Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə111/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   ...   107   108   109   110   111   112   113   114   ...   132

____________________Milli Kitabxana_____________________ 

334 


 

- Bu saat zirzəmi buz kimidir, iti bağlasan, it durmaz. Qoy onu gətirdək 

buraya. İsti otaqda otur, nə qədər istəyirsən, danışdır. 

Az keçməmiş Çapıq  Əmrahı  gətirdilər. Keşikçilərin ikisi içəridə, qapının 

ağzında, qalanları isə pəncərələrin önündə dayandılar. 

Çapıq Əmrah içəri girəndə Fətullayev diksinən kimi oldu. O elə zənn edirdi 

ki, gətirilən dustaq qorxusundan özünü itirəcək və Fətullayevin qarşısında ayaq 

üstə gücnən dayanacaqdı. Amma Çapıq Əmrahın şaxanə duruşu, uca boy-buxunu 

onu çaşdırdı. Başa düşdü ki, qarşısındakı dustaqla ehtiyatlı olmaq lazımdır. Ona 

oturmağa yer təklif etdi. Əmrah stul çəkdi və ayağını-ayağının üstünə  aşırıb 

əyləşdi. Bir xeyli dinmədilər. Otağın istisindən azca təntiyən Əmrahın papağını 

başının üstündən geri itələməsi Fətullayevin gözündən yayınmadı. Diqqətlə 

Əmrahın alnında görünən çapığa baxdı. 

- Sənə niyə Çapıq Əmrah deyirlər? 

Əmrah gülümsündü və alnına işarə etdi: 

- Buna görə. 

- Bu nə çapıqdı belə? 

- Qılınc çapığıdır. Rus qılıncının çapığı. 

- Harda vurublar səni qılıncla? 

- Gəncədə. 

- Sənin Gəncədə nə işin var idi? 

- Mən zabitəm. Müsavat ordusunun zabiti. Öz hökumətimi qorumaq üçün 

vuruşmalı idim. Bilirsənmi, kişi yorğan-döşəkdə ölməz. Kişi ya gərək güllədən

ya da xəncər yarasından ölsün. Bir də azadlıq uğrunda vuruşmamaq, bir qaşıq 

qandan qorxub geri çəkilmək namərdlikdi. 

Fətullayev gözaltı onu süzdü və hirslə ayağa qalxdı: 

- Gəncədə döyüşdünüz. İnsan qırğınından başqa nə qazandınız? 

Çapıq Əmrah da ayağa durdu və Fətullayevlə döş-döşə dayandı: 

- Mərdlik! Cəsarət. Bəs, siz nə qazandınız? Camaatı qorxaqlığa, xəyanəti 

öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz gözü qıpıq. 

- O, sözünə ara verdi. Papiros çəkməyə icazə istədi və tüstü-duman içində 

söhbətinə davam etdi. - İndi buraya nəyə  gəlmisiniz? Rus əsgərlərini nəyə 

gətirmisiniz? 

Fətullayev əsəbiləşdiyini gizlədə bilmədi. 

- Qaçaq-quldurların kökünü kəsməyə,  

- Yox. Siz kişilərin kişiliyini  əlindən almağa gəlmisiniz. Onları qorxutmaq, 

gözlərinin odunu almaq istəyirsiniz. Arvad-uşaq yanında 

  



____________________Milli Kitabxana_____________________ 

335 


 

kişiləri hörmətdən salmaq, onların qürurunu sındırmaq istəyirsiniz. Heç bilirsiniz 

qürur nə deməkdi? Bilməzsiniz. Çünki siz qürurlu adamları, elə xalqı da 

tapdalamağa çalışırsınız. Sizə kişi yox, madyan lazımdır. 

Fətullayev bu sözlərə cavab verməkdə çətinlik çəkdi və səsini ucaltdı: 

- Paruçik! Çox baş aparırsan! Biz xalqı nadanlıqdan, oğruluqdan, 

mədəniyyətsizlikdən qurtarıb kamil insanlara çevirmək istəyirik. Bizim 

yaratdığımız cəmiyyət kamil insan cəmiyyəti olacaq. Bəşəriyyətin arzuladığı, 

böyük mütəfəkkirlərin təsvir etdikləri kamil insan cəmiyyəti, aydındırmı? 

Çapıq Əmrah hiss etdi ki, söhbəti davam etdirmək mənasızdır. Odur ki, sən 

sözünü deməyi qərara aldı: 

- Cəmiyyət də insan kimidir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, 

axtalanmış cəmiyyətdən də kamil cəmiyyət ola bilməz! 

Fətullayevin qışqırmaqdan başqa çarası qalmadı: 

- Aparın! 

Çapıq  Əmrah otaqdan çıxmazdan  əvvəl  ətrafa boylandı, döşəməyə salınmış 

gəbələrə, küncdəki nikelli çarpayıya, çata-çatnan yanan sobaya və bir də 

hirsindən çənəsini çənəsinə sıxan Fətullayevə baxıb acı-acı gülümsündü. 

Onu keşikçilər qabaqlarına salıb apardılar. 

Fətullayev xeyli özünə gələ bilmədi. Otaqda fırlandı. Mustafa kişi gördü ki, 

o, hirsindən azacıq titrəyir. Qəti bir qərara gələ bilmir. Tez ayağa durdu. Qonşu 

otaqdan yemək, çay gətirdilər. 

- Gəlin, əyləşin, ağzımıza bir tikə çörək alaq. Səhərdən acıq. 

Fətullayev stul çəkib oturdu. Yeməyə  əl vurmazdan əvvəl çantasını açdı, 

oradakı möhürlü kağızlardan birini gotürdü. Bu kağız "üçlüyün" hökm kağızı idi. 

Camaat arasında bu üçlüyə "Troyka" deyirdilər. İnsanların çoxunun taleyini bu 

üç adamın imzası  həll edirdi. Onlar müqəssirləri məhkəməsiz, qanunsuz 

mühakimə edir, hökm çıxardır və hökmü də dərhal yerinə yetirirdilər. Fətullayev 

qarşısındakı ağ kağıza xeyli baxdı və birdən qətiyyətlə yazdı: "4 yanvar 1932-ci 

il. Qaymaqlı kənd sakini, keçmiş müsavatçı Çapıq Əmrah güllələnsin!" Kağızın 

aşağısında imzalar var idi. Üçlük üzvlərindən ikisi əvvəlcədən ağ kağıza qol 

çəkmişdilər. Fətullayev imzalara baxdı  və özü də  əsəbi halda imza atdı. Sonra 

"Troyka"nın hazır qərarını çantasına qoyub stəkanı qabağına çəkdi. 

  



____________________Milli Kitabxana_____________________ 

336 


 

 

Qar ara vermişdi. Göyün üzündə gün işıldayırdı. Amma hava sazaq idi. 



Dünəndən kişilərinə çörək gətirən arvadlar evlərinə getməmişdilər. Onlar qonşu 

həyətlərdə, damların böyründə, çəpərlərin dibində büzüşüb oturmuşdular. Ümid 

edirdilər ki, böyüklərin ürəyinə insaf gələcək və kişilərin yemək üçün evlərdən 

gətirilən  şeyləri qəbul edəcəklər. Damların üstü, çəpərlərin dibi, kənd yolları, 

evlər qarın altında qalmışdı. Başqa vaxt olsaydı, kənd adamları damların üstünü, 

həyət-bacaları qardan təmizləyər, mal-qaranı  həyətə  çıxardar, sonra da kürəyi 

götürüb yollarda cığır açardılar. Bacalarından tüstü qalxan evlərin belindəki qarı 

təmizləməyin ayrı ləzzəti var idi. Uşaqlar da, elə böyüklər də bundan ayrı zövq 

alardılar. Amma indi həyətlərdə nə malqara görünür, nə də qar təmizləyirdilər. 

Məsciddəki camaat soyuqdan titrəşirdi. Biryandan qar-şaxta, bir yandan da 

aclıq onları  əldən salmışdı. Soyuqdan donmamaq üçün ayaqlarını yerə döyür, 

kürək-kürəyə verib bir təhər qızışırdılar, Qar adamın gözünü qamaşdırırdı. 

Yoldaş  Fətullayev yenidən hasarın üstündə göründü. Yenidən eyni sözləri 

təkrar etdi: 

- Camaat, silahlarınızı gətirin, yoxsa qurban verəcəksiniz. Yerindan tərpənən 

olmadı. Yoldaş  Fətullayev hasardan endi. Məscidin  ətrafında züllə papaq 

əsgərlər iki cərgə düzülmüşdü. İndi bir cərgə də gəldi. Yanlarından uzun qılınc 

sallanan yarımkürk geyinmiş komandirlər də çoxaldı. Onlar qılınclarını qınından 

siyirib çıxartdılar. Qışın istilik gətirməyən zəif günəşi qılıncların ağ tiyəsində 

parıldadı. Arvadların arasına çaxnaşma düşdü. Üz-gözlərini cırıb saçlarırını yol-

dular. Dizlərinə, sinələrinə döydülər. Hıçqırıq səsi  ətrafı bürüdü. Məscidin 

həyətindəki kişilər də həyacanlandılar. 

Çapıq Əmrahı gətirdilər. Qabaqda iki, yanlarda iki, arxada da iki keşikçi var 

idi. Züllə papaq əsgərlər çaxmaqları  hərləyib gülləni lüləyə vermişdilər. Az 

qalırdı ki, süngü ilə kişini dəlik-deşik etsinlər. Çapıq  Əmrah gödəkcəsinin 

yaxasını düymələdi, papağını qaşının üstünə endirdi. Hərəkət etməzdən  əvvəl 

qışın  şaxtalı havasını sinəsinə doldurdu. Doymurmuş kimi dalbadal nəfəs aldı. 

Sonra bir qırğı baxışı ilə  kəndi nəzərdən keçirdi. Yollara, həyətlərə, dağların 

ətəyinə qədər gedən təpəliklərə və göyün üzündə işıldayan günəşə baxdı. Elə bil 

vidalaşırdı. Ürəyinə dammışdı ki, bu dünyanı bir daha görməyəcək. 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə