- 148 -
ürəklə yaşamaq istəyən adam idi. Hisslərdən, duy-
ğulardan yoğrulmuş bir adam kimi Rafiq müəllim
nədən imtina etdiyini həmin məqamda bəlkə də hiss
eləməmişdi. Açığını deyək ki, çox adam üçün fərqi
yoxdur, – harada yaşayır. Çoxları istəyir ki, paytaxt-
da yaşasın, yaxşı elmi mühitdə olsun, irəli getsin,
adı çıxsın, şöhrət qazansın. Bunun müqabilində bir
o qədər də şey itirmir, çünki onun üçün fərqi yox-
dur; Moskvadamı yaşayır, yoxsa Vaşinqtondamı.
Elə indi də köçüb xaricə gedənlərimiz vardır. Türki-
yədə yaşayıb fəaliyyət göstərənlər də çoxdur. Tür-
kiyə hər halda yenə mənəvi mühitinə görə bizə ya-
xındır. Burdan gedib Qərb ölkələrində yaşayanlar
isə, şübhəsiz, çox şey itirirlər. Mən Rafiq müəllimin
timsalında ümumiyyətlə bir azərbaycanlı elm ada-
mının xaricdə yaşaması, xarici elmi mühitə daxil ol-
ması müqabilində nəyi itirdiyini, bunun müqabi-
lində nə qazandığını, bu daxili dramatizmi, hisslə
ağlın mübarizəsini ön plana çəkmək istəyirəm. Bə-
zən biz görürük ki, kimsə xaricə getdi, orada evlən-
di, yaşadı, zahirən bu çox nasiranə görünür. Amma
bir şey var ki, insan həmişə seçim qarşısında olur.
Böyük insanlar böyük ideallara bağlı olurlar və bir
ideal naminə başqa idealdan imtina etmək o qədər
də asan olmayan ağrılı bir prosesdir. Vətən naminə,
millət naminə onun hənirtisindən, doğma mühitdən
uzaqlaşmaq, bir tərəfdən fərəhli haldırsa, digər tə-
rəfdən ağrılı bir hadisədir. Mən məhz bunun drama-
tizmini izah etmək istədim. Elə indi də xaricə üz tu-
- 149 -
tanlar var, ola bilsin ki, ilk məqamda bunu hiss et-
mirlər, amma zaman keçdikcə necə böyük fədakar-
lıq etdiklərinin, nələrdən imtina etdiklərinin fərqinə
varmalı olurlar.
Qürbətdə olan adi insanların hansı millətə
mənsub olması adı və soyadından, danışdığı dildən
bəlli olur. Amma filosofun bir missiyası var: o, tək-
cə özünü yox, bütövlükdə xalqının, millətinin mənə-
vi varlığını, ruhunu təmsil etməlidir. Bu ruhun əməli
fəaliyyətdə təsdiqlənməsi, təsbit olunması uğrunda
çalışmalıdır. Doğrudur, vətəndən ayrılaraq vətəni
təmsil eləmək, millətdən ayrılaraq milli ruhu ifadə
etmək çox çətindir, bununla belə milli ruhu öz du-
randa yaşatmalısan. Yəni sən yad mühitdə, qürbət
eldə olanda da sənin varlığın Vətənin varlığından,
milli ruhdan ayrılmamalıdır. Bunun üçünsə ətrafın-
da kiçik, lokal bir mühit yaratmalısan. Bu da bir əks
əlaqə tələb edir. Tək bir insan çərçivəsində bu müm-
kün deyil. Bax, belə bir mənəvi ehtiyaJdan yaran-
mışdı ki, Rafiq müəllim Azərbaycandan gələn gənc
elm adamlarını özü axtarar, onlara hər cür kömək
edər, onlardan isə Vətən çiçəklərinin ətrini alardı.
Düzdür, mən özüm bu hissləri çox yaşamamı-
şam, çünki Vətəndən çox qısa müddətlərə ayrılmı-
şam və həmişə də işimi tez başa vurub Vətənə qa-
yıtmağa çalışmışam. Bununla belə, Rafiq müəllimin
duyğuları, keçirdiyi üzüntülər, üzə vurmadığı, ötəri
baxışla görünməyən, ancaq yaxın adamlarının hiss
elədiyi iztirablar mənə bəllidir, tanışdır. Bəlkə də
- 150 -
elə həmin iztirabların nəticəsi idi ki, o cür sağlam,
idmanla məşğul olan, həmişə təbiətlə ünsiyyətdə
olan bir insan əvvəllərdən Vətən həsrətindən aldığı
mənəvi zərbədən xilas ola bilmədi, onun ağrı-acısı
özünü göstərdi.
Ağrı-acı əvvəllər də özünü göstərirdi və bu
ürək sızıltıları onun poeziyasında açıq-aşkar ifadə
olunurdu. Rafiq müəllimin şer yazdığını çox az
adam bilirdi. Amma o, sadəcə olaraq Osman Sarı-
vəllinin oğlu və genetik baxımdan şairanəliyi oldu-
ğu üçün yox, həm də bu daxili iztirablarının ifadəsi
üçün, qürbətin ağrısını hansı formadasa ifadə elə-
mək üçün şer yazırdı. Mən onun şerlərində bu nis-
gili həmişə hiss eləmişəm. Onun çox gözəl şerləri
vardır.
Rafiq Qurbanov öz milli hissiyyatını təkcə
poeziyasında və həmvətənlərinə göstərdiyi xüsusi
qayğıda və köməkliklərdə deyil, həm də elmi ya-
radıcılıq vasitəsi ilə ifadə olunurdu. Doğrudur, o,
Moskavaya fizikanın fəlsəfi məsələləri ilə məşğul
olmaq üçün getmişdi, «fizikada qarşılıqlı təsir»
mövzusu üzrə və doktorluq dissertasiyaları müdafiə
etdi, kitabları nəşr olundu. Amma, onun elmi-fəlsəfi
yaradıcılığının böyük bir qismi o problemlə deyil,
milli münasibətlərlə bağlı idi. SSRİ EA-nın Fəlsəfə
İnstitutunun təbiətşünaslığın fəlsəfi məsələləri şöbə-
sində işləsə də, yaradıcılığında etnik-siyasi prob-
lemlər böyük yer tuturdu.
- 151 -
Yeri gəlmişkən deyim ki, SSRİ-nin dağılması
ilə bağlı planlar haqqında Avropada ingilis dilində
olan mənbələrdəki təhlillər haqqında mən birinci
dəfə Rafiq müəllimdən eşitmişdim. İlk dəfə məhz
ondan eşitmişdim ki, Qərb ideoloqları neçə ildən
sonra SSRİ-nin əhalisinin yarıdan çoxunun türk
xalqları olacağını, siyasi hakimiyyətin onların əlinə
keçə biləcəyini və bunun da nəticəsində dünyanın
geosiyasi xəritəsində nə kimi dəyşikliklər ola bilə-
cəyini hesablayır və bundan narahat olurlar. Rafiq
müəllimin o vaxtlar açıq-aşkar olmasa da, bir qədər
üstüörtülü şəkildə bu barədə mətbuatda yazıları çıx-
dı, milli münasibətlərlə bağlı bir kitabı da işıq üzü
gördü.
Rafiq müəllim təkcə öz övladlarında deyil,
Moskvada yaşayıb elmin müxtəlif sahələri ilə məş-
ğul olan gənclərdə də milli ruhun qorunub saxlan-
masına çalışırdı. Bu məqsədlə tez-tez müxtəlif təd-
birlər keçirərək onların bir-biriləri ilə daha sıx tə-
masda olmalarına nail olurdu. İstəyirdi ki, Mosk-
vadakı gənc azərbaycanlı oğlan və qızlar bir-birilə-
rini tanısınlar, ailə quranda da gələcək həyat yoldaş-
larını başqa millətlərdən seçməsinlər. Adətən belə
məclislər vaxtilə bəy ailəsi kimi Qazaxıstana sürgün
edilən, sonralar isə Moskvada yaşayan Sürəyya bi-
bimin evində təşkil olunardı.
Rafiq müəllim həddən artıq səmimi insan idi.
Danışılmalı olmayanları da danışırdı. KQB ilə
«əməkdaşlığını» da mənə nəql etmişdi.
- 152 -
Bir dəfə İnstitutun direktoru onu çağırır ki,
hökumət adamları gəlib, səni təbrik etmək istəyirlər.
Heç ağlına da gəlmirmiş ki, ad günüdür... Bir sözlə,
gələnlər onu təbrik edib, hədiyyə də veriblər. Sən
demə KQB-dən imişlər, məqsədləri də başqaymış.
O vaxtlar Bakıda Asif Atanın (Əfəndiyevin)
«Ocaq» klubu, mənim isə APİ-də (indiki Pedaqoci
Universitetdə) fəlsəfə dərnəyim vardı. Sən demə
bundan Moskvada da xəbərdar imişlər. Üstəlik mə-
nim Rafiq müəllimlə dostluğumu da bilirmişlər.
Ona görə də Rafiq müəllimdən xahiş edirlər ki, mə-
nə təsir edib bu yoldan çəkindirsin. Rafiq müəllim
isə bu hadisəni olduğu kimi mənə danışmışdı. Hətta
zarafatla deyərdi ki, sənin hesabına ad günümdə hə-
diyyə qazandım.
1990-cı ilin yanvar hadisələrindən sonra Rusi-
yaya qarşı bir növ qəlbim qırıldı. Düzdür, oradakı
elm adamlarının bunda günahı yox idi, amma ada-
mın qəlbi qırılanda yavaş-yavaş əlaqələr də qırılır.
Biz ondan sonra Rafiq müəllimlə xaricdə, ya da o,
Bakıya gələndə görüşürdük.
O, təkcə Azərbaycandan olanlara deyil, Orta
Asiya respublikalarından və Qazaxıstandan gəlmiş
gənclərə də eyni köməkliyi göstərirdi. Onlar da
Rafiq müəllimi özlərinin Moskvadakı nümayən-
dələri hesab edir, bu şəhərə gələn kimi ilk növbədə
onu axtarırdılar. Tək mənim yox, neçə-neçə gənc
aspirantın milli dünyagörüşünün formalaşmasında –
mən elmi tərəfdən çox, məhz bu aspekti irəli çək-
- 153 -
mək istəyirəm – Rafiq müəllimin çox böyük rolu
olmuşdur. O, bütün bunlara daha çox vaxt ayır-
dığından bəzən özünün elmi işi ilə müntəzəm məş-
ğul ola bilmirdi. Yoxsa o daha böyük uğurlar qa-
zanardı.
Etiraf edim ki, mən müxtəlif adamlarla ünsiy-
yətdən daha çox öz elmi işimlə məşğul oluram. Bu
da, görünür ondan irəli gəlir ki, mənim daxilən itir-
diyim hansısa hissiyyatı kompensasiya etməyə ehti-
yacım yoxdur. Mən həmişə Vətəndə olmuşam, on-
suz da millət üçün çalışıram, dərs deyəndə də azər-
baycanlı tələbələrə deyirəm, biliklərimi də azər-
baycanlı aspirantlara öyrədirəm. Rafiq müəllim isə
Fəlsəfə İnstitutunda işləməklə yanaşı M.Lomonosov
adına MDU-nun professoru idi, başqa ali məktəb-
lərdə də dərs deyirdi. Bir müəllim kimi orada dərs
desə də, əlbəttə, millilik baxımından öz bildiklərini
millətinin övladlarına öyrətmək istəyirdi. Moskvada
yaşayıb fəaliyyət göstərsə də, Azərbaycana Bakıda
olanlardan daha çox bağlı idi. Azərbaycan milli
ruhunu daha yüksək səviyyədə təmsil edirdi və onun
şeriyyətini, musiqisini öz həyatının ayrılmaz tərkib
hissəsi etmişdi.
Bir şeyi də qeyd etmək istəyirəm ki, onun
ingilis dilini bilməsi də çox köməyinə çatırdı. Onu
çox vaxt Moskvadakı Lenin adına Mərkəzi kitabxa-
nanın xarici dillər bölməsində görmək olardı. Mən
tədqiqat işlərimlə bağlı doktorluq dissertasiyamda
istinad etdiyim bir çox xarici mənbələri də onun va-
- 154 -
sitəsi ilə əldə etmişdim. Yəni biz həmin mənbələrə
bir yerdə baxmışıq və məni maraqlandıran yerləri o
tərcümə etmişdir.
Onunla birlikdə Rusiyada və digər xarici ölkə-
lərdə çox olmuşuq. Minskdə, Kazanda, Obninskdə,
İstanbulda, Vaşinqtonda və s. elmi konfranslarda
birgə iştirak etmişik.
Hər beş ildən bir Ümumdünya Fəlsəfə Kon-
qresi keçirilir. 2003-cü ildə isə bu, İstanbulda oldu.
İlk dəfəydi ki, burada keçirilirdi. Düzü, Rafiq müəl-
limlə orada görüşəcəyimi güman etmirdim. Rusiya-
dan daha geniş tərkibdə nümayəndə heyəti gəlmişdi,
onlar İstanbula gəmiylə gəlmişdilər. Əslində, Rusi-
ya Fəlsəfə Cəmiyyəti mənə də məktub göndərmişdi
ki, Moskvaya gəl, bizimlə birlikdə gedək. Amma
vaxt azlığından mən birbaşa İstanbula getdim və
orada gördüm ki, Rusiyadan gəlmiş nümayəndə
heyətinin tərkibində Rafiq müəllim də var. O, həmi-
şə Rusiyanın fəlsəfə ictimaiyyəti ilə bizim aramızda
körpü rolunu oynayıb. İstanbulda da birgə gö-
rüşlərimiz oldu. Burada Rafiq müəllimlə mən həm
də Rusiyadan gəlmiş nümayəndə heyəti ilə Tür-
kiyəli filosoflar arasında bir əlaqələndirici olduq.
İstanbul səfərindən bir məqamı ön plana çək-
mək istəyirəm. Rusiya nümayəndə heyətinin tərki-
bində Rafiq müəllimlə yanaşı bir nəfər də türkdilli
filosof vardı. Tatar idi, onu da Rafiq müəllim gətir-
mişdi. Onun qeydiyyat vərəqəsi yox idi, birlikdə
- 155 -
kömək edib onun da konfransın iştirakçısı olmasına
nail olduq.
Konqresin keçirildiyi ərəfədə Rusiyadan gəl-
miş həmin o iki nəfər, Qazaxıstan Fəlsəfə İnstitutu-
nun direktoru, görkəmli filosof Əbdülmalik Nısam-
bayevin başçılıq etdiyi nümayəndə heyəti, Özbəkis-
tandan, Qırğızstandan, Azərbaycandan gəlmiş filo-
soflar Türkiyəli həmkarlarla birlikdə 2 dəfə dəyirmi
masa keçirdik, ortaq türk fəlsəfi terminalogiyası mə-
sələsini müzakirə etdik. Düzü, ilk iclasda heç kim
bilmirdi ki, Rusiya nümayəndə heyətinin tərkibində
türk filosoflar ola bilər. Ona görə də dəyirmi ma-
saya üç nəfər rəhbərlik edirdi: Türkiyənin nümayən-
dəsi, Qalatasaray universitetinin fəlsəfə fakultəsinin
- 156 -
dekanı, professor Kənan Gursoy, Qazaxstandan Ə.
Nısamubayev və Azərbaycandan mən.
Sonra mən onlara izah etdim ki, Rusiya nüma-
yəndə heyətinin tərkibində də türkdilli filosof var və
o bizim hamımızdan daha çox türkdür, türkdilli fəl-
səfənin inkişafında hamımızdan çox xidmətləri var,
onu da dəvət etdilər, artıq ikinci iclasda diqqət mər-
kəzində Rafiq müəllim idi və hamı ona müraciət
edirdi.
Qazaxıstandan, Özbəkistandan gəlmiş nüma-
yəndələr Rafiq müəllimin dostları idi, vaxtı ilə
hamısına kömək etmişdi. Bu mənada Rafiq müəllim
bütün türk xalqları filosoflarının əsas əlaqələndirici-
si idi. Eyni zamanda türk filosofları ilə Rusiyalı filo-
soflar arasında da əsas əlaqələndirici kimi çıxış
edirdi. Bizim orada çox yaddaqalan görüşlərimiz ol-
du. Rafiq müəllim həm də ingilis dilini dərindən
bilməsi ilə mənim köməyimə çatdı. Belə ki, kon-
qresin materialları ingilis dilində hazırlandığından,
Amerikadan və Avropa ölkələrindən gəlmiş filosof-
lar mənim Şərq-Qərb mövzusundakı məruzəmlə ta-
nış olmuşdular və qeyri-rəsmi görüşlərdə mənə ya-
xınlaşaraq suallarla müraciət edirdilər. Belə vaxtlar-
da ingilis dilini gözəl bilən Rafiq müəllim kömə-
yimə çatırdı. Ümumiyyətlə, o, istənilən məsələdə öz
köməyini heç kimdən əsirgəməzdi.
Onunla birlikdə Amerikada da olmuşuq. Va-
şinqtonda dünya azərbaycanlılarının II Konqresində
birlikdə iştirak etdik, Corc Vaşinqton Universitetin-
- 157 -
də olduq, sonra birlikdə Merilend Universitetinə
getdik, oradakı həmkarımızla görüşdük, müzakirələr
apardıq. Yeri gəlmişkən qeyd edim ki, Rafiq müəl-
limin oğlu Ərcan orada doktorant idi, hələ müdafiə
eləməmişdi. Biz Ərcanın vasitəsi ilə oranın filosof-
ları ilə müəyyən əlaqələr yaratdıq.
Mən onun ailəsini yaxşı tanıyıram. Onun öv-
ladlarının gələcəyi ilə bağlı keçirdiyi hisslərin şahi-
diyəm. Hər dəfə yayda Bakıya gələndə çalışardı ki,
özü ilə bərabər uşaqlarını da gətirsin, onlara Azər-
baycanı daha yaxından sevdirsin. Rafiq müəllimin
həyatda qazandığı ən böyük uğurlardan biri yad mü-
hitdə övladlarını azərbaycanlı kimi böyüdə bilməsi-
dir. Bunu hər adam bacarmazdı. Oğlu Ərcan bu gün
Amerikada yaşasa da, onda milli ruh var. Hər görü-
şümüzdə mütləq milli mövzuda söhbətlər edirik.
Hiss edirsən ki, ruhən azərbaycanlıdır. Biz Ərcanın
simasında Rafiq Qurbanov ruhunun yaşadığının şa-
hidi olacağıq.
“Ulu körpü” qəzeti, 15 may 2005-ci il
- 158 -
Mündəricat
Ön söz...................................................................... 3
İntellektual ünsiyyətin dostluq məqamı................. 8
Müasiri olmadığım müasirim
(Akademik Heydər Hüseynov haqqında) ............ 16
Sevilin xələfləri
(Akademik İzzət Orucova haqqında) ................... 35
“Öncə öz millətim üçün!”
(Müəllimim Xudu Məmmədov haqqında) ........... 40
Şərq-Qərb tədqiqat mərkəzi hansı ideyadan
yarandı?
(Professor Aida İmanquliyeva haqqında) ........... 53
“Günbatan fikirli, gündoğan duyğulu bir sima”
(Prof.Dr. Cavad Heyət haqqında)........................ 62
Dünya fikir xəzinəsində Cavad Heyət dəst-xətti
(Bertran Rassel və Cavad Heyət) ......................... 67
Ədəbiyyatdan fəlsəfəyə
(Filosof-tənqidçi Yaşar Qarayev haqqında) ........ 73
- 159 -
İmtina fəlsəfəsi
(Filosof-tənqidçi Asif Əfəndiyev haqqında) ........ 83
Öyrənmək təşnəsi
(Akademik Fəraməz Maqsudov haqqında) ......... 90
Bir ocağin varisi
(Akademik Kamal Talıbzadə haqqında) .............. 96
Yüksək mədəniyyət təcəssümü
(Akademik Fuad Qasımzadə haqqında) ............ 101
Vətəndaş alim
(Akademik Budaq Budaqov haqqında) ............. 111
Daşların simfoniyası
(Akademik Ömər Eldarov haqqında) ................ 116
Şairin özü və sözü
(Xalq şairi Zəlimxan Yaqub haqqında) ............. 128
Şərq tarixinin böyük tədqiqatçısı
(Akademik Nailə Vəlixanlı haqqında)............... 136
Elm dünyası və alim dünyası
(Professor Nurəddin Rzayev haqqında) ............ 139
Qürbətdə milli ruhun nisgili .............................. 146
(Professor Rafiq Qurbanov haqqında)
- 160 -
Dostları ilə paylaş: |