəskarları, musiqi biliciləri yığılan bu məclisdə Mah-
mud Ağanın «Sarənc»də etdiyi yeniliklərə xüsusi qiymət verib,
onun muğama gətirdiyi təzə, tər xalları, tərtibi böyük bir fərəh
və iftixar hissilə, sevinclə qarşıladılar.
- Afərin, cənab Mahmud Ağa, sizin bu tərtib xoş və
ürəyəyatandır...
Mahmud Ağa təvazökar və utancaq bir səslə dilləndi:
- Mənim xidmətimi o qədər də yüksəltməyin, iş onu tarda
səsləndirən barmaqlarda və nəva ilə oxuyan bu cənabların
bacarığındadır,- deyə çalğıçılardan tarzəni və «Şuşalı balası»nı
göstərdi.
Tarzən dizi üstünə qalxıb dedi:
- Cənab Mahmud Ağa, məni əfv buyurun, mən ifaçıyam,
amma birimçilik bu “Sarənc” də sizə məxsusdur. Əgər mənim
də musiqidə anlayacağım bir şey varsa, o da budur ki, sizin bu
muğama əlavələr onu elə dəyişib ki, elə bil əvvəlki «Sarənc»i
çalmıram; o daha xoş, daha həzin və ürəyəyatan olub, mənə elə
gəlir ki, musiqi sevənlər bu muğamı bundan sonra «Mahmud
Ağa sarənci» adlandırsınlar gərək...
Məşhur xeyriyyəçi Mahmud Ağa və naməlum muğam universiteti
201
Məclisdən yeni bir nida «əlbəttə, afərin» səsləri qopdu...
Mahmud Ağa daimi qaydasınca bardaş qurub oturduğu
halda, əlinin altındakı tarı sığallayır və balaca oğlu Cavad bəyə
baxırdı: «Görəsən, o da bu muğamı mən istəyən kimi oxuya
biləcəkmi? Səsi pis deyil, babətdir... Amma hələ uşaqdır, həya
ilə gizlin-gizlin oxusa da, arabir eşidirəm... Xanəndə
olmayacaq, amma musiqini əməlli-başlı anlasa bəsimdir...»
Şair isə bir az öncə qəlbinə əvvəl kədər, sonra ümid dolu
bir fərəh dolduran muğamın təsirilə artıq özünü əməl
dünyasında deyil, mey, sevinc, fərəh dünyasında hiss edirdi…
«Yaxşı ki, artıq «ümmül-xəbaisə» vida eləmişik, yoxsa
bu saatda yeri idi deyəsən ki:
Nə bu gün bağda yarım, nə meyim var mənim?
Seyri-gülzardə bihudə neyim var mənim?
Sizi tari, yetirin piri-xərabata məni,
Ki, bu gün saqi əlindən gileyim var mənim.
Mənə məcuni-meyi-ləli dəvadır, saqi,
Ki, qəmi-hicr ilə cismimdə keyim var mənim.
Can sənin, cism sənin, əmr sənin, fel sənin,
Cümlə sənsən, bu arada nə şeyim var mənim.
Məni seyyid təki çək guşeyi-meyxanələrə,
Artır qəm dəxi məsciddə neyim var mənim?!
O, əlini geyinməsinin altından qoltuq cibinə uzatdı, baya-
zını çıxaran təki elə bil bir sehrgahın işarətilə əlinin altında Şi-
razi qələmdan hazır oldu. Şair məclisə çökən qəfil sükutdan da
bixəbər idi. O gülümsəmiş dodaqları, maraq və həvəslə baxan
gözləri, sükut işarəsilə dodaqlara qoyulan barmaqları, ehtiyatla
məclisdən stəkan-nəlbəki yığışdıran nökərləri görmürdü.
Seyfəddin Qəniyev, Səadət Veysova
202
O, yazırdı... Yazdıqca da gözlərinin önündə əziz cizgiləri
silinməkdə olsa da, doğma, çox doğma bir sima canlanır, mələk
kimi başı üzərində qanad çalır, əllərini gah onun çiyinlərinə,
gah yazıya tərəf enmiş gözlərinin qapaqlarına təmas etdirərək
deyirdi: «Bəli, belə yaxşıdır, şairim, qoy sənin tərəb, eyş-nuş
həvəsin, cismani tələbdən çox ruhani tələbə çevrilsin, qoy sənin
cismani «ümmül-xəbais» arzuların məhz qəzəllərində tərənnüm
olunsun! Nəfsini isə qoru! Xalqın, millətin, onların xırdaca
balaları, bədbəxt həmvətənlərinin gələcəyi olan övladi-vətən
üçün qoru... Hərənin alnına bir şey yazıldığı doğrudursa, sənin
də alnına bu yazılıb!
Qoy adın bu qəzəllər üçün nə yamanlığa çəkilirsə-
çəkilsin, təki, şurlə dilinə dəyib, məcazını korlamasın və saf
arzu-əməllərinə mane olmasın... Şairim, yaz, yaz!» Pərilər
soltanının incə barmaqları alnına toxunar kimi oldu, xəfif
nəfəsi, sübhün incə mehi, nəsimi kimi dodaqlarında, gicgah-
larında, yanaqlarında gəzdi... Şair son məqtə bəndini də yazıya
keçirən təki, yuxudan ayılanlara məxsus bir xumarlıqla
gözlərini ətrafına dolandırdı...
- Hə, mübarəkdir, Ağa, verin, lütfən görək nə yazdınız?
Mahmud Ağa Rza bəyin bu xahişinə əlini havaya
qaldırdı:
- Yox, yox, bu qəzəldi. Qəzəldimi, Ağa, səhv eləmirəm
ki?
Artıq özünə gəlmiş şair təvazökarlıqla gülümsəyərək
dilləndi:
- Bəli... qəzəldi...
- Hə, bu qəzəli, cənab Ağa, bizim şuşalı qonağın, cavan
xanəndəmizin səsindən ruhlanaraq yazıbdır. Mən belə bilirəm
ki, həmin qəzəli birinci dəfə oxumaq şərəfi də ona verilməlidir.
Hamı «doğrudur, doğrudur»,- deyə təsdiq elədikdə, cavan
xanəndə həya təri tökə-tökə yerindən qalxdı. Mahmud Ağanın
işarə və təhriki ilə Seyidə yaxınlaşdı. Uzaq ellərdə qəzəllərini
xanəndələrdən eşidib əzbərlədiyi, məftunu olduğu şairi birinci
Dostları ilə paylaş: |